"İranın əsas siyasəti Azərbaycanla dostluq əlaqələrini möhkəmləndirməkdir”

İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu ilə müsahibəmiz çox xoş atmosferdə keçdi. O, səfir kimi Azərbaycanda yeni olsa da, ilk gəlişi deyil – daha əvvəl də Bakıda çalışıb. Bu dəfə isə onun diplomatik fəaliyyəti ölkəmizin ən gözəl vaxtlarına təsadüf edir: Müharibə başa çatıb, torpaqlar azad olunub və ölkəmiz inkişaf dövrünü yaşayır. Bu səbəbdən, cənab Dəmirçilu müsahibəyə ilk fəaliyyət dövrü ilə indiki Azərbaycanı müqayisə edərək başladı. Nə dedi, nə danışdı, gəlin birlikdə oxuyaq...

- Azərbaycanda diplomatik fəaliyyətim ölkənin siyasi həyatında həm tarixən, həm də strateji baxımdan mühüm və taleyüklü bir dövrə təsadüf edir. Müharibənin sona çatması, işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyünün bərpası Azərbaycanın tarixində böyük dönüş nöqtəsi olmaqla kifayətlənmir, eyni zamanda, bütün regionda sülh, sabitlik və dayanıqlı inkişaf üçün yeni imkanlar açır. Bu kontekstdə genişmiqyaslı infrastruktur və tikinti layihələrinin həyata keçirilməsi, strateji sərmayələrin cəlb olunması və azad edilmiş ərazilərin bərpası üzrə məqsədyönlü səylər Azərbaycanın gələcəyə doğru inkişaf iradəsini aydın nümayiş etdirir. Eyni zamanda, bu proses regional əməkdaşlıq üçün yeni platformalar yaradır, qonşu ölkələr üçün tranzit, enerji, ticarət və insan əlaqələri sahəsində geniş perspektivlər açır. İran üçün isə bu nailiyyətlər iki dost və qardaş ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi, qarşılıqlı etimad və əməkdaşlığın inkişafı üçün nadir və qiymətli fürsət yaradır. Biz hər zaman əmin olmuşuq ki, Azərbaycanın sabitliyi və davamlı inkişafı yalnız bu ölkə xalqının xeyrinə deyil, bütün regionun rifahına xidmət edir və xüsusilə İran–Azərbaycan qardaşlıq əlaqələrini daha da möhkəmləndirir.

- Ötən illər ərzində şəhər və kəndlərimiz dəyişib gözəlləşsə də, təəssüf ki, əlaqələrimizdəki mövcud siyasi-iqtisadi problemlərdən qurtula bilmirik. İyirmi il əvvəlki ikitərəfli ticarətimiz nəinki artmayıb, əksinə azalıb. Niyə coğrafi baxımdan iki ən yaxın və ən uzun sərhədə malik ölkələr olaraq ticarətimizi milyardlarla dollara qaldıra bilmirik? Bəlkə bir-birimizə alıb-satacaq heç nəyimiz yoxdur?

- Mən də razıyam ki, hazırkı münasibətlərin səviyyəsi heç bir halda qənaətbəxş sayıla bilməz. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri məhz İran olub. İran, 1960-cı illərdən etibarən, Bakıda fəaliyyət göstərən Baş konsulluğunu səfirlik səviyyəsinə yüksəldib, diplomatik münasibətlərin ən yüksək səviyyədə qurulmasına təşəbbüs göstərib. Müstəqilliyin ilk illərində İran siyasi, hərbi və iqtisadi sahələrdə Azərbaycana mühüm dəstək verib. İşğala qarşı mübarizə üçün hərbi texnika və təlimlərin təmin olunması, Naxçıvan üçün elektrik enerjisi, yanacaq və ərzaq göndərilməsi, məcburi köçkünlərin yerləşdirilməsi və yaralı döyüşçülərin müalicəsi kimi addımlar tarixdə əbədi olaraq qeyd olunub.

Ticarət sahəsində də İran bəzi illərdə Azərbaycanın aparıcı ticarət tərəfdaşı olub. Ermənistan ilk dəfə Tehranda keçirilən görüş zamanı Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədi imzalayıb. Bütün bunlar iki ölkə arasında mövcud olan yaxın və yüksək səviyyəli əlaqələrin bariz göstəricisidir. Təəssüf ki, müxtəlif səbəblərdən bu müsbət dinamika davam etdirilməyib. Həm daxili, həm də xarici amillər - ağıllı düşmənlər və nadan dostlar — bu prosesə mənfi təsir göstərib. Buna baxmayaraq, gələcəkdə münasibətlərimizin aydın və ümidverici olacağına inanıram və əminəm ki, əlaqələrimiz bütün sahələrdə inkişaf edəcək.

- İran və Azərbaycan illər ərzində Azərbaycan ərazisində bir neçə birgə emal müəssisəsi, xüsusilə də maşınqayırma zavodları yaradıb. Birinin təməlqoyma mərasimində şəxsən iştirak etmişəm. Bu müəssisələr işləyirmi? Məncə, yox. Ümumiyyətlə, bu cür böyük proqramlar niyə passiv qalıb?

- İran vətəndaşları Azərbaycanda sənaye və iqtisadiyyat sahələrinə sərmayə qoyuluşunda öncül rol oynayıb və ölkənin müstəqilliyinin ilk illərindən etibarən mühüm investisiyalar həyata keçiriblər. Həm özəl, həm də dövlət sektoru şirkətləri bu istiqamətdə əhəmiyyətli layihələr icra edib. Məsələn, İran “Xodro” və “Azərmaş” (Xəzər) birgə avtomobil zavodu 2016-cı ildə Neftçala Sənaye Parkında yaradılıb və müxtəlif modellərdə ildə 10 min minik avtomobilinin istehsal gücünə malikdir. İran Xodro şirkəti bu müəssisədə 25 faiz paya sahibdir. Bundan başqa, Hacıqabul avtobus istehsalı zavodu Azərmaş şirkəti ilə İranın “Oqab” özəl şirkətinin əməkdaşlığı çərçivəsində Hacıqabul Sənaye Zonasında inşa edilir. Sənaye istehsal müəssisələri ilə yanaşı, yüzlərlə İran şirkəti Azərbaycanda qeydiyyatdan keçib və informasiya texnologiyaları, dərman istehsalı, kənd təsərrüfatı və qida sənayesi kimi müxtəlif sahələrdə fəaliyyət göstərir. Buna baxmayaraq, hesab edirəm ki, mövcud fəaliyyət səviyyəsi iki ölkənin iqtisadi potensialına uyğun gəlmir.

- Bir zamanlar neft-qaz istehsalçısı olan ölkələrimiz arasında bu müstəvidə yaxşı ticarət qurulmuşdu. Bu gün, məsələn, enerji istehsalını artıran Azərbaycan bu sahədə də İranla yaxşı ticarət qura bilər. Bu, yanacaq və elektrik enerjisini istər İran bazarına, istərsə də İran üzərindən üçüncü ölkəyə nəqli yolu ilə baş tuta bilər...

- Neft, qaz, neft məhsulları və elektrik enerjisi sahələrində iki ölkə arasında əməkdaşlıq indi də uğurla davam etdirilməkdədir. Bununla yanaşı, əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli imkanlar mövcuddur. Bu, bir neçə istiqamətdə həyata keçirilə bilər:

1. İrana ixrac: Azərbaycan mövsümi şəraitə və ya İranda daxili istehlakın artdığı dövrlərdə müvəqqəti olaraq elektrik enerjisi və yanacaq təminatçısı qismində çıxış edə bilər.

2. Üçüncü ölkə bazarlarına enerji təchizatı: İran ərazisi vasitəsilə, xüsusilə boru kəmərləri və elektrik ötürmə şəbəkələri vasitəsilə, Azərbaycanın enerji ixracının region ölkələrinə – Fars körfəzi, Qafqaz, Əfqanıstan, Pakistan və Türkiyəyə – yönləndirilməsi mümkündür.

3. Birgə layihələrdə əməkdaşlıq: enerjinin istehsalı, ötürülməsi və saxlanması sahələrində birgə sərmayə qoyuluşu hər iki ölkə üçün iqtisadi faydalar yaradacaq və regionun enerji təhlükəsizliyini daha da gücləndirəcək.

Arazın üstündə yeni körpünün tikintisi tamamlanmaq üzrədir. Bəs İranın dəmiryol şəbəkəsini Azərbaycanın dəmiryol şəbəkəsinə birləşdirmək kimi niyyəti varmı? Astaraya qədər dəmir yolu hazırdır. Azərbaycanda İran tərəfi yolunun davamınının tikintisini nə zaman başa çatdıracaq? Gələcəkdə Şərqi Azərbaycan ostanı üzərindən İran dəmir yolunun Zəngilan və ya Füzulidə Azərbaycan dəmir yoluna birləşdirmək, sizcə, necə olardı?

- Sovet dövründə hər iki ölkənin dəmir yolu şəbəkələri birləşərək aktiv fəaliyyət göstərirdi. Naxçıvanın Culfa bölgəsində yerləşən dəmir yolu xətləri bir vaxtlar qarşılıqlı əlaqədə olub, lakin Qarabağ münaqişəsi nəticəsində bu əlaqə müvəqqəti dayandırılıb. İki ölkə dəmir yollarının yenidən birləşdirilməsi üçün üç əsas istiqamət müzakirə olunub: Culfadakı ənənəvi xəttin bərpası, İmişli–Parsabad marşrutu və Astara istiqaməti. Hazırda İranın dəmir yolu Naxçıvanın Culfa bölgəsinə qədər uzanır və asanlıqla fəaliyyət göstərə bilər. Parsabad–İmişli bölgəsində dəmir yolunun birləşdirilməsi üçün yalnız qısa bir hissənin tikintisinə ehtiyac var və bölgənin coğrafi şəraiti bu iş üçün son dərəcə əlverişlidir. Rəşt–Astara dəmir yolunun tikintisi də davam edir və bu layihə tamamlandıqdan sonra iki ölkə arasında yüklərin daşınma həcmi əhəmiyyətli dərəcədə artacaq. Hazırda Azərbaycanın dəmir yolu Astaradan İrana daxil olur, buradakı Astara dəmir yolu terminalında yüklərin boşaldılması və yüklənməsi əməliyyatları həyata keçirilir. Rəşt–Astara xətti tamamlandıqdan sonra yüklər birbaşa və fasiləsiz şəkildə İranın cənubundakı Fars körfəzi limanlarına və ya oradan Rusiyaya qədər daşına biləcək. Araz çayı üzərində Zəngilan bölgəsində tikilən yeni körpü isə yük avtomobillərinin keçidi üçün nəzərdə tutulub və bu ilin sonuna qədər tikintisinin tamamlanması planlaşdırılır. Dəmir yolu körpüsünün inşası ilə bağlı da iki ölkə arasında danışıqlar davam etdirilir.

- Bu arada, İranın gələcəkdə Zəngəzur dəhlizindən istifadəsi mümkündür? Sizcə, bu dəhlizdən istifadə, İran iqtisadiyyatına hansı töhfələri verə bilər?

- Nəqliyyat infrastrukturlarının yaradılması yalnız iqtisadi inkişafı təşviq etmir, eyni zamanda, bölgədə sülh və sabitliyin möhkəmləndirilməsinə xidmət edən strateji addımdır. Nəqliyyat və tranzit maneələrinin aradan qaldırılması, mahiyyət etibarilə, müsbət və irəliyə yönəlmiş təşəbbüsdür. Bu baxımdan, biz həmişə regiondakı bütün nəqliyyat və tranzit marşrutlarının açılmasını dəstəkləmiş və gələcəkdə də bu dəstəyi davam etdirəcəyik. Belə təşəbbüslər region ölkələrinin iqtisadi çiçəklənməsinə təkan verəcək, sülh və dostluğun möhkəmlənməsinə xidmət edəcək.

Son 30 il ərzində Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında birbaşa əlaqə mümkün olmadıqda, İran bunu təmin etmək üçün alternativ marşrut yaradıb. Hazırda da İran və Azərbaycan bu marşrutun həm dəmir yolu, həm də avtomobil yolu vasitəsilə genişləndirilməsi istiqamətində sıx əməkdaşlıq edir. Bu prizma altında, regiondakı bütün ölkələr qarşılıqlı maraqların təmin olunması məqsədilə əməkdaşlıq edə bilərlər.

- Siyasi əlaqələrimizdəki axsaqlıqları nə vaxt aradan qaldıracağıq? Əslində siyasi ab-hava düzəlir, amma bu vaxt İranda hansısa yüksək vəzifəli bir rəsmi və ya hərbçi elə bəyanat verir ki, yenə aləm qarışır. Dövlət rəhbərliyiniz ikitərəfli əlaqələrə ziyan vuracaq açıqlamalar verməyi niyə qadağan etmir səlahiyyətlilərə? Qeyd edim ki, son zamanlar xeyli səngiyib belə hallar...

- Əvvəlcə vurğulamaq istərdim ki, İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmət, mehriban qonşuluq və ortaq maraqlar prinsiplərinə əsaslanır. Təbii ki, hər bir ikitərəfli münasibət prosesində müəyyən fikir ayrılıqları və dövri qeyri-sabitliklər yarana bilər. Dövlətlər və rəsmi qurumlar üçün əsas prioritet konstruktiv dialoqa yönəlmək və yaranan anlaşılmazlıqları minimuma endirməkdir. Bu çərçivədə, bəzən fərdi şəxslərin səsləndirdiyi fikirlər media vasitəsilə geniş əks-səda doğuraraq səhvən hökumətin rəsmi mövqeyi kimi təqdim oluna bilər. İranın əsas siyasəti Azərbaycanla dostluq münasibətlərini daha da möhkəmləndirmək, dialoq və əməkdaşlıq yolu ilə qarşılıqlı etimadı gücləndirməkdir.

Razıyam ki, hər iki ölkənin əsas siyasətinə zidd bəyanatlar münasibətlərə təsir göstərə bilər. Buna görə də tərəflər belə açıqlamaların qarşısını almaq üçün qarşılıqlı səylər göstərməlidir. İnanırıq ki, konstruktiv dialoqun davamlı şəkildə aparılması, mütəmadi məsləhətləşmələrin təşkili və ortaq maraqlara diqqətin yönəldilməsi nəticəsində keçmişdə mövcud olmuş qeyri-sabitliklər tədricən aradan qalxacaq, iki ölkə arasında münasibətlər sabitlik və davamlı inkişaf yoluna daxil olacaq.

İranda bəzi qüvvələr Təl-Əvivin Bakı ilə isti münasibətlərini əsas tutaraq hər zaman ittiham səsləndirirdilər ki, İsrail Azərbaycan ərazisindən İrana hücum edə bilər və sair. İsrail isə İrana Azərbaycandan deyil, ərəb ölkələrinin ərazisindən hücum etdi. Sizcə məlum hücumlardan sonra İranda etibarlılıq müstəvisində Azərbaycana münasibətdə dəyişiklik hiss olunur?

- İsrailin əsas məqsədlərindən biri müsəlman ölkələri arasında fikirayrılığı yaratmaq, diqqəti Fələstinin işğalı məsələsindən yayındırmaqdır. Son 80 il ərzində bu rejim müxtəlif gərginlik və qarşıdurmalar yaradan siyasəti ilə Fələstinin işğalı və təcavüz siyasətini gözdən uzaq saxlamağa çalışıb. Bu çərçivədə, son zamanlar İran ərazilərinə edilən hərbi təcavüz də regionda qarşılıqlı anlaşmanın pozulması məqsədini güdürdü. Xoşbəxtlikdən, İranla Azərbaycan arasında mövcud qarşılıqlı anlayış və konstruktiv dialoq bu cəhdlərin iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinə zərər vurmasına imkan verməyib. İran hesab edir ki, sıx əməkdaşlıq, davamlı məsləhətləşmələr və qarşılıqlı etimadın möhkəmləndirilməsi yolu ilə bu cür gərginlik yaradıcı təşəbbüslərin qarşısı alınaraq, iki ölkə arasında qardaşlıq və davamlı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılacaq.

- Cənab Pezeşkian prezident seçiləndən sonra ikili əlaqələrdə görünməmiş istiləşmə yaranıb. İndi çoxları, artıq Pezeşkianın şeirlərini əzbər bilir. Məhz prezidentin yaratdığı bu xoş atmosferdən yararlanaraq sizli-bizli bütün umu-küsüləri aradan qaldırmaq üçün nələr etməliyik?

- Xoşbəxtlikdən, dövlət başçılarımız arasında çox səmimi münasibətlər formalaşıb. Hamı cənab Məsud Pezeşkianın son Bakı və Xankəndi səfərləri zamanı bu dostluq dolu əlaqələrin şahidi olub. Bu münasibətlər iki qardaş və qonşu ölkə üçün qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın inkişafı baxımından nadir fürsət yaradır. Bu yeni mərhələ yalnız yüksək səviyyəli siyasi və diplomatik təmasların möhkəmlənməsi üçün deyil, həm də iqtisadi, mədəni və ictimai sahələrdə qarşılıqlı etimadın gücləndirilməsi üçün əlverişli zəmin təmin edir. Diplomatik baxımdan, aidiyyəti qurumlar arasında davamlı dialoq və rəsmi koordinasiya, yaranan anlaşılmazlıqların aradan qaldırılmasında, ikitərəfli həssas məsələlərin dəqiq idarə olunmasında və konstruktiv, reallığa əsaslanan qərarların qəbulunda mühüm rol oynayır. Bu müsbət mühitdən iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə düzgün istifadə olunarsa, qarşılıqlı etimad təkcə dövlətlər səviyyəsində deyil, həm də hər iki xalq arasında möhkəmlənəcək. Birgə sərmayələr, elmi və mədəni təcrübə mübadiləsi, habelə ortaq təhsil proqramları qarşılıqlı anlaşma və əməkdaşlıq səviyyəsini daha da yüksəldərək, iki ölkə arasındakı münasibətləri rəsmi çərçivədən çıxarıb daha dərin və davamlı mərhələyə gətirə bilər.

- Əlaqələrin yaxşılaşmasına media da töhfə verə bilər. Sizcə iki ölkə mətbuatını əlaqələndirmək üçün hansı addımlar atılmalıdır? Mən təklif edirəm ki, bir zamanlar mövcud olan qarşılıqlı mediaturlar bərpa edilsin. Bu, ölkələrimiz arasında daha yaxşı ovqat yaradacaq materialların mətbuatda işıqlandırılması demək olardı..

- Bəli, medianın rolu təkcə xəbərlərin yayılması ilə məhdudlaşmır, həm də ictimai rəyin və qərarverici dairələrin formalaşmasında mühüm təsirə malikdir. Kütləvi informasiya vasitələri tarixi, mədəni, dini və iqtisadi ortaq dəyərlərə davamlı şəkildə diqqət yetirdikdə, xalqın şüurunda “təbii müttəfiqlik” obrazı formalaşır. Əksinə, ən kiçik gərginliklər belə mediada şişirdilərsə, bu, qarşılıqlı etimadsızlıq və narazılıq toxumları səpə bilər. İran və Azərbaycan kimi dərin ortaq bağlara malik ölkələr üçün medianın məsuliyyəti ikiqatdır. Qarşılıqlı mediatur ənənəsinin bərpası ilə bağlı təklifinizlə tam razıyam və bu ikitərəfli münasibətlərin fəaliyyət planına daxil ediləcək. Jurnalist ölkədə həyata keçirilən iqtisadi layihələri, insanların gündəlik həyatını və reallıqları yerində gördükdə, hazırladığı reportajlar artıq şayiələrə və ikinci dərəcəli mənbələrə əsaslanmayacaq, əksinə etimad yaradacaq. Bu təşəbbüsün institusional xarakter alması üçün bir neçə tamamlayıcı addımın atılması zəruridir:

1. Davamlı əlaqələrin qurulması: hər iki ölkənin əsas xəbər agentlikləri, televiziya kanalları və aparıcı mətbu orqanları arasında davamlı əməkdaşlığın təmin edilməsi.

2. Məzmun mübadiləsi və birgə layihələr: media qurumları arasında məzmun mübadiləsi və əməkdaşlıq çərçivəsində İranın aparıcı xəbər agentlikləri ilə Azərbaycan tərəfi arasında birgə proqramlar və sənədli filmlərin hazırlanması, bu layihələrin hər iki ölkənin əsas televiziya kanallarında yayımlanması. Bu, mədəni əməkdaşlığın dərinləşməsinə xidmət edəcək.

3. Jurnalistlər üçün qarşılıqlı proqramlar: qarşılıqlı səfərlər, digər ölkədə keçirilən tədbirlərdə iştirak, birgə iqtisadi layihələrə yerində baxış və oxşar fəaliyyətlər vasitəsilə qarşılıqlı anlayışın və peşəkar əməkdaşlığın möhkəmləndirilməsi.

Vüsal Tağıbəyli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər