Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası keçirilib
İslam dünyasının mədəniyyət paytaxtı Şuşada ICESCO-nun İslam Dünyası İrs Komitəsinin 12-ci sessiyası keçirilib.
Mədəniyyət Nazirliyindən Avrasiya.net-ə bildirilib ki, Şuşaya gələn qonaqlar əvvəlcə mədəni irs yerlərinə ekskursiya ediblər.
Tədbirdə çıxış edən Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov qonaqları salamlayıb və komitənin işinə uğurlar arzulayıb.
Sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin tədbir iştirakçılarına müraciəti oxunub.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında Azərbaycanın mədəni irsi və bu irsin qorunması naminə həyata keçirilən dövlət siyasəti haqqında ətraflı məlumat verib. Ölkəmizin zəngin tarixi-mədəni irsində Qarabağ irsinin xüsusi yer tutduğunu deyən S.Yusifova, işğal dövründə dağıdılmış abidələrə dair statistik məlumatları paylaşaraq, mədəni mühitin və irsin canlandırılması üçün hazırda davam edən bərpa-quruculuq işləri haqqında danışıb. Bununla yanaşı, təbii irsin qorunmasının vacibliyini vurğulayan nazir müavini, Mədəniyyət Nazirliyinin COP29 çərçivəsində planlaşdırdığı beynəlxalq tədbirlər və yeni təşəbbüslər haqda danışıb.
Komitənin sədri, Səudiyyə Ərəbistanın təmsilçisi Alayidarus Muhammed yüksək səviyyədə təşkilatçılığa görə ev sahibi Azərbaycana təşəkkürünü bildirib və sessiyanın gündəliyi barədə məlumat verib.
Açılış sessiyasının sonunda Şuşa Şəhəri Dövlət Qoruğuna həsr olunmuş xüsusi təqdimat izlənilib.
Daha sonra Komitənin üzvləri xatirə fotosu çəkdiriblər.
Fasilədən sonra keçirilən birinci sessiyada İslam Dünyası İrs Mərkəzinin direktoru Vebber Ndoro tərəfindən Mərkəzin konsepsiyası, növbəti iki ili əhatə edən prioritetləri təqdim olunub. Təqdimata dair Azərbaycan, Burkino Faso, Qətər, Fələstin və digər ölkələrin təklifləri müzakirə edilib. Ekspertlər şurasında ölkəmizi təmsil edən Rizvan Bayramovun çıxışında Komitə tərəfindən İslam ölkələrində mövcud olan qeyri-islam irsi, eləcə də, qeyri-islam ölkələrində mövcud İslam irsinin müvafiq siyahıyaalma mexanizmləri üzrə işin təkmilləşdirilməsi təklif olunub.
İkinci sessiyada isə 2024-cü ildə həyata keçirilmiş layihələr üzrə hesabatlara baxılıb, Komitə üzvlərinin təklifləri müzakirə edilib.