Azərbaycan iqtisadiyyatında artım müşahidə olunur - Komitə sədri
Noyabrın 4-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə toplantısında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşunu müzakirə edilib.
Təbi ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət və iqtisadi strategiya Azərbaycan iqtisadiyyatını dünyada baş verən siyasi-iqtisadi kataklizmlərdən qorumağa imkan verdi: "Bunun nəticəsində hazırkı böhranlı və çağırışlarla dolu beynəlxalq şəraitdə Azərbaycan iqtisadiyyatında artım müşahidə olunur. Bu il ərzində Ermənistan tərəfindən dəfələrlə bizə qarşı silahlı təxribatların törədilməsi və ölkəmizin milli təhlükəsizliyini təhdid edən digər halların baş verməsi hərbi qüdrətimizin artırılmasını labüd edir və bu zərurət dövlət büdcəsinin hərbi xərclər hissəsində öz əksini tapıb. Eyni zamanda, dövlətimiz büdcənin sosial yönümlü olmasına sadiq qalır. Digər prioritet istiqamət isə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Bu yaxınlarda Zəngilan Beynəlxalq Hava limanının açılışı və Zəngilanın Ağalı kəndinə doğma sakinlərinin qayıdışı bu istiqamətdə görülən işlərin uğurundan xəbər verir. Böyük Qayıdış mühüm strateji məsələdir və təbii ki, bu amil 2023-ci ilin dövlət büdcəsində də nəzərə alınıb.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri olaraq növbəti ilin dövlət büdcəsində ətraf mühitin və təbiətin mühafizəsi, bioloji zənginliyin qorunması, torpaq və yer quruluşu, hidrometrologiya, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq, ərazilərin təmizlənməsi və digər sahələrlə bağlı ayrılan vəsait əvvəlki illə müqayisədə 79 milyon manat çox olduğunu, eyni zamanda ölkəmizdəki ekoloji vəziyyət və bununla mübarizə məsələləri ilə bağlı təkliflərimi də diqqətə çatdırdım".
Avrasiya.net