Daha bir bank bağlana bilər
Azərbaycan Mərkəzi Bankı “Banklar haqqında” qanunun 16.1.2-ci və 17.3-cü maddələrini rəhbər tutaraq, Pakistan Milli Bankının müraciəti əsasında onun Bakı Filialına verilmiş 30 iyun 2005-ci il tarixli bank lisenziyasını ləğv edib. Bununla da Azərbaycanda fəaliyyət göstərən bankların sayı 25-ə düşüb.
Bəs, ümumilikdə Azərbaycanda bank sektorunda vəziyyət necədir, bağlanma təhlükəsi olan bank varmı?
Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanın bank sistemində hələ ki problem görünmür:
“Lizensiyası ləğv edilən bank uzun aylardır, ciddi bir fəaliyyətlə məşğul deyildi. Onun fəaliyyətinin dayanması sadəcə zaman məsələsi idi. Ona görə də bank sistemində müəyyən problem olduğunu düşünmürəm. Çünki o bank sistemində çox kiçik paya malik idi. Ümumilikdə bank sektorundakı son ikinci rübün nəticələri elan edildikdən sonra aydın oldu ki, bankların böyük bir hissəsi ilk yarımillikdən mənfəətlə çıxıb. Sadəcə bir neçə bankın göstəricisi yaxşı deyildi. Likvidlik probleminin yaşanmamasını, kreditləşmənin daha da sürətlənməsini, əsasən də istehlak və ipoteka kreditlərinin artımını nəzərə alsaq, görünən odur ki, bank sistemində hansısa problemin olduğunu demək mümkün deyil”.
Onun sözlərinə görə, bir bankdan başqa digərlərində vəziyyət yaxşıdır:
“Son altı aylıq nəticələrdən görünən odur ki, yalnız İran Milli Bankının yerli nümayəndəliyində problem var. Onun dövriyyəsi və gəlirləri azalıb. Ola bilər ki, bu bank özü müraciət edib, lizensiyasını ləğv etdirsin. Digər banklardan belə addım atılacağı gözlənilmir”.