Ləğv prosesində olan 2 bankın əmlakı hərraca çıxarılır
İyunun 22-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Atabank” ASC-nin, iyunun 29-da isə “Texnikabank” ASC-nin daşınar və daşınmaz əmlakının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək.
Bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Bildirilib ki, söhbət “Atabank”a məxsus 1 ədəd "ProLiant DL360 Gen9" markalı server avadanlığından və “Texnikabank”a məxsus Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi 17 ünvanında yerləşən 284,4 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.
Əmlaklara müvafiq olaraq 1,6 min manat və 60 min manat qiymət qoyulub.
Xatırladaq ki, “Atabank”ın lisenziyası Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarları ilə 2020-ci ildə, “Texnikabank”ın lisenziyası isə 2016-cı ildə ləğv edilib.
Qeyd edək ki, “Texnikabank” 1994-cü ildə dövlət qeydiyyatına alınıb. “Atabank” isə 2000-ci ildə yaradılıb.