"AzerGold” ilə Türkiyə şirkətləri arasında texnoloji sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub
“AzerGold” ilə Türkiyə şirkətləri arasında texnoloji sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub
“AzerGold” QSC İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Türkiyənin Metal Sənayeçiləri Birliyini (MESS) təmsil edən MEXT Texnoloji Mərkəzi və “KoçDigital” şirkəti arasında geniş tərkibli onlayn görüş keçirilib.
“AzerGold”ın verdiyi məlumata görə, görüşdə “AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev, MEXT Texnologiya Mərkəzinin icraçı direktoru Efer Erdem, “KoçDigital” şirkətinin icraçı direktoru Önder Kaplancık və digər rəsmilər iştirak ediblər.
“AzerGold” QSC-nin istehsal müəssisələrin səmərəlilik əmsalının artması, əsas keyfiyyət göstəricilərinin dəyərləndirilməsi istiqamətində təcrübə mübadiləsi məqsədilə keçirilən görüşdə Cəmiyyətinin istehsal proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması, bu proseslərə dair innovativ həllərin və müasir texnologiyaların tətbiq edilməsi, o cümlədən Cəmiyyətdə biznes proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması üzrə potensial əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşün nəticəsi olaraq potensial əməkdaşlıq üzrə texniki detalların müzakirəsi üçün “AzerGold” QSC və MEXT Texnologiya Mərkəzi və “KoçDigital” şirkətinin aidiyyəti mütəxəssislərinin görüşünün keçirilməsi planlaşdırılır. Əlavə olaraq əməkdaşlıq üzrə müzakirələrin davam etdirilməsi məqsədi ilə qarşılıqlı olaraq istehsalat sahələrinə işgüzar səfərlərin edilməsi razılaşdırılıb.
Qeyd edək ki, fəaliyyət istiqamətləri üzrə innovativ həlləri tətbiq edən və daim təkmiləşdirən “AzerGold” QSC dağ-mədən sahəsində mütəmadi qaydada maddi-texniki bazasını müasir tələblərə uyğun olaraq yeniləyir. Mədənçilik sənayesində rəqəmsal həllər və innovasiya ekosistemlərinin inkişaf etdirilməsi ilə istehsal prosesində səmərliliyin artırılması Cəmiyyətin əsas prioritetlərindən biridir.