Bir ailənin 5 üzvü kəklikotudan zəhərləndi
Qax rayonunda bir ailənin beş üzvü qidadan zəhərlənib.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, rayon sakinləri - 64 yaşlı Xanım Xəlilova, onun oğlu 40 yaşlı Məhəmməd Xəlilov və gəlini Günay Mahmudova, eləcə də 2 azyaşlı qida zəhərlənməsi diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Onların kəklikotu çayı içdikdən sonra vəziyyətlərinin pisləşdiyi bildirilib.
İlkin ehtimala görə, hadisəyə kəklikotunun içərisində zəhərli alaq otlarının da qəbul edilməsi səbəb olub.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan fakt təsdiq edilib.
Qeyd olunub ki, 5 nəfərin qidadan zəhərlənməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.
Faktla bağlı ilkin araşdırma aparıldıqdan sonra toplanmış materiallar rayon prokurorluğuna göndəriləcək.
Faktla bağlı araşdırma aparılır.