Buzovnadakı dəhşətli qətlin tək şahidi danışdı - VİDEO
Ötən gün Xəzər rayonu, Buzovna qəsəbəsində bir ailədən 2 nəfərin qətli, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən dəhşətli hadisənin təfərrüatı üzə çıxıb.
Avrasiya.net xəbər verir ki, Qafqazinfo-nun əməkdaşları qətlin baş verdiyi Buzovna qəsəbəsi, Naxçıvani küçəsində olub, müəmmalı cinayətlə bağlı bəzi detalları əldə edib.
Məlum olub ki, təxminən iki həftə əvvəl 1939-cu il təvəllüdlü Elbrus Muradovun mənzilindən 10 min manata yaxın pul oğurlanıb. Ailə bununla bağlı polisə müraciət edib və araşdırmalara başlanılıb. Dünən, yəni noyabrın 29-da axşam saat 20 radələrində isə naməlum şəxs həmin evin qapısını döyüb.
Qapını 83 yaşlı E. Muradov açıb. Həmin şəxs kəsici alətlə hücum edib, E.Muradovun baş və boyun nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək onu qətlə yetirib. Həmin şəxs daha sonra mənzilə daxil olaraq onun ikinci qrup əlil olan oğlu Rahil Muradova zərbələr endirib və boğaz nahiyəsinə öldürücü xəsarətlər yetirib. Mənzildə digər otaqda olan yataq xəstəsi, E.Muradovun həyat yoldaşı 77 yaşlı Şahirə Muradovaya da çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər yetirən həmin şəxs onun da öldüyünü düşünərək evi tərk edib. Bu zaman o, qonşuluqda yaşayan və işdən gəldikdən sonra nənəsigilə yeməyə gedən E.Muradovun 25 yaşlı nəvəsi Elbrus Ağalarovla qarşılaşıb.