Bakıda özünü asan tələbənin atasından şok iddia: “Ola bilər ki, sifarişlə aradan götürüblər” - FOTO
Bakıda yüksək balla universitetə qəbul olan Şəhriyar Səmədovun intihar etməsi ilə bəzi iddialar yayılıb.
Məlumata görə, mərhum tələbənin atası Şahin Səmədli oğlunun intihar etmədiyini və onun sifarişlə öldürüldüyünü iddia edib. O bildirib ki, oğlu xaricdə magistratura təhsili almağa hazırlaşırmış:
“Mənim oğlum Səmədov Şəhriyar İqtisad Universitetinin 4-cu kursunda oxuyurdu. Prezident təqaüdçüsü idi. 685 balla bu ali məktəbə daxil olub. 2019-cu ildə buraxılış imtahanından maksimum 300 bal toplayıb. Yaşının az olmasına baxmayaraq, öz istedadı və savadı ilə tanınırdı.
Onun oktyabrın 6-da gecə saatlarında kirayə yaşadığı mənzildə asılı vəziyyətdə cəsədi tapıldı. Asıldığı turnik o qədər də hündürdə deyildi. Əllərini turnikə atanda ayaqları yerə dəyirdi. Yəni, onun özünü asması şübhələr doğurur. Axı niyə özünü assın? İntihar etdiyi gün fakültənin dekanlığından praktika üçün arayış alıb.
Xaricdə magistratura təhsili almağa hazırlaşırdı, yanvar ayında seçim edəcəkdi. Dil səviyyə imtahanının birindən uğurla keçdi. İkincisinə hazırlaşırdı ki, dünyanın daha nüfuzlu universitetlərinə düşə bilsin. Ümumvətəndaşlıq pasportunu götürmək üçün “Asan xidmət”ə müraciət etmişdi. Belə planları olarkən nə baş verdi ki, bu uşaq oktyabrın 6-da intihar etsin?”
Şahin Səmədli qeyd edib ki, oğlunun intihar etməsinə inanmır:
“Övladımın intihar etməsi çox şübhəlidir. Ola bilər ki, onu sifarişlə aradan götürüblər, ya da qorxudub intihara sürükləyiblər”.
Tələbənin atası istintaq orqanlarına üz tutaraq, oğlunun ölümünün obyektiv və düzgün araşdırılmasını xahiş edib.
Qeyd edək ki, 19 yaşlı Masallı rayon sakini Şəhriyar Səmədli oktyabrın 6-da gecə saatlarında Nizami rayonunda kirayə yaşadığı evdə özünü asıb. O, 685 balla İqtisad Universitetinə qəbul olmuşdu.
Azmedia.az