Dini icma rəhbəri niyə intihar edib? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Lənkəran rayonu, Qurumba kənd məscidinin dini icmasının sədri Hacıhəsən Babayev intihar edib. Hadisə məscidin ərazisində baş verib.
Məlumata görə, H.Babayev məscidin həyətində olan yarımtikilidə özünü asıb. O, hadisədən əvvəl məktub yazaraq, intihar etməsində heç kimin günahının olmadığını qeyd edib.
Dini icma rəhbərinin intiharı barədə Modern.az-a danışan Lənkəranın Qurumba kəndinin icra nümayəndəsi Oruc Şəkərov hadisənin müəmmalı olduğunu söyləyib.
O, Hacıhəsən Babayevin kəndin ağsaqqalı kimi hörmətli adam olduğunu vurğulayıb.
“Mərhum problemli adam deyildi. Dini icmanın sədri kimi hörmət sahibi idi. İntiharın səbəbi müəmma olaraq qalır. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, meyit ekspertizaya göndərilib. Hazırda intiharla bağlı araşdırma aparılır. Yəqin ki, araşdırmadan sonra hər şey aydın olacaq”, - deyə icra nümayəndəsi qeyd edib.