Xamenei Türkiyənin təklifini rədd etdi
İranın dini lideri Ayətullah Əli Xamenei ABŞ və İran nümayəndə heyəti arasında İstanbulda danışıqların keçirilməsi ehtimalını rədd edərək, Tehranın Vaşinqtonla yalnız nüvə gündəliyini müzakirə edəcəyini və Omandakı əvvəlki görüşləri davam etdirəcəyini bildirib.
Axar.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Ankara zənginləşdirilmiş uran, ballistik raketlər və proksi qüvvələrin fəaliyyəti kimi məsələlərin əsasən region ölkələri üçün vacib olduğunu israr edir. Sözügedən məsələlər əvvəlcə regional dövlətlərlə müzakirə edilməli, daha sonra isə ABŞ ilə müzakirəyə çıxarılmalı idi, bu da faktiki olaraq dolayı danışıqlar formatı deməkdir. Müvafiq təklif xarici işlər naziri vasitəsilə İran prezidentinə çatdırılıb. Əvvəlcə İran tərəfi razılıq verib və bu barədə Ankara məlumatlandırılıb. Lakin Ayətullah Xamenei sonradan həm İstanbul görüşünün özünü, həm də təklif olunan formatı rədd edib. O, vasitəçilərin və region ölkələrinin iştirakına qarşı çıxıb, ABŞ-ın nüvə proqramı üzrə danışıqlarda yeganə tərəfdaş olaraq qalmalı olduğunu vurğulayıb. Nəticədə, əvvəllər Omanda baş tutan danışıqların davamı olaraq mümkün təmasların nəzərdən keçirilməsi qərara alınıb”, - mənbə bildirib.
Qeyd edək ki, ABŞ və İran arasında 6 fevralda İstanbulda keçirilməsi nəzərdə tutulan danışıqların Omanda baş tutacağı gözlənilir.
