Hindistan Pakistana hücum etməyə hazırlaşır
Hindistan terror hücumları ilə təhrik ediləcəyi təqdirdə Pakistana hücum etməyə hazırdır.
Bu barədə Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar “Politico” qəzetinə açıqlama verib.
O, Pakistanı minlərlə terrorçu yetişdirməkdə və onları Hindistana göndərməkdə günahlandırıb. Qeyd edib ki, toqquşmalara səbəb olan şərtlər dəyişməyib.
Caişankar Hindistanın terror hücumlarına cavab olaraq Pakistandakı terror təşkilatları və liderlərinə hücum etməyə hazır olduğunu bəyan edib. Bildirib ki, hücum edəcəkləri hədəflərin harada olacağını seçməyəcəklər: "Əgər Pakistanın daxilindədirlərsə, Pakistanın içərisinə gedəcəyik".
Nazir həmçinin keçən ay iki ölkə arasında baş verən qarşıdurmalar zamanı bəzi Hindistan təyyarələrinin məhv edildiyini inkar etməyib.
Xatırladaq ki, tərəflər arasında münaqişə aprelin 22-də Kəşmirdəki məşhur turizm məkanı Pahalqam şəhərində baş verən terror aktından sonra gərginləşib. Mayın 10-da ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistanın atəşkəs barədə razılığa gəldiyini açıqlamışdı.