ABŞ maliyyə naziri Ağ Evdə İlon Maska hücum edib
ABŞ-ın maliyyə naziri Skott Bessent Ağ Evdə amerikalı sahibkar İlon Maska hücum edib.
APA xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti Donald Trampın sabiq müşaviri Stiven Bennona istinadən məlumat yayıb.
Məlumata görə, Tramp və Maskın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri kimi səlahiyyət müddətinin başa çatması ilə bağlı keçirdiyi mətbuat konfransı ərəfəsində tərəflər arasında mübahisə baş verib.
Maliyyə naziri Bessent Maskı büdcəni 1 trilyon dollar azaltmaq vədini yerinə yetirməməkdə ittiham edib və bundan sonra tərəflər arasında qarşıdurma yaranıb.
Qəzet, Ağ Evin mətbuat katibi Kerolayn Livittin də adıçəkilən şəxslər arasında qarşıdurma yaşandığını təsdiqlədiyini yazıb.
Məhz bu hadisədən sonra Maskın gözünün altında qançır yarandığı bildirilir.