"Azərbaycan və Vyetnam arasında iqtisadi əlaqələrin yeni mərhələsi başlayıb"
Azərbaycan və Vyetnam arasında siyasi və iqtisadi əlaqələrin təməli sovetlər dönəmində qoyulub. Bu əlaqələr daha sonra Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrdə davam etməyə başlayıb.
Bunu Avrasiya.net-ə siyasi şərhçi Çingiz Şahbazi deyib.
O, qeyd edib ki, Vyetnam Azərbaycan üçün bütün dönəmlərdə dost ölkələrdən biri olub. Qarabağ problemi zamanı, Azərbaycan və Ermənistan beynəlxalq təşkilatlarda mübarizə apardığı dönəmlərdə, Vyetnam beynəlxalq normalara və hüquqa əsaslanaraq daima Azərbaycanın haqq səsini dəstəkləyib:
"Azərbaycan və Vyetnam arasında həmçinin ticarət əlaqələri mövcuddur. Son zamanlar ikitərəfli münasibətlərin inkişafı üçün mühüm qərarlar qəbul edilməkdədir. Bu da, Azərbaycan və Vyetnam arasında iqtisadi əlaqələrin yeni mərhələsinin başlanğıcı kimi qəbul edilə bilər. Bu baxımdan Vyetnam Sosialist Respublikası Milli Sahibkarlıq Assosiasiyasının prezidenti Din Viet Hoanın iki ölkə münasibətlərinə dair biznesin inkişafı ilə bağlı verdiyi müsahibə çərçivəsində açıqlamasında söylədiyi "Yaxın vaxtlarda Azərbaycan və Vyetnam arasında viza və logistika maneələri aradan qalxacaq" bəyanatı, əlbəttə ki, ölkələrimiz arasında əlaqələrin xüsusilə də iqtisadi inkişaf baxımından genişləndirilməsi və inkişafı ilə bağlı yaradılan şəraitə əsaslanır və bu istiqamətdə işləyən hökumət və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətləridən söykənir".
Ç.Şahbazi onu da deyib ki, Azərbaycan nəinki dost Vyetnam xalqına bu münbit şəraiti təşkil edir, ümumiyyətlə, ölkəmizdə xarici investorlar üçün və daxili auditoriyaya aid sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara çox əlverişli biznes mühitinin olması ilə bağlıdır:
"Vyetnam coğrafi baxımdan Azərbaycana uzaq olmasına baxmayaraq, ölkəmizdə qurulan azad biznes mühitindən yararlanmaq istiqamətində ciddi addımlar atmağa başlayıb. İnanıram ki, yaxın gələcəkdə ölkəmizin ticarət mühitində dost Vyetnam dövlətinin məhsullarını görəcəyik. Həmçinin Azərbaycan sahibkarları öz mallarını bu dost ölkədə maneəsiz və təhlükəsiz şəkildə sata bilmələrinə imkan yaradılacaq. Hər iki ölkə üçün çox faydalı olacağını düşünürəm və inanıram ki, vizasız sərhədlər siyasəti və logistika mahiyyət etibarilə ilə hər iki ölkə vətəndaşları üçün yeni perspektivlər deməkdir".