Səfirlik Qəzzada aclığı dayandırmaq üçün təcili beynəlxalq müdaxiləyə çağırır
"Fələstin Dövlətinin Azərbaycandakı Səfirliyi İsrailin davam edən hərbi əməliyyatları və genişmiqyaslı dağıntılar fonunda Qəzza zolağında yaşayan iki milyondan artıq Fələstinliin fəlakətli və getdikcə pisləşən həyat şəraitini böyük narahatlıqla izləyir. Bu, martın 2-dən etibarən sərhəd keçidlərinin tam bağlanması və Qəzza sərhədində toplanmış humanitar yardımların çatdırılmasının qarşısının alınması ilə müdafiəsiz mülki əhalinin qida, su və dərman vasitələrindən sistemli şəkildə məhrum edilməsi siyasətinin fonunda baş verir".
Bu barədə Fələstin Dövlətinin Azərbaycandakı Səfirliyinin yaydığı məlumatda deyilir.
Səfirlik humanitar yardımın dərhal daxil olmasına dair İsrailin beynəlxalq ictimaiyyətin və BMT-nin çağırışlarına davamlı məhəl qoymamasını qətiyyətlə pisləyir. Səfirlik beynəlxalq çağırışların real addımlar və İsrailə qarşı ciddi təzyiqlərlə müşayiət olunmalı olduğunu bildirir.
Məlumatda aclıqdan mülki əhaliyə qarşı bir silah kimi istifadə edilməsinə son qoyulması və İsrail beynəlxalq hüquq, Cenevrə Konvensiyaları və Beynəlxalq Ədalət Məhkəməsinin qərarları çərçivəsində işğalçı dövlət kimi öz hüquqi öhdəliklərinə əməl etməsi, o cümlədən humanitar təşkilatların fəaliyyətinə şərait yaratması vurğulanır.
Səfirlik bildirir ki, dərhal atəşkəsin əldə olunması və əməliyyatların dayandırılması fələstinli mülki əhaliyə humanitar yardımın davamlı və təhlükəsiz şəkildə çatdırılmasının yeganə yoludur: "Fələstin xalqının çəkdiyi iztirablara vaxtında və effektiv müdaxilə etmədiyinə görə beynəlxalq ictimaiyyət həm mənəvi, həm də hüquqi baxımdan məsuliyyət daşıyır".