NATO Rusiya ilə sərhədi gücləndirir
Alyansın Madriddə keçiriləcək sammitindən əvvəl onun üzvləri Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi nəticəsində yaranan vəziyyətlə bağlı şərq cinahının müdafiəsi üçün yeni model üzərində razılığa gəlməlidirlər.
Bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
Stoltenberq bildirib ki, NATO-nun şərq cinahda yeni müdafiə modelinin əsasını üç sütun təşkil edəcək:
“Birincisi, ön cəbhədə döyüş əməliyyatlarına hazırlığın artırılmasıdır. Biz artıq bunu etmişik. Son bir neçə ay ərzində şərqdəki döyüş qruplarının sayını 4-dən 8-ə qaldırmışıq.
Modelin ikinci sütunu səfərbərlik tələb olunduqda vaxta qənaət etmək üçün hərbi texnikanın əvvəlcədən yerləşdirilməsidir. Üçüncü element isə ora yerləşdiriləcək bölmələrlə bağlıdır. Bu, müəyyən bir ərazidə təlim keçəcək, müəyyən vəzifələri olacaq qüvvələrdir. Ön cəbhəyə bütün qüvvələr yerləşdirilməyəcək. Lakin lazım gələrsə, onlar da köçməyə hazır olmalıdırlar”.