Şolts: "Ukraynanın ələ keçirilməsi illüziyadır və mən bunu Putinə dedim"
"Ukraynanın bir hissəsinin ələ keçirilməsi illüziyadır və mən bunu Putinə dedim. Məsələn, Rusiyaya qarşı sanksiyalar ölkə Ukrayna ilə ədalətli razılığa gələnə qədər qüvvədə qalacaq. Bu sülh şərtlərini xalq, parlament, Ukrayna Prezidenti həll edəcək".
“Report”un ARD telekanalına istinadən verdiyi məlumata görə, bunu Almaniya kansleri Olaf Şolts Ukraynanın paytaxtı Kiyevə səfərindən sonra deyib.
O, Kremlin Rusiyanın Ukrayna ərazisinin bir hissəsini ələ keçirə biləcəyi və daha sonra zamanla dəyişiklik gözləyəcəyi ilə bağlı gözləntilərini “Putinin illüziyası” adlandırıb.
Kansler qeyd edib ki, Almaniya rəsmi Moskvanın birtərəfli qaydada qoyduğu şərtlərlə "diktə altında sülh"ü rədd edir.
“Putinin şərtləri ilə sülh mümkün deyil”, - hökumət başçısı vurğulayıb.
“Rusiyanın Ukraynanın bir hissəsini amansız zorakılıqla ələ keçirmək" planından və "ölkələrin sərhədlərinin dəyişdirilməsinə dair imperialist konsepsiyasından" imtina etməsini təmin etmək lazımdır", - Şolts deyib.
Teleaparıcı diqqətə çatdırıb ki, Fransa Prezidenti Emmanuel Makron Kiyevə səfəri zamanı çıxışında Ukraynanın qələbəsinə qədər bu ölkəni dəstəkləməkdən danışıb, Şolts isə “Rusiya tərəfindən qoyulan sülhün mümkünsüzlüyünü” bəyan edib. Kansler cavabında belə bir dünyanın mümkünlüyünü “Putinin illüziyası” adlandırıb, o, “torpaqları ələ keçirə və zamanın dəyişməsini gözləyə biləcəyinə” inanır.