Türkiyə 10 ölkədən torpaq icarəyə götürür - Məqsəd
Türkiyə Kənd Təsərrüfatı Nazirliyi Afrika və Latın Amerikası ölkələri başda olmaqla 10 ölkədə torpaq və fermer təsərrüfatını icarəyə götürəcək.
Ölkə.Az-ın məlumatına görə, hökumət məsələ ilə bağlı danışıqlara başlayıb.
Məsələ ilə bağlı Ukrayna ilə də əlaqə saxlanılıb. Xaricə, xüsusən Türkiyəyə icarəyə veriləcək torpaqlarda iqlim baxımından çətin olan məhsullar əkiləcək.
Ötən illərdə Sudanda 850 min hektar ərazi icarəyə götürülsə də, sonradan bu layihə yarımçıq qalıb. İndi bu layihə yenidən bərpa olunacaq. İcarəyə götürülən digər torpaqlarda isə əsasən yem bitkiləri, Türkiyədə emal olunduqdan sonra ixrac olunacaq taxıl məhsulları istehsal ediləcək. Bu yaxınlarda Venesuela nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı 400 min hektar kənd təsərrüfatı sahəsinin Türkiyəyə icarəyə verilməsi məsələsi gündəmdə idi.
Türkiyənin Kənd təsərrüfatı naziri Vahid Kirişçi xaricdə torpaq icarəsi layihəsi ilə bağlı məlumat verib: “Türkiyənin istehsalı öz miqyasında türk xalqı üçün kifayətdir, ancaq ixrac etməyi seçsəniz, xaricdə icarəyə götürmək də lazımdır. Biz ora müasir kənd təsərrüfatını gətirmək istəyirik. Çox ciddi bir ərazidə, xüsusən də Afrikanın cənubunda toxunulmamış ərazilər var. Biz bu sahələrdə məhsul istehsal etmək iqtidarındayıq”.