Hər gün cəbhədə 100-200 hərbçi həlak olur
Rusiya ilə müharibədə Ukrayna hərbçilərinin gündəlik itkiləri 100-200 nəfər arasında dəyişir.
“Report” “BBC Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.
Böyük itkilərin əsas səbəblərindən biri kimi Podolyak Ukrayna və Rusiyanın hərbi imkanları arasında bərabərliyin olmamasını vurğulayıb. Onun fikrincə, Ukraynaya Qərbin verə biləcəyi ən güclü artilleriya sistemlər “ovuclarla” yox, yüzlərlə lazımdır. Podolyakın sözlərinə görə, düşmənin atəş gücü ilə bərabərlik və Ukrayna ərazisinin işğaldan azad edilməsi üçün 300-ə qədər raket sistemi lazımdır.
O əlavə edib ki, Rusiya ciddi hərbi məğlubiyyətə uğramayana qədər heç bir dialoq forması mümkün olmayacaq və onlar Ukraynanın bir hissəsini ələ keçirməyə cəhd edəcək.
İyunun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski hər gün cəbhədə Ukraynanın 60-100 əsgərinin həlak olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, hər gün daha 500 nəfər yaralanır.