"Taliban" təlim üçün Hindistana əfqan əsgərlərini göndərməyə hazırdır - Molla Yaqub
"Taliban" hərəkatının qurucusu Molla Ömərin oğlu, Əfqanıstanın müdafiə naziri Molla Yaqub bildirib ki, Əfqanıstan-Hindistan münasibətləri möhkəmlənəcək və bunun üçün zəmin yaranacaq.
Molla Yaqub Hindistanın "News 18" telekanalına eksklüziv müsahibəsində "Taliban"ın öz ordu zabitlərini hərbi təlim üçün Hindistana göndərməyə hazır olub-olmayacağı sualına cavab verərkən deyib ki, onlar bununla bağlı heç bir problem görmür.
Əfqanıstandakı mövcud rejimin Hindistanla yaxın müdafiə əlaqələri qurmaq istəyib-istəmədiyini soruşduqda, müdafiə naziri ilk növbədə Hindistan da daxil olmaqla bütün ölkələrlə güclü diplomatik əlaqələr qurmaq istədiklərini söyləyib: "Nə vaxt ki, biz bir yerdə səmimi siyasi və diplomatik əlaqələrə malik olsaq, yalnız o zaman müdafiə münasibətlərinə hazır olarıq. Nə bununla bağlı problem olacaq, nə də biz bununla bağlı problem görmürük”.
Molla Yaqub ölkənin digər ölkələrlə əlaqələrindən danışaraq, Hindistan başda olmaqla, bütün dünya ölkələri ilə, o cümlədən qonşu dövlətlərlə səmimi münasibətlər arzuladıqlarını bildirib.