Ağ Ev Ukraynaya sürətli silah tədarükü vəd edib
ABŞ hakimiyyəti Rusiyanın “döyüşlərdəki kiçik uğurları” fonunda Kiyevə hərbi yardımı davam etdirəcək. Ağ Ev yeni silahların Ukraynaya mümkün qədər tez gəlməsi üçün əlindən gələni edir.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunları Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.
O, qeyd edib ki, ABŞ hakimiyyəti Ukraynaya silahları yalnız öz ərazisini müdafiə etmək üçün verir.
"Rusiya Ukraynanın müəyyən ərazilərində az irəliləyiş və məhdud uğurlar qazanmaqda davam edir. Bu səbəbdən biz silah və texnikanı mümkün qədər tez çatdırmağa davam edirik. Ukraynalılar öz demokratiyaları üçün mübarizə aparırlar", - Jan-Pyer bildirib.
Ağ Ev rəsmisi vurğulayıb ki, Birləşmiş Ştatlar "ukraynalıların güclü mövqedə olması və özlərini müdafiə edə bilmələri üçün mümkün olan hər şeyi etmək niyyətindədir ki, danışıqlar aparmaq imkanı olsa, bunu güc mövqeyindən edə bilsinlər".