Rusiya elit desant qüvvələrini itirdi - Britaniya
Rusiya Ukraynadakı hava-desant qoşunlarından lazımi şəkildə istifadə edə bilmədi, nəticədə qüvvələrin bir çox elit bölmələri əhəmiyyətli itkilər verdi.
Axar.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında qeyd olunub.
Qeyd olunur ki, Rusiya Hava Desant Qüvvələri işğalın başlanğıcından bəri bir sıra taktiki uğursuzluqlara imza atıb:
“Rusiya doktrinasına görə, Hava Desant Qüvvələri daha mürəkkəb əməliyyatları həyata keçirmək üçün istifadə olunur. 45 min nəfərlik desant qüvvələri əsasən peşəkar müqaviləli hərbçilərdən ibarətdir. Onun üzvləri elit statusa malikdir və əlavə maaş alır.
Lakin Ukraynada Rusiya ağır zirehli piyadalar üçün daha uyğun olan missiyalarda paraşütçülərdən istifadə etdi, ona görə də kampaniya zamanı bu bölmələr ağır itki verdi. Ukraynanın müqavimətini qabaqcadan görməmək və rus komandirlərinin daha da arxayın olması Rusiyanın bir çox elit bölmələrində əhəmiyyətli itkilərə səbəb oldu”, - hesabatda qeyd olunub.