İranda terror aktı - Ölənlər və yaralılar varİranın cənub-qərbində yerləşən Xuzistan əyalətində sakinlərə silahlı hücum edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

İnsident nəticəsində azı 4 nəfər ölüb. Telekanal hadisəni terror aktı adlandırıb. Bildirilib ki, İzeh şəhərinin bazarına edilən hücumda daha 5 nəfər yaralanıb.

ISNA xəbər agentliyi iki sürücünün insanlara atəş açdığını açıqlayıb. Agentlik hücumda bir uşaq, bir qadın və Bəsic milislərinin iki üzvünün öldürüldüyünü qeyd edib.

İnsidentin kimlər tərəfindən törədilməsi və digər detallar hələlik məlum deyil.
Xırdalanda güclü partlayış - Hadisə yerindən GÖRÜNTÜLƏRFövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Avrasiya.net xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı AAAF Park Yaşayış Kompleksində ondördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində, ilkin məlumata əsasən, 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib, partlayış dalğasının zərbəsindən həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Blinken İlham Əliyevə ZƏNG ETDİNoyabrın 16-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

ABŞ dövlət katibi bu il noyabrın 7-də Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə növbəti danışıqlarının keçirildiyini və ABŞ-ın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək əzmində olduğunu bir daha vurğulayıb.

Prezident İlham Əliyev dövlət katibi Antoni Blinkenin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlamasının və ABŞ-ın bu istiqamətdə göstərdiyi səylərin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Bununla belə, dövlətimizin başçısı qeyd edib ki, bu istiqamətdə göstərilən səylərə və aparılan danışıqlara baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən son günlərdə səsləndirilən ziddiyyətli bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir.

Antoni Blinken Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün tarixi imkanın olduğunu qeyd edərək ABŞ-ın bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib.

Telefon danışığı əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə növbəti görüşün keçirilməsi və etimad quruculuğu tədbirlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan Fransaya nota verdiNoyabrın 16-da Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili JüLyen Lö Lan Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq, noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı XİN-in etiraz notası təqdim edilib.

Bu barədə Avrasiya.net-ə XİN-dən məlumat verilib.

Görüş zamanı, Fransa Senatında qəbul edilmiş tamamilə həqiqətdən uzaq, yalan və iftira dolu müddəaların əks olunduğu qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə rədd edildiyi diqqətə çatdırılıb.

Qətnamənin açıq təxribat xarakteri daşıdığı və sülh prosesinə öz töhfəsini vermək iddiasında olan Fransanın növbəti dəfə ermənipərəst, qərəzli və birtərəfli mövqeyini bariz şəkildə nümayiş etdirdiyi bildirilib.

Fransanın bu addımının regionda sülhün bərqərar olmasına, xüsusilə də, ölkəmizin israrlı olduğu Azərbaycanla Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında normallaşmasına ciddi zərbə vurmaq məqsədi daşıdığı, bölgədə sülhə qarşı olan revanşist qüvvələri həvəsləndirdiyi vurğulanıb.

Sözügedən qətnamənin, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yanaşı, Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə”nin (1993) xüsusilə 2-ci maddəsinin 3-cü bəndi çərçivəsində öhdəliklərə tamamilə zidd olduğu qeyd edilib.

Azərbaycan tərəfi görüşdə Fransa tərəfindən bir daha Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, onun daxili işlərinə müdaxilə olan addım və bəyanatlardan çəkinilməsini təkidlə tələb edib.

Fransanın müvəqqəti işlər vəkili Azərbaycan tərəfinin müraciətini aidiyyəti üzrə çatdıracağını bildirib.
Tərtərdə ekoloji təmiz məhsul istehsalının təşviqinə həsr olunmuş seminar təşkil edilibAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında ekoloji təmiz məhsul istehsalının təşviqi” layihəsinin icra planına uyğun olaraq Tərtər rayonunda 25 fermer üçün seminar təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən seminarda əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Layihə rəhbəri Musa Muradlı layihənin məqsəd və vəzifələri barədə məlumat verib. Bildirib ki, Ekoloji İnformasiya İctimai Birliyinin həyata keçirdiyi “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında ekoloji təmiz məhsul istehsalının təşviqi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur. Layihə çərçivəsində Qarabağ İqtisadi Rayonunun 4 rayonunda – Ağcabədi, Ağdam, Bərdə, Tərtər rayonlarının hər birində 25 fermerə seminarların təşkili, fermerlər üçün ekoloji cəhətdən daha faydalı məhsulların təşviqi nəzərdə tutulub. Musa Muradlı qeyd edib ki, indi ekoloji məhsul istehsalının təşviqinə ehtiyac böyükdür. Buna görə də həyata keçirilən layihənin ideyasına önəm verilib.

Layihənin eksperti ekoloq, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev ekoloji təmiz məhsul anlayışına aydınlıq gətirib. Dünyada ekoloji təmiz məhsul istehsalına bir çox ölkələrin üstünlük verdiyini deyib. Ekoloji təmiz məhsul yetişdirilməsinin aktuallığından danışan ekoloq Xosrov Musayev bildirib ki, kimyəvi tərkibli üzvi maddələrdən istifadə insan sağlamlığına zərər vurmaqla yanaşı, torpağın da mikroorqanizmilərini məhv edir. Torpağın məhsuldarlığı tədricən azalır. Ekoloji təmiz kənd təsərrüfatının tətbiqi ilə isə ətraf mühitin təbii ehtiyatlarından istifadə etməklə həm torpağın mineral ehtiyatlarını qorumaq, həm də sağlamlığı möhkəmləndirən məhsulların yetişdirilməsinə nail olmaq mümkündür.

Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndəsi Arif Behbudov çıxışında layihənin əhəmiyyətini yüksək qiymətləndirib. Fermerlərin maarifləndirilməsi baxımından belə seminarların keçirilməsinə ehtiyac duyulduğunu vurğulayıb. Layihənin komanda heyətinə uğurlar arzulayıb.

Tərtərli fermerlər ekoloji təmiz kənd təsərrüfatı məhsulların istehsalı barədə müzakirələrdə fəallıq nümayiş etdiriblər.

Çıxışlardan sonra seminarın gündəliyinə uyğun olaraq çay süfrəsi arxasında müzakirələr aparılıb. İştirakçılara dəftərxana ləvazimatları, bloknot, qələm, qovluqlar, habelə təşviqat materialları, bukletlər paylanılıb.
Adı Alimpaşa Məmmədovla çəkilən məmur işdən çıxarıldıQazax-Tovuz Regional Təhsil İdarəsi üzrə Şəmkir rayon təhsil sektorunun müdiri Qüdrət Əliyev vəzifəsindən azad edilib.

Avrasiya.net xəbər verir ki, Q.Əliyev onunla bağlanan əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən uzaqlaşdırılıb.

Qeyd edək ki, Q.Əliyev Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun dönəmində birinci müavin vəzifəsində çalışıb. Alimpaşa Məmmədovun həbsi zamanı Qüdrət Əliyev də dindirilib.

Daha sonra Q.Əliyev Şəmkir rayon Təhsil şöbəsinə rəhbərlik edib.

"Fransa özünü ikinci erməni dövləti kimi aparırsa... "Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər ərzində Fransa ilə səmimi dost və müttəfiqlik siyasəti yürütməyə çalışıb. Lakin rəsmi Bakının bütün cəhdlərinə və xoş məramına baxmayaraq ötən illər ərzində Fransa dövlətini və xüsusən də onun parlament qanadını haqq yoluna gətirmək mümkün olmadı. Çünki Fransa “əhliləşmə”si mümkün olmayan, ermənipərəstlik mərəzindən, xristian təəssübkeşliyindən, türkofobiya mövqeyindən heç cürə əl çəkə bilməyən və yaxud, əl çəkmək istəməyən ölkələr qrupuna aiddir. Bu bir aksiomadır və biz bundan sonra hər nə qədər səy göstərsək də, Fransa dövləti hazırkı kursundan əl çəkməyəcək. Biz bu acı həqiqətlə barışmalıyıq.

Dünən Fransa Senatında Azərbaycana qarşı qəbul olunan qətnamə də bu acı həqiqətin bir tərkib hissəsidir. Hərçənd ki, sözügedən qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və bu sənədin müddəaları Azərbaycan üçün məcburi xarakter daşımır, ancaq bütün hallarda Fransa senatorlarının məlum sənədə yekdilliklə səs verməsi Fransa-Azərbaycan münasibətlərini zədələmək, korlamaq üçün yetərlidir. Bu baxımdan, kimlərsə deyirsə ki, məlum qətnamənin qəbul edilməsi Fransa-Azərbaycan münasibətlərinə xələl gətirməyəcək, heç bir mənfi təsir göstərməyəcək, onlar ciddi şəkildə yanılırlar.

Azərbaycanın Fransa senatorlarının bu cür rüsvayçı davranışına göz yummaq fikri yoxdur. Makron hökuməti öz ənənəsinə uyğun olaraq həmişəki kimi yenə də riyakarlıq edib senatorların bu cür təxribatçl addımına səssiz qala bilər, ancaq rəsmi Bakının səbr limiti isə heç də hüdudsuz deyil. Azərbaycan bu qətnamənin qəbul edilməsindən özü üçün ciddi nəticələr çıxaracaq və Fransa ilə bağlı siyasətinə əsaslı korrektələr edəcək. Özünü sülhyaradıcı, vasitəçi, arbitr qismində görən, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün guya səy göstərən Fransa tərəfsizlik və neytrallıq, ədalət və obyektivlik prinsiplərini bu cür kobud şəkildə pozursa və açıq-aşkar Ermənistanın, separatçı ermənilərin maraqlarına uyğun siyasət yürütdüyünü əməli olaraq nümayiş etdirirsə, o zaman Fransa prezidenti də, siyasi elitası da bilməlidir ki, artıq Fransanın hər hansı formada vasitəçiliyi Azərbaycan üçün məqbul və arzuolunan deyil.

Fransa dövlətinin siyasətini fransız xalqının seçdiyi prezident və parlamentarilər yox, Fransadakı güclü erməni lobbisi və diasporu müəyyən edirsə, bizə belə bir dövlətin vasitəçiliyi əsla lazım deyil. Əlbəttə, bu qətnamənin Azərbaycanın özünə və mövqeyinə heç bir mənfi təsiri olmayacaq. Lakin biz bundan sonra Fransaya münasibətdə necə davranmalı olduğumuzu artıq çox gözəl bilirik. Əslində biz bu qətnaməni qəbul edən şərəfsiz senatorlara etirazımızı bildirməklə yanaşı, həm də təşəkkür etməliyik. Bilirsiniz niyə? Çünki Senatin bu addımının bizim üçün mənfi tərəfləri ilə bərabər, faydası da var. Senatorlar anti-Azərbaycan xarakterli qətnaməyə səs verməklə Fransa dövlətinin və siyasi sisteminin sonuncu maskalarını da yırtdılar. Bu qətnamə Fransa siyasətinin güzgüsüdür, vitrinidir. İndi kimin kim olduğu, hansı ölkənin haqqın (Azərbaycanın) yanında, hansının isə şərin (Ermənistanın) yanında yer aldığı artıq tam şəkildə bəllidir.

Ona görə də biz bundan sonra Fransaya qarşı adekvat siyasət yürüdəcəyik. Fransa özünü ikinci erməni dövləti kimi aparırsa, biz də bu ölkə ilə gərəkən şəkildə davranacayıq. Fransanın Azərbaycandakı siyasi, iqtisadi, mədəni maraqları ciddi şəkildə sarsılacaq. Tarixindən qan daman, lakin özünü “demokratiyanın beşiyi” kimi, beynəlxalq hüququn qarantorlarından biri kimi təqdim edən Fransa Azərbaycana qarşı haqsız mövqe tutduğuna görə Türk-İslam dünyasının da təpkiləri ilə üzləşəcək.

Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamasına, mədəni və təbii sərvətlərimizi talan etməsinə, xalqımıza qarşı soyqırımları törətməsinə göz yuman fransız senatorların bu ədalətsizliyi sonda Fransanın özünə çox ciddi zərər yetirəcək. Əlbəttə, Makronun və senatorların Cənubi Qafqazın lider ölkəsinə qarşı hazırkı yanlış siyasəti erməniləri sevindirə bilər. Lakin Fransa kimi böyük bir dövlətin erməni lobbisinin əlində oyuncağa çevrilməsi heç şübhəsiz ki, günün birində fransız xalqını da düşündürməyə, narahat etməyə başlayacaq.

Fransız siyasətçiləri ermənipərəstlik edə bilər, amma bütün fransız xalqının ermənipərəstlik mərəzinə tutulması qeyri-mümkündür. Odur ki, biz fransız xalqının Fransanın milli maraqlarını erməni siyasətinə qurban verənlərdən hesab soracağına əminik. Makronun fransız xalqının maraqlarına zidd olan siyasəti Fransanın özünə qarşı çevriləndə, biz Parisin küçələrini öz ağuşuna alan növbəti “Sarıjiletlilər hərəkatı”nın şahidlərinə çevriləcəyik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Milli Məclis Fransa ilə bağlı bəyanat qəbul etdiMilli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat qəbul edib.

Avrasiya.net xəbər verir ki, bəyanatı Milli Məclisin deputatı Ramin Məmmədov oxuyub.

Bəyanatda deyilir:

“Azərbaycan Fransanı beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş sərhədlərə hörmət etməyə çağırır. 30 il işğala göz yuman, səs verdiyi qətnamələri Ermənistandan tələb etməyən Fransa bu gün Ermənistanın ərazi bütövlüyünün pozulduğunu bildirir. Fransa Senatının bu kimi çıxışları Cənubi Qafqazda sülhə mane olmaq niyyəti daşıyır.

Müstəmləkə illərində Fransanın törətdiyi soyqırımıları hər kəsə məlumdur, bu hadisələrdən hələ də əziyyət çəkən xalqlar var. Bu kimi hadisələr təbii ki, Fransanın siyasi tarixindən silinməyəcək. Əlcəzairdə bir milyondan çox insan Fransa tərəfindən qətlə yetirilib.

Eyni zamanda hələ də mina xəritələrini Fransa Əlcazairə düzgün təqdim etməyib. Bu gün dünyada minadan əziyyət çəkən ölkələrdən biri də Əlcəzairdir. Fransanın rolunu hazırda Cənubi Qafqazda Ermənistan davam etdirir. Bu gün Ermənistan hələ də düzgün mina xəritələrini Azərbaycana təqdim etməyib. Qondarma dövlətdə əhalinin insan hüquqlarını tələb edən Fransanın hüquqdan danışmağa haqqı yoxdur. Fransada irqçi, müsəlmanlara qarşı fobiyanın olması hər kəsə məlumdur".

Bəyanatda, həmçinin Milli Məclisin bir sıra təkliflər irəli sürdüyü qeyd olunub. Həmin təkliflər aşağıdakılardır:

Fransanın Azərbaycan-Ermənistan danşıqlar prosesinə cəlb edilməsinə icazə verilməməsi,

Fransa- Azərbaycan əlaqələrinə bir daha baxılması,

Fransanın Azərbaycanda hansısa aktivləri aşkar edilərsə, onların dondurulması,

Fransa şirkətlərinin enerji sektorunda Azərbaycanla əməkdaşlığına yenidən baxılması,

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Fransa cinayətlərinin beynəlxalq təşkilat çərçivəsində qaldırsın,

Türk Dövlətləri Təşkilatı çərçivəsində Fransanın türkofobiya siyasəti qaldırılsın,

İslam Əməkdaşlıq Təşkilatı(İƏT) çərçivəsində Fransanın islamafobiya siyasətinin gündəliyə çıxarılsın.

Qeyd edək ki, ötən gün Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.