"Buyurun, bu meydan, bu da siz!"Müasir Azərbaycan öz tarixinin ən mürəkkəb və həssas mərhələsindən keçir. Biz toplum və millət olaraq vaxtaşırı hərbi və siyasi müstəvidə sınaqlarla üz-üzə qalırıq. Bu gün də növbəti sınaqla üz-üzəyik. Artıq üç gündür ki, Azərbaycan xalqının mənəvi dəstəyinə güvənən və Ali Baş Komandanın iradəsinə, qətiyyətinə söykənən Azərbaycan Ordusu düşmənin genişmiqyaslı təxribatlarının qarşısını mətanətlə və dəyanətlə almağa davam edir. İndi 10 milyonluq Azərbaycan cəmiyyəti və dünyadakı soydaşlarımız yenidən dəmir yumruq kimi birləşərək dövlətinin yanında dayanmağa, ordusuna dəstək verməyə köklənib. Xalqımız növbəti dəfə milli birlik və həmrəylik imtahanından alnı açıq, üzü ağ çıxmaqdadır. Eynilə 44 günlük Vətən müharibəsində olduğu kimi bu gün də hamımız bir araya gəlmişik. Lakin nə yazıq ki, “fərari”lərimiz də var.

“Fərari” sözünü niyə dırnaq arasında yazıram? Çünki bu “fərari”lər bizim dünya hərb tarixindən eşitdiyimiz, bildiyimiz döyüş meydanlarından, səngərdən qorxaqcasına qaçan, gizlənən klassik fərarilərdən deyil. Bunlar tamamilə fərqli kateqoriyadır. Bu adamlar Vətənimizin ağrılı-acılı günlərində, ümumilli əhəmiyyətli hadisələr zamanı milli həmrəylik meydanından qaçan, düşmənin dəyirmanına su tökən və hətta öz ölkəmizi “təcavüzkarlıq”da ittiham edən miskin varlıqlardır. Əfsuslar olsun ki, sayları da bir deyil, iki deyil. Yağışdan sonra peyda olan göbələk sürətilə artırlar. İndi gəlin görək onların ən “parlaq” nümayəndələrindən biri olan tarixçi Altay Göyüşovun düşüncəsindəki, ruhundakı ermənilik özünü bu günlərdə necə büruzə verdi.

“Xalqın ziyalısı” adına iddialı olan bu adam Ermənistanın təxribatına adekvat olaraq cavab verən Ordumuza dəstək vermək əvəzinə, hamımızı şoka salan gözlənilməz fikirlər səsləndirərək deyir ki, “şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq qınayıram”. Baxın, Altay Göyüşovun bu cür milli xəyanət məzmunlu fikirlərinin İrəvan Dövlət Universitetinin hər hansı bir türkofob, irqçi-faşist mövqeli tarixçi professorunun anti-Azərbaycan səpkili fikirlərindən heç bir fərqi yoxdur. “Daş yuxular” romanını yazaraq Azərbaycana böhtan atan, ermənilərin isə rəğbətini, hörmətini qazanan yazıçı Əkrəm Əylislinin dalınca bir tarixçi alimimizin də eyni koordinata istiqamətlənməsi, milli satqınlar “bataqlığ”ına yuvarlanması ürəkağrıdan hadisədir. Və düşünəndə ki, Altay Göyüşovun bu cür sərsəm düşüncələrini bəyənən, layk edən, paylaşan çoxlu sayda “liberal”lar, “pasifist”lər, “no var”çılar var və onlar hər fürsətdən Azərbaycanı, Azərbaycan hakimiyyətini hədəfə almağa, qaralamağa çalışırlar adamın damarlarında qanı donur.

İndi bir çoxumuz sapı özümüzdən olan bu “balta”lar, bu xainlər nə zaman və necə yetişdilər deyə özümüz özümüzə sual veririk. Bu sualın kökündəki məsələ bu gün olduqca aktualdır. Və əslində bu sualın bir yox, bir neçə mümkün cavab versiyaları var. Lakin biz onlardan ən önəmlisinin üzərində dayanmalıyıq. Qeyd etdiyim anti-Azərbaycan mövqeli “azərbaycanlı”ların bir zümrə halında yetişib ortaya çıxması son 30 ildə müşahidə olunan yanlış müxalifətçilikdən qaynaqlanır. Söhbət özünü “radikal müxalifət”, “əsl müxalifət”, “ana müxalifət” adlandıran AXCP-Müsavat cütlüyünün uğursuz müxalifətçiliyindən gedir. “Əsl müxalifət” adına iddialı olan bu qüvvələrin ötən 30 il ərzində əldə etdikləri yeganə “uğur” bu gün Altay Göyüşov tərzində düşünənlərin, eynilə ermənilər kimi mövqe sərgiləyərək bizə “təcavüzkar” deyənlərin, şəhid və qazilərin üzərindən “kasıb və varlı uşaqları” bölgüsü ilə manipulyasiya edənlərin yetişməsi sayıla bilər.

Bunlar çox böyük bir şəbəkədir. İllərlə həm daxildən, həm də xaricdən bəslənib şəbəkələşiblər. Və bunlar indi saxta “vətənpərvərlik” donuna bürünərək dövlətə və dövlət başçısına qənim kəsiliblər, ordumuzu “təcavüzkarlıq”da ittiham edirlər, 71 hərbçimizin şəhid olmasını boşuna itki kimi qələmə verirlər. Ən pisi də budur ki, bunların fikirlərinə, rəylərinə etiraz xarakterli nəsə bir fikir də yazmaq, münasibət də bildirmək olmur. Bunlara kiçik bir irad bildirən ki, “şanlı müxalifət”imizin trolları dərhal hücuma keçir, ən kobud və təhqiramiz ifadələr işlətməklə adamı haqsız çıxarmağa, susdurmağa çalışırlar. Yəni ki, müxalifətimiz müxalif fikirlərə, fərqli düşünənlərə dözümlə yanaşa bilmir. Sən öz fikrini yazırsan, dövlətçilik maraqlarından çıxış edirsən, ümummilli məsələlərdə bir araya gəlməyin vacibliyini, milli həmrəyliyin alternativsizliyini cəmiyyətə daşımağa, opponentlərin diqqətinə çatdırmağa çalışırsan, lakin tamamilə əks reaksiya ilə, rəzalət dolu münasibətlə qarşılaşırsan.

Bu adamlara indi 71 şəhid üzərindən siyasi xal qazanmağın yolverilməz olduğunu, Fransasından tutmuş İranına qədər bütün ermənipərəst ölkələrin üzərimizə gəldiyi bir məqamda iqtidar-müxalifət ziddiyyətlərini bir kənara qoymağın zəruriliyini, hamımızın Ali Baş Komandana “Vur, Komandir, yanındayıq!” deyərək dəstək nümayiş etdirməyimizin əhəmiyyətini, milli birlik “çətir”i altında birləşib düşmənə - təcavüzkar Ermənistana və ona havadarlıq edən dövlətlərə Azərbaycan xalqının və siyasi qüvvələrinin monolitliyini, mübarizliyini, vətənsevərliyini göstərməyimizin önəmini izah etməyə, başa salmağa çalışırsan, lakin olmur, alınmır. Böyük bir “troll sürüsü” üzərimizə gəlir. Çünki əllərinə fürsət düşüb. Çünki onlar dövləti düşünmürlər, Vətəni düşünmürlər. Onları yalnız siyasi fürsətçilik qayğılandırır.

Ermənistan silahıyla, diversantıyla üzərimizə gəldiyi kimi radikal müxalifətimiz də zəmanəmizin yeni “səlibçi”ləri ilə - troll dəstələri ilə Azərbaycan dövlətinin, Azərbaycan hakimiyyətinin, Azərbaycan generallarının üzərinə gəlirlər və eyni zamanda bu kritik günlərdə dövlətə, Ali Baş Komandan İlham Əliyevə dəstək nümayiş etdirən, milli birlik mövqeyindən çıxış edən siyasi qüvvələri də hədəfə alırlar, onları linç etməyə çalışırlar. Çünki “ağa”larından belə tapşırıq alıblar.

44 günlük Vətən müharibəsi dönəmində milli birlik, siyasi həmrəylik çağırışlarına məhəl qoymayan, siyasi partiyaların Orduya və Ali Baş Komandana dəstək xarakterli birgə bəyanatına qoşulmaqdan imtina edən “Milli Şura”-AXCP-Müsavat “trio”su bu gün də öz ənənəvi ampluasında qalmaqda davam edir. Bunlar ötən iki il ərzində heç dəyişmədilər. Dəyişə bilmədilər. Bəlkə də dəyişmək istəmədilər. Biz gözləyirdik ki, bunlar katarsisdən (daxili təmizlənmədən, yenilənmədən) keçəcək, siyasi yanaşmalarında böyük bir təbəddülat baş verəcək, siyasi dialoqun zəruriliyini anlayaraq inkarçı-barışmaz müxalifətçilik manerasından əl çəkəcək və Azərbaycanda yeni bir mərhələnin – sivil müxalifətçilik erasının başlanmasına start verəcəklər. Lakin bu gözləntilərimiz elə gözlənti olaraq da qalır.

Siyasi hakimiyyəti dəyişməyə iddialı olan, cəmiyyəti inqilaba yönləndirməyə çalışan radikal müxalifətimiz öz daxilində, öz mübarizə vasitələrində, öz siyasi mədəniyyətində, öz ritorikasında “inqilab” etməyi, müsbət dəyişikliklərə imza atmağı bacarmadı. Daxili inqilabdan keçməyən, keçə bilməyən müxalifətin cəmiyyətdə inqilab etməsi, ölkədə siyasi dəyişiklikləri həyata keçirmək iddiasına düşməsi absurddur. Ona görə də radikal müxalifətimiz köhnəlmiş, nimdaşlaşmış radikallıq “mantiya”sından əl çəkə bilmir. Sanki bu qiyafə ömürlük olaraq onların boyuna biçilib. “Dəyişək, inkişaf edək” həqiqəti, fəlsəfəsi bu kəsimin ruhuna tamamilə yaddır.

Maraqlı məqamlardan biri də budur ki, Ermənistanın revanşist müxalifəti ilə Azərbaycanın radikal müxalifəti arasında hazırda bir eyniləşmə, bir identiklik müşahidə olunmaqdadır. Fikir vermisinizsə, onlar da fürsətçilik edir, bunlar da. Onlar da bu son hadisələrin baş verməsində birbaşa ölkənin birinci şəxsini günahlandırır, itiham edir, bunlar da. Onlar da “istefa” deyir, bunlar da. Necə deyərlər, eyni dalğa, eyni koordinat və eyni ssenaridir. Və sanki bu “ssenari” eyni mərkəzdən yazılıb, ötürülüb. Ancaq bizim radikal müxalifətimizə rəhbərlik edən Əli Kərimli, Arif Hacılı və yandaşları fərqində deyillər ki, qalib Azərbaycanın müxalifəti məğlub Ermənistanın revanşist müxalifətinin siyasi gedişlərini təkrarlamamalı, onun kimi davranmamalıdır.

Qalib ölkənin müxalifəti tamam fərqli bir performans nümayiş etdirməlidir. Çünki əsrlərdir parçalanan, yüz yerə bölünən tarixi torpaqlarımızın yavaş-yavaş işğaldan azad edilməsi üçün tarixdə ilk dəfədir olduqca əlverişli şərait yaranıb. Qarabağın mühüm bir hissəsinin işğaldan azad edilməsindən sonra prosesi yarımçıq saxlamaq olmaz. Proses davam etdirilməli, Xankəndidə suverenliyimizi bərpa etməli, Zəngəzur dəhlizinin açılmasını da reallaşdırmalı, Zəngəzura və İrəvana qayıdış hədəflərimizin də gerçəkləşməsi istiqamətində gərəkən addımları atmalıyıq. Bu gün İlham Əliyevin fəaliyyəti, diqqəti məhz bu yönə fokuslanıb.

Ancaq bu cür qlobal hədəflərimizə çatmaq təkcə İlham Əliyevin görəvi, missiyası deyil ki. Bu missiya hamımızındır. Bu missiya 10 milyonun missiyasıdır. Bu missiyadan hər birimizə pay düşür. Bu missiya hər birimizin üzərinə öhdəlik qoyur, yük qoyur – məsuliyyət yükü. Siyasi partiyalar da bu yükü bölüşməlidir. Mövqeyindən və düşərgəsindən asılı olmayaraq bütün partiyalarımız bu hədəflərə odaklanmalıdır, istiqamətlənməlidir. Biz bu missiyada hamımız iqtidara ortaq olmalıyıq, hər birimiz hazırkı dövlət başçımızla eyni mövqedən çıxış etməliyik.

Müxalifətçi (və ya radikal müxalifətçi) olmaq gərəkən məsələlərdə iqtidarla ortaq mövqelərdən çıxış etməkdən imtina etmək demək deyil ki. Bu köhnə paradiqmadan artıq əl çəkmək lazımdır. Ümumilli məsələlərdə iqtidarçı, müxalifətçi yox, sadəcə AZƏRBAYCANLI olmaq lazımdır. Milli həmrəyliyə nail olmağın yolu da məhz bu düşüncədən keçir. Bu mənada bu gün bütün partiyalar tarixi bir imtahan qarşısındadır. Ermənistan və havadarları əl birliyi, dil birliyi ilə üzərimizə gəlirlər. Biz İlham Əliyevin daxili siyasətdəki bu və ya digər addımlarını bəyənsək də, bəyənməsək də, lakin xarici təhlükənin qapımızı kəsdirdiyi bir məqamda hamımız bir araya gəlib, bir yumruq kimi birləşməliyik.

Dövlətimizin başçısı 44 günlük müharibədə olduğu kimi bu gün də millətin və siyasi qüvvələrini birliyini görməli, real dəstəyini hiss etməlidir. Radikal müxalifətimiz də bu imtahandan - milli həmrəylik imtahanından uğurla keçmək haqında düşünməlidir. Dövlətin, xalqın təhlükədə olduğu bir vaxtda, sərhədlərimizin davamlı atəşə məruz qaldığı bir məqamda kimliyindən asılı olmayaraq hamı bir olmalıdır. Belə bir vaxtda siyasi qarşıdurma yaratmaq ancaq və ancaq düşmənlərin xeyrinə ola bilər. Siyasi dividendi başqa vaxt da qazanmaq olar. Bu gün milli mənafeyimiz uğrunda hər kəs bir olmalıdır. Milli həmrəylik göstərmək əvəzinə fürsətçilik etmək, durumdan yararlanmağa çalışmaq lazım deyil. Atəş meydanında və geosiyasi müstəvidə əslində nə baş verdiyini dəqiq bilmədən, anlamadan sosial şəbəkələr üzərindən “isti-isti” bəyanatlar vermək, cəmiyyətdə çaşqınlıq yaratmaq həm siyasi naşılıq, həm də zərərli müxalifətçilikdir.

Bu arada “Şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil” düşüncəsinə köklənən şəxsləri də öz sıralarınızdan uzaqlaşdırın, bəylər! Çünki belələri ermənidən də betərdi. Bu gün Ermənistanın radikal müxalifətindən fərqli olaraq qalib Azərbaycanın radikal (və ya qeyri-radikal) müxalifətinin əsas işi sosial şəbəkələrdə mövcud iqtidara qarşı ittiham dolu statuslar paylaşmaq olmamalıdır. Siz öz fəallığınızı beynəlxalq təşkilatlara, dünya liderlərinə müraciətlərinizlə göstərməlisiniz. Siz öz radikallığınızı Ermənistana dəstək verən böyük dövlətlərin səfirləri ilə görüşüb onlara təmsil etdikləri dövlətlərin yanlış siyasət yürütdüklərini, Azərbaycana qarşı haqsız mövqe tutduqlarını izah etməklə nümayiş etdirməlisiniz. Siz öz vətənpərvərliyinizi Ermənistan dövlətinin və xaricdəki erməni diasporlarının, erməni lobbisinin yalanlarını ifşa etməklə, Azərbaycana qarşı informasiya savaşını təsirsizləşdirməklə təsdiq etməlisiniz. Bax, bütün bunlar sizin bu dövlətə, bu millətə ən böyük xidmətiniz olardı. Müxalifətçilik təkcə iqtidara qarşı siyasi rəqabət və ya mübarizə aparmaqdan ibarət deyil ki. Müxalifətin ən böyük görəvi elə müxalifətdə ikən ümumilli maraqlara xidmət etməkdir. Buyurun, bu meydan, bu da siz!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Ermənistanın 450 hərbçisi məhv edildiSentyabrın 12-si gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Avrasiya.net Axar.az-a istinadən xəbər verir ki, Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri zamanı Ermənistan silahlı birləşmələrinin 450 nəfərədək canlı qüvvəsi məhv edilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri zamanı Ermənistanın təxribatının qarşısı alınıb, bölmələrimiz tərəfindən strateji əhəmiyyətə malik bir sıra hakim yüksəklik nəzarətə götürülüb.

Əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinə məxsus Gorus rayonu və Novruzlu (Kaxnut) yaşayış məntəqəsi istiqamətlərində 2 ədəd S-300 5N63 İYR radarı, 3 ədəd S-300 5P85 BQ buraxıcı qurğusu, Basarkeçər rayonu və Aşağı Qaranlıq (Martuni) yaşayış məntəqəsi istiqamətlərində isə 2 ədəd S-125 RTS-125 radarı, eləcə də xeyli sayda canlı qüvvəsi məhv edilib və yaralıları var. Qarşı tərəfin bu istiqamətdə Hava Hücumundan Müdafiə (HHM) sistemi çökdürülüb.
Həbsdə olan generalın şikayəti təmin olunmadı“Tərtər işi” ilə əlaqədar həbs olunan general-mayor Bəkir Orucovun apellyasiya şikayəti təmin olunmayıb.

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb.

Sentyabrın 2-də Bakı Hərbi Məhkəməsi tərəfindən verilmiş həbs qərarı dəyişdirilmədən saxlanılıb. Məhkəmə qərarın dəyişdirilməsi üçün əsasların olmadığı qənaətinə gəlib.

Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi olub. O, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edib.
Elçin Sadıqov Baş Prokurorluğa aparıldıRüşvət almada iştirakçılıq ittihamı ilə həbs edilən tanınmış vəkil Elçin Sadıqov yenidən Baş Prokurorluğa aparılıb.

Bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.

Belə ki, bu gün E.Sadıqovla bağlı Bakı Apellyasiya Məhkəməsində keçirilməli olan məhkəmə təxirə salınıb. Vəkillərə bildirilib ki, istintaq hərəkətləri ilə bağlı Elçin Sadıqov bu gün saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından Baş Prokuroluğa aparılıb.

Onun apellyasiya məhkəməsi sabaha təxirə salınıb.

Qeyd edək ki, sentyabrın 10-da Baş Prokurorluq tərəfindən saxlanılan E.Sadıqov barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

E.Sadıqov öz müvəkkili, iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunur.
ABŞ Azərbaycana minaaxtaran itlər göndərəcəkAzərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarında minatəmizləmə sahəsində nəzərdə tutulmuş silsilə görüşləri davam edir.

Bu barədə  ANAMA-dan məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Marşal İrsi İnstitutu (MLI), Amerikanın Mina Məsləhət Qrupu (“Mines Advisory Group America”), Müdafiə Departamentinin Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi, Dünya Bankı, ABŞ Dövlət Departamenti və Nümayəndələr Palatasının rəhbər şəxsləri, eləcə də bir neçə aparıcı konqresmenləri ilə görüşləri keçirilib.

Nümayəndə heyətinin ABŞ Dövlət Departamenti, Nümayəndələr Palatasının rəhbər şəxsləri və konqresmenlərlə keçirilən görüşlərində işğaldan azad olunmuş ərazilərin partlayıcı qurğularla kütləvi şəkildə çirklənmə miqyası, mövcud problemin bərpa-quruculuq işlərinə, eləcə də keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı maneələr barədə məlumat verilib. Həmçinin görüşdə Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə ABŞ-ın mövcud dəstəyinin artırılması məsələləri müzakirə edilib.

Marşal İrsi İnstitutu rəsmiləri ilə görüş zamanı minaaxtaran itlərin ianə edilməsində iki qurum arasındakı uzunmüddətli uğurlu əməkdaşlığın davam etdirilməsi üzrə müzakirələr aparılıb. Görüş əsnasında Azərbaycanda aparılan humanitar minatəmizləmə əməliyyatlarına dəstək məqsədilə MLI tərəfindən əlavə sayda xüsusi təlim keçmiş minaaxtaran itlərin göndərilməsi ilə bağlı razılıq əldə edilib. Təşkilat ANAMA ilə uzunmüddətli faydalı əməkdaşlıqdan məmnunluq ifadə edib.

Amerikanın Mina Məsləhət Qrupu nümayəndələri ilə görüşdə mövcud əməkdaşlığın genişləndirilməsi, o cümlədən yeni innovativ texnologiyaların və avadanlıqların Azərbaycanda sınaqdan keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin Dünya Bankında keçirdiyi görüş zamanı ANAMA-nın təqdir olunan təcrübəsinin digər zərərçəkən ölkələrdə istifadəsi, eləcə də Agentlik tərəfindən icra edilən minatəmizləmə əməliyyatlarına mümkün dəstəyin göstərilməsinə maraq ifadə edilib. Azərbaycanın bərpa və yenidənqurma sahəsində tədbiq etdiyi əlaqələndirmə və idarəetmə modeli ətraflı müzakirə edilərək, onun dinamik və səmərəli fəaliyyəti qeyd edilib.
Milli Hərəkatçılar Birliyindən 15 Sentyabr - Bakının Qurtuluş Günü ilə bağlı TƏKLİFMilli Hərəkatçılar Birliyi (MHB) 15 Sentyabr - Bakının Qurtuluş Günü münasibətilə bildiri yayıb.

"Dəyərli yurddaşlar!

Azərbaycanı soyqırımdan qurtarmaq üçün Nuri Paşanın komandanlığı altında yola çıxan Türk Qafqaz İslam Ordusu 1918-ci il 15 Sentyabr tarixində başkənd Bakıya girərək görəvini uğurla tamamladı: Bakını bolşevik-erməni işğalından azad etdi!

Bu önəmli tarixi hadisənin 104-cü ildönümüdür. Biz MHB olaraq daha öncəki açıqlamalarımızda bu günü əbədiləşdirmək məqsədilə bir sıra tədbirlər həyata keçirilməsini tələb etmişdik. Təəssüf ki, aradan keçən müddət ərzində Azərbaycan hökuməti bu tələbləri həyata keçirmədiyi kimi, onlara münasibət də bildirməmişdir.

1918-ci ilin İyun-Sentyabr aylarında Azərbaycanı işğalçı erməni-bolşevik qoşunlarından təmizləyən və 15 Sentyabr tarixində Bakını işğaldan qurtaran Qafqaz İslam Ordusunun tarixi xidmətlərini, Azərbaycan-Türkiyə qardaşlağının bu möhtəşəm nümunəsinin əziz xatirəsini layiqincə yaşatmaq məqsədilə təklif edirik:

1. 15 Sentyabr Bakının Qurtuluş Günü Azərbaycan Respublikasının milli bayramları sırasına
daxil edilsin;

2. Bakıda böyük bir küçəyə 15 Sentyabr küçəsi adı verilsin;

3. Bakıda Parlament prospektinə Nuri Paşa caddəsi adı verilsin və Əzizbəyov meydanında Nuri
Paşaya heykəl qoyulsun;

4. Əzizbəyov parkı Nuri Paşa parkı adlandırılsın.

MHB olaraq, tərəfdarlarımızı və bu önəmli tarixi günü dəyərləndirən bütün yurddaşlarımızı tələblərimizə qoşulmağa, Azərbaycan-Türkiyə qardaşlığına və həyati önəm daşıyan milli birliyimizə dəstək verməyə çağırırıq.

Milli Hərəkatçılar Birliyi
14 sentyabr 2022-ci il"

Səfirimiz Moldova mətbuatında Ermənistanın genişmiqyaslı təxribatından bəhs edibÖlkəmizin Moldovadakı səfiri Qüdsi Osmanovun Ermənistanın genişmiqyaslı təxribatından bəhs edən “Azərbaycan regionda gərginliyin artmasında maraqlı deyil” başlıqlı məqaləsi Moldovanın nüfuzlu “NOİ”, “Rupor”, “Timpul”, “Realitetea”, “Tribuna”, “Dosarmedia” “Politik” xəbər portallarında, “TV8”, “Publika”, “Primelestiri” “Jurnal” televiziya kanallarında rumın və rus dillərində yayımlanıb.

Məqalədə bu törədilməsində bilavasitə Ermənistan hakimiyyətinin siyasi məsuliyyət daşıdığı qeyd edilib. “Ermənistan-Azərbaycan şərti sərhədində növbəti hərbi təxribata görə məsuliyyət Ermənistanın üzərinə düşür, çünki gərginliyin artması işğaldan azad edilmiş ərazilərin bərpası, onların gələcək inkişafını təmin etmək məqsədilə irimiqyaslı layihələr həyata keçirən Azərbaycanın maraqlarına birmənalı olaraq uyğun deyil”, - deyə Qüdsi Osmanov vurğulayıb.

Məqalədə səfir diqqəti Azərbaycanın regionda sülh, sabitlik, təhlükəsizlik və dinamik inkişafın təminatçısı olaraq daim xoşməramlı addımlar atmasına yönəldib. “Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan regionun təhlükəsizliyi, sabitliyi və inkişafı naminə sülhə hazır olmaqla yanaşı, həm də bu sülhün təminatçısı kimi çıxış etməyə qadirdir. Azərbaycan nəinki təşəbbüs göstərir, həm də bunu praktikada tətbiq edir. Məsələn, Azərbaycan ərazisində saxlanılan daha 5 nəfər Ermənistan vətəndaşının birbaşa, üçüncü dövlətlərin vasitəçiliyi olmadan qarşı tərəfə təhvil verilməsi, hakimiyyət orqanlarının bu istiqamətdə addımlar atması, Qarabağ bölgəsinin yerli erməni sakinləri ilə dialoq qurması, regionda əlverişli infrastrukturun yaradılması təşəbbüsləri bir daha göstərir ki, Azərbaycan sülhsevər ölkədir”, - deyə səfir bildirib.

Məlum təxribatla əlaqədar, Azərbaycanla bağlı həqiqətlər, Ermənistanın sülh quruculuğuna qarşı yönəlmiş fəaliyyətini əks etdirən 40-dan artıq reportaj, məqalə, xəbər və məlumat operativ və ardıcıl olaraq Səfirliyin sosial şəbəkə hesablarında, eləcə də Moldovanın tanınmış yerli televiziya kanalları, xəbər portalları və mətbuatında rumın və rus dillərində yayımlanıb.

Moldovada yayımlanmış məlumatlarda təxribat və itkilərə görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü, Ermənistanı toqquşmaya sövq edən amillər, xarici işlər naziri Ceyhun Bayramovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığında müzakirə edilmiş məsələlər, Aİ-nin xüsusi nümayəndəsinin danışıqlar məqsədilə hər iki ölkəyə səfərinin nəzərdə tutulması, regionda gərginliyin artmasının Azərbaycanın marağında olmaması, Azərbaycanın bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin və dinamik inkişafın təminatçısı olması, Ermənistan təxribata əl atmaqla sülh müqaviləsinin imzalanmasının qarşısını almaq cəhdləri və digər vacib məsələlər öz əksini tapıb.
Rusiya ABŞ-ı hədələyibRusiya Xarici İşlər Nazirliyi ABŞ-a xəbərdarlıq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Mariya Zaxarova brifinqdə danışıb.

O bildirib ki, Vaşinqton Kiyevə uzaqmənzilli raketlər verərsə, Rusiya bunu “qırmızı xətti”n keçilməsi kimi qiymətləndirəcək: “Bu zaman ABŞ konfliktin birbaşa iştirakçısı olacaq. Və biz lazımi reaksiya verməyə məcbur olacağıq”.
Arutyunyan Ermənistana qaçdıQarabağdakı separatçı tör-töküntüsünün başçısı Araik Arutyunyan hazırda İrəvandadır.

Bunu separatçıların nümayəndəsi Lusine Avanesyan deyib.

Avanesyan separatçı liderin İrəvana guya Ermənistan hökumətilə son günlər baş verən gərginlikləri müzakirə etmək üçün getdiyini deyib.