İmkansızlıqdan təhsil ala bilməyən tələbənin xərcləri ödənildi“Artıq bir neçə şəxs mənə təhsil haqqımın tamamının ödəniləcəyinə söz verib”.

Avrasiya.net xəbər verir ki, bunu 2021-ci ildə SAT proqramı üzrə imtahan verərək, Türkiyənin Qazi Universitetinin Tibb fakültəsinə qəbul olunan, lakin imkansızlıq səbəbindən təhsil ala bilməyən Ranal Qurbanov sosial şəbəkə hesabında yazıb.

“Bunların hamısı sizin sayənizdə oldu, əzizlərim. Hər zaman belə həmrəy və bir-birimizə dəstək olaq. Mən Amerikada da bir il yaşamışam və əminliklə söyləyə bilərəm ki, bu gözəl xüsusiyyət yalnız bizim xalqa məxsusdur.

Minnətdarlığımı sözlərlə ifadə edə bilmirəm. İnşallah, mənim təhsil almağıma imkan yaradan xalqa layiqli həkim olaram. Hamınıza həddindən artıq minnətdaram”, - R.Qurbanov bildirib.

Qeyd edək ki, Türkiyənin Qazi Universitetinin Tibb fakültəsinə qəbul olunan azərbaycanlı tələbə Ranal Qurbanov maddi imkansızlıq səbəbindən təhsil ala bilmirdi.
Beynəlxalq Konfransda ilk dəfə səhiyyə menecmenti ilə bağlı workshop baş tutub – FOTO/VİDEOÖlkəmizdə ilk dəfə həyata keçirilən iqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların 4-cü Beynəlxalq Elmi Konfransı yekunlaşdı.

İqtisadiyyat universitetinin təşkilatçılığı və Paşa Holding şirkətlər qrupunun baş sponsorluğu ilə 23-26 iyun tarixlərində keçirilən bu konfransda 12 fərqli workshop keçirilmişdir.

Keçirilən “workshop”lardan biri də “Səhiyyə menecmentinə fərqli perspektivlərdən baxış” adlı paneldir.

Qeyd edək ki, “workshop”un moderatoru Fəqan Həsənzadə, spikerləri Prof. Dr. Haydar Sur, Dr. Deniz Acuner və Dr. Ülvi Mirzoyev olub.

Bu “workshop”dan olan görüntüləri təqdim edirik.
[media=https://youtu.be/8QNGnM-7B2w]
“İran artıq psixoloji və ideoloji müharibəni uduzub...”Türkiyənin Tmbhaber.com saytında Zəfər Partiyasının sədri, millət vəkili Prof.Dr. Ümit Özdağla müsahibə dərc olunub. Tanınmış azərbaycanlı jurnalist Oktay Hacımusalının aldığı müsahibədə Türkiyə-Azərbaycan münasibətləri, Zəfər Partiyasının Türk Dünyasına baxışı, bölgədə baş verənlər barədə danışılıb. Müsahibəni oxucularımıza təqdim edirik.

-Söhbətimizə kövrək notlarla başlamaq istərdim... Bildiyimiz kimi, mərhum atanız Müzəffər Özdağ 90-cı illərdən vəfat etdiyi günə kimi Türkiyə-Azərbaycan Dostluq Dərnəyinin sədri olub. Təbii ki, bu kontekstdən çıxış etsək zatən ailənizdə bir Azərbaycan sevgisi var. Ona görə də soruşmaq istəyirəm ki, “Azərbaycan” – deyəndə cənab Ümit Özdağ nə hiss edir?

-Türkiyə mənim üçün nə deməkdirsə, Azərbaycan da elə o deməkdir. Türk dünyasını bir insan bədəni kimi qəbul etsək, gövdəsi Türküstandır, boğazı Azərbaycandır və baş isə şübhəsiz ki, Türkiyədir. Cənubu və Quzeyi ilə Azərbaycan Türk dünyasının qovuşduğu yerdir, belə deyim. Bakıda hava limanına enəndə özümü İzmirə enmiş kimi hiss edirəm, Bakının küçələrində gəzəndə elə bilirəm Muğlada gəzirəm.
Ona görə də mən Türkiyəni necə özümə doğma hiss edirəmsə, Azərbaycan haqqında da eyni hissləri keçirirəm. Azərbaycanın dərdi, sevinci, qələbəsi, məğlubiyyəti, uğuru və uğursuzluğu haqqında da eyni hissləri yaşayıram, bəli, bu, bütün ailəmizdən gələn sevgidir, amma bu, təkcə bizim ailəmizə xas olan bir durum deyil, bütün türk millətində bu sevgi var.
-Partiyanız yaranandan sonra ilk səfərinizi məhz bu səbəbdən Azərbaycana etdiniz?!...

- Bəli, Zəfər Partiyası yaranandan sonra ilk səfərimizi Azərbaycana etdik. Bu səfər zamanı biz Bakıda olduq, Gəncədə olduq, erməni faşistlərinin törətdiyi vəhşiliklərinin izlərini öz gözlərimizlə gördük, şəhidlər xiyabanını ziyarət etdik, ruhlarına dualar oxuduq və Azərbaycanın böyük qələbəsinin necə qürurla qeyd edildiyinin şahidi olduq... Və Biz də bu qələbəyə baxaraq öyündük.

- Məncə, siz Zəfər bayramı zamanı Bakıda olmusunuz, eləmi?

- Bəli, o şanlı günlərdən sonra idi.

-Cənab Özdağ, partiyanızın türk dünyası ilə bağlı çalışmaları varmı?!

- Təbii ki, türk dünyasına cavabdeh olan sədr müavinimiz var. Bundan əlavə, biz türk dünyasının məsələlərinə xüsusi önəm veririk və bundan sonra da verəcəyik. Türkiyənin və Türk dünyasının 21-ci əsrdə böyük bir sıçrayış əldə etdiyini görürük, hər şeyə rəğmən, bütün maneələrə, bütün çətinliklərə baxmayaraq, Türkiyənin içində olduğu çətinliklərin öhdəsindən necə gələcəyiksə eləcə də inanırıq ki, türklərin yüksəliş prosesi dünyada 21-ci əsrdə də artan xətt üzrə davam edəcək.

- Partiyanız hansı Türk dünyası modelini mənimsəyib? Məncə bunu sizə deməyə ehtiyac yoxdur ki, hər kəsin ağlında bir türk dünyası modeli var...

-Biz ilk növbədə hesab edirik ki, bütün türk ölkələri iqtisadi inkişafda, demokratik tərəqqidə, milli həmnrəyliyin və bütövlüyün təmin olunmasında səriştəli olmalı, xarici təhdidlərdən qorunub müdafiə oluna bilməlidirlər və hesab edirik ki, Bunun üçün türk dünyasında böyük bir həmrəylik olmalıdır. Türkiyə ilə Azərbaycan arasındaki həmrəylik bir xeyli inkişaf edib və inşaaallah daha da inkişaf edəcək. Azərbaycanın Türkiyəyə böyük investisiyaları var, media və kommunikasiya sahəsində böyük əməkdaşlıqlar əldə olunub. İndi Türkiyənin gündəmi Azərbaycanın, Azərbaycanın da gündəmi Türkiyənin gündəminə çevrilib. Hərbi əməkdaşlığımız qazanılan Zəfərlə yeni bir mərhələyə qədəm qoyub. Lakin biz hesab edirik ki, Türküstan da bu birliyə daxil olmalıdır. Məsələn, Türkiyə hökuməti bu gün Afrikada torpaq icarəyə götürür, amma bunu Qazaxıstanda etsə, daha yaxşı olar. Niyə biz Qazaxıstanda torpaq icarəyə götürmürük?! Niyə biz Özbəkistanda torpaq icarəyə götürmürük?! Bu sahədə müəyyən işlər görməliyik və görəcəyik də. Onları da planlaşdırırıq. Biz iqtisadi əməkdaşlığı inkişaf etdirməliyik. Türkiyə vətəndaşlarının Azərbaycanda, Azərbaycan vətəndaşlarının Türkiyədə və bu iki ölkə vətəndaşlarının digər türk ölkələrində rahat işləməsi imkanlarını nəzərdən keçirilməlidir. Biz ümumi əmək bazarı yaratmalıyıq. Bizdə olan məhsullar Özbəkistanda yoxdur, Özbəkistanda olanlar Azərbaycanda yoxdur və ya əksinə. Xülasə, bir-birimizin çatışmazlıqlarını tamamlamalıyıq. Düşünürəm ki, bizim birgə universitet təşəbbüslərimiz sürətlənməli və güclənməlidir. Bakı bunun üçün ideal şəhərdir. Türk dünyasının ortaq universitetini Bakıda qura bilsək, amma dünyanın qabaqcıl universitetləri ilə rəqabət aparacaq bir universitet qura bilsək, məncə bu, türk dünyasının gələcəyi üçün böyük bir dönüş nöqtəsi olar.
Fikirləşin, Türk dünyasının hər yerindən gələn gənclər Boğaziçi Universiteti, Orta Doğu Texniki Universiteti və ya dünyanın qabaqcıl universitetləri arasında olan Münhen Universiteti kimi bir universitetdə təhsil alaraq Türk dünyasının gələcəyinə töhfə verəcəklər. İnsana qoyulan investisiyalarla gələcəyimizə töhfə verəcək, bununla da biz 21-ci əsrdə türk dünyasının inkişafını təmin edəcəyik. Bu və buna bənzər bir çox layihələrimiz var. Bilirsiniz ki, biz Zəfər Partiyasını qurarkən Türküstanda Xoca Əhməd Yəsəvinin türbəsini ziyarət etməklə işə başladıq. Daha sonra türk dünyasının müxtəlif yerlərindən gəlib burada yaşayan Türkiyə Cümhuriyyətinin vətəndaşı olan qardaş və bacılarımızı partiyamıza dəvət etdik. Yəni Türk dünyası partiyası olaraq partiyamızı qurduq. Ona görə də biz türk dünyasının məsələlərinə xüsusi həssaslıqla yanaşırıq.
-Partiyanızın idarəçiliyində təmsil olunan Türk dünyasından olan qardaşlarımız varmı?!
-Təbii ki, idarə heyətində təmsil olunan dostlarımız var.
-Ümid bəy, Güney Azərbaycana həm partiya, həm də şəxsinizin münasibətini öyərnmək istərdim.
-Biz İranın ərazi bütövlüyünü dəstəkləyirik. Ancaq İran sərhədləri daxilində yaşayan türklərin hüquqlarının təmin olunmasının da tərəfdarıyıq. Hesab edirik ki, İran Azərbaycanla münasibətlərini yaxşılaşdırmalı, Ermənistanla münasibətlərini isə kəsməlidir. Belə bir münasibət əslində İranın xeyrinədir, lakin İrandakı fars lobbisi məsələyə çox dar prizmadan baxır və regionda yaranacaq müsbət atmosferin əleyhinə işləyir ki, bu da ancaq onların özlərinə zərər vurur.

- Mən də mövzunu elə o yerə gətirmək istəyirdim: bilirsiniz, Qarabağ zəfərindən sonra İranla Azərbaycan arasında gərginlik mövcuddur ki, bunu əslində Azərbaycan törətmir. Bu probleminb həllini necə görürsünüz?

-Bəli, Azərbaycanın Qarabağda qazandığı qələbə İranı çox narahat edir. Bu günlərdə Türkiyədə İranın İsrail vətəndaşlarına qarşı bəzi terror aksiyaları həyata keçirəcəyi bildirilib. Sizə bir informasiya verim: İranın İsrail vətəndaşlarına qarşı törədəcəyi terror aksiyaları və Türkiyənin bu aksiyaların qarşısını almaq üçün əməliyyatlar aparması birbaşa Azərbaycan-Ermənistan münasibətləri ilə bağlıdır.

-Bir başa bağlıdır, deyirsiniz, yəni...

- Birbaşa bağlıdır...

-Yaxşı, bunu nəyə əsaslanaraq deyirsiniz?!

- Məndə olan məlumatlara əsasən...

- Ayrıca, bilirsiniz ki, Azərbaycana qarşı İran xüsusi ilə məzhəbçilikdən istifadə edir...

- Bəli, İranın Azərbaycana təsir etmək üçün şiə təəssübkeşliyindən istifadə etdiyini bilirik. Biz İranın Azərbaycanın hansı bölgələrində təsirli olduğunun da çox yaxşı fərqindəyik. Mən həmin ərazilərə də baş çəkmişəm. Amma mollalar bircə şeyi başa düşmək istəmirlər ki, İranda dindən istifadənin artıq heç bir təsiri yoxdur. İran artıq psixoloji və ideoloji müharibəni uduzub. Buna görə də onlar regional və qlobal siyasətlərini yenidən nəzərdən keçirməlidirlər. Onlar başa düşməlidirlər ki, Şimalda məzhəbçilik siyasəti əsla effektiv olmayacaq. Güneydə təsirli olmayan, hətta Tehranda və digər farsların cəmləşdiyi bölgələrdə təsirli olmayan bu siyasətdən artıq imtina edilməlidir.

-Ümid bəy, Zəngəzur dəhlizi haqqında nə düşünürsünüz?!

- Ümid edirəm ki, qısa müddət ərzində gözəl xəbərləri eşidəcəyik. Biz də həmin prosesləri izləyirik, Zəngəzur dəhlizinin reallaşması üçün əlimizdən gələni edirik və edəcəyik...

Söhbətləşdi: Oktay Hacımusalı
Tanınmış vəkil dələduzluqda təqsirləndirilirTanınmış vəkil Elçin Qəmbərovun həbsinin detalları məlum olub.

Modern.az xəbər verir ki, uzun illər Mərkəz Vəkil Bürosunun rəhbəri olmuş Elçin Qəmbərov vəkillik fəaliyyəti zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilir.

178.4-cü maddə etibardan sui-istifadə və ya aldatma yolu ilə xüsusilə külli miqdarda vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsinə görə məsuliyyət nəzərdə tutur.

E. Qəmbərov 500.000 (beş yüz min) manatdan yuxarı məbləğdə vəsaiti mənimsəmədə ittiham edilir.

Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətin İstintaq orqanının vəsatəti əsasında Elçin Qəmbərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Elçin Qəmbərov bir müddət Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olub.
Ağstafada 16 yaşlı oğlan süni göldə boğulubAğstafa rayonunda yeniyetmə süni yaradılmış göldə boğulub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb.

Ağstafa rayon sakini 16 yaşlı Tural Hacıyev "Ortagöl" adlanan suni yaradılmış göldə çimən zaman boğulub.

Onun meyiti sudan çıxarılıb və tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.
"Paşinyan pozucu, qeyri-adekvat açıqlamalarına son qoymalıdır"Müşahidələr onu göstərir ki, Prezident İlham Əliyevin Kəlbəcərdə yeni komando hərbi hissəsinin açılışı zamanı çıxışında səsləndirdiyi bəyanatlar erməni cəmiyyətində və mediasında da, Ermənistan hakimiyyətində də geniş rezonans doğurub. Dövlət başçımızın birbaşa Ermənistanla sərhəddən – Kəlbəcərdən həm Paşinyan hökumətinə, həm də Robert Köçəryan-Serj Sərkisyan cütlüyünün başçılıq etdiyi revanşist erməni müxalifətinə dağın döşündə yazılan sözləri göstərərək Dəmir Yumruğumuzun yerində olduğunu xatırlatması bütün ermənilər arasında ciddi müzakirələrə səbəb olub.

“Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”. Baxın, İlham Əliyev rəsmi İrəvana və revanşist ermənilərə bu qədər açıq və net şəkildə xəbərdarlıq etdi, ismarıc göndərdi.

Tarixi ədaləti bərpa edən, 30 illik işğala son qoyaraq öz torpaqlarını azad edən və müharibədən sonra həm iqtisadi, həm də hərbi cəhətdən daha da güclənən Azərbaycanın sülh çağırışlarına qeyri-adekvat münasibət sərgiləmək, bölgədə dayanıqlı sülh yaratmaq cəhdlərini süni surətdə tormozlamaq, revanşizmə can atmaq siyasi korazehinlikdir. Rəsmi Bakının davamlı sülh təkliflərinin qarşılığında siyasi avantürizmlə məşğul olmaq cəhdləri onu göstərir ki, hazırda Ermənistan iqtidarı da, erməni müxalifəti də “postmüharibə sindromu”ndan əziyyət çəkir. İlham Əliyevin son bəyanatları da məhz onları reallıq hissinə qaytarmağa, məğlub Ermənistanın sülhdən başqa bir yollarının qalmadığını bütün ermənilərə başa salmağa hesablanıb.

Ermənistan sərhədlərin dəqiqləşdirilməsi və sülh sazişinin imzalanmasına hazırlıq prosesini gecikdirəcəyi təqdirdə gerçəkdən də peşman olacaq. Bu baxımdan, baş nazir Nikol Paşinyandan tutmuş İrəvanın “Fransa meydanı”nda davamlı etiraz aksiyaları keçirən radikal-revanşist müxalifətçilərə qədər, hər bir erməni anlamalıdır ki, artıq “Dənizdən dənizə Ermənistan”, “Böyük Ermənistan”, “Miatsum” kimi təcavüzkar-faşist ideyaları tarixə gömülüb. İndi tarixi ədalətin bərpası dövrüdür. Erməni cəmiyyəti bundan sonra illüziyalarla, mifik arzularla yaşamamalıdır. 44 günlük müharibə nəticəsində Azərbaycanın qazandığı hərbi-siyasi üstünlüklər bundan sonra qalıcı olacaq. Bax, bu həqiqəti hər bir erməni dərk etməlidir.

Nikol Paşinyan da pozucu, qeyri-adekvat açıqlamalarına son qoymalıdır. Onun dünən (27 iyun 2022-ci il tarixində) Facebook üzərindən keçirilən onlayn mətbuat konfransında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı söylədiyi bəzi əsassız fikirlər və ittihamlar bu adamın adekvat siyasətçi yox, cahil olduğunu göstərir. Ümumiyyətlə, erməni xalqı son 30 ildə siyasi liderlər baxımından heç vaxt yarımayıb.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Tanınmış ginekoloqun intihar səbəbi... - Hadisə şahidi danışdıTanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intihar etdiyi iddia olunur. Məlumata görə, ginekoloq özünü Yasamal rayonunda yaşadığı binanın 11-ci mərtəbəsindən atıb.

Avrasiya.net Bizim.Media-ya istinadən xəbər verir ki, Xalidə Kəngərli Kəpəz Hospitalı fəaliyyətə başlayandan orada çalışıb.

Həkim yoldaşlarının verdiyi məlumata görə, Xalidə Kəngərli çox pozitiv, həyat dolu və pasiyentləri ilə mehriban münasibətdə olan həkim kimi tanınıb. İki azyaşlı övladı var. Ginekoloqu tanıyanlar onun intihar etdiyinə heç cür inana bilmədiklərini dilə gətiriblər.

Hadisə şahidi Əli Sərdaroğlu açıqlamasında olayı öz gözləri ilə gördüyünü bildirib:

"Mən həkimin yaşadığı binanın yanında işləyirəm. Pəncərədə siqaret çəkirdim. Kölgə kimi yerə düşən bir şey gördüm. İntihar idi, yoxsa nəydi bilmirəm. Amma ətrafda hamısı deyir ki, yoldaşı ilə aralarında mübahisə etdiyi üçün intihar edib”.

Qeyd edək ki, rəsmi açıqlamalarda tanınmış həkimin ölüm səbəbi açıqlanmayıb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Putini çəkiclə öldürəcəklər - İDDİAAmerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Daniel Hoffman Rusiya Prezidenti Vladimir Putinin yaxın zamanda öldürüləcəyini deyib.

Hoffman bu barədə “Daily Beast”ə danışıb.

Hoffman Rusiya liderinə qarşı mümkün hücumla bağlı təəccüblü iddialar səsləndirib və sui-qəsdi həyata keçirə biləcək insanların bir-bir adını çəkib:

“Hər şey birdən baş verəcək. Putin isə öləcək. Heç kim, "ay Vladimir, getmək istəyirsən?", deməyəcək. Onu qəfil aldadıb öldürəcəklər. Ola bilsin ki, onu çəkiclə öldürsünlər”.

O, Putini devirmək istəyən adları da sadalayıb.

“Bu adlar Putinin ən yaxın çevrəsində olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev və FSB direktoru Aleksandr Bortnikovdur.

Bu üç adın liderlik ambisiyaları var. Onlar Putindən sonrakı dövrə rəhbərlik etmək niyyətindədir”,- sabiq idarə rəhbəri bildirib.
Çeçenistanda daha bir batalyon yaradıldı“Qərb-Əhməd” batalyonu artıq yaradılıb.

Bunu Çeçenistan rəhbəti Ramzan Kadırov deyib.

“Onlar Çeçenistandakı yaxşı təmin olunmuş bazalarda yerləşdiriləcəklər. Mənim tapşırığımla respublikasının xüsusi hərbi əməliyyat qərargahının rəhbəri Maqomed Daudov Çeçenistandakı “Qərb-Əhməd” batalyonunun sıra baxışının keçirildiyi Hərbi Komissarlığı ziyarət etdi. O, şəxsi heyəti Donbasdakı müharibədə özünü yaxşı göstərmiş komandir İsmayıl Aquyevə təqdim etdi”, - Kadırov bildirib.