Mini-futbol üzrə rayon çempionatına yekun vurulub15 İyun Milli Qurtuluş gününə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında mini-futbol üzrə rayon çempionatına yekun vurulub.

Siyəzən Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Dövlət İdarələri İctimai Xidmət
İşçiləri Həmkarlar ittifaqının Siyəzən rayon komitəsinin birgə təşkilatçılığı ilə 25 may – 14 iyun tarixlərində şəhər stadionunda keçirilən yarışda 12 komanda 4 yarımqrupda mübarizə aparıb.

Çempionatın təşkilində əsas məqsəd “Bədən tərbiyəsi və İdman haqqında” Azərbaycan Respublikası qanununun müvafiq maddələrinin həyata keçirilməsi, mini-futbol idman növünün rayonda inkişaf etdirilməsi, idmanın bu növünə marağın artırılması, sağlam həyat tərzinin təbliği, idmanın kütləviliyinin təmin edilməsi və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasıdır. 13-14 iyun tarixlərdə keçirilən final oyunlarında Şəhər nümayəndəliyinin komandası Siyəzən RİH-nin Həmkarlar komandası üzərində qələbə çalaraq çempionatın qalibi olub.

Beləliklə çempionatı Şəhər nümayəndəliyinin komandası I, RİH Həmkarlar komandası II, Mühafizə Polisinin komandası isə III yerdə başa vurub. Mükafatlandırma mərasimində I, II və III yeri tutan komandalar təşkilatçılar tərəfindən kubok, medal, fəxri fərmanlar və hədiyyələrlə təltif ediliblər.




#15İyun #MilliQurtuluşGünü #SiyəzənGİİ #Gənclərİdman #Azərbaycanİdmanı #AZEsport #idman #sağlamhəyat
Bərdədə Milli Qurtuluş Günü ilə bağlı silsilə tədbirlər keçirilirBərdə Regional Mədəniyyət İdarəsinin bu istiqamətdə keçirdiyi növbəti tədbir Şəhid Xudayar Yusifzadənin evində olub.

Görüşdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, Şəhid anaları və şəhid Fərahim Quliyev adına 2 nömrəli uşaq musiqi məktəbinin kollektivi iştirak etmişdir.

Görüşdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova qeyd edib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub.

Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb.

O, həmçinin, qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz cəmi 44 gün davam edən Vətən Müharibəsində düşməni məğlub etmişdir. Xalqımız “Dəmir Yumruq” ətrafında sıx birləşərək 30 illik vətən həsrətinə son qoymuş, bütün şəhidlərimizin qisasını döyüş meydanında almışdır.

Tədbirdə çıxış edən Şəhid anaları Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi şərəfli qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən danışmış, vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən igidlərimizin şəhadətin uca məqamın olduğunu qeyd etmiş, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğulayıblar.

Tədbir Bərdə şəhər şəhid Fərahim Quliyev adına 2 nömrəli uşaq musiqi məktəbinin vətənpərvərlik ruhunda hazırladığı musiqili kompozisiya ilə davam edib.


İki erməni əsgər hərbi sirləri satırmışErmənistanda müqaviləli əsgər və keçmiş hərbçi dövlətə xəyanət ittihamı ilə həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlum olub ki, keçmiş hərbçi xarici ölkələrin xüsusi xidmət orqanları əməkdaşları ilə əlaqə yaradıb. Daha sonra mükafat qarşılığında onun bölməsinin mühafizəsində olan döyüş postunun yerləşdiyi yer, döyüş növbətçiliyinin sayı, onların silahları, döyüş tapşırığı və digər məlumatları toplayıb və xarici kəşfiyyatçıya təhvil verib. Həmçinin hərbi hissə komandirlərinin şəxsi və xidməti məlumatları, alay və taborun ştat cədvəlləri, hərbi texnikaya dair məlumatlar, mövqelərin yerləşmə koordinatları qarşı tərəfə ötürülüb.

Bundan əlavə, xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə keçmiş həmkarları ilə əlaqə saxlayıb, xüsusən N saylı hərbi hissənin və batalyonunun şəxsi heyəti, hərbi texnika ilə bağlı məlumatları öyrənməyə çalışıb, lakin tutulduğundan məlumatları ötürməyə macal tapmayıb. Keçmiş hərbçi xarici xüsusi xidmət orqanlarından 2800 dollar və 6000 rubl alıb.

Milli Təhlükəsizlik Xidmətinin dövlətə xəyanət maddəsi ilə başlatdığı digər işdə isə müqavilə əsasında xidmət edən hərbçinin də məlumat toplayıb xarici xüsusi xidmət orqanlarına ötürdüyü üzə çıxıb. Xüsusilə, o, hərbi hissə, zirehli texnika və maşınlar, döyüş mövqeləri barədə məlumat üçün 900 dollar əldə edib.

Saxlanılan hər iki şəxs əməlini etiraf edib.
Qazilərimizi və dövlətimizi qorumalıyıqƏliməmməd Nuriyev
(Konstitusiya Araşdırmaları Fondunun rəhbəri)


Cəmiyyətimiz, dövlətimiz üçün ən təhlükəlisi həssas məsələlərdən istifadə edib, dövlət, cəmiyyətin bütövlüyünə təhlükə yaratmaq, ən başlıcası MİLLİ HƏMRƏYLİYİMİZİN əsaslarını, zəminlərini zədələyəcək addımlar, təşəbbüslərdir.

44 günlük Vətən müharibəsi iştirakçılarının, qazilərin qayğı ilə əhatə olunması sahəsində ölkədə aparılan böyük həcmli işləri bütün ictimaiyyət yaxşı görür və yüksək də qiymətləndirir.

Lakin olur ki, bəzən hansısa bir qrup qazinin narazılığının və kimlərinsə hökumətin qazilərlə bağlı apardığı işlərə kölgə salmaq üçün bundan sui-istifadə edərək cəmiyyətə yanlış fikirlər aşılamasının da şahidi oluruq.

Birincisi, heç kimdə şübhə yoxdur ki, dövlət, müvafiq dövlət orqanları tərəfindən 44 günlük Vətən Müharibəsi iştirakçılarına, qazilərə, veteranlara qayğı göstəririlir, onlar üçün sosial təminatlar sistemi yaradılıb.

Bu sosial təminatlar sisteminin işləməsi üçün müvafiq hüquqi prosedurlar işlənib, həmçinin mexanizmlər yaradılıb. Məsələn, müharibədən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri, müharibə iştirakçıları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) tərəfindən sosial dəstək paketi icra olunur.

Bu sosial dəstək paketi artıq 100 min şəxsi əhatə edib, 190 min xidmət göstərilib. Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min şəxsə proaktiv qaydada 104 min sosial ödəniş təyin olunub.

Müalicə müddəti başa çatan qazilərdən artıq 3 min qazimizə əlillik dərəcələri və avtomatik şəkildə sosial ödənişlər təyin olunub. 2021-ci ildə əvvəlki ildən 5 dəfə çox olmaqla 3 min mənzil və fərdi evin verilməsi proqramı icra olunub. Postmüharibə dövründə 3500, ümumilikdə ötən dövrdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlilinə minik avtomobili verilib.

Bu statistika açıqdır və əlçatandır, görülən işlərin miqyasını göstərir. Daha bir vacib istiqamət şəhid ailələri və qazilərin məşğulluğuna dəstək verilməsidir. ƏƏSMN artıq 12,1 mindən çox qazini və şəhid ailəsini aktiv məşğulluq proqramlarına cəlb edib. Onlardan 8 minə yaxın şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Bu rəqəmlər də göstərir ki, iş gedir, hüquqi baza yaradılıb, mexnizmlər hazırlanıb. Dövlət siyasətinin necə olması, necə həyata keçirilməsi ilə bağlı qərarlar verilir. Vahid əlaqələndirmə mərkəzləri şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 41 mindən çox şəxsə müxtəlif qurumlara aid 26 xidmət istiqaməti üzrə bir pəncərədən xidmətlər göstərib.

İkincisi, şəhid ailələri və qazilərin sosial, məşğulluq, reablitasiya, müalicə, psixoloji dəstək göstərilməsi məsələləri ilə əlaqədar daha çox iş görülməli olduğunu və hər bir qazinin də bu dəstəklə əhatə olunacağını da yaxşı bilirik.

Əlbəttə, heç kim hansısa qazinin ona olan münasibətdən narazı qalmaq, etiraz etmək haqqını ondan ala bilməz. Bu günlərə onların sayəsində gəldik, onların fədakarlığı, şücaəti bizi yaşadıb və yaşadır. Onlar bu dövlətin fədailərdir.

Bütün bunlarla yanaşı, onların öz canları, qanları ilə qoruduqları dövləti də müharibədən sonra hər şeydən, bütün məsələlərdən uca tutacağını, qoruyacağını gözləyirik. Onları anlamayanın ürəyi daşdan olsun gərək, yanlışla üzləşəndə necə sarsıntı keçirdiklərini gərək başa düşək, anlayaq. Onlar da gərək onların bir çox hallarda bilməyərəkdən yanlışlarının cəmiyyətdə üçün necə böyük sarsıntı yaratdığının fərqinə varalar.

Tələblər irəli sürmək, etiraz etməyin üsulu gərək elə seçilsin ki, müsbət nümunə yaratsın, bunun əksi dövləti, cəmiyyətin bütövlüyünü zədələyir. Onlara qarşı yanlış olsa belə, bu səhvin, təqsirin miqyasından asılı olmayaraq dövləti zədələyən, cəmiyyətimizdə qütbləşmə yaradan addımlar atıla bilməz.

Dövlət haqqında təlimində tarixin ən böyük mütəfəkkirlərindən Konfutsi ilk növbədə mərhəmət, ədalət, qarşılıqlı hörmət prinsipini, cəmiyyətdə, insanlar arasında isə hər üçün hən də öhdəlik olan rituallar, qaydaları önə çəkirdi. O, hesab edirdi ki, dövlət qanunlara tabe olduğu qədər, cəmiyyətdaxili münasibətlər də müəyyən qaydalara əsaslanmalıdır.

Konfutsiyə görə rituallar, qaydalar harmoniyanı qorumaqla, cəmiyyətin bütövlüyünü təmin edir və hər kəsin öhdəliyini müəyyən edir. “İnsanlar hüquqlarına necə həssaslıqla yanaşırlarsa, vəzifələrinə münasibətdə də o qədər cavabdeh olmalıdırlar” prinsipi isə müasir insan hüquqları nəzəriyyəsinin əsasını təşkil edir.

Hazırda doğurdan da cəmiyyətimiz, dövlətimiz üçün ən təhlükəlisi bu cür həssas məsələlərdən istifadə edib, dövlət, cəmiyyətin bütövlüyünə təhlükə yaratmaq, ən başlıcası MİLLİ HƏMRƏYLİYİMİZİN əsaslarını, zəminlərini zədələyəcək addımlar, təşəbbüslərdir. Tələblər irəli sürmək, etiraz etməyin üsulu gərək elə seçilsin ki, bu məsələlər nəzərə alınsın.

Əlbəttə, qazilərimiz var ki, onların problemləri, maddi çətinlikləri, onlarla bağlı həll olunmamış məslələr var.

Lakin görülən işlər, Prezidentin yanaşması, diqqəti onu deməyə əsas verir ki, qısa müddətə bu məsələlər həllini tapacaq, İkinci Qarabağ müharibəsi Azərbaycan təcrübəsində bir çox məsələlərə, xüsusən özünüdərk məsələlərinə münasibəti dəyişdi, tam əminəm ki, dövlətin öhdəliklərə və onların icrası ilə bağlı da yanaşma da müsbətə doğru dəyişib, icra məsələsində çətinliklər qaldığı müşahidə edilir. Yaxın perspektivdə bu çətinliklərin da aradan qalxacağı aşkar görünür.

Əsas vəzifəmiz qazilərimizi və dövlətimizi qorumaqdır!
Roma Papası: "Üçüncü Dünya müharibəsi başlayıb"“Mənim üçün bu gün Üçüncü Dünya müharibəsi alovlanıb”.

“Report” “dw”ya istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk yezutlər ordeninin Avropadakı nəşrinə müsahibəsində bildirib.

Papa yenə də Rusiyanın Ukraynaya hərbi müdaxiləsini tənqid edib. O, Rusiya qoşunlarının qəddarlığı və kobudluğundan danışarıq ukraynanlıların mərdliyini yüksək qiymətləndrib. Papa söyləyib ki, Rusiyanın Çeçenistan və Suriyadan olan muzdlulardan istifadə etdiyinə görə hiddətlənib.

Vatikan lideri dünyanın artıq Üçüncü Dünya müharibəsi vəziyyətində olduğunu vurğulayıb: “Dünya müharibə vəziyyətindədir. Bir neçə il öncə düşünürdüm ki, biz Üçüncü Dünya müharibəsini qismən yaşayırıq. Odur ki, mənim üçün Üçüncü Dünya müharibəsi artıq od saçır”.
“Ukraynanın 32 əsgəri edam edilib” – Rusiyalı generalRusiya Müdafiə Nazirliyinin sözçüsü general İqor Konaşenkov Ukrayna ordusu ilə bağlı sensasion iddia irəli sürüb.

Avrasiya.net xəbər verir ki, rusiyalı general Ukraynanın öz əsgərlərini edam etdiyini bildirib.

“32 Ukrayna əsgəri rus əsgərlərinə təslim olmaq ərəfəsində öz ordusu tərəfindən edam edilib. Ağ bayraq qaldıraraq təslim olan zaman onlar bunu ediblər”,- nazirlik rəsmisi vurğulayıb.
Prezident minifutbol üzrə yığmamızı qəbul etdi - Fotoİyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Salam, ilk növbədə, sizi tarixi qələbə münasibətilə təbrik edirəm. Hesab edirəm ki, bu qələbə Azərbaycan idmanının tarixində qalacaq. Çünki ilk dəfədir ki, ölkəmiz komanda idman növündə Avropa çempionu olmuşdur və bu qələbəni siz qazanmısınız, minifutbol üzrə milli komandamız.

Azərbaycanda idmanın inkişafı ilə bağlı çox işlər görülüb, ancaq bu günə qədər komanda idman növündə biz böyük uğurlara nail ola bilməmişik. Düzdür, bizim şahmatçılarımız iki dəfə Avropa çempionu olmuşlar, amma şahmat fərdi idman növüdür, sadəcə olaraq, komanda şəklində çıxış etmiş şahmatçılarımız bu böyük nailiyyəti əldə etmişlər. Ancaq oyun idman növlərində belə bir qələbə olmamışdır. Ona görə bu qələbənin çox böyük mənası var və əminəm ki, digər idman növləri üçün bu, çox gözəl nümunədir.

Düzdür, bu tarixi uğuru təkrarlamaq heç kim üçün asan olmayacaq, amma hər halda biz çalışmalıyıq ki, təkcə fərdi idman növlərində deyil, eyni zamanda, komanda idman növlərində də Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr göstərsinlər. Bildiyiniz kimi, fərdi idman növlərində isə bizim çox böyük uğurlarımız var, Olimpiya, dünya, Avropa çempionlarımızın sayı çoxdur və əminəm ki, artacaq. Beləliklə, komanda idman növlərinin inkişafı imkan verəcək ki, idmanın inkişafı hərtərəfli olsun.

Şadam ki, komandamızın tərkibi yerli idmançılardan ibarətdir - həm oyunçular, həm məşqçilər, mütəxəssislər. Bu, məni xüsusilə sevindirir. Onu da bilirəm ki, minifutbol üzrə bizim komandamız cəmi ikinci dəfə Avropa çempionatında iştirak edir və artıq çempion tituluna layiq görülüb. Mübarizə gərgin olub, istənilən idman növündə Avropa çempionatları çox gərgin keçir. Əlbəttə ki, Avropanın ən güclü komandaları orada təmsil olunur. Çempionat boyunca göstərdiyiniz həm peşəkarlıq, deyə bilərəm ki, həm də böyük fədakarlıq bu qələbəni mümkün edib. Siz xalqımızı sevindirmisiniz və təsadüfi deyil ki, Azərbaycan vətəndaşları sizi hava limanında böyük məhəbbətlə qarşılayıblar. Mən sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox böyük qələbədir, tarixi qələbədir.

Hər dəfə beynəlxalq yarışlarda idmançılarımız qələbə qazananda əminəm ki, hər bir vətənpərvər insan qürur hissi keçirir, hər dəfə bayrağımız qaldırılanda hər birimiz sevinirik. Qələbələr xalqımıza yaraşır, həm döyüş meydanında, həm idman arenalarında. Əminəm ki, Azərbaycan idmançıları bundan sonra da beynəlxalq yarışlarda Vətənimizi ləyaqətlə təmsil edəcəklər.

Dövlət tərəfindən bütün şərait yaradılıb və idmanın inkişafı ilə bağlı heç bir maneə yoxdur, əksinə dövlət dəstəyi daim göstərilir. Ancaq minifutbol idman növünə gəldikdə, bizim üçün bu, nisbətən yeni idman növü olduğuna görə bu sahədəki nailiyyətləri siz özünüz qazanmısınız. Mən deyə bilmərəm ki, minifutbolçular üçün hansısa xüsusi şərait yaradılmışdır, yaxud da ki, xaricdən tanınmış mütəxəssislər, məşqçilər, legionerlər dəvət edilmişdir, yox, bunların heç biri olmayıb. Ona görə sizin qələbəniz çox böyük qiymətə layiqdir. Bu qələbəni siz özünüz qazanmısınız, əlbəttə ki, federasiya və idman mütəxəssisləri, məşqçilər və oyunçular, idmançılar, - komanda deyəndə mən bunu nəzərdə tuturam, - siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız.

Azərbaycanda idmana da, idmançılara da diqqət göstərilir. İdmançılar dövlət tərəfindən hər zaman qayğı ilə əhatə olunurlar və bu, təbiidir. Çünki idman, idmanda qələbələrimiz həm ölkəmizin beynəlxalq nüfuzunu qaldırır, eyni zamanda, sağlam həyat tərzini təbliğ edir və bu, hesab edirəm ki, daha vacibdir. Çünki hamımız istəyirik ki, Azərbaycan xalqı sağlam olsun, gənclər kütləvi surətdə idmanla məşğul olsunlar. İdmanın kütləviliyinin genişləndirilməsi və idmanda qələbələrin əldə edilməsi üçün dövlət idmançılara, klublara, federasiyalara həmişə böyük diqqət və qayğı göstərir. Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq.

Siz öz qələbənizlə göstərirsiniz ki, əgər iradə və peşəkarlıq varsa, Vətən sevgisi varsa hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar. Mən əminəm ki, Azərbaycanda heç kim sizin qələbənizi gözləmirdi. Bilmirəm özünüz gözləyirdiniz, yoxsa yox, bəlkə də artıq çempionat gedə-gedə bunu hiss etməyə başlamısınız ki, bu, mümkündür. Amma əminəm ki, mən də daxil olmaqla, Azərbaycanda heç kim bu qələbəni gözləmirdi və bu qələbənin ikiqat sevinci məhz bununla bağlıdır. Yəni, bu, göstərir ki, mümkündür, ən güclü rəqibləri məğlub etmək mümkündür - əgər komanda ruhu varsa, yenə də deyirəm, peşəkarlıq, vətənpərvərlik varsa.

Bilirəm ki, bir çoxlarınız ayrı-ayrı işlərlə məşğulsunuz, sözün əsl mənasında, həvəskar idmançılarsınız və əgər belə demək mümkündürsə, minifutbol sizin üçün bir hobbidir. Sizin qarşınızda Avropanın ən güclü komandaları vardı. Əminəm ki, o komandaların maliyyə təminatı, dəstəyi və digər üstünlükləri sizinkindən qat-qat artıq idi. Amma buna baxmayaraq, qələbə qazanmısınız, hamımızı sevindirmisiniz və öz adlarınızı Azərbaycanın idman tarixinə yazdırmısınız.

Mən sizi bir daha təbrik edirəm və yeni uğurlar arzulayıram. Əlbəttə ki, bu uğuru təkrarlamaq çox çətin olacaq. Amma əminəm ki, komandamızın perspektivləri də çox gözəldir. Əminəm, bu qələbədən sonra gənc nəsil - uşaqlar, yeniyetmələr bu idman növünü seçəcəklər ki, sizin kimi Avropa çempionu olsunlar.

Bir daha təbrik edirəm, sizə yeni qələbələr arzulayıram və təşəkkürümü bildirirəm ki, Azərbaycan xalqını bu gözəl qələbə ilə sevindirmisiniz.

Həmcinsi ilə 18+ videosu yayılan şəxsin keçmiş arvadı: “Video yayılandan sonra...”“Bir ildən artıqdır rəsmi şəkildə boşansaq da, uşaqları mənə vermirdilər, 5 aydan çox idi ki, övladlarımın üzünü görmürdüm”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında bir neçə gün əvvəl həmcinsi ilə birlikdə videosu yayılan şəxsin keçmiş həyat yoldaşı S.Ağayeva (şərti) deyib.

Rayonlardan birində yaşayan qadın əlavə edib ki, görüntülərin sosial şəbəkələrdə, xüsusilə vatsapda kütləvi yayılmasından sonra övladlarını yaşadığı evə gətirə bilib: “Bu görüntülərin yayılması hər birimiz üçün böyük zərbədir. Həmin video 1 ildən çox olar ki, çəkilib və məhkəməyə, eləcə də digər hüquq-mühafizə orqanlarına təqdim etmişəm. Lakin görüntüləri birmənalı olaraq deyə bilərəm ki, mən yaymamışam və belə olmasını da istəməzdim.

Uşaqlarımın taleyinə gəlincə, video yayılandan sonra məktəbin qarşısına gedib övladlarımı evə gətirdim. Halbuki neçə ay idi rəsmi şəkildə məhkəmə qətnaməsi olsa da, yəni hər iki uşaq mənim himayəmə verilsə də, ataları övladlarımı mənə vermirdi. Keçmiş qayınanam hər dəfə məktəbin qarşısında dava salıb uşaqları özü ilə aparırdı”.

S.Ağayeva əlavə edib ki, övladlarının ona verilməsi ilə bağlı məhkəmə qərarının icra edilməməsinə görə apellyasiya şikayəti verib:

“Apellyasiya şikayətində 2014 və 2016-cı il təvəllüdlü uşaqların mənə verilməsinə dair qətnamə olsa da, bunun icra edilmədiyini bildirmişəm. Həmçinin keçmiş həyat yoldaşım aylardır uşaqlara görə təyin edilmiş alimenti ödəmir, səhv etmirəmsə 1200 manata yaxın aliment borcu yığılıb”.

Qeyd edək ki, qadının bir il əvvəl çəkdiyi video məhkəmədə sübut kimi dəyərləndirilib.

Videodakı şəxsin isə yaşadığı bölgədə müğənnilik və falçılıq etdiyi deyilir.
Şirvanda batan şəxsin meyiti Salyanda tapıldıŞirvanda kollektorda batan 56 yaşlı kişinin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

İyunun 12-si Baş Şirvan Kollektorunun Şirvan şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1966-cı il təvəllüdlü Cavadov Təyyar Mirhəsən oğlunun axtarışları başa çatıb.

T.Cavadovun meyiti kollektorun Salyan rayonu ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 30 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Ermənistan prezidenti Rusiyaya gedirErmənistan Prezidenti Vaaqn Xaçatryan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Ermənistan Prezident Administrasiyasından məlumat verilib.

“Ermənistan prezidenti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək üçün sabah Rusiyaya gedəcək”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, XXV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 15-18 iyun tarixlərində keçiriləcək.