Şuşa azərbaycanlılarla ermənilərin fərqini göstərən əyani güzgüyə çevrilib2022-ci il sözdə yox, gerçəkdən də “Şuşa ili”nə çevrilməkdədir. İlin ilk beş ayı hələ başa çatmamış bizim mədəniyyət paytaxtımız sözün həqiqi mənasında beynəlxalq tədbirlər məkanı kimi şöhrət qazanmağa başlayıb. İşğal dönəminin və 44 günlük müharibənin izlərindən hələ tam qurtula bilməyən bu qədim şəhərimizdə ard-arda keçirilən çeşidli tədbirlər Azərbaycan xalqının həm quruculuq və yaradıcılıq potensialını, həm də mədəni səviyyəsinin yüksəkliyini ortaya qoyur.

Dünən Şuşada baş tutan V “Xarıbülbül” Beyəlxalq Folklor Festivalına da məhz bu potensialın nümayişi kimi baxmaq lazımdır. Bu, sıradan bir mədəniyyət hadisəsi, hansısa bir musiqi məclisi deyildi. Bu tədbirin hətta repertuarı da həm düşmənlərimizə, həm də dünyaya mesaj xarakteri daşıyırdı. İndi Şuşa azərbaycanlılarla ermənilərin fərqini göstərən əyani güzgüyə çevrilib.

Bu gün Şuşanı yenidən ələ keçirməkdən dəm vuran revanşist ermənilər 30 ilə yaxın işğal altında saxladıqları bu şəhərdə mədəniyyət adına heç bir iş görməyiblər. Əksinə, onlar burda özlərini əsl vəhşi qəbilələr kimi aparıblar, vandallıq ediblər, abidələrimizi dağıdıblar, heykəllərimizi güllələyiblər, muzeylərimizi talayıb aparıblar. Bir sözlə, Şuşanın adından tutmuş memarlıq üslubuna qədər hər şeyini “erməniləşdirməyə” çalışan erməni xalqının terrorçu və işğalçı qüvvələri Şuşada Azərbaycan xalqının, Azərbaycan mədəniyyətinin izlərini silməyə çalışıblar.

Lakin onlar bu mənfur məqsədlərinə tam nail ola bilmədilər. Müzəffər Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində digər torpaqlarımız kimi Şuşanı da işğaldan azad etməklə ermənilərin vandalizm siyasətinə son qoydu. Savaşın hərbi mərhələsi bitəndən sonra azərbaycanlılar bu şəhərə “ikinci nəfəs” verdilər, böyük bir canlanma gətirdilər. Ermənilərin işğal dönəmində demək olar ki, “ölü şəhər”ə çevirdikləri Şuşada əvvəlki mədəni həyat yenidən bərpa olunmağa, canlanmağa başladı.

İndi Azərbaycan ermənilərin işğalçı siyasətinə qarşı hərb meydanında yox, mədəni-humanitar müstəvidə mübarizə aparır. Bu mənada, V “Xarıbülbül” Beyəlxalq Folklor Festivalı da bizim bütün dünyaya mədəni ismarıcımız sayıla bilər. Dünya məhz bu cür tədbirlərin sayəsində bizlə ermənilərin kəskin fərqini əyani görmək imkanı qazanır. Ermənistanı monoetnik bir ölkəyə, yalnız ermənilərin yaşadığı bir əraziyə çevirən millətçi-faşist əqidəli erməni siyasi elitasından fərqli olaraq Azərbaycan dövləti multikultural siyasət yürüdür.

Bizim ölkəmizdə polietnik mühit, mədəni müxtəliflik hökm sürür. Bu ölkədə yaşayan xalqların mədəniyyətinə də, adət-ənənlərinə də hörmətlə yanaşılır, tolerant münasibət sərgilənir. Sözügedən beynəlxalq folklor festivalının repertuarı da bunu əyani şəkildə göstərdi. “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı həm ermənilərə, həm də dünyaya Azərbaycanda hökm sürən milli həmrəyliyi, bu ölkədə yaşayan xalqların birlik və bərabərliyini nümayiş etdirdi. Şuşa növbəti dəfə bizim hamımızı birləşdirən bir şəhərə çevrildi. Bəli, Şuşa milli həmrəylik şəhəridir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Bərdədə “15 May – Beynəlxalq Ailə Günü” mövzusunda tədbir keçirilibBərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Bərdə rayon “Allah-Allah” türbəsində “15 May – Beynəlxalq Ailə Günü” mövzusunda tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti, Bərdə Regional Mədəniyyət İdarəsi, Qarabağ Regional Təhsil İdarəsi, YAP Bərdə rayon Təşkilatı, Asan-xidmət və digər dövlət orqanlarının kollektivi, gənc, nümunəvi və yaradıcı ailələr iştirak edib.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova iştirakçıları salamlayaraq qeyd edib ki, BMT Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən etibarən hər il mayın 15-i dünyada Beynəlxalq Ailə Günü kimi qeyd edilir. O bildirib ki, Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri də, ailə siyasətidir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran regional idarənin rəisi diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər.

Həmçinin regional idarənin rəisi diqqətə çatdırıb ki, idarənin əhatə etdiyi şəhər və rayonların bütün mədəniyyət müəssisisələrində dövlət ailə siyasətinin həyata keçirilməsi və dəstəklənməsi məqsədilə cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.
Tədbirdə çıxış edənlər vurğulayıb ki, bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır. Həmçinin çıxışlarda ailə dəyərlərindən, milli adət-ənənələrdən, sağlam ailə təməlinin qurulması və qorunub saxlanılmasının sirrlərindən danışaraq, qarşılıqlı hörmət və məhəbbət sayəsində qurulan ailələrin daha uzunömürlü və xoşbəxt olması xüsusilə qeyd edilib.

Tədbir Bərdə rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi rəngarəng konsert proqramı ilə davam edib. Rayon incəsənət xadimlərinin ifalarında səsləndirilən musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.
“Sağlam gənclik, sağlam gələcək deməkdir!” devizi altında tədbir keçirilib12 Mayda “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Suraxanı Gənclər Evində “Sağlam gənclik, sağlam gələcək deməkdir!” devizi altında tədbir keçirib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində təşkilatın son tədbiri baş tutub.

Tədbiri Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova açıq elan edərək “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin yeniyetmə və gəncləri maarifləndirmək məqsədilə həyata keçirdiyi layihənin aktuallığını vurğulayıb. Aidiyyatı qurumların bu cür tədbirlərin təşkili üçün verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Suraxanı rayonu Gənclər və İdman idarəsinin rəisi Amil Bağırov açılış nitqində qonaqları və iştirakçıları salamlayaraq tədbirin gedişatına uğurlar arzulayıb.
Daha sonra çıxış edən “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin sədri, layihə rəhbəri Ziba Nəbiyeva öncə tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəhbərliyinə və Suraxanı Gənclər Evinin heyətinə minnətdarlığını bildirib.

O qeyd edib ki, Azərbaycan dövlətinin ptioritet vəzifələrindən biri sağlam gəncliyi olan cəmiyyət formalaşdırmaqdan ibarətdir. Ölkəmizdə gənclərin inkişafı, maariflənməsi, asudə vaxtlarının səmərəli istifadəsi üçün geniş imkanlar mövcuddur. Layihə çərçivəsində Gənclər Mərkəzi və evlərində apardığımız ictimai maarifləndirmə işləri prosesində bu istiqamətdə aparılan fəaliyyətlərin şahidi olduq.

Sağlam gəncliyin formalaşması üçün onların zamanında məlumatlara əlçatanlığını təmin etmək vacib şərtdir. Bu baxımdan mütəmadi olaraq gənclərin maarifləndirici tədbirlərə cəlb edilməsində böyük fayda var. Məlumdur ki, xroniki xəstəliklərin müalicəsinə və ya yaratdığı fəsadlara sərf olunan vəsait onun profilaktikasından daha baha başa gəlir. Bir çox hallarda xəstəliklər xronikiləşdiyi halda onları üzün müddət, hətta ömür boyu nəzarət altında saxlamaq və müalicə etmək lazım olur.

Təhlükəli yoluxucu xəstəliklər sayılan viral hepatitlər əsasən də Hepatit B, D, C xronikiləşməyə meyilli və uzun müddət simptomsuz və ya zəif simptomlarla keçən xəstəliklərdəndir. Bu da viral hepatitlərin yoluxma hallarını nəzarət altında saxlamağı çətinləşdirir. Zamanında müalicə olunmadıqda isə xroniki viral hepatitlər qaraciyər sirrozu və xərçənginin yaranmasına səbəb ola bilir.

Təşkilatın sədri bildirdi ki, nəinki viral hepatitlər, vərəm və QİÇS kimi digər təhlükəli yoluxucu xəstəliklərlə mübarizə yollarından biri önləyici profilaktik tədbirlərin aparılmasıdır. Bu baxımdan bugünkü tədbirin əsas məqsədi gənclərimizi sağlam gələcəkləri naminə bilgilərlə silahlandırmaqdır.

Layihə rəhbəri Ziba Nəbiyeva elektron təqdimat vasitəsilə gənclərə viral hepatitlərin növləri və onların kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər barədə geniş məlumatlar və tövsiyələr verib.

Deyilənlərlə bağlı animasiya çarxları nümayiş olunub.
Vərəm xəstəliyi barədə təqdimat isə tədbir iştirakçılarına həkim, ekspert Samirə Muxtarova tərəfindən çatdırılıb. O, hava- damcı yolu ilə yayılan bu xəstəliyin əsas aspektləri barədə ətraflı danışıb.
İnteraktiv şəkildə aparılan tədbirdə yeniyetmə və gəncləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda isə iştirakçılara mövzuyla bağlı bukletlər, kovid infeksiyasının profilaktikası məqsədilə tibbi və gigiyenik vasitələr paylanılıb.

Gənclər arasında profilaktik tədbirlərin əhatə dairəsini genişləndirmək, maarifləndirmənin davamlığını təmin etmək məqsədilə Suraxanı Gənclər Evinə xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yolları əks olunan divar lövhəsi, həmçinin bukletlər, tibbi və gigiyenik vasitələr də təqdim olunub.
Ümumilikdə, Suraxanı Gənclər Evində keçirilən tədbirdən 60 nəfərdən çox yeniyetmə və gənc faydalanıb.

Qeyd edək ki, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin dörd aylıq layihə çərçivəsində Sabunçu Gənclər Evi, Bakı Gənclər Mərkəzi və Suraxanı Gənclər Evində keçirdiyi tədbirlərdən birbaşa olaraq 170 nəfərdən çox gənc bəhrələnib.
Əli Əliyev barədə yenidən cinayət işi başlandıVətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev barədə yenidən cinayət işi başlanıb.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, partiya sədri barəsində növbəti dəfə xüsusi ittiham qaydasında şikayət verilib.

Əli Əliyev bu dəfə Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsilə ittiham olunub.

Cinayət işinin ibtidai istintaqı başa çatıb və materiallar baxılmaq üçün Yaxsamal rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rəşad Cavadzadənin icratına verilib. Hələlik iş üzrə məhkəmənin vaxtı müəyyən edilməyib.

Xatırladaq ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq xüsusi ittiham qaydasında 2 şikayət veriblər.

İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Şikayətlərdə göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Xüsusi ittihamçıların şikayətləri ayrı icraatda araşdırılıb.

Yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, Ə.Əliyev 5 ay müddətinə həbs edilib.

Bir müddət sonra isə Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilovun xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə prosesində isə Ə. Əliyevin əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum edilib.
Universitetlərin kadr hazırlığı, köhnələn peşələr və yeni ixtisaslara tələbat: problemin həlli yolları varmıDemokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Məzunlarda peşə kompetensiyalarının formalaşdırılmasında ali təhsil müəssisələri ilə şirkətlər arasında əməkdaşlığın qurulmasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində növbəti tədbirini keçirilib. İctimai Birliyin sədri Mütəllim Rəhimov tədbiri açaraq bildirdi ki, layihə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri ilə şirkətlər arasında olan problemlərin aşkarlanmasına və çıxış yollarının tapılmasına həsr olunub.

M.Rəhimov çıxışı zamanı müasir universitetlərin necə olması haqqında indi çoxsaylı əsaslandırılmış fikirlərə rast gəlməyin mümkün olduğunu dedi. O bildirdi ki, meyarlar demək olar ki, bəllidir və onun əsasında artıq reytinq cədvəlləri də tərtib olunur. Bəs universitetlər üçün əsas parametrlər indi nədən ibarətdir və yəqin ki, bu təkcə ali təhsil verməklə bitmir. “Hazırda universitetlərdən bazar tələbatlarını düzgün müəyyən edərək adekvat kadrlar hazırlamaq, şirkətlərlə əlaqələr qurmaq, elmi tədqiqat işləri aparmaq və təbii ki, təşəbbüskarlıq tələb olunur” – M.Rəhimov çıxışı zamanı bildirdi.

İctimai Birliyin sədrinin qaldırdığı çoxsaylı suallar və problemlərin həlli ilə bağlı geniş məruzə ilə ekspert Sevinc Burzuyeva çıxış etdi. O, iştirakçılara müasir dövrdə əmək bazarı ilə təhsil müəssisələri arasında yaranmış ziddiyyətlər, problemlər və onların həlli yolları haqqında ətraflı bilgilər verdi. Biliyin dəyərinin çox sürətlə artdığı indiki dövrdə onun formalaşdırılmasında və mübadiləsində təhsilin bütün maraqlı tərəfdaşlarının iştirakının təmin edilməsinin vacibliyini vurğulayan S.Burzuyeva dedi ki, universitetlərin potensialını yüksəltmək və bu hədəfə çatmaq üçün ali təhsilin xarici tərəfdaşları olan sənaye şirkətləri, peşəkar şirkətlər, dövlət sektorları və s. ilə əməkdaşlıq vacib amillər hesab olunur.

Onun sözlərinə görə, beynəlxalq rəqabətdə universitetlərin dayanıqlı bir sistemə sahib olmasında təhsil-sənaye əməkdaşlığı faydalıdır.
Ekspert S.Burzuyeva daha sonra dedi ki, bazar iqtisadiyyatı mexanizminin təməl ünsürlərinə elm, biznes, əmək bazarı və təhsil xidmətləri daxildir. Onlar arasında harmoniya iqtisadi tərəqqinin vacib şərtidir. Reallıq onu göstərir ki, ölkəmizdə ali təhsil hələlik müəyyən dərəcədə qapalı xarakter daşıyır və onun əmək bazarı ilə qarşılıqlı əlaqəsi zəifdir. Lakin müasir biznes çevik və dinamikdir, işaxtaranlar qarşısında yeni tələblər qoyur. Bu tələblər sırasında bacarıqlara verilən qiymət biliyi üstələməkdədir. Çünki kifayət qədər bilikli kadr bunu əmək fəaliyyətində tətbiq edə bilməyəcəksə, o şirkətə lazım deyil.

O daha sonra bildirdi ki, hazırda bazarın tələblərini ödəmək üçün biznes subyektlərinin iki əsas, yüksək ixtisaslı kadrlara və innovativ texnologiyalara olan ehtiyacını müşahidə etmək mümkündür. Bazarın tələblərinə çevik uyğunlaşa bilən iqtisadi subyektlərə və yeniləşən idarəetmə sisteminə yeni təfəkkürlü, təşəbbüskar, heç olmasa bir xarici dili mükəmməl bilən peşəkar kadrlar tələb olunur.

Sevinc Burzuyeva çıxışı zamanı daha bir problemə toxundu. O bildirdi ki, indi ali məktəb məzunlarının çoxunun öz ixtisası üzrə işləməməsi təbii tendensiyadır. Amma bu uyğunsuzluq çox böyükdürsə, onda problemlər başlanır, işə götürən şikayətlənir, təhsilin paralel sistemləri yaradılır - kadrların hazırlanması üçün korporativ proqramlar, hətta korporativ universitetlər yaranır, beləliklə də diplom rəsmiyyətə çevrilir, peşəkar hazırlıqdan daha çox sosial status simvolu olur.

Əsas məsələ isə təhsil sistemini əmək bazarının dəyişən şəraitinə yaxınlaşdırmaqdır. “Bəlkə də fərdi təhsil trayektoriyasına keçməyin vaxtı artıq çatıb. Yəni tələbə ilk günlərdən harada işləyəcəyini, nə ilə məşğul olacağını, karyerasını necə quracağını nəzərə alaraq öz "təhsil trayektoriyasını" müəyyənləşdirir. O, fənləri, seminarları özü seçir, alacağı biliyə görə özü məsuliyyət daşıyır. Bu əlbəttə ki, ideal vəziyyətdir” – S.Burzuyeva çıxışında dedi.

Daha sonra təhsil eksperti Rəcəb İsmayılov çıxış etdi. O, sürətlə dəyişməkdə olan əmək bazarının tələblərinə adekvat olaraq bir çox peşələrin köhnəldiyini diqqətə çatdırdı. Bildirdi ki, on ildən sonra bir çox peşələr olmayacaq və bu sahədə çalışan insanları robotlar əvəz edəcək. Ona görə də universitetlər kadr hazırlığında əmək bazarının tələblərini qiymətləndirməlidirlər.
R.İsmayılov həmçinin dedi ki, tələbələrə verilən təhsilin ölkə iqtisadiyyatına, o cümlədən sənayenin və texnologiyanın inkişafına təsiri böyükdür.

Şübhəsiz, universitetlərdə güclü idarəçilik sisteminin və liderlik praktikasının olması həmin müəssisələrdə təşəbbüskarlıq mədəniyyətinin formalaşdırılması üçün vacibdir. Belə ki, universitetlərin liderlik modeli orada innovasiya və təşəbbüskarlığın mövcudluğuna, habelə idarəçilik sistemində aparılacaq dəyişikliklərə müxtəlif şəkildə təsirini göstərir

Sonra müzakirələr aparıldı və iştirakçıların suallarına cavab verildi.
Azərbaycanda orta aylıq əməkhaqqı 809 manata çatdı2022-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 min nəfər və ya 1,4 faiz artaraq 1702,8 min nəfər olub.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, onlardan 905,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 797,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,6 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,6 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 13,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2022-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,4 faiz artaraq 809,0 manata çatıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Komitə bahalaşan məhsulları açıqladı - SİYAHI2022-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-aprel aylarına nisbətən 112,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 106,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK)  verilən məlumata görə, cari ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0 faiz, əvvəlki ilin aprel ayına nisbətən 113,0 faiz təşkil edib.

2022-ci ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,7 faiz, əvvəlki ilin aprel ayına nisbətən 118,4 faiz təşkil edib.

Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma vaflinin, peçenyenin, unun, makaron məmulatlarının, düyünün, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, pendirin, yoqurtun, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, heyvanın, narın, naringinin, almanın, armudun, soğanın, kartofun, bibərin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, mineral suların, arağın, ucuzlaşma isə əsasən yumurtanın, qozun, fındığın, xiyarın, kələmin və çuğundurun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2022-ci ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, əvvəlki ilin aprel ayına nisbətən 107,1 faiz təşkil edib. Cari ilin aprel ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyim və ayaqqabıların, inşaat materiallarının, soyuducuların, kondisionerlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, sabunların, şampunların və yazı kağızlarının qiymətlərində müşahidə olunub.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2022-ci ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin aprel ayına nisbətən 110,2 faiz təşkil edib. Cari ilin aprel ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltarların, ayaqqabıların, mebellərin və minik avtomobillərinin təmiri, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
FHN əməkdaşı Ağdamda minaya düşdüBu gün Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi kapitan Süleyman Vaqif oğlu Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.

Bu barədə FHN-dən məlumat verilib.

Qeyd olunub ki, təcili olaraq həkim nəzarətinə götürülən yaralıya bütün lazımi tibbi yardım göstərilir.
Afət Fərmanqızı axtarışa verildiMüğənni Afət Fərmanqızı barəsində axtarış elan olunub.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, bu barədə hakim Mahirə Kazımovanın sədrliyi ilə araşdırılan şikayətlə bağlı məhkəmə aktı çıxarılıb.

Binəqədi rayon Məhkəməsində xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə icraatı dayandırılıb.

Akta görə, müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə həbs nəzərdə tutulmadan axtarışa verilib.

Müğənni məhkəməyə gətirilənə qədər məhkəmə icraatının dayandırıldığı elan olunub.

Qeyd edək ki, xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə ittiham olunması tələb edir.
İranda polis zabiti güllələndiİranın Xuzistan vilayətinin Əhvaz şəhərində polis zabiti naməlum silahlılar tərəfindən güllələnib.

Bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Əhvazın Umidiyyə bölgəsində polis bölmələrindən birinin komandiri olduğu deyilən Müslim Tağızadə yoxlama postunda baş verən silahlı qarşıdurmada öldürülüb.

Qeyd edək ki, mayın 12-dən 13-ə keçən gecə başda Xuzistan olmaqla İranın bir neçə vilayətində etiraz aksiyaları genişlənib. Bir neçə şəhərdə SEPAH zabitləri və xüsusi qüvvələrin əhaliyə atəş açdığı, bir neçə nəfərin ağır yaralandığı birdirilir.