Şuşa həbsxanasına dair qorxunc həqiqətlər AzTV-nin "Səhər açılsın" filmindəAzərbaycan Televiziyası (AzTV) Birinci Qarabağ müharibəsi zamanı Şuşa həbsxanasında saxlanılan əsirlər barədə film hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, "Səhər açılsın" adlanan filmin qəhrəmanları Şuşa həbsxanasında əsirlikdə olmuş Həbib Kazımov, Zahid Həsənov və Camaləddin Hüseynovdur.

Filmdə 3 əsirin timsalında Şuşa həbsxanasındakı dəhşətlər, orada saxlanılan azərbaycanlıların başlarına gələnlər barədə məlumat verilir, onların yaşadığı ağır həyat şəraitindən bəhs olunur. Bununla yanaşı, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı Zəfərdən sonra baş verənlər və Şuşa həbsxanasındakı azərbaycanlılara dəhşətli işgəncələr edən şəxslərin həbs olunmasına dair görüntülər də "Səhər açılsın"da öz əksini tapıb.

Filmin layihə rəhbəri Elçin Musaoğlu, prodüseri Fatimə Əzimova, ssenari müəllifi və quruluşçu rejissoru Pərviz Həsənov, rejissoru isə Elvin Mirzəyevdir. "Səhər açılsın" 8 may tarixində AzTV-də yayımlanıb.

“Eurovision”da Azərbaycandan səsləri kim açıqlayacaq?İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb.

İTV-dən verilən məlumata görə, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri İctimai TV-nin tanınmış aparıcısı Nərmin Salmanova elan edəcək.

Aparıcı yarışmanın qaydalarına əsasən, mayın 14-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.

Qeyd edək ki, yarımfinal mərhələləri mayın 10-da və 12-də keçiriləcək mahnı müsabiqəsində təmsilçimiz Nadir Rüstəmli "Fade To Black" adlı mahnı ilə ikinci yarımfinalda çıxış edəcək.

Şüarı "The Sound of Beauty"dir ("Gözəlliyin Səsi") olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə tanınmış müğənni, bəstəkar Murad Arif olacaq. Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanacaq.
Jurnalist Aytən Məmmədovanın naməlum şəxs tərəfindən hücuma məruz qalması ilə bağlı istintaq hərəkətləri davam etdirilir, cinayət işi başlanılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O deyib ki, A.Məmmədova Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənilib:

"Onun diqqətinə çatdırılıb fakt üzrə bütün zəruri tədbirlər icra olunur.

Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir".
"Hər iki müharibədə canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq"Biz bu gün çox önəmli bir tarixi hadisəni qeyd edirik. Belə ki, mayın 9-u faşizm üzərində tarixi Qələbənin 77-ci ildönümü günüdür.

Bəli, milyonlarla insanın həyatına son qoymuş İkinci Dünya müharibəsinin nəticəsində faşizmin məğlubiyyətini qələbə kimi qeyd etməyə dəyər. Çünki faşizm bütün dünya xalqları üçün, o cümlədən biz azərbaycanlılar üçün də təhdid idi. Ona görə də biz bu gün sözügedən müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anır və onlara minnətdarlığımızı ifadə edirik.

Heç şübhəsiz ki, bu Qələbə həm də bizim xalqımızın qələbəsidir. Çünki Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sözün hər mənasında böyük töhfələr verib. İstər neftimizlə, istər taxıl və ərzaq ehtiyatlarımızla, istərsə də müharibə fonduna bağışladığımız qiymətli əşyalarımızla, maddi-mənəvi dəstəyimizlə Hitler Almaniyasının məğlubiyyətə uğradılması üçün hər cürə fədakarlığı göstərmişik.

Ən əsası isə bu Qələbənin qazanılmasında qəhrəman ata-babalarımın xüsusi rolu olub. Belə ki, xalqımız alman faşizminə qarşı döyüşmək üçün 600 mindən çox oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Azərbaycan diviziyaları Şimali Qafqazdan, Mozdokdan Berlinədək şanlı döyüş yolu keçib.

Eyni zamanda yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində igidliklə döyüşüb, xalqımızı ləyaqətlə təmsil edib, adımızı uca tutublar. Faşistlərin qorxulu kabusuna çevrilmiş "Mixaylo" ləqəbli əfsanəvi partizan soydaşımız Mehdi Hüseynzadə bunun parlaq nümunəsidir.

Odur ki, nə alman faşizmi üzərindəki tarixi Qələbəni, nədəki 9 Mayın Qələbə bayramı, Qələbə günü kimi qeyd edilməsi haqqını heç bir ölkə (xüsusən də Rusiya) əlahiddə olaraq mənimsəyə bilməz, özününküləşdirə bilməz. Bu bizim hamımızın ümumi Qələbəmiz, müştərək bayramımızdır.

Və çox əlamətdar haldır ki, Azərbaycan xalqı artıq ikinci ildir ki, alman faşizmi üzərində tarixi Qələbəni, 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində qazandığımız böyük Zəfərin doğurduğu sevinc hissi ilə birgə qeyd edir.

Biz bu gün həm İkinci Dünya müharibəsində qəhrəmanlıqla həlak olmuş azərbaycanlıların tarixi şücaətlərini hörmətlə anır, həm də 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa etmiş şəhidlərimizin ruhları, qazilərimizin igidlikləri qarşısında baş əyirik. Hər iki müharibədə canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Ruhlarınız şad olsun, qəhrəman azərbaycanlılar!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Ukraynanın ən yaxşı pilotlarından olan polkovnik öldüRusiya işğalçıları ilə döyüşdə ən yaxşı ukraynalı pilotlardan daha biri ölüb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb.

Bildirilib ki, Ukrayna DQ-nin keçmiş 10-cu Sak dəniz briqadasının komandiri polkovnik İqor Bedzay 7 mayda həlak olub.

O, Mi-14 helikopteri ilə hərbi xidmətdə olarkən rus qırıcısı tərəfindən vurulub.

Qeyd edək ki, 2014-cü ildə Krımın anneksiyası zamanı 10-cu briqada öz hərbi texnikasını yarımadadan çıxarmağı bacaran yeganə birlik olub. Əməliyyatı Bedzay hazırlayıb və həyata keçirib.
Dönüb geri baxanda...(60 illik yubileyi günlərində kulturoloq, Qayıdış İctimai Birliyinin sədri Tağıyev Hasil Feyruz oğlu ilə həmsöhbət olduq).

- Hasil müəllim, ilk öncə 60 illik yubiley yaşınız mübarək! Sizi təbrik edirik!

̶ Çox sağ olun, minnətdaram.

- Eşitdik səhhətinizdə bir az ağrı-acı olub. İndi necəsiniz, özünüzü necə hiss edirsiniz?

̶ Hə, bir az problem oldu. Şükür, indi yaxşıyam, özümü yaxşı hiss edirəm.

- Bir kilturoloq, bir nüfuzlu mədəniyyət işçisi kimi istərdik yubileyiniz günlərində həyat yolunuza nəzər yetirib, arxada qalan günlərə işıq tutasınız.

̶ Təşəkkür edirəm. Məmnuniyyətlə. Kənd klubunun müdiri, Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktoru, İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri (o vaxt belə adlanırdı), Mədəniyyət nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Metodik Mərkəzində sektor müdiri vəzifələrində işləmişəm. Əgər Azərbaycan mədəniyyətinə az da olsa töhfə verə bilmişəmsə, nə xoş mənə!

Hazırda Bakı şəhərində yaşayıram, Qayıdış İctimai Birliyinin sədriyəm. Qarabağ zəfərində şəhidlik zirvəsinə yüksələn Vətən aşiqləri barədə sənədli filmlər çəkirik. Onların həyat və döyüş yolu, gənc nəslə çatdırılması istiqamətində xeyli uğurlu işlərimiz var. Düşünürəm ki, torpaqlarımızın işğaldan azad olunmasında, bu tarixi və böyük qələbədə Azərbaycan mədəniyyətinin və çoxsaylı mədəniyyət işçilərinin də əməyi böyükdür. Biz hər zaman mübariz iradəli Ali Baş Komandanımız İlham Əliyevin daxili və xariçi siyasətini bəyənərək, ona sədaqətimizi əməli fəaliyyətimizdə göstəririk.

- Hasil müəllim, İmişlidə müəyyən hadisələr oldu. Sabiq icra başçısı Vilyam Hacıyev dövründə Siz böyük bir idarəyə rəhbərlik edirdiniz. Onun idarəetməsindən Siz də əziyyət çəkdinizmi? Fikirləriniz maraqlı olar.

̶ Vilyam Hacıyev İmişliyə icra başçısı təyinatı alanda mən Mədəniyyət və Turizm Şöbəsinin (o vaxt belə adlanırdı) müdiri idim. Onunla 9 ay işlədim. Aidiyyatı olmayan, iş sferamdan kənar tapşırıqlar verirdi. Tanıyanlar bilir ki, o vaxt səhhətimdə ciddi problemlər yaranmışdı. Xəstəliklə baş-başa qaldığım bir zaman Vilyam "Qılınc"ını üstümə çəkdi. Elə bilirdim ki, uzun illər məni rəhbər vəzifələrdə işlədən, iş qabiliyyətimə bələd olan nazirlik və şəxsən nazir Əbülfəs Qarayev məni müdafiə edəcək. Yaxud, kimlərsə Vilyama xəstəliyimi, vicdanlı, işgüzar və ixtisaslı kadr olduğumu deyəcəklər. Ancaq belə olmadı. Mən onun "Qılınc"ı ilə oynamağa taqətsiz olduğumdan ərizə verib işdən çıxdım və Bakı şəhərində əməliyyata getdim. Dalbadal keçirdiyim əməliyyatlardan çox mənə Vilyam Hacıyevin hərəkətləri və hər zaman fəaliyyətimi nümunə göstərən nazirliyin mövqeyi zərbə oldu.

- Övladlarınız, onların peşə yolu barədə bilmək istərdik.

̶ İki qızım var: Həmidə və Şəkər. Hər ikisi univeristet təhsilindən sonra işləyirlər. Həmidə ailəlidir, bir övladı var. Anamın adını daşıyan Şəkər xanım isə nişanlıdır, iyun ayında toyu olacaq.

- Başqa nə demək istərdiniz?

̶ İmişlidə doğulmuşam. Əzizlərim hamısı orada yaşayır. Ata-anamın qəbri o torpaqdadır. O torpağa, o torpağın insanlarına sevgim sonsuzdur. Hər dəfə İmişliyə gedəndə, doğma insanlarla birgə olanda qəlbim, ruhum təzələnir, sevincimin həddi-hüdudu olmur.

Asim Hüseynli
Putin Ukraynada ölənlərin ailələrinə kömək edəcəyinə SÖZ VERDİRusiya Prezidenti Vladimir Putin Ukraynada həlak olan hərbçilərin ailələrinə və uşaqlarına yardım vəd edib.

Avrasiya.net xəbər verir ki, Rusiya lideri bu barədə Moskvada keçirilən qələbə paradında bildirib.

“Hər gün əsgərlərin ölümü hamımız üçün kədərlidir, biz ölənlərin ailələrinə kömək etməyə hazırıq, bunun üçün söz veririk”,- Putin çıxışında deyib.

Qeyd edək ki, Rusiyanın paytaxtı Moskvanın Qızıl Meydanında faşizm üzərində qələbənin 77 illiyinə həsr olunan parad keçirilir.
NATO-nun niyyəti torpaqlarımızı ələ keçirməkdir - PutinNATO, şübhəsiz ki, hərbi əməliyyata başlayıb və torpaqlarımızı ələ keçirmək niyyətindədir.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada Qızıl Meydanda faşizm üzərində qələbənin 77 illiyinə həsr olunan Qələbə paradında çıxışı zamanı deyib.

Putin eyni zamanda bildirib ki, Qərb Rusiyaya qulaq asmır:

“Onların başqa planları var idi. Qərb torpaqlarımızı işğal etməyə hazırlaşırdı. Onlar Donbasa və Krıma girmək istəyirdilər. Biz heç vaxt vətənimizdən ayrılmayacağıq. Vətəni qorumaq həmişə müqəddəs borcdur. İndi biz görürük ki, bütün dünya Ukraynaya ən müasir silahlar gətirir”.

Rusiya lideri vurğulayıb ki, məqsədimiz ruslara qarşı müharibəni dayandırmaqdır:

“Bu gün Donbasda döyüşən əsgərlərimiz bilməlidirlər ki, onlar bizim gələcəyimizi qoruyurlar”.
Azərbaycanı xoşbəxt gələcəyə aparan dahi şəxsiyyətİllər keçəcək, əsrlər ötəcək, ulu öndər Heydər Əliyev bir mayak kimi daim Azərbaycan xalqına və digər xalqlara xoşbəxt gələcəyə aparan düzgün yolu göstərəcəkdir.
Artıq ulu öndər Heydər Əliyevin anadan olmasından 99 il ötür. Zaman keçdikcə Ümummilli Liderin dahiliyi daha da aydın görünür.

Ulu öndər Heydər Əliyev demişdir: “XXI əsr Türk əsri olacaq”, “Azərbaycan dünyaya günəş kimi doğacaq”. XXI əsrin başlanğıcında söylənmiş bu ifadələrin real həyatda təcəssümünü yaşadıqca Ulu Öndərin uzaqgörən, fenomen insan olmağının bir daha şahidi oluruq.

1987-ci ilin oktyabr ayında ermənipərəst M.S.Qorbaçov ümumilli lider Heydər Əliyevi vəzifədən uzaqlaşdırdıqdan iki həftə keçməmiş ermənilər baş qaldırdılar və Azərbaycanın problemli günləri başladı.

Ulu Öndərin hakimiyyətdə olmadığı illər

1987-ci ilin oktyabr ayından 1993-cü ilin 15 iyununa - Qurtuluş gününə qədər ölkəmizdə xaos, hərc-mərclik, hakimiyyət davası, torpaqların əldən getməsi, Azərbaycanın müstəqilliyinin itirilməsi və parçalanması təhlükəsi ilə üz-üzə qalması, sosial-iqtisadi qayğılar, çörək növbələri, insanların küçələrə çıxa bilməməsi və digər problemlər hökm sürmüşdür. Bütün bunları biz yaşamışıq. Nə yaxşı ki, müdrik ağsaqqallarımız o vaxt Naxçıvanda yaşayan ulu öndər Heydər Əliyevə müraciət edərək, Azərbaycanı bu problemlərdən ancaq onun qurtara biləcəyini söylədilər. AXC-müsavat cütlüyünün yarıtmaz idarəçiliyindən cana doymuş xalq da bu müraciətə qoşularaq Azərbaycanı bu bəlalardan xilas etmək üçün Ümummilli Lideri ölkə rəhbərliyinə dəvət etdi.

Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbini və ölkəmizin düşdüyü acınacaqlı vəziyyəti təhlil edərək, Azərbaycan naminə ikinci dəfə hakimiyyətə qayıtdı və qısa müddətdə öz fenomen bacarığı ilə respublikamızı düşdüyü bu girdabdan çıxarmağa başladı. Bu yolda ona daxildən və xaricdən çox təzyiqlər oldu. Azərbaycanı istəməyən qüvvələrin daim Heydər Əliyevə qarşı apardığı ədalətsiz mübarizə və hətta çevriliş cəhdləri onu yolundan döndərə bilmədi. Çünki o, Ulu Öndər, Ümumilli Lider, Xalqını, Azərbaycanı özündən çox sevən Heydər Əliyev idi və bu böyük şəxsiyyətin öz Vətəninə göstərdiyi əvəzedilməz xidmət onun bu tarixi fikrində bariz ifadə edilmişdir: “Əgər hər hansı namərd gülləsi məni həyatdan götürərsə, mənim özüm də, övladlarım da Azərbaycan dövlətinin yolunda canımızdan keçməyə hazırıq”.

Ümummilli Lider prezident olduğu dövrdə

Ulu öndər Heydər Əliyev prezident olduğu dövrdə 60-dan çox ölkəyə səfər etmiş, bu səfərlər zamanı Qarabağ həqiqətlərini həmin dövlətlərin liderlərinə və ictimaiyyətinə çatdırmış, 1994-cü ildə atəşkəs elan etməklə ordu quruculuğunun gücləndirilməsinə xüsusi önəm vermişdir.

Ulu öndər Heydər Əliyev haqqında dünyanın lider ölkələrinin rəhbərləri, ictimai-siyasi və din xadimləri çox müsbət, dəyərli fikirlər söyləmişlər. Rəcəb Tayyib Ərdoğan: “Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”, Corc Buş: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur”, Vladimir Putin: “O böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasət nəhəngi idi”, II İohan Pavel: “Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur” və s.

Hələ SSRİ Nazirlər Soveti sədrinin I müavini işlədiyi dövrlərdə 300 milyonluq SSRİ-yə rəhbərliyi zamanı Heydər Əliyevin şəxsində bütün SSRİ-də yaşayan xalqların, xüsusilə rusların azərbaycanlılara qarşı münasibəti ciddi şəkildə müsbətə doğru dəyişmişdir.

1994-cu ildə daxili və xarici təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”ni - böyük neft kontraktını gerçəkləşdirməsi nəinki gələcəkdə Azərbaycana axacaq valyutanın təməlini qoydu, eləcə də Azərbaycanın təhlükəsizlik məsələsini həll etmiş oldu.

Ali Baş Komandan, ölkə başçısı cənab İlham Əliyevi Azərbaycana xilaskar kimi bəxş etdiyinə görə xalqımiz müasir dövlətimizin qurucusu və banisi ulu öndər Heydər Əliyevin ruhuna hər zaman dualar oxumalıdır. Ümummili Liderin dediyi “Mən İlham Əliyevə özüm kimi inanıram” tarixi fikri sadəcə atanın öz istəkli oğlu haqqında dediyi ifadə deyildi. Bu, bütün Türk dünyasının fenomen, müdrik ağsaqqalının potensialını əvvəlcədən bildiyi bir gənc haqqında söylədiyi dəyərli bir fikir idi.
“Ot kökü üstə bitər” deyib atalarımız. Dövlət başçısı cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi gündən, özü dediyi kimi, hər bir azərbaycanlının prezidenti olaraq, ulu öndər Heydər Əliyevin daxili və xarici siyasət kursunu uğurla davam etdirmiş, Azərbaycanı dünyanın mötəbər tədbirlərin keçirildiyi məkana, regionun lider dövlətinə çevirmişdir.

Azərbaycanda olan siyasi sabitlik, sosial-iqtisadi inkişaf, iş yerlərinin açılması, aparılan böyük tikinti-quruculuq işləri, o cümlədən idman olimpiya komplekslərinin tikilməsi, idmançılarımız tərəfindən qazanılan qızıl medalların, yüksək nəticələrin sayının ilbəil artması, Azərbaycanın bölgələrinin, xüsusilə Bakının gündən-günə gözəlləşməsi və hayata keçirilən digər böyük işlər ulu öndər Heydər Əliyev kursunun inamla və müvəffəqiyyətlə davam etdirilməsindən xəbər verir.

44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər Azərbaycan tarixində misli görünməmiş bir qələbədir. Müzəffər Ali Baş Komandan İlham Əliyev prezident olduğu zamandan etibarən hər gün Azərbaycanı bir addım qələbəyə yaxınlaşdırırdı. Belə ki, ordu quruculuğu, iqtisadiyyatın inkişafı, digər ölkələrlə qarşılıqlı və çoxtərəfli faydalı münasibətlərin qurulması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycanın beynəlxalq aləmdə özünə layiqli yer tutması və etibarlı tərəfdaş kimi tanınması və s. 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbənin başlanğıcı idi.

Belə bir hikmətli kəlam var: “Müdrik sərkərdə əvvəlcə müharibəni udur, sonra döyüşə başlıyır”. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Nəyi nə vaxt, necə etmək lazımdır, bunu mən bilirəm!” Və həmin həlledici məqam yetişdi. Azərbaycanın haqq döyüşündə, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında rəşadətli Ordumuzun igid əsgər və zabitlərinin canı və qanı bahasına əldə olunmuş möhtəşəm Zəfər nəinki xalqımızın, bütün Türk dünyasının qamətini düzəltdi, qürurlandırdı. Bu böyük fəxarəti bizə yaşadan ölməz Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə uzun ömür, cansağlığı diləyirik.

44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə şanlı tariximizə müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlı olaraq qızıl hərflərlə yazılacaq.

Qızıldan imza atdın
Tarixin yaddaşına.
Şanlı bir tarix yazdın
Vətənin savaşına.
Prezidentim İlhamım!
Ali Baş Komandanım!

Qarabağı almağı
Məqsəd qoydun qarşına.
Dəmir Yumruq endirdin
Düşmənlərin başına.
Prezidentim İlhamım!
Ali Baş Komandanım!

Alqış sizə, min yaşa,
Ərdoğanla dur qoşa.
Qələbə çal, zəfər çal,
Düşməni döndər daşa.
Prezidentim İlhamım!
Ali Baş Komandanım!

Azərbaycan-Türkiyə
Bir millət –iki dövlət.
Haydı çatıb zamanı
Yarat böyük Turanı.
Prezidentim İlhamım!
Ali Baş Komandanım!

Qaytardın torpaqları,
Yandırdın ocaqları.
Bayram deyər bir daha
Ucaltdın bayraqları.
Prezidentim İlhamım!
Ali Baş Komandanım!


Biz unutqan olmamalıyıq! Bu günümüzün qədrini bilməliyik. Gənc nəsillərə bu xoşbəxt günlərə hansı çətin, keşməkeşli yollarla gəlib çıxmağımızı başa salmalıyıq. Hər zaman ayıq-sayıq olmalıyıq. Azərbaycanı sevməyən şər qüvvələrin cavabını yerindəcə verməliyik. Ümummilli liderimiz Heydər Əliyevin işıqlı yolunu, onun daxili və xarici siyasətini böyük uğurla davam etdirən müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək Azərbaycanı xoşbəxt gələcəyə aparmaq üçün əlimizdən gələni etməliyik.


Bayram YUSİFOV
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini,
“Gəncəli” İstehsalat Kommersiya şirkətinin rəhbəri