20 yaşlı qız dəm qazından öldüYevlaxda dəm qazından zəhərlənən qadın xəstəxanada dünyasını dəyişib.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, Yevlax rayon Havarlı kənd sakini, 2002-ci il təvəllüdlü F.İsmayılova yaşadığı evdə dəm qazından zəhərlənib. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb, lakin qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.
Ölkədə daha 50 nəfər koronaya yoluxduAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 50 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 654 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 528 nəfər müalicə olunaraq sağalıb, 9 675 nəfər vəfat edib. 451 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 499, bu günə qədər isə ümumilikdə 6 679 287 test icra olunub.
Rusiyalı milyarder Avropadan qaçdı11,4 milyard dollar sərvəti olan rusiyalı iş adamı Mixail Proxorov İsrailə yollanıb.

Bu barədə “Detali” nəşri məlumat yayıb.

Bildirilib ki, rusiyalı milyarder martın 24-də İsveçrədən İsrailə gəlib. Proxorovun İsrailə hansı səbəbdən üz tutması barədə məlumat verilməyib. Lakin onun Qərbin sanksiyaları ilə əlaqədar öz sərvətini qorumaq üçün İsrailə danışıqlara gəldiyi iddia olunur.
İzyumda mer, polis və deputat Rusiyaya satıldıXarkovun İzyum şəhərində iki deputat, keçmiş mer və sabiq milis əməkdaşı rus işğalçıları ilə əməkdaşlığa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə İzyum Şəhər Şurasının şöbə rəisi Maksim Strelnik sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, hazırda Ukrayna ordusu şəhərin tam ələ keçirilməsinə qarşı qəhrəmanlıqla mübarizə aparır, ancaq şəhərin özündə vətənə xəyanət baş verir:

“Deputatlar Anatoli Fomiçevski və Yuri Kozlov sabiq milis işçisi Vladislav Sokolov və eks-mer Aleksandr Bojkovla birlikdə rus işğalçılarla əməkdaşlıq edirlər”.

Strelnikin sözlərinə görə, onlar işğalçılara Ukrayna bölmələrinin yerini deyir, yerli aktivistlər, hərbçilər, müəllimlər və onların ailə üzvləri haqda informasiya verirlər:

“Bu şəxslər guya dövlət və şəhər hakimiyyətlərinin Kiyevi, Xarkovu və İzyumu təslim etdiyini bildirərək, blokadada olan hər kəsi rus işğalçılarla əməkdaşlığa çağırır”.
Ukraynada daha bir rus generalı ÖLDÜRÜLDÜUkraynanın cənubundakı komanda məntəqəsinə endirilən aviazərbə nəticəsində rusiyalı general həlak olub.

Bu barədə Ukrayna Prezidentinin müşaviri Aleksey Arestoviç məlumat yayıb.

Generalın ölüm xəbərini deputat Yuri Mısyagin də təsdiqləyib.

Deputat bildirib ki, Rusiya Federasiyası Cənub Hərbi Dairəsinin 49-cu Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Yakov Ryazantsev Çernobaevkada ölüb. Daha sonra Vikipediyada generalın ölümü ilə bağlı məlumat yerləşdirilib.

Qeyd edək ki, fevralın 24-dən - müharibə başlayandan indiyə qədər Rusiya ordusu artıq yeddinci generalını itirib.
Terrorizmin dini, irqi, vətəni yoxdurGünümüzdə radikalizmin ən təhlükəli forması dini ekstremizmdir. “Radikalizm” və “ekstremizm” sozləri sinonim kimi işlədilsə də, onlar arasında terminoloji cəhətdən fərqlər mövcuddur. Ekstremist fəaliyyət hakimiyyəti dəyişdirməyə və ya ələ keçirməyə, hər hansı dövlətin suveren hüquqlarını pozmağa, qanunsuz silahlı birləşmələr yaratmağa, dini – etnik nifrət zəminində təxribata əl atmağa səsləyən ideologiya və fəaliyyətləri özündə əks etdirir. Bu dini radikalizmin ən təhlükəli formasıdır. “İŞİD”, “əl- Qaidə”, “Boko Haram” kimi terror təşkilatları sözügedən radikalizm formasının bariz nümunələridir .

Dini-siyasi motivli ekstremist və terroristlərin əsas hədəf kütləsi, inandırmağa çalışdıqları əsasən 20- 40 yaşlarında, kişi cinsinə mənsub, orta savada malik, dini bilgiləri az olan yaxud heç olmayan, işsiz və ya az məvaciblə çalışan, himayəsində bir neçə nəfər olan şəxslərdir. Belə demək mümkündür ki, qadınlar dini radikal-ekstremist tipli cərəyanlarla adətən əsas yox, köməkçi rolunu oynayırlar. Bunun səbəblərini daha çox dindar cəmiyyətlərin patriarxal əsasda formalaşması ilə izah etmək mümkündür. Yuxarıda qeyd edilmiş özəlliklərə məxsus insanlarla daha çox işlənilməsinin səbəbi ondan ibarətdir ki, digərləri ilə müqayisədə daha çox təbliğata meyl göstərmələri mümkündür . Həmçinin müəyyən maddi çətinlikləri olan şəxs də digərlərindən daha asan olaraq cərəyanın işinə cəlb edilə bilər. Belə ki, maddi çətinliklərini həll edən insana qarşı hər şəxs müəyyən borc və minnət duyğusu daşıyır və onun apardığı fəaliyyətə yardımçı olmağı da özündə mənəvi bir yük kimi görür.

Dini ekstremist təşkilatlar isə dini ekstremist fəaliyyətin həyata keçirilməsi məqsədilə yaradılan və ya məqsədlərinə nail olmaq üçün belə fəaliyyəti həyata keçirən təşkilatdır. Müasir dövrdə ekstremist qruplaşmaların əsas təbliğat məkanı sosial şəbəkələrdir. Onlar əsasən “YouTube” və “Facebook” kimi sosial şəbəkələrdə yerləşdirdikləri postlar vasitəsilə öz ideyalarını qlobal miqyasda yayır, habelə onlardan öz sıralarına yeni davamçılar cəlb etmək məqsədilə istifadə edirlər. Bu qruplaşmalar milli-mənəvi dəyərlərin gözdən salınmasına çalışır, birbaşa, yaxud dolayı yolla zorakılığa çağırırlar. Belə bir təbliğatın təsiri altında formalaşmış gənclər ümumi dəyərlərdən imtina edir, təhsil və özünü təkmilləşdirmədən uzaqlaşırlar .
Təbliğatçılar bundan əlavə tərəfdarlarına geyimlə və zahiri görkəmlə seçilməyi də təlqin edirlər. Lakin qeyd etmək lazımdır ki, heç də bütün ekstremizmə meyilli insanlar bu detala diqqətlə yanaşmır. Onların bir çoxu görünüşə görə digərlərindən çox da fərqlənməməkdədir ki, bu da öz növbəsində onları seçmək işində müəyyən qədər problem yaradır.
Terrorizm radikalizm və ekstremizmin təzahürlərindən biri olmasına baxmayaraq, digərlərindən onunla fərqlənir ki, bir qayda olaraq terrorizmin bütün təzahürləri hüquqaziddir.

Terrorizm siyasi məqsədlərin və məkrli niyyətlərin həyata keçirilməsi üçün ideoloji motivli təxribat, qətlə yetirmə, girov götürmə və ya başqa ictimai təhlükə yaradan zorakı, qəddar metodlardan (terror aktı) istifadə edilməsidir. Terrorçu – hər hansı bir formada terror fəaliyyətinin həyata keçirilməsində iştirak edən şəxs; terror qrupu – terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə iki və daha artıq şəxsin birləşməsi; terror təşkiları – terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə yaradılan və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni mümkün sayan təşkilat deməkdir.

Terrorizmin dini, irqi, vətəni yoxdur. Bu isbata ehtiyacı olmayan aşkar bir həqiqətdir.

Terrorizm müasir dünya üçün ən təhlükəli bir bəladır və onun yaranması çox müxtəlif səbəblərlə əlaqələndirilir. Onun etnik, milli, dini, irqi və s. formaları mövcuddur.
2001-ci il 11 sentyabr hadisələrindən sonra dünyada terrorizmlə mübarizə qlobal xarakter alıb. Bir çox dünya ölkələri terrorizmlə mübarizə sahəsində bir sıra beynəlxalq razılaşmalara qoşulmuş, hüquq-mühafizə və milli təhlükəsizlik orqanlarına terrorizmlə mübarizədə əlavə səlahiyyət verən qanunlar qəbul edilib. Azərbaycan da terrorun bütün forma və təzahürlərini pisləyir, onun səbəb və nəticələrinin aradan qaldırılmasında beynəlxalq təşkilatlarla müntəzəm əməkdaşlıq edir.

Bu gün bəzi qüvvələr dinlərdən terrorizmə və radikalizmə təhrik vasitəsi kimi istifadə edirlər. Bu kimi halların qarşısının alınması üçün cəmiyyətin bütün təbəqələri, xüsusilə siyasətçilər, alimlər, dindarlar və din xadimləri bütün səylərini ortaya qoymalıdırlar. Terroru aradan qaldırmağın əsas yolu insanlar arasında sevgi, xoşgörü, tolerantlıq, sülh kimi anlayışların təbliğ edilməsidir. Allah-Təalanın Öz elçiləri vasitəsilə göndərdiyi bütün haqq dinlər bu istiqamətdə əsas yolvericidirlər. İstər Qurani-Kərimdə, istərsə də Tövrat və İncildə terror səmavi dinlər tərəfindən qadağan olunub, lənətlənib.

Rüstəm Cəfərov

Yazı Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Dini radikalizm və ekstremizm - milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” layihəsi çərçivəsində hazırlanıb
Mariupolda bombalanan teatrda 300 nəfər ölübMariupolda Rusiyanın teatra hücumu nəticəsində 300 nəfərin öldüyü ehtimal edilir.

Mariupol Şəhər Şurasının "Telegram" kanalı xəbər verir ki, şahidlərin məlumatlarına əsasən, Rusiyanın Mariupol Dram Teatrına hücumu nəticəsində 300-ə yaxın insan həyatını itirib.

Qeyd edək ki, bina mühasirədə olan Mariupol şəhərində əsas sığınacaqlardan biri kimi istifadə olunurdu. Teatra sığınanların sayı təxminən 800-1300 nəfər olub.

Şəhərdə kommunikasiya şəbəkələri də daxil olmaqla, əsas xidmətlərin tamamilə sıradan çıxması səbəbindən hücumun tam miqyası haqqında məlumat toplamaq mümkün olmayıb.

Xatırladaq ki, martın 16-da Rusiya ordusu Mariupoldakı Dram Teatrına aviazərbələr endirib.
"Best of India" Ticarət Sərgisi açılacaqANM Exhibitions, Yun və Yun məhsullarının İxracının Təşviqi Şurası və Hindistanın Bakıdakı Səfirliyi ilə birgə 6 mart- 3 aprel 2022-ci il tarixlərində səhər saat 11:00-dən axşam saat 7:00-dək Bakıda, Neftçilər prospekti 26A ünvanında yerləşən Bakı İdman Sarayında Best of India - Hindistan məhsullarının ən böyük eksklüziv Ticarət Sərgisini təşkil edir. Xarici ölkələrdə ardıcıl olaraq təşkil olunan bu sərgi, Hindistan sənayesinin yüksək keyfiyyətli moda, tekstil və həyat tərzi məhsullarını dünyaya tanıdır.

Hindistanın səfiri cənab B.Vanlalvavna bildirib ki, bu ilki sərgi “Best of India” sərgisinin səkkizinci buraxılışı olacaq və bu sərgidə özünün düyü, çay, ədviyyatlar, hədiyyələr, əl işləri, ev mebeli kimi yüksək keyfiyyətli məhsul və xidmətlərini nümayiş etdirəcək Hindistanın 60-a yaxın şirkət iştirak edəcək.

Səfirin sözlərinə görə, tədbirin əsas üstünlüyü Hindistan Səfirliyinin piştaxtasında əsl Hindistan çayının canlı təbliğatınıın aparılması olacaq.

Ziyarətçilər tədbir zamanı istənilən vaxt Hindistan stendində ödənişsiz olaraq Hindistan çayını dada bilərlər. Bundan əlavə, tədbirin davam etdiyi doqquz günü ərzində böyük LED ekranda Hindistanın Assam, Qərbi Benqal, Manipur, Himaçal Prade, Sıkkım, Tamil Nadu və Kerala və s. əyalətlərində turizm, mədəniyyət və investisiya imkanlarının təbliğatı məqsədilə Azərbaycan dilində subtitrlərlə videoların fasiləsiz nümayişi olacaqdır.

Səfir vurğulayıb ki, tədbirdə biznes və ticarətlə yanaşı, zəngin Hindistan mədəni irsinin xalq rəqsləri, Bollivud mahnılarının ifaları, ənənəvi alətlərdə ifa, xına (Mehndi) sənəti və s. vasitəsilə təmsil olunması da diqqət mərkəzində olacaq və bu da öz növbəsində “Best of India” tədbirinə dəyər qatacaq. Sərgiyə giriş ödənişsizdir.

Səfir Vanlavavna həmçinin qeyd edib ki, Hindistan və Azərbaycan arasında tarixi əlaqələrə əsaslanan sıx dostluq münasibətləri mövcuddur və ikitərəfli əməkdaşlıq əlaqələri də getdikcə genişlənir. 2021-ci ilin yanvar-dekabr aylarında Hindistan və Azərbaycan arasında ümumi ikitərəfli ticarət dövriyyəsi ötən ilə nisbətən 26,8% artaraq 739,10 milyon ABŞ dolları təşkil edib. Hindistan Səfirliyi son bir il ərzində Hindistan və Azərbaycan şirkətləri arasında müxtəlif sektorlarda hibrid rejimdə ondan çox B2B görüşlər təşkil etmişdir.

Hindistan və Azərbaycan arasında Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı çərçivəsində də genişlənməkdə olan əməkdaşlıq mövcuddur. Bu prorqam Azərbaycanın təcrübəli mütəxəssislərin və tələbələrin potensiallarınının artırılması üçün Hindistan qurumlarında bütün xərcləri qarşılanan təlim proqramları ilə təmin edir.
Bakıda tikinti materialları satışı mağazası yanırBakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində tikinti materialları satışı mağazası və anbarında yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.