Paşinyan: “Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır”Rəsmi Yerevan hesab edir ki, Bakı ilə sülh müqaviləsi imzalanmalıdır, lakin bu sənəd danışıqlar prosesində işlənməlidir.

“Report” xəbər verir ki, bu barədə bazar ertəsi Ermənistanın Baş naziri Nikol Paşinyan feysbukdakı səhifəsində onlayn keçirilən mətbuat konfransında bildirib.

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı çox danışılır. Bəli, imzalanmalıdır, lakin əvvəlcə bu sənəd rəsmiləşdirilməlidir, amma bu, bir sual və danışıqların nəticəsidir. Ermənistan bunlara hazırdır və biz bunu dəfələrlə bildirmişik”.

Ermənistan Nazirlər Kabinetinin rəhbəri əlavə edib ki, Yerevanın demarkasiya və delimitasiya üçün ilkin şərtləri yoxdur.
"İran-Azərbaycan əlaqələrində önəmli hadisələr gözlənilir"İran-Azərbaycan əlaqələrində önəmli hadisələr gözlənilir.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

O bildirib ki, İran-Azərbaycan əlaqələri çox yaxşı səviyyədədir.

XİN rəhbəri İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin Azərbaycana səfəri, eləcə də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun İrana gözlənilən səfərinə də münasibət bildirib.

“İki ölkənin müxtəlif rəsmilərinin qarşılıqlı səfərləri əlaqələrimizin düzgün və yaxşı istiqamətdə olduğunu göstərir”, - İran XİN başçısı vurğulayıb.

Hüseyn Əmir Abdullahiyan Bakıda səfərdə olarkən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini də xatırladıb. Nazir diqqətə çatdırıb ki, bundan sonra iki ölkənin əlaqələrində mühüm hadisələr cərəyan etməkdədir.
Düşmənlə ideoloji mübarizəyə hər an hazır olmalıyıqRusiyanın Soçi şəhərində keçirilən ŞHK komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adının “Buta” olaraq dəyişdirilməsi ətrafında yaranan qalmaqalllı vəziyyət onu göstərdi ki, postmüharibə dönəmində, xüsusən də "Şuşa ili"ndə hər bir insanımız maksimum dərəcədə diqqətli və ayıq-sayıq olmalıdır. Ələlxüsus da "Qarabağ" adı ilə, "Şuşa", "Xarı bülbül" adları ilə bizi xaricdə təmsil edən və yaxud etməyə hazırlaşan təşkilatlar, qruplar, komandalar daha diqqətli davranmalıdırlar.

Çünki 44 günlük İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti ilə barışmaq istəməyən və revanşizmə can atan düşmənimiz indi də informasiya cəbhəsində, ideoloji müstəvidə bizə qarşı barışmaz mübarizə aparır. Bu baxımdan müxtəlif xarici ölkələrdə "Qarabağ", "Şuşa", "Laçın" və s. adlarla bizi təmsil edən heyətlər həmin ölkələrdəki erməni lobbisinin, erməni diaspor qurumlarının bu və ya digər təxribatları ilə üzləşə bilərlər. Elə Soçidə baş verən xoşagəlməz hadisə də erməni təxribatının bariz nümunəsidir. Ölkəmizi təmsil edən komanda “Şuşa” adını ermənilərin təkidinə görə "Buta” ilə əvəzləyib.

Düzdür, sonrakı prosesdə "Şuşa" adının öz yerində qalması təmin edilib. Ancaq ilkin mərhələdə ermənilər öz çirkin niyyətlərinə qismən də olsa nail olublar. Bizimkilər isə həmin anda çevik və düzgün qərara gələ bilməyiblər, milli maraqlarımızın qorumaq istiqamətində prinsipiallıq göstərməyiblər. Bu, çox önəmli məqamdır. Çünki gələcəkdə bu kimi arzuolunmaz hallar bir qədər fərqli formalarda yenə də təkrarlana bilər. Odur ki, bizi xaricdə təmsil edənlərimiz təkcə öz sahələri üzrə hazırlıqlı, peşəkar olmaqla kifayətlənməməlidirlər. Onlar həm də düşmənlə ideoloji mübarizəyə hər an hazır olmalıdırlar.

"Şuşa ili"ndə "Şuşa" kimi, "Qarabağ" kimi müqəddəs adları daşıyanlardan isə ikiqat artıq diqqətli, məsuliyyətlə olmaq tələb olunur. Çünki bu adlar sadəcə ərazi adı deyil. Bu adlar artıq bizim milli rəmzlərimizə, milli kimlik nəsnələrimizə çevrilib və bu adların ideoloji-siyasi yükü var. Məhz buna görə də ermənilər bizi bu adlarla bağllı hər an cürbəcür formalarda təxribatlara çəkə bilərlər. Biz düşmənin məkrli addımlarına, hiyləgər planlarına qarşı hazırlı olmalıyıq.

Biz qalib millət olduğumuzu unutmamalıyıq və buna adekvat davranmalıyıq, birmənalı olaraq qalib milllətin nümayəndəlləri kimi hərəkət etməyə vərdiş etməliyik. Bu vərdişimiz irili-xırdalı bütün işlərimizə yansımalı, özünü bütün hərəkətlərimizdə göstərməlidir. Düsmənin təxribatlarına qətiyyən aldanmamalıyıq, düşməni sevindirməməliyik. Qəhrəman şəhidlərimizin qanı ilə suvarılmış Qarabağımıza, Ali Baş Komandanımızın "Əziz Şuşa!" deyərək taclandırdığı mədəniyyət paytaxtımıza sahibliyimizi hər sözümüzlə, hər hərəkətimizlə nümayiş etdirməyi bacarmalıyıq. Çünki bu bir milli savaşdır, böyük mücadilədir!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri, Qarabağ qazisi
Qaseminin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlibİranın yol və şəhərsalma naziri, İran – Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Avrasiya.net-ə verilən xəbərə görə, İran nümayəndə heyəti Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə işğaldan azad edilmiş ərazilərə səfər edib.

Onlar cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında həmin ərazilərdə həyata keçirilən nəqliyyat və digər infrastruktur layihələri ilə tanış olublar.

İlk növbədə qonaqlara təyyarənin Tehrandan birbaşa reyslə endiyi Füzuli Beynəlxalq Hava Limanı barədə məlumat verilib, cəmi 9 ay ərzində inşa olunduğu diqqətə çatdırılıb.

Sonra nümayəndə heyətləri Azərbaycanın Ermənistanla həmsərhəd Zəngilan rayonunda Beynəlxalq nəqliyyat marşrutunun bir hissəsi olan Horadiz – Ağbənd dəmir yolu layihəsi üzrə görülən işlərlə tanış olublar. Tanışlıq zamanı layihənin əhəmiyyəti haqqında danışılıb, İranın bu layihədə iştirakının vacibliyi vurğulanıb.

Qonaqlar, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa edilməkdə olan ikinci​ hava limanı – Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olublar.

Daha sonra Zəngəzur dəhlizində inşa olunan avtomobil tunellərinə və Cocuq Mərcanlı qəsəbəsində dəmir yolu layihəsinə baxış keçirilib, avtomobil və dəmir yolu layihələri ilə bağlı təqdimatlar dinlənilib.

İşğaldan azad edilmiş ərazilərə səfər boyu qonaqlara ermənilər tərəfindən dağıdılmış şəhər və kəndlər barədə məlumat verilib. Səfərin sonunda nümayəndə heyəti Füzuli şəhəri ilə tanış olaraq bütün yaşayış və infrastruktur obyektləri, o cümlədən məscidlərin tamamilə dağıdıldığının canlı şahidi olublar.
Layihələri qalib olan QHT rəhbərləri ilə görüş keçirilibAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov və Layihələrin idarə edilməsi üzrə menecer Ülkər Süleymanova “Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxaIq təşkilatlarda müdafiəsi və təşviqinin dəstəklənməsi” istiqaməti üzrə layihələri qalib olan QHT nümayəndələri ilə görüş keçiriblər.

Avrasiya.net xəbər verir ki, istiqamət üzrə layihələrin təkmilləşdirilməsi mövzusunda tövsiyə xarakterli görüşdə layihələrlə bağlı əsas problemlər müzakirə olunub, QHT rəhbərlərinin fikirləri dinlənilib və layihələri ilə bağlı tövsivələr verilib.

Sonda Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov və Layihələrin idarə edilməsi üzrə meneceri Ülkər Süleymanova QHT-lərə görüşdə iştirak etdikləri üçün təşəkkür ediblər
İcra başçısı 20 Yanvar abidə kompleksinin yerini satıb?Biz 1990-cı il, 20 Yanvar gecəsi azadlıq uğrunda 147 qəhrəman şəhid verdik, bu il faciənin 32 illiyi anıldı, Bakıdakı Şəhidlər Xiyabanı başda olmaqla ölkənin bütün bölgələrində şəhid abidələri ziyarət edildi, onların ruhuna dualar oxundu, qərənfillər qoyulub ehtiram göstərildi. Bəs, Bərdədə nə oldu?

Məlum oldu ki, Bərdənin icra başçısı Vidadi şəhərdəki 20 Yanvar şəhidləri üçün olan abidə-kompleksi dağıdaraq yerini satıb.

Anaxeber.info-ya verilən məlumata görə, ən dəhşətlisi 20 Yanvar şəhidləri üçün olan abidə-kompleksinin ərazisini heç kəsə yox, öz qaynı və sürücüsü olan Binyətov Çingiz Kəmaləddin oğlunun adına rəsmiləşdirib. Bərdə kimi böyük şəhərdə yer qəhət olub ki, icra başçısı şəhidlərə aid kompleksi sökdürüb yerini zəbt edib.

Bu haqda əldə etdiyimiz bilgilərə görə, Bərdə rayon İcra Hakimiyyəti tərəfindən möhürlü-ştamplı imza atılıb, ərazi İsayevin qaynına bağışlanıb. Görünür, şəhidlərə ehtiram üçün nəzərdə tutulan abidənin yerində çayxana, ya da ticarət obyekti tikmək planı olub.

Redaksiyamızı məlumatlandıran yerli sakinlərin bildirdiyinə görə, V.İsayev həmin yerin qaynına verilməsi haqda hərracın nəticələrini də, sərəncamı da etibarsız edib, ləğv olunub. Həmin sərəncam necə it-bata salınıbsa, necə qəhətə çıxıbsa, İH-nin dəhlizlərində var-gəl edənlərdən “gördüm” deyən olmayıb.

İcra başçısının qaynı isə həmin yerdən istifadə edə bilmir. Sadəcə, Bərdənin başçısı aranın sakitləşməsini gözləyir, toz-duman yatdıqdan sonra xəlvətcə sərəncamı qüvvəyə mindirəcək.
Prezident yerli telekanallara müsahibəsində demişdi ki, məmurlara ictimai nəzarət güclənməlidir. O, həmçinin bir çox hallarda neqativ məsələləri mətbuatdan öyrəndiyini təsdiqləmişdi. Bərdəlilər də bu çağırışa qoşularaq ictimai nəzarəti artırmaqla 20 Yanvar şəhidlərinə aid sökülmüş abidənin yerində hər hansı obyekt tikintisinə imkan verməməli, daim gündəmdə saxlamalıdırlar.

Lakin Bərdənin icra başçısı çıxış yolunu sərəncamı ləğv etdirib işi ört-basdır etməkdə görüb. Di gəl, bu gün də məsələ rayonda danışılır. Hətta bəzi məlumatlara görə, V.İsayev möhkəm narahatdır və yaxın çevrəsində qeyri-rəsmi söhbət zamanı vəziyyətin ciddi olduğunu bildirib. İddialara görə, icra başçısı ölkə rəhərliyi tərəfindən cəzalanacağından bərk qorxur.


Müşfiq Abbasov Premyer liqadan və 500 mindən imtina etdiKiViN-2022 festivalının hər iki turunda qalib gələrək, Sankt-Peterburq liqasına düşən “Şuşa” komandasının adını bərpa etmək üçün hansı imtiyazdan keçdiyi üzə çıxıb.

Bu barədə komandanın rəhbəri Müşfiq Abbasov Axar.az-a eksklüziv açıqlamasında bildirib ki, ikinci turda qalib gəldikdən sonra Aleksandr Maslyakovla görüşmək fürsəti əldə edib.

“A.Maslyakovun yanında “Şuşa” adına etiraz edən və bizim ikinci turda “Buta” adı seçməyimizə səbəb olan Ruben Ciqaryan da oturmuşdu. 40 dəqiqə çəkən çox qızğın müzakirəmiz oldu. A.Maslyakov KiViN-in siyasətdən kənar olduğunu və “Şuşa” adının siyasi çalar kəsb etdiyini israrla bildirirdi. Nəhayət ona izah edə bildim ki, Şuşa – Azərbaycanın mədəniyyət paytaxtıdır, Azərbaycan şəhəridir və bütün dünya bu şəhərin Azərbaycanın olmasına qətiyyən şübhə etmir. Həmçinin 10 noyabr 2020-ci il bəyanatını da xatırlatdım və bildirdim ki, bu bəyanatda Ermənistan da, Rusiya da Qarabağın, o cümlədən Şuşanın Azərbaycanın olduğuna imza atıblar, burda heç bir siyasi çalar yoxdur”, - M.Abbasov deyib.

Komanda rəhbərinin sözlərinə görə, uzun müzakirələrdən sonra komandaya şərt qoyulub:

“Bizə bildirildi ki, ya Premyer liqada, Maslyakovun birbaşa aparıcılığı ilə ORT-də yayımlanan proqramda “Buta” adı ilə çıxış edirsiniz, ya da Sankt-Peterburq liqasında oynayacaqsınız.

Məsələ bundadır ki, biz festivala yazılan 520, yarışmaya qatılan 420 komanda arasından seçilən 80 komandadan biri olduq. Üstəlik ən yaxşı 8 komandadan biri seçildi və 8 komanda arasında da ilk 3-lüyə düşdük. Bununla da ilk festivaldan Premyer liqaya təklif alan nadir komanda sayılırdıq.

Mən düşünmədən imtina etdim və Sankt-Peterburqu seçdim. AMİK rəhbərliyi şoka düşmüşdü. A.Maslyakov bildirdi ki, siz bilirsinizmi nələrdən imtina edirsiniz? Mən də dedim bilirəm - ORT-dən bütün dünyaya müraciət etməkdən və yüzminlərlə qazancdan. Dedi, siz bütün bunlardan “Şuşa” adına görə imtina edirsiniz? Mən də dedim, burda əsas məsələ prinsiplərdir, bir də bizim üçün xoşdur ki, Azərbaycanın mədəniyyət paytaxtının adını daşıyan komanda Rusiyanın mədəniyyət paytaxtında çıxış edəcək”.

M.Abbasov bir daha xatırladıb ki, “Buta” adı ilk turda erməni məkrinə qurban getməmək üçün seçilib və Sankt-Peterburqda komanda öz adı – “Şuşa” ilə təmsil olunacaq.

Qeyd edək ki, komanda hazırda Bakıya qayıdır.
Ukrayna hücuma hazırlaşır - Puşilin“Donetsk xalq milisi” tərəfindən müəyyən edilib ki, Birləşmiş Qüvvələr əməliyyatı adlanan ərazidə Ukrayna hərbi birləşmələri hücuma hazırlaşır. Əraziyə hərbi texnika çıxarılır, tank ekipajları hazırlıq görür.

Avrasiya.net xəbər verir ki, bu sözləri qondarma “donetsk xalq respublikası”nın separatçı rəhbəri Denis Puşilin deyib.

O, ABŞ-ın göndərdiyi “Javelin” tank əleyhinə raket sistemlərinin Donbasda göründüyünü, lakin hələ də kəsişmə xəttinə çatmadığını vurğulayıb.

Seymur Şıxəliyev
Ermənistan-Azərbaycan sərhədində türklərlə ruslar üz-üzə...Ümumilikdə müsbət notlarla başa çatan Ermənistan-Türkiyə danışıqlarının birinci raundu Ermənistan-Azərbaycan danışıqlarına da ehtiyatlı nikbinlik yaradır. Baxmayaraq ki, Bakı ilə İrəvan arasında mübahisəli məsələlər və kəskin məqamlar çoxdur.

Bu barədə Axar.az-a açıqlamasında PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı politoloq Vitaliy Arkov bildirib.

“Rusiyaya Cənubi Qafqazda sülh lazımdır. Ona görə də 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarda nəzərdə tutulmuş Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesində irəliləyiş Bakı-İrəvan münasibətlərinin normallaşmasında, qarşıdurmadan mehriban qonşuluğa keçiddə irəliləyişə imkan verəcək”, - deyə rusiyalı ekspert qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi mümkün qədər tez başlamalıdır:

“Bunun üçün rəsmi Moskva qarşıya qoyduğu məqsədə tezliklə nail olmaq üçün Bakı və İrəvana yardım etməyə tam olaraq hazırdır. Bundan əlavə, Ermənistan-Azərbaycan sərhədində obyektiv səbəblər üzündən qaçılmaz olan toqquşmaların qarşısının alınması üçün bufer zonada müvafiq olaraq Rusiya və Türkiyə sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirilməsi də mümkündür. İdeal olaraq, sərhədin bütün uzunluğu boyunca, lakin imkanları nəzərə alaraq - ən azı daha çox gərginlik olan yerlərdə”, - deyə Arkov vurğulayıb.
Zakir Həsənov İrana gedirAzərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İrana rəsmi səfər edəcək.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Tviterdə yazıb.

Onun sözlərinə görə, səfərin sabah - yanvarın 25-də baş tutması gözlənilir.