XEYİRXAHLIQ VƏ HUMANİZİM MÜCƏSSƏMƏSİBu gün Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Xanım Əliyevanın doğum günüdür. Onu səmimi qəlbdən təbrik edir, uzun və sağlıqlı ömür arzulayıram.

Düşününürəm ki, bu gün dünyanın, insanlığın bəlkə ən böyük ehtiyac duyduğu məsələ xeyirxahlıq, rəhm və mərhəmətdir. Son 100 ildə, 20-ci əsrdən üzü bu yana rəhmə, mərhəmətə, şəfqətə bəlkə də tarixdə, insanlıq, bəşər həyatında heç vaxt olmadığı qədər ehtiyac duyulmaqdadır. Təəssüf ki, dünyanı idarə edənlərdə bir çox hallarda bunun əksini görürük. Amma çox sevindirici və qürurverici bir haldır ki, bizim rəhbərlərimiz, istər ölkə Prezidenti cənab İlham Əliyevdə, istərsə də, Mehriban xanımda bu keyfiyyətlərin hamısı birləşərək, vəhdət şəklində insanlığa xidmət edir. Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır. Müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir.

Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.

Bu məqamda istərdim ki, Azərbaycan qadınının xalqımızın bu günə qədər inkişafındakı rolunu bir daha xatırlayaq. Dahi Cavid deyirdi: “Sürüklənən bəşəriyyət qadınla dirçələcək”. Bu dərin semantikası olan fikrin tarixi və mədəni kontekstdə Azərbaycanda çox gözəl nümunələri var. Təsadüfi deyil ki, Azərbaycan tarixində qadın kultu həmişə öz müqəddəsliyini qorumaqla bərabər həm də yüksək mövqeyə malik olub. Tarixin səhifələrini vərəqləsək, görərik ki, Azərbaycan qadınının istər içtimai, mədəni, istərsə də siyasi həyatda fəaliyyəti kifayət qədər zəngindir. Məsələn, hələ orta əsrlərdə Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara Xatun diplomatik fəaliyyəti ilə tarixə öz damğasını vuran müdrik bir xanım obrazı yaratmağa nail olmuşdur. Massagetlərin məğrur çariçası, Əhəmənilər sülaləsinin əsasını qoymuş əfsanəvi Kirə qalib gəlmiş Tomris, qəhrəman qadın hökmdarlar Nüşabə, Şirvana hücum edən Krım xanını və Osmanlı qoşunlarını məğlub edən Heyran Nisə Bəyim, mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradıcısı Fətəli xanın həyat yoldaşı Tuti Bikə, Sara xatun, Dəspinə xatun və Mehinbanu Sultan xanım özlərinin diplomatiya sahəsindəki fəaliyyətləri ilə adlarını tarixə yazmağı bacarmışlar. Mədəniyyət sahəsində isə məşhur şairələr pleyadası parlamışdır ki, bunlardan da orta əsrlər dövründə qadının sevgili seçimində azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, Şuşada ilk ədəbiyyat məclisi yaratmış Xurşudbanu Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Şahnigar xanım, Aşıq Pərini misal göstərə bilərik. Zaman keçdikcə, nə qədər istedadlı və ağıllı, əzəmətli və cəsarətli qadının adı tarixə yazıldı. XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının çox gözəl nümunələri mövcuddur. Belə ki, o vaxtın qabaqcıl qadınları kifayət qədər düşünülmüş formada açıq düşüncəli yeni münasibətlər sisteminin formalaşmasında mühüm rol oynamışlar və məhz onlar, adi xeyriyyəçilik tədbirləri keçirməklə ilk qadın məktəblərinin, qadın yığıncaqlarının və klublarının yaradılması vasitəsilə digər sosial fəal qadın qruplarının formalaşmasına dəstək oldular. Və bu prosesdə həmin xanımların həyat yoldaşları da onlara böyük yardım edir, birgə fəaliyyət göstərirdilər. Azərbaycanın görkəmli nümayəndələri xalqı maarifləndirmək, ona öz hüquq və vəzifələrini anlatmaq yolu ilə ictimai rəyə təsir göstərməyə çalışır, jurnalist və publisistlər “qadın bir şəxsiyyət kimi azad olmayınca, onun problemləri həll olunmaz qalacaq!” ideyasını irəli sürürdülər.

Bəli, böyük tarixi, mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim yüksək ehtiramla yanaşmışdır. Qadınlar yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq, hər zaman bəşəriyyətin inkişafına mühüm töhfələr veriblər. Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçərək bütün mərhələlərdə ilklərə imza atmağa müvəffəq olmuşdur. Zaman keçdikcə bu deviz reallığa çevrildi və şəxsiyyətə çevrilən Azərbaycan qadını 100 il bundan əvvəl müsəlman Şərqində ilk dəfə olaraq seçkilərdə iştirak etmək hüququ qazandı. Halbuki, həmin dövrdə seçki sahəsində gender bərabərliyi prinsipi nəinki müsəlman Şərqində, hətta Avropa dövlətlərinin əksəriyyətində hələ öz həllini tapmamışdı.

Milli təfəkkürümüzdə Vətən və Ana məfhumları vəhdət təşkil edir. Yəni, Ana Vətən! Deməli, Azərbaycan şüurunda Vətən də, Dövlət də, Vətən müqəddəratının qorunması üçün həyata keçirilən siyasət də, ilk növbədə ana, qadın adının ucalığından başlayır. Tarixən Azərbaycan qadını özünü heç vaxt Vətən, Yurd uğrunda aparılan mübarizələrdən kənarda hiss etməyib. Lazım olan anda siyasi proseslərə qatılıb. Təsadüfi deyil ki, Ümummili Lider Heydər Əliyev Azərbaycan qadınlarının ictimai-siyasi fəaliyyətini yüksək qiymətləndirmiş, onları səciyyələndirən aşağıdakı fikirləri səsləndirmişdir: “Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Ulu Öndərimiz Heydər Əliyevə məxsus olan bu dəyərli fikri müstəqil Azərbaycanın həyatında müstəsna rol oynamış Mehriban Xanımın timsalında bütün xanımlara şamil etmək olar. Dövlət siyasətinin bu vacib çalarını qiymətləndirərkən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirərək qeyd etdiyi kimi, “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər.“

MƏDƏNİYYƏTİMİZİN HAMİSİ

Bu tarixi ənənə müsair Azərbaycan siyasətində müstəsna rol oynayan Mehriban Xanım Əliyevanın simasında demək olar ki, pik həddinə çatmışdır. Mehriban Xanımın fəaliyyətini səciyyələndirərkən onun Azərbaycan xalqının mədəni irsinin mayasını təşkil edən qeyri-maddi mədəni irsinin (folkloru) qorunması, tədqiqi, təbliği və gələcək nəsillərə çatdırılmasındakı fəaliyyətinə toxunmamaq mümkün deyil. Mühüm bir strategiya ətrafında birləşdirilmiş bu mədəniyyət konsepsiyası məhz Mehriban Xanım Əliyevanın fəaliyyəti nəticəsində reallaşmışdır. Azərbaycan-UNESCO münasibətlərinin dinamik inkişaf mərhələsi kimi xarakterizə edilən dövr Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti ilə sıx bağlıdır. 1995-ci il tarixdən Mehriban Xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması istiqamətində uğurla fəaliyyət göstərmişdir. O, Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və təbliğindəki xidmətlərinə görə YUNESKO tərəfindən 11 sentyabr 2004-cü il tarixdə YUNESKO-nun şifahi ənənələr və musiqi ənənələri üzrə Xoşməramlı səfiri təyin olunmuşdur.

M.Əliyeva həmin mərasimdə Azərbaycan xalqının mədəni irsini belə xarakterizə etmişdir: “Azərbaycan çox vaxt Qərblə Şərq arasında körpü adlandırılır. Bu hələ Tarixi İpək Yolu dövründən ölkəmizin coğrafi-siyasi mövqeyə malik olması ilə bağlıdır. Azərbaycan özünün çoxəsrlik tarixi boyunca təkcə nəqliyyat dəhlizi kimi deyil, həm də mədəniyyətlərin dialoqunda öz sözünü deməyə qadir olan bir ölkə kimi tanınır. Mən fəxr edirəm ki, ölkəmizdə tamamilə bənzərsiz bir mədəni məkan yaranmışdır. Biz öz mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünya mədəniyyətinin nümunələrini qəbul edə bilmişik. Bu gün biz müxtəlif xalqların mədəniyyət elementləri ilə milli mədəniyyətimizin tərkib hissəsi arasında oxşarlığın şahidi oluruq. Bu isə heç də təsadüfi deyildir. Belə ki, bu proseslərin arxasında öz tolerantlığı, xeyirxahlığı, öyrənib-öyrətmək bacarığı ilə seçilən və mədəniyyətləri arasında körpülər yaradan azərbaycanlıların neçə-neçə nəsli durur.”

Göründüyü kimi M.Əliyeva məhz folklor və qeyri-maddi mədəni irsi özündə ehtiva edən şifahi ənənələr və musiqi ənənələri sahəsi üzrə Xoşməramlı səfir təyin edilmişdir. Onun yorulmaz və sistematik fəaliyyəti nəticəsində Azərbaycn xalqının bir çox mədəniyyət nümunələri YUNESKO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilmişdir. Təsadüfi deyil ki, Mehriban Əliyeva bu sahədə göstərdiyi fəaliyyətə görə 2008-ci ildə YUNESKO-nun keçmiş Baş direktoru Koişiro Matsuura tərəfindən gümüş xatirə medalı, 2010-cu ildə isə Baş direktor İrina Bokova tərəfindən UNESCO-nun “Qızıl Motsart” medalı ilə təltif edilmişdir. Heydər Əliyev Fondunun ixtisaslaşmış qeyri-hökumət təşkilatı kimi müstəqil subyekt olaraq YUNESKO ilə müxtəlif müqavilə və sazişlər bağlaması əməkdaşlığın dinamik inkişaf mərhələsinə keçməsinin bariz nümunəsidir.

Azərbaycan-YUNESKO münasibətlərinin bu inkişaf mərhələsinə çatması ilə əlaqədar Mehriban Xanım Əliyevanın qurumla folklor və qeyri-maddi mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi görüşlər və digər fəaliyyətlər ayrıca bir araşdırma mövzusudur.

XEYİRXAHLIQ VƏ HUMANİZİM MÜCƏSSƏMƏSİ

Bu gün Azərbaycanda xeyriyyəçilikdən söhbət düşəndə, ilk öncə Mehriban xanımı düşünürük. Xeyirxahlıq həm də yaxşılıqdır, mayası insana məhəbbətlə yoğrulmuş humanizmdir, nəciblik, mərhəmət, şəfqət və alicənablıqdır. Məhz bütün bu mənəvi dəyərləri özündə birləşdirməyi bacarmış şəxs Tanrının dərgahında kamil insan sayıla bilər. Mehriban xanımın humanizm dəyərlərinə sadiqliyi ilə bağlı bir faktı xatırlatmaq yerinə düşər. Belə ki, 2005-2017-ci illərdə millət vəkili olarkən Mehriban xanım yüzlərlə, minlərlə, on minlərlə insanın sevincinə sevinc qatan addımlara imza atmışdır. Yəni Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi 12 illik tarixi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsi olmuşdur. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır.

O, bu nəcib təşəbbüsü ənənəyə çevirərək 2009, 2013 və 2016-cı illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə 2009-cu ildə 9564, 2013-cü ildə təqribən 9000, 2016-cı ildə isə təxminən 10 min nəfər azadlığa buraxılmışdır. Amnistiya aktlarının məhbusların cəmiyyətə yenidən adaptasiya olunmasına nə qədər böyük rol oynadığını vurğulamaqla bərabər, həmçinin bu aktlar nəticəsində minlərlə uşağın valideyn qayğısı ilə əhatə olunmasını xüsusi qeyd etməliyik.

M.Əliyevanın valideyn qayğısından və himayəsindən məhrum olmuş uşaqlara sevgisi isə müasir Azərbaycan tarixində ayrıca sütunla yazılıb. Mehriban Əliyeva uşaqlarla bağlı hər bir problemə həssas reaksiya verir. O, bu və ya digər xəstəlikdən əziyyət çəkən uşaqların xilası naminə mümkün olan hər şeyi edir, uşaqların doğmalarının əhatəsində sağlam yaşamaları üçün hər cür səy göstərir. Hazırda valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə alan uşaqlar qayğı və diqqətlə əhatə olunub, onlar üçün sözün əsl mənasında ailə ab-havası yaradılıb.

AZƏRBAYCAN TƏBİƏTİNƏ VURĞUNLUQ

Müasir Azərbaycanda ekoloji mədəniyyətin inkişafı və təbiətin mühafizəsi ilə bağlı böyük dövlət adamı Heydər Əliyevin tarixi fikirləri məhz Mehriban Xanım Əliyevanın əməli fəaliyyəti nəticəsində öz yüksək təcəssümünü tapmışdır. Heydər Əliyev “Bir ağacı kəsən, elə bil mənim qolumu kəsir” demişdisə, M.Əliyeva Azərbaycanda yaşıllıq zonalarının salınması ekoloji mədəniyyətin inkişaf etdirilməsi və ənənəvi ağacəkmə layihələrinin əsasını qoymuşdur. Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə böyük ekoloji layihələr icra edilməkdədir. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Təkcə 2020-ci ildə - Nəsimi ilində Mehriban xanımın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir. Bakıda IDEA-nın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmiş və beynəlxalq ekspertlərin diqqəti Azərbaycanda, eləcə də bütün Qafqazda biomüxtəlifliyin qorunmasına yönəldilmişdir. Ölkəmizdə mütəmadi olaraq keçirilən ağacəkmə aksiyaları, Xəzər dənizinin ekoloji mühafizəsi tədbirləri, şəhərlərimizin yaşıllaşdırılması layihələrinin əsas təşəbbüskarı və iştirakçısı məhz Mehriban xanımdır. Onun 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvəllərinin Ali Baş Komandanı, qalib sərkərdə İlham Əliyevlə çiyin-çiyinə fəaliyyətinin şahidi olduq. Müharibə zamanı yaralı əsgərlərimizlə dəfələrlə görüşən Mehriban xanım onlara ana kimi qayğı göstərir, onların ən yüksək səviyyədə müalicəsini təmin edir, lazım gəldikdə xarici ölkələrə müalicəyə göndərirdi. Şəhid ailələrinin hər birinə Heydər Əliyev Fondu tərəfindən maddi dəstək olmaqla bərabər həm də mənəvi dəstək olurdu. Müharibədən sonra isə cənab Ali Baş Komandanla birlikdə hərbi formada işğaldan azad olunmuş əraziləri qarış-qarış gəzməklə həmin ərazilərin bərpa edilməsi üçün səfərbər olur.

Qələbə müjdəli ilk doğum günü olan Mehriban xanımı doğum günü münasibəti ilə təbrik edir və möhkəm cansağlığı və gələcək işlərində uğurlar arzu edirik.

Hörmətlə,
millət vəkilli, Milli Məclisin Ekologiya və təbii ehtiyatlar komitəsinin sədri Sadiq Qurbanov
Ramin Bayramlı Bakıda dəbdəbəli villa tikdirir (VİDEO)Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı özünə dəbdəbəli villa tikdirir.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Ramin Bayramlı torpaq sahəsinin sotu 70 min manatdan başlayan Badamdar qəsəbəsi, birinci massivdən 4 sot torpaq alıb.

O həmin torpaq sahəsində artıq villa da tikdirir. Ramin Bayramlı bahalı qiymətə aldığı torpağı və görkəmli villasını, heç şübhəsiz ki, pandemiyadan qazanılan pullarla əldə edib.

Müxtəlif internet resuslarında Ramin Bayramlının pandemiyadan külli miqdarda qazanc əldə etdiyi məlumatları paylaşılır. "Referans” klinikasının da ona məxsus olması barədə ciddi iddialar var. Məsələ burasındadır ki, TƏBİB sədri bu iddialarla bağlı heç bir açıqlama verməyib. Ümumiyyətlə, 2 il müddətinə bir vəzifədə çalışan şəxsin belə bir villa tikdirmək üçün pulu haradan aldığı araşdırılası məsələdir.

Məlumata görə, Ramin Bayramlının Badamdardakı qonşuları vəfat etmiş müdafiə sənayesi naziri Yavər Camalov və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevdir.

Qeyd edək ki, Ramin Bayramlının qonşuları da onun tez-tez əraziyə gələrək tikintinin gedişatı ilə maraqlandığını bildirirlər.

Ramin Bayramlının villasının görüntülərini sizə təqdim edirik:
Ermənilər Qubadlıda əsgərimizə qəfil hücum etdiAvqustun 25-də saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan silahlı qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb.

DSX-dan Avrasiya.net-ə verilən məlumata görə, digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermə­nistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaç­ıblar.

"Əsgər R.Şirəliyev təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilib, hazırda həyatı üçün təhlükə yoxdur. Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür və bu təxribata adekvat cavab veriləcək", - məlumatda vurğulanıb.
Mollazadə ziyanın 2,3 milyonunu ödədi, evə buraxıldıAzərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib.

Şahid Alim Babayev bildirib ki, təqsirləndirilən şəxsləri tanımır: "Tanışlarım Şəmsi və Rzanın göstərişləri ilə "Günay Bank"dan müəyyən məbləğdə pulları çıxarıb "Amrahbank"a apararaq Rövşən adlı şəxsə verirdim. Ümumilikdə 2-3 min manat pulu Rövşənə vermişəm və bu məbləğdən özümə heç nə götürməmişəm".

Daha sonra hal şahidi kimi Rəhman Aslanov dindirilib. O qeyd edib ki, Fərhad Mollazadəni tanıyır: "Əməliyyat zamanı F.Mollazadənin cibindən və otağındakı seyfdən pullar çıxdı. Cibindən təxminən 2 min dollar, seyfdən isə 10 min manata yaxın pul götürüldü. Axtarış zamanı otaqdan ev sənədləri də çıxdı".

Daha sonra şahid Elgün İsmayılov dindirilib. O, Fərhad Mollazadə və Səlim Əlizadəni tanımadığını bildirib: "Mən Vüqar adlı şəxsin yanında avtoservisdə usta köməkçisi işləyirdim. O dedi ki, təzə bir avtoservis açıb səni ora usta qoyacağıq. Bildirdi ki, avtoservis açmaq üçün əvvəlcə mənim adıma iki MMC açılmalıdır. Mən də razılaşdım. Lakin nə tenderlərdən, nə də pullardan xəbərim olmayıb. Sonra da Vüqar usta vəfat etdi".

Şahidlər dindirildikdən sonra hakim XİN-in nümayəndəsinə söz verib. Nümayəndə qeyd edib ki, XİN-in tələbi dəymiş ziyanın ödənilməsidir: "Dəymiş ziyanın ümumi məbləği 2 543 173 manatdır. Bu məbləğin 2 300 000 manatı Fərhad Mollazadə tərəfindən ödənilib. Hazırda 243 173 manat ödənilməmiş olaraq qalır".

Hakim Əfqan Hacıyev təklif edib ki, yerdə qalan məbləği Səlim Əlizadə ödəsin.

Məhkəmə prosesi avqustun 31-də davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, F.Mollazadə S.Əlizadə və digərləri ilə əlbir olub çoxsaylı şirkətlər vasitəsi ilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədi ilə ümumilikdə 2 543 173 manat vəsaiti mənimsəyiblər. Bu mənimsəmə tenderlərdə süni şəkildə qalib olma yolu ilə həyata keçirilib.

Prokuror təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edib.
İş üzrə zərərçəkmiş qismində Xarici İşlər Nazirliyi də tanınıb.

Xatırladaq ki, XİN-in sabiq işçiləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilərək həbs olunublar.

26 dekabr 2020-ci ildə hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıblar.
Son sutkada 33 nəfər virusdan vəfat edibAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 794 yeni yoluxma faktı qeydə alınıb, 2216 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 401 828 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 350 670 nəfər müalicə olunaraq sağalıb, 5 403 nəfər vəfat edib, aktiv xəstə sayı 45 755 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 835, ötən müddət ərzində isə ümumilikdə 4 362 263 test aparılıb.
“Grandmart”ın qarşısında döyülən gənc 21 gün sonra öldüAvqustun 23-ü saat 21 radələrində paytaxtın Yasamal rayon sakini, 1989-cu il təvəllüdlü Haşım Daşdəmirovun almış oldığı xəsarətlər nəticəsində 3 saylı Şəhər Klinik Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yasamal rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Haşım Daşdəmirov 02.08.2021-ci il tarixdə saat təxminən 01 radələrində Yasamal rayonunda yerləşən “Grandmart” adlı marketin qarşısında Əbil Məcidov ilə mübahisə edib, mübahisə zamanı sonuncunun Haşım Daşdəmirova yumruqla zərbə endirərək ona sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməsi nəticəsində Haşım Daşdəmirov 23.08.2021-ci il tarixdə xəstəxanada ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Əbil Məcidov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
İsrail şirkətləri Azərbaycana uçuşları bərpa edirAvqustun 25-də AZAL-ın prezidenti Cahangir Əsgərovun İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diklə ikitərəfli görüşdə ölkələr arasında, o cümlədən mülki aviasiya sahəsində qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib.

İsrailin Azərbaycandakı Səfirliyindən bildirilib ki, AZAL rəhbərliyi qeyd edib ki, COVID -19 pandemiyası səbəbindən bağlanan iki ölkə arasındakı hava sərhədləri açıldıqdan sonra, “Azərbaycan Hava Yolları” həftədə iki dəfə - cümə axşamı və bazar günləri Bakı ilə Təl-Əviv arasında uçuşlar həyata keçirir.

Corc Dik, öz növbəsində, vurğulayıb ki, bu payız İsrail aviaşirkətləri “ISR Air” və “Arkia Airlines” Azərbaycana uçuşları bərpa etməyi planlaşdırır.

Tərəflər, karantin məhdudiyyətlərinin yumşaldılması və epidemioloji vəziyyətin yaxşılaşması ilə İsrail və Azərbaycan arasında sərnişin axınının və yük daşımalarının artırılması imkanının nəzərdən keçiriləcəyinə əmin olduqlarını bildiriblər.
Qüdsi Osmanov Moldova parlamentinin spikeri ilə görüşdüAzərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Moldova parlamentinin sədri İqor Qrosu ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, görüşün əsas məqsədi Moldovanın siyasi həyatında yaranmış sabit vəziyyəti nəzərə alaraq, Azərbaycan və Moldova arasında müxtəlif sahələr üzrə əlaqələrin, xüsusilə parlamentlərarası münasibətlərinin müzakirəsi, Moldovada 11 iyul erkən parlament seçkilərindən sonra yeni qurulan parlamentdə ölkəmizlə dostluq qrupunun formalaşdırılması və iki ölkənin parlament sədrlərinin qarşılıqlı səfər və görüşlərinin təşkili məsələsi və digər qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi olub.

Görüş zamanı Q.Osmanov erkən seçkilərdə PAS-ın qələbəsinə görə bir daha təbrikini bildirib, PAS-ın qələbəsi ilə Moldovada siyasi çəkişmələrə son qoyulması və sabit hakimiyyətin qurulmasının ölkələrimiz arasında münasibətlərin intensivləşməsinə və inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb. Səfir yeni sədrə azərbaylanlı həmkarı Sahibə Qafarovanın təbrikini və Moldovanın parlamenti ilə əməkdaşlığın genişləndirilməsinə maraqlı olduğuna dair fikirlərini çatdırıb. Eyni zamanda, Q.Osmanov Moldovanın qanunverici orqanında Azərbaycanla dostluq qrupunun formalaşdırılması məsələsini sorğu edib.

İ.Qrosu təbrikə görə təşəkkürünü bildirib, müvafiq zamanda azərbaycanlı həmkarı ilə görüşmək arzusunu ifadə edib və cari ilin 21-22 oktyabr tarixində Afinada keçiriləcək Avropa Şurası üzv dövlətlərinin Parlament Rəhbərlərinin Avropa Konfransında (European Conference of Presidents of Parliament) görüşün təşkili imkanlarını maraqlanıb. Hazırda parlamentdə Azərbaycanla dostluq qrupunun yaradılması istiqamətdə işlər aparıldığını qeyd edərək cari ilin sentyabr ayında prosesin yekunlaşacağını bildirib. Ölkələrimiz arasında dost münasibətlərin olduğu bildirən sədr səfirin istər ötən illərdə Moldovada gərgin siyasi proseslər getdiyi vaxtda, istərsə də, PAS partiyasının seçkilərdə qələbəsindən sonra daim diqqət göstərməsini yüksək qiymətləndirib. Daha sonra, ölkəsindəki siyasi sabitliyin, xüsusilə işgüzar sahənin inkişafı üçün önəmli olduğunu qeyd edən İ.Qrosu həmsöhbəti ilə razılaşaraq bunun iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın genişlənməsinə imkan verəcəyini bildirib. Azərbaycanın enerji sahəsində uğurlarını qeyd edərək Moldovanın bu sahədə problemlərinin mövcudluğunu və ölkəmizlə xüsusilə, sözügedən sahədə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə parlamentlərarası münasibətlərdən əlavə, Q.Osmanov ölkəmizin sosial-siyasi sabitlik, mövcud iqtisadi inkişaf, hərtərəfli tərəqqisinə dair məlumat verərək 44 günlük müharibənin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qələbəsi ilə başa çatması, ermənilər tərəfindən dağıdılmış ərazilərimizin sürətli şəkildə bərpası, azad olunan rayonlarımızda xarici şirkətlərin fəaliyyəti, yeni yol və körpülərin tikintisi, infrastruktur imkanlarının yaradılması, xüsusilə Füzuli rayonunda beynəlxalq aeroportun tikilməsi və digər mühüm məqamları qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanlı sərmayədarların dünyanın bir sıra ölkələrində uğurlu fəaliyyətindən danışan səfir Moldovanın iqtisadiyyatında, xüsusilə kənd təsərrüfatı sahəsinin önəmli olduğunu nəzərə alaraq azərbaycanlı investorların bu sahədə fəaliyyətində geniş imkanlar olduğunu bildirib. Səfir Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə Birgə Hökümətlərarası Komissiyasının sonuncu iclasının 2012-ci ildə keçirilməsini nəzərə alaraq növbəti iclasın keçirilməsi üçün işlərin aparılmalı olduğunu qeyd edib. Bundan əlavə, o, iki ölkə arasında hüquq-müqavilə bazasının yenilənməsi, aktuallığını itirmiş köhnə müqavilələrə yenidən baxılması və baxılmaqda olan sənəd layihələrinin imzalanması imkanlarını müzakirə edib.

Öz növbəsində, İ.Qrosu 44 günlük müharibəni narahatlıqla izlədiyini, Moldovanın da ərazi bütövlüyü ilə bağlı münaqişə problemi olduğunu və bu xüsusda, Azərbaycanın ərazi bütövlüyü məsələsində ölkəmizi və xalqımızı daim dəstəklədiyini bildirmişdir. Azərbaycanın tolerant dəyərlərə malik ölkə olduğunu qeyd edən sədr ölkəmizdə 30 000 erməninin yaşamasının bunun sübutu olduğunu diqqətə çatdırmışdır. Azad olunmuş bölgələrdə aparılan quruculuq və bərpa işlərindən xəbərdar olan sədr insanların rahat yaşayışı təmin edilməsi üçün inşa edilən “ağıllı kənd” konsepsiyasını maraqla vurğulayıb. O, ölkəmizin hakimiyyət nümayəndələri, rəhbər şəxsləri ilə əlaqələrin qurulmasında maraqlı olduğunu xüsusi qeyd edib. İ.Qrosu bunu sadalanan işlərin sürətli şəkildə icra edilməsində önəmli olduğunu bildirib. Moldovanın Qaqauziya Muxtar Ərazisinin Çadır-Lunqa şəhərində Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilən Təhsil və mədəniyyət mərkəzinə görə ölkəmizə təşəkkürünü bildirib, mərkəzin açılışa hazır olduğunu dilə gətirib. Eyni zamanda, sədr pandemiya zamanı ölkəmizin Moldovaya yardımını yüksək qiymətləndirib.

Görüşdə, həmçinin Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) sədri Elçin Bayramov iştirak edib. O, MAK-ın fəaliyyətindən danışaraq, fəal azərbaycanlı gəncin PAS-a üzv olduğunu xatırladıb, gələcəkdə daha çox həmvətənlərimizin PAS-a üzv olmaq üçün maraq göstərdiyini bildirib. Bundan əlavə, E.Bayramov cari ilin 3 sentyabr tarixində paytaxt Kişineuda keçiriləcək diasporumuzun fəaliyyətinə həsr edilən tədbirə İ.Qrosunu dəvət edib.

Dəvəti məmnuniyyətlə qarşılayan İ.Qrosu Moldovada ölkəmizin diaspor üzvlərinin savadlı və dünyagörüşlü gənclərdən ibarət yenidən qurulmasının təqdirəlayiq olduğunu bildirib, hazırda həmvətənlərimizin Moldovanın siyasi-ictimai həyatında fəal iştirakını qeyd edib.

Qeyd edək ki, İ.Qrosu Moldova Prezidenti Mayya Sandunun lideri olduğu hakim partiya – Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) sədridir və ölkə prezidentinə yaxınlığı ilə seçilir.
Bu il şəhid ailələri və müharibə əlillərinə daha 700 ev təqdim ediləcəkDövlət başçısının yeni Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxsləri və ailə üzvlərini mənzillə təmin edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” yeni Sərəncamı bu kateqoriyadan olan şəxslərə dövlət başçısı tərəfindən daha bir yüksək qayğının təzahürüdür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Avrasiya.net-ə bildirilib ki, Sərəncama əsasən, nazirlik “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxsləri və ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərini mənzillə təmin edəcək.

“Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” 26 noyabr 2020-ci il tarixli Qanuna əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi kimi müəyyən olunub.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Silahlı Qüvvələrimizin bir qrup hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, habelə ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Dövlət başçısının 30 dekabr 2020-ci il tarixli Fərmanına əsasən Vətən Müharibəsi Qəhrəmanlarına (ölümündən sonra bu ad verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, həmin şəxsin ailə üzvlərinə) dövlət qayğısını artırmaq məqsədilə onlar üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Təqaüdün aylıq məbləği 2 000 manat müəyyən olunub.

Şəhidlərimizin ailə üzvlərinin, müharibə qazilərinin çevik və genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olunması dövlətimizin sosial siyasətinin prioritetlərindən biridir. Dəstək istiqamətlərindən biri kimi, şəhid ailələrinin, müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı sahəsində mühüm addımlar atılır. Ötən dövrdə 10500 şəhid ailəsi və müharibə əlilli mənzil və fərdi evlə təmin edilib. 2021-ci ildə də 3 minədək mənzil və fərdi evin bu kateqoriyalardan olan vətəndaşlara verilməsi nəzərdə tutulub ki, onlardan artıq 1300 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.

Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin mənzillə təmin edilməsi barədə yeni Sərəncamla həmin kateqoriyadan olan vətəndaşlar da dövlətin mənzillə təminat proqramına daxil edilir və bu proqramın əhatə dairəsi daha da genişlənir.