XEYİRXAHLIQ VƏ HUMANİZİM MÜCƏSSƏMƏSİ

XEYİRXAHLIQ VƏ HUMANİZİM MÜCƏSSƏMƏSİBu gün Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Xanım Əliyevanın doğum günüdür. Onu səmimi qəlbdən təbrik edir, uzun və sağlıqlı ömür arzulayıram.

Düşününürəm ki, bu gün dünyanın, insanlığın bəlkə ən böyük ehtiyac duyduğu məsələ xeyirxahlıq, rəhm və mərhəmətdir. Son 100 ildə, 20-ci əsrdən üzü bu yana rəhmə, mərhəmətə, şəfqətə bəlkə də tarixdə, insanlıq, bəşər həyatında heç vaxt olmadığı qədər ehtiyac duyulmaqdadır. Təəssüf ki, dünyanı idarə edənlərdə bir çox hallarda bunun əksini görürük. Amma çox sevindirici və qürurverici bir haldır ki, bizim rəhbərlərimiz, istər ölkə Prezidenti cənab İlham Əliyevdə, istərsə də, Mehriban xanımda bu keyfiyyətlərin hamısı birləşərək, vəhdət şəklində insanlığa xidmət edir. Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır. Müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir.

Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.

Bu məqamda istərdim ki, Azərbaycan qadınının xalqımızın bu günə qədər inkişafındakı rolunu bir daha xatırlayaq. Dahi Cavid deyirdi: “Sürüklənən bəşəriyyət qadınla dirçələcək”. Bu dərin semantikası olan fikrin tarixi və mədəni kontekstdə Azərbaycanda çox gözəl nümunələri var. Təsadüfi deyil ki, Azərbaycan tarixində qadın kultu həmişə öz müqəddəsliyini qorumaqla bərabər həm də yüksək mövqeyə malik olub. Tarixin səhifələrini vərəqləsək, görərik ki, Azərbaycan qadınının istər içtimai, mədəni, istərsə də siyasi həyatda fəaliyyəti kifayət qədər zəngindir. Məsələn, hələ orta əsrlərdə Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara Xatun diplomatik fəaliyyəti ilə tarixə öz damğasını vuran müdrik bir xanım obrazı yaratmağa nail olmuşdur. Massagetlərin məğrur çariçası, Əhəmənilər sülaləsinin əsasını qoymuş əfsanəvi Kirə qalib gəlmiş Tomris, qəhrəman qadın hökmdarlar Nüşabə, Şirvana hücum edən Krım xanını və Osmanlı qoşunlarını məğlub edən Heyran Nisə Bəyim, mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradıcısı Fətəli xanın həyat yoldaşı Tuti Bikə, Sara xatun, Dəspinə xatun və Mehinbanu Sultan xanım özlərinin diplomatiya sahəsindəki fəaliyyətləri ilə adlarını tarixə yazmağı bacarmışlar. Mədəniyyət sahəsində isə məşhur şairələr pleyadası parlamışdır ki, bunlardan da orta əsrlər dövründə qadının sevgili seçimində azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, Şuşada ilk ədəbiyyat məclisi yaratmış Xurşudbanu Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Şahnigar xanım, Aşıq Pərini misal göstərə bilərik. Zaman keçdikcə, nə qədər istedadlı və ağıllı, əzəmətli və cəsarətli qadının adı tarixə yazıldı. XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının çox gözəl nümunələri mövcuddur. Belə ki, o vaxtın qabaqcıl qadınları kifayət qədər düşünülmüş formada açıq düşüncəli yeni münasibətlər sisteminin formalaşmasında mühüm rol oynamışlar və məhz onlar, adi xeyriyyəçilik tədbirləri keçirməklə ilk qadın məktəblərinin, qadın yığıncaqlarının və klublarının yaradılması vasitəsilə digər sosial fəal qadın qruplarının formalaşmasına dəstək oldular. Və bu prosesdə həmin xanımların həyat yoldaşları da onlara böyük yardım edir, birgə fəaliyyət göstərirdilər. Azərbaycanın görkəmli nümayəndələri xalqı maarifləndirmək, ona öz hüquq və vəzifələrini anlatmaq yolu ilə ictimai rəyə təsir göstərməyə çalışır, jurnalist və publisistlər “qadın bir şəxsiyyət kimi azad olmayınca, onun problemləri həll olunmaz qalacaq!” ideyasını irəli sürürdülər.

Bəli, böyük tarixi, mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim yüksək ehtiramla yanaşmışdır. Qadınlar yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq, hər zaman bəşəriyyətin inkişafına mühüm töhfələr veriblər. Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçərək bütün mərhələlərdə ilklərə imza atmağa müvəffəq olmuşdur. Zaman keçdikcə bu deviz reallığa çevrildi və şəxsiyyətə çevrilən Azərbaycan qadını 100 il bundan əvvəl müsəlman Şərqində ilk dəfə olaraq seçkilərdə iştirak etmək hüququ qazandı. Halbuki, həmin dövrdə seçki sahəsində gender bərabərliyi prinsipi nəinki müsəlman Şərqində, hətta Avropa dövlətlərinin əksəriyyətində hələ öz həllini tapmamışdı.

Milli təfəkkürümüzdə Vətən və Ana məfhumları vəhdət təşkil edir. Yəni, Ana Vətən! Deməli, Azərbaycan şüurunda Vətən də, Dövlət də, Vətən müqəddəratının qorunması üçün həyata keçirilən siyasət də, ilk növbədə ana, qadın adının ucalığından başlayır. Tarixən Azərbaycan qadını özünü heç vaxt Vətən, Yurd uğrunda aparılan mübarizələrdən kənarda hiss etməyib. Lazım olan anda siyasi proseslərə qatılıb. Təsadüfi deyil ki, Ümummili Lider Heydər Əliyev Azərbaycan qadınlarının ictimai-siyasi fəaliyyətini yüksək qiymətləndirmiş, onları səciyyələndirən aşağıdakı fikirləri səsləndirmişdir: “Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Ulu Öndərimiz Heydər Əliyevə məxsus olan bu dəyərli fikri müstəqil Azərbaycanın həyatında müstəsna rol oynamış Mehriban Xanımın timsalında bütün xanımlara şamil etmək olar. Dövlət siyasətinin bu vacib çalarını qiymətləndirərkən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirərək qeyd etdiyi kimi, “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər.“

MƏDƏNİYYƏTİMİZİN HAMİSİ

Bu tarixi ənənə müsair Azərbaycan siyasətində müstəsna rol oynayan Mehriban Xanım Əliyevanın simasında demək olar ki, pik həddinə çatmışdır. Mehriban Xanımın fəaliyyətini səciyyələndirərkən onun Azərbaycan xalqının mədəni irsinin mayasını təşkil edən qeyri-maddi mədəni irsinin (folkloru) qorunması, tədqiqi, təbliği və gələcək nəsillərə çatdırılmasındakı fəaliyyətinə toxunmamaq mümkün deyil. Mühüm bir strategiya ətrafında birləşdirilmiş bu mədəniyyət konsepsiyası məhz Mehriban Xanım Əliyevanın fəaliyyəti nəticəsində reallaşmışdır. Azərbaycan-UNESCO münasibətlərinin dinamik inkişaf mərhələsi kimi xarakterizə edilən dövr Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti ilə sıx bağlıdır. 1995-ci il tarixdən Mehriban Xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması istiqamətində uğurla fəaliyyət göstərmişdir. O, Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və təbliğindəki xidmətlərinə görə YUNESKO tərəfindən 11 sentyabr 2004-cü il tarixdə YUNESKO-nun şifahi ənənələr və musiqi ənənələri üzrə Xoşməramlı səfiri təyin olunmuşdur.

M.Əliyeva həmin mərasimdə Azərbaycan xalqının mədəni irsini belə xarakterizə etmişdir: “Azərbaycan çox vaxt Qərblə Şərq arasında körpü adlandırılır. Bu hələ Tarixi İpək Yolu dövründən ölkəmizin coğrafi-siyasi mövqeyə malik olması ilə bağlıdır. Azərbaycan özünün çoxəsrlik tarixi boyunca təkcə nəqliyyat dəhlizi kimi deyil, həm də mədəniyyətlərin dialoqunda öz sözünü deməyə qadir olan bir ölkə kimi tanınır. Mən fəxr edirəm ki, ölkəmizdə tamamilə bənzərsiz bir mədəni məkan yaranmışdır. Biz öz mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünya mədəniyyətinin nümunələrini qəbul edə bilmişik. Bu gün biz müxtəlif xalqların mədəniyyət elementləri ilə milli mədəniyyətimizin tərkib hissəsi arasında oxşarlığın şahidi oluruq. Bu isə heç də təsadüfi deyildir. Belə ki, bu proseslərin arxasında öz tolerantlığı, xeyirxahlığı, öyrənib-öyrətmək bacarığı ilə seçilən və mədəniyyətləri arasında körpülər yaradan azərbaycanlıların neçə-neçə nəsli durur.”

Göründüyü kimi M.Əliyeva məhz folklor və qeyri-maddi mədəni irsi özündə ehtiva edən şifahi ənənələr və musiqi ənənələri sahəsi üzrə Xoşməramlı səfir təyin edilmişdir. Onun yorulmaz və sistematik fəaliyyəti nəticəsində Azərbaycn xalqının bir çox mədəniyyət nümunələri YUNESKO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilmişdir. Təsadüfi deyil ki, Mehriban Əliyeva bu sahədə göstərdiyi fəaliyyətə görə 2008-ci ildə YUNESKO-nun keçmiş Baş direktoru Koişiro Matsuura tərəfindən gümüş xatirə medalı, 2010-cu ildə isə Baş direktor İrina Bokova tərəfindən UNESCO-nun “Qızıl Motsart” medalı ilə təltif edilmişdir. Heydər Əliyev Fondunun ixtisaslaşmış qeyri-hökumət təşkilatı kimi müstəqil subyekt olaraq YUNESKO ilə müxtəlif müqavilə və sazişlər bağlaması əməkdaşlığın dinamik inkişaf mərhələsinə keçməsinin bariz nümunəsidir.

Azərbaycan-YUNESKO münasibətlərinin bu inkişaf mərhələsinə çatması ilə əlaqədar Mehriban Xanım Əliyevanın qurumla folklor və qeyri-maddi mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi görüşlər və digər fəaliyyətlər ayrıca bir araşdırma mövzusudur.

XEYİRXAHLIQ VƏ HUMANİZİM MÜCƏSSƏMƏSİ

Bu gün Azərbaycanda xeyriyyəçilikdən söhbət düşəndə, ilk öncə Mehriban xanımı düşünürük. Xeyirxahlıq həm də yaxşılıqdır, mayası insana məhəbbətlə yoğrulmuş humanizmdir, nəciblik, mərhəmət, şəfqət və alicənablıqdır. Məhz bütün bu mənəvi dəyərləri özündə birləşdirməyi bacarmış şəxs Tanrının dərgahında kamil insan sayıla bilər. Mehriban xanımın humanizm dəyərlərinə sadiqliyi ilə bağlı bir faktı xatırlatmaq yerinə düşər. Belə ki, 2005-2017-ci illərdə millət vəkili olarkən Mehriban xanım yüzlərlə, minlərlə, on minlərlə insanın sevincinə sevinc qatan addımlara imza atmışdır. Yəni Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi 12 illik tarixi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsi olmuşdur. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır.

O, bu nəcib təşəbbüsü ənənəyə çevirərək 2009, 2013 və 2016-cı illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə 2009-cu ildə 9564, 2013-cü ildə təqribən 9000, 2016-cı ildə isə təxminən 10 min nəfər azadlığa buraxılmışdır. Amnistiya aktlarının məhbusların cəmiyyətə yenidən adaptasiya olunmasına nə qədər böyük rol oynadığını vurğulamaqla bərabər, həmçinin bu aktlar nəticəsində minlərlə uşağın valideyn qayğısı ilə əhatə olunmasını xüsusi qeyd etməliyik.

M.Əliyevanın valideyn qayğısından və himayəsindən məhrum olmuş uşaqlara sevgisi isə müasir Azərbaycan tarixində ayrıca sütunla yazılıb. Mehriban Əliyeva uşaqlarla bağlı hər bir problemə həssas reaksiya verir. O, bu və ya digər xəstəlikdən əziyyət çəkən uşaqların xilası naminə mümkün olan hər şeyi edir, uşaqların doğmalarının əhatəsində sağlam yaşamaları üçün hər cür səy göstərir. Hazırda valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə alan uşaqlar qayğı və diqqətlə əhatə olunub, onlar üçün sözün əsl mənasında ailə ab-havası yaradılıb.

AZƏRBAYCAN TƏBİƏTİNƏ VURĞUNLUQ

Müasir Azərbaycanda ekoloji mədəniyyətin inkişafı və təbiətin mühafizəsi ilə bağlı böyük dövlət adamı Heydər Əliyevin tarixi fikirləri məhz Mehriban Xanım Əliyevanın əməli fəaliyyəti nəticəsində öz yüksək təcəssümünü tapmışdır. Heydər Əliyev “Bir ağacı kəsən, elə bil mənim qolumu kəsir” demişdisə, M.Əliyeva Azərbaycanda yaşıllıq zonalarının salınması ekoloji mədəniyyətin inkişaf etdirilməsi və ənənəvi ağacəkmə layihələrinin əsasını qoymuşdur. Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə böyük ekoloji layihələr icra edilməkdədir. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Təkcə 2020-ci ildə - Nəsimi ilində Mehriban xanımın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir. Bakıda IDEA-nın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmiş və beynəlxalq ekspertlərin diqqəti Azərbaycanda, eləcə də bütün Qafqazda biomüxtəlifliyin qorunmasına yönəldilmişdir. Ölkəmizdə mütəmadi olaraq keçirilən ağacəkmə aksiyaları, Xəzər dənizinin ekoloji mühafizəsi tədbirləri, şəhərlərimizin yaşıllaşdırılması layihələrinin əsas təşəbbüskarı və iştirakçısı məhz Mehriban xanımdır. Onun 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvəllərinin Ali Baş Komandanı, qalib sərkərdə İlham Əliyevlə çiyin-çiyinə fəaliyyətinin şahidi olduq. Müharibə zamanı yaralı əsgərlərimizlə dəfələrlə görüşən Mehriban xanım onlara ana kimi qayğı göstərir, onların ən yüksək səviyyədə müalicəsini təmin edir, lazım gəldikdə xarici ölkələrə müalicəyə göndərirdi. Şəhid ailələrinin hər birinə Heydər Əliyev Fondu tərəfindən maddi dəstək olmaqla bərabər həm də mənəvi dəstək olurdu. Müharibədən sonra isə cənab Ali Baş Komandanla birlikdə hərbi formada işğaldan azad olunmuş əraziləri qarış-qarış gəzməklə həmin ərazilərin bərpa edilməsi üçün səfərbər olur.

Qələbə müjdəli ilk doğum günü olan Mehriban xanımı doğum günü münasibəti ilə təbrik edir və möhkəm cansağlığı və gələcək işlərində uğurlar arzu edirik.

Hörmətlə,
millət vəkilli, Milli Məclisin Ekologiya və təbii ehtiyatlar komitəsinin sədri Sadiq Qurbanov