Bakıda Dini Liderlərin Qlobal Sammitinin ikinci günü başlayıb
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin ikinci günü başlayıb.
Avrasiya.net xəbər verir ki, sammit işini plenar iclasla davam etdirir.
Tədbirin sonunda COP29 çərçivəsində "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitinin yekun sənədi - Bakı Bəyannaməsi və Dünya dini liderlərinin COP29 Bakı iştirakçılarına müraciəti qəbul ediləcək.
Sammit iştirakçıları, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayacaqlar.
Daha sonra mətbuat konfransı ilə ikigünlük Sammit yekunlaşacaq.
Qeyd edək ki, ikigünlük sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin media subyektlərinin nümayəndələri iştirak edir.
Forum sonrası Sammit iştirakçılarının noyabrın 7-də işğaldan azad olunmuş ərazilərə səfər etməsi və reallıqlarla bilavasitə tanış olmaları planlaşdırılır.
Məlumat üçün bildirək ki, Sammit Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Müsəlman Ağsaqqalları Şurası, BMT Ətraf Mühit Proqramı (UNEP) və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə baş tutur.