Mətbuat Şurası Anar Cəbrayıllının yubileyini qeyd etdi - FOTOLAR
Azərbaycan Mətbuat Şurasında tanınmış jurnalist Anar Cəbrayıllının 50 illik yubileyi ilə bağlı toplantı keçirilib.
Avrasiya.net xəbər verir ki, toplantıda çıxış edən MŞ sədri Rəşad Məcid yubilyarın jurnalistlik fəaliyyətindən – “Avrasiya” və “Reytinq” qəzetlərində, uzun illər çalışdığı ANS televiziyasındakı məhsuldarlığından söz açıb.
O, eyni zamanda, A.Cəbrayıllının “Azərsu” ASC-də cəmiyyətin informasiya ilə təminatı, media təmsilçiləri ilə bu dövlət qurumu arasında münasibətlərin yaxşılaşdırılması baxımından nümunəvi missiya daşıdığını diqqətə çatdırıb. R.Məcid A.Cəbrayıllını Mətbuat Şurasının diplomu ilə təltif edib.
Toplantıda iştirak edənlər yubilyarın istər jurnalist, istərsə də mətbuat xidmətinin rəhbəri kimi peşəkar xüsusiyyətlərindən, onu qayğıkeş və həssas həmkar, əsl dost kimi xarakterizə edən cəhətlərdən söz açıb, xatirələrini bölüşüblər.
Qeyd edək ki, A.Cəbrayıllı 1974-cü il oktyabrın 29-da Cəbrayıl rayonunun Balyand kəndində anadan olub. 1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi nəzəriyyə fakültəsində təhsil alıb. 2002-ci ildə həmin universitetin aspiranturasını bitirib.
Yubilyar mətbuata 1998-ci ildə gəlib. Həmin il “Avrasiya” qəzetində müxbir kimi çalışıb. 1999-2000-ci illərdə “Reytinq” qəzetində şöbə müdiri olub. 2001-ci ildə “Azərxəbər” qəzetinin məsul katibi olub. 2001-ci ilin noyabrından 2011-ci ilin martınadək ANS Müstəqil Yayım və Media şirkətində müxbir, redaktor, şöbə müdiri və şef-redaktor olaraq fəaliyyət göstərib. 2011-ci ildən 2024-cü ilin avqustunadək “Azərsu” ASC-də şöbə və departament rəisi vəzifələrini tutub.
A.Cəbrayıllı 2020-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Bundan başqa, o, müxtəlif illərdə SOCAR-ın, çalışdığı Azərsu ASC-nin və Müdafiə Nazirliyinin fəxri fərmanları ilə də təltif edilib.