Nurla dolu dünya – Zərifə Əliyeva dünyası
Deyilənə görə bir damla suda belə günəş əks oluna bildiyi kimi,böyük insanlar da özündən sonra qoyub getdiyi hər sözündə, hər əməlində yaşayır. Dünya Oftalmologiya elminə müstəsna töhfələr vermiş görkəmli akademik Zərifə Əliyeva da hər an beləcə yada düşür, sevilir, sonsuz ehtiramla xatırlanır və ürəklərdə,könüllərdə yaşayır.
Bir insanın,mümkün olan bütün gözəllikləri,ən kamil dəyərləri və mükəmməl cizgiləri özündə cəmləşdirə bilməsi, yalnız,Uca Tanrının istəyilə ola bilər.
Sarsılmaz iradəsi, əzmkarlığı ilə əldə etdiyi dərin bilik və bacarığa güvənərək, zərif qəlbindəki tükənməz insan sevgisinin və şəfalı əllərinin sayəsində minlərlə insanın gözlərinə nur,çöhrəsinə xoşbəxt təbəssüm bəxş etmişdi Zərifə xanım Əliyeva. Bu, bir Tanrı vergisi, Böyük Yaradanın yalnız,sevib seçdiyi bəndələrinə verdiyi mükafat idi.
O, eyni zamanda, həm, ömür-gün yoldaşının əqidədaşı, könül həmdəmi, həm yaxşı ana, həm də, kamil bir həkim idi.
Yüz il əvvəl Azərbaycan dünyasının naxışı sayılan Naxçıvanın Şahtaxtı kəndində Zərifə xanım dünyaya göz açanda heç kimin ağlına gəlməzdi ki, o, dünya tibb elminin inkişafına töhvə verəcək, böyük nailiyyətlərə imza ataraq, görkəmli akademik olacaq və oftalmologiya sahəsində , qadın oftalmoloqlar arasında akademik M.İ.Averbax adına Tibb Elmləri Akademiyasının mükafatına layiq görülən ilk qadın oftalmoloq olacaq.
Orta məktəb illərindən başlayaraq özünün çalışqanlığı, müstəsna hazırcavablığı və hər şeyə məsuliyyətli yanaşması ilə seçilən Zərifə Əliyeva həm, müəllimlərinin, həm də, məktəb yoldaşlarının dərin rəğbətini qazanmışdır. Ailəsindəki mehriban münasibət, biri-birinə qayğı hissi özünü sinifdə də göstərirdi. Geniş ürəyə sahib olan Zərifə xanım bütün sinif yoldaşlarına xüsusi səylə kömək edər və geridə qalan yoldaşları üçün əlindən gələni əsirgəməzdi.
Tələbəlik illərində də Zərifə xanım öz qeyri-adi istedadı, yüksək intellektual qabiliyyəti ilə seçilərdi. Tələbə yoldaşları onun çox sadə, nəzakətli, gülərüzlü, açıqürəkli bir insan olduğunu vurğulayırdılar. Çox savadlı və bacarıqlı olduğuna görə,ona həmyaşıdları, müəllimləri qədər xüsusi bir hörmətlə yanaşar və güvənərdilər.
Tibb Institunu bitirdikdən sonra o, işləməklə birgə, həmçinin, aspiranturada oxuyur və sonralar həmin institutda elmi işçi kimi çalışmağa başlayır. Bu illərdə də Zərifə xanım öz qoruyucu mələk missiyasına sadiq qalaraq ordinatorlara da təmənnasız diqqət və qayğı göstərir, onların problemlərinin həllinə dəstək olur. Tələbə yoldaşı X.A.Rəcəbli qeyd edir: “1979-cu ildə Oftalmoloqlar Cəmiyyətinin Moskvada keçirilən iclasında Zərifə xanımın möhtəşəm çıxışını xatırlayıram. O, parlaq bir natiq kimi həkimin mənəvi tərbiyəsi, müasir tibb etikası haqqında çox maraqlı məruzə ilə çıxış etdi. Çıxışdan sonra sovet oftalmologiyasının patriarxı Akademik M.M.Krasnov ona yaxınlaşaraq qarşısında baş əydi və əlindən öpüb:”Sözüm yoxdur! Heyranam!” –dedi.
Zərifə Əliyevanın çalışdığı Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu SSRİ-nin tanınmış elm mərkəzlərindən biri idi, orada ölkənin ən yaxşı oftalmoloqları çalışırdılar. Zərifə xanımın gələcək elmi fəaliyyəti üçün buradakı elmi mühit çox əhəmiyyətli idi. Məhz,bu mühitdə o, öz elmi yolunu tapmış və mühüm axtarışların istiqamətinə yönəlmişdi. Zərifə Əliyeva intuitiv olaraq anlayırdı ki, bu elmi axtarışlarsız adi həkim olmaq mümkündür, lakin, əsl tibb elminə yiyələnmək və həqiqi alim olmaq mümkün deyildir.
Rusiyalı məşhur oftalmoloq, tibb elmləri doktoru, professor Z.M.Skripçenko da Zərifə xanım haqqında öz xatirələrində deyir: ”Bir dəfə Zərifə xanımla birlikdə həmkarlarımızın evində qonaq idik. O, yüksək intellektli adamların əhatəsində öz cəlbedici sadəliyi və həyat eşqi ilə seçilirdi: fortepianoda musiqiyə xüsusi rəng verərək populyar melodiyalar, rəqslər çalırdı. Elə məhatətlə ifa edirdi ki, sanki, onun əlləri həkimlik üçün yox, fortepiano üçün yaranmışdı. Zərifə xanım dinləyiciyə əsərin varlığını,mahiyyətini çatdırmağı bacarırdı.
Zərifə Əliyevanın tələbələri ona professionallığın və müdrikliyin canlı nümunəsi olan professor kimi baxırdılar. O, həmişə məntiqli və eyni zamanda, səmimi danışırdı.Zərifə xanım yüksək nitq mədəniyyəti ilə şeçilir və tələbələrində elmə,inkişafa xüsusi həvəs yaradırdı”.
Belə xatirələrlə tanış olanda göz önündə hərtərəfli, mükəmməl bir insan,kübar bir xanım obrazı canlanır.
Zərifə xanımda, sanki, qeyri-adi bir qüvvə - Kainatın cazibə qüvvəsinə bənzər bir qüvvə vardı. Böyük mütəfəkkir, humanist şair İmadəddin Nəsiminin müəllimi, XIV əsrdə cərəyan edən hürufiliyin banisi və ən nüfuzlu sufi şair Fəzlüllah Nəimi demişdir:”Kamil insan günəşdən, aydan, ulduzlardan daha böyükdür, mövcud olanların hamısı insandadır”. Zərifə xanım, Nəiminin təbirincə desək, kamil insan idi,mövcud olanların hamısı onda var idi.
Zərifə Əliyevanın taleyində daha mötəbər bir missiya, Heydər Əliyev kimi dahi bir şəxsiyyətin, dövlət başçısının həyat yoldaşı, əqidə yoldaşı olmaq qisməti var idi. Bu missiyanın öhdəsindən Zərifə xanım elə layiqincə gəlir ki, ömür-gün yoldaşı Heydər Əliyev kimi dahi şəxsiyyət, uzaqgörən siyasətçi xanımının daşıdığı gücə, bacarığa, həm ana, həm həkim, həm alim və siyasi məsləkdaş kimi bütün məsuliyyəti özündə cəmləşdirən bu incə varlığa heyran olurdu.
Çox təəssüflər olsun ki, amansız ölüm Zərifə xanımı vaxtsız apardı və Zərifə xanım müasir Azərbaycanda baş verən misilsiz dəyişikliklərin canlı şahidi ola bilmədi. Bilmədi ki, Ulu öndərimiz Heydər Əliyev dünya iqtisadiyyatında mühüm rol oynayan böyük layihələrə imza atdı və yeni Azərbaycan dövlətinin təməlini qoydu, inkişaf etdirdi.Görə bilmədi ki, gənc yaşlarında qoyub getdiyi sevimli oğlu İlham Əliyev, Azərbaycan xalqının xilaskarı olan atası, Ulu öndər Heydər Əliyevin qoyub getdiiyi bütün ideyaları layiqincə davam etdirir, öz uzaqgörən siyasəti ilə eynilə atası kimi dünya dövlət başçılarının diqqət mərkəzindədir.
Zərifə xanım bilmədi ki, onun oğlu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 illik erməni işğalına birdəfəlik son qoydu. 44 gün ərzində komandanı olduğu Azərbaycan Ordusunun iştirakı ilə Qarabağ və onun ətrafında olan yeddi rayon uğrunda gedən müharibədə misilsiz Zəfər çaldı. Adı dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq hərb taktikası ilə Azərbaycanın dilbər guşəsi olan Şuşanı azad etdi.
Minlərlə insanın gözünə nur bəxş edən Akademik Zərifə xanım Əliyeva illərdir ki, əbədiyyətə qovuşmuşdur. Zərifə xanımın xatirəsi bu gün də onun minlərlə doğmaları, tələbələri, həmkarları və dünya elm adamları tərəfindən böyük hörmət və ehtiramla anılır. Azərbaycan xalqı görkəmli akademik, dünya şöhrətli oftalmoloq Zərifə Əliyevanın əziz xatirəsini böyük hörmət və sonsuz məhəbbətlə yad edir. Allah rəhmət eləsin!
Mehriban Abdullayeva
Pedaqogika üzrə fəlsəfə doktoru
Son xəbərlər
