Ermənistanda polis etirazçıları döydü - Xəsarət alanlar var
İrəvanda hökumət binası yaxınlığında təşkil olunan etiraz aksiyasının 4 iştirakçısı polislə toqquşma zamanı xəsarət alıb, onlar İrəvan Dövlət Universitetinin xəstəxanasına yerləşdiriliblər.
Bu barədə Universitetin nümayəndəsi Şuşan Danielyan sosial şəbəkədə məlumat paylaşıb.
"Hökumət binası ilə bitişik ərazidən 4 nəfər birinci universitet xəstəxanasına aparılıb. Onların vəziyyəti stabil qiymətləndirilir. Hazırda onların həyatı üçün təhlükə yoxdur. Vətəndaşların müayinə və müalicəsi aparılır", - o deyib.
Qeyd edək ki, bu gün İrəvanda hökumət evinin yaxınlığında təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma baş verib.
Məlumata görə, hökumət binasına yaxınlaşan etirazçılar binanın girişindəki bariyeri yarmağa cəhd edib. Əraziyə cəlb olunan polis əməkdaşları və xüsusi təyinatlılarla etirazçılar arasında qarşıdurma yaşanıb. Təhlükəsizlik qüvvələri müxalifət nümayəndələrinə güc tətbiq edərək, onları hökumət binasının girişindən uzaqlaşdırıb.
Aksiya iştirakçıları arasında saxlanılanların olduğu bildirilir.