“Müxalifət xalqdan qisas alır” - Paşinyan
“İrəvanda keçirilən etiraz aksiyalarının məqsədi vətəndaşlar və bütövlükdə cəmiyyət üçün mümkün qədər çox narahatlıq yaratmaqdır”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 25-də parlamentin iclasında hakim “Mülki müqavilə” partiyasından olan deputatların suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, vəziyyət siyasi olmaqdan çıxıb.
“Müxalifətin bütün vasitə və mexanizmlərlə öz mesajlarını cəmiyyətə çatdırmaq üçün tam bir ay vaxtı var idi. Ümumiyyətlə, bu cür aksiyaların məqsədi cəmiyyəti prosesə cəlb etmək, siyasi tələb formalaşdırmaqdır. Lakin bu, baş vermədi”, - deyə hökumət başçısı bildirib.
Baş nazirin sözlərinə görə, indi proseslər hakimiyyət əleyhinə deyil, cəmiyyətin əleyhinə gedir.
"Müxalifətin ideyası ondan ibarətdir ki, insanlar ona qoşulmasalar, bu, cəmiyyət üçün daha çox narahatlıq yaradır və paytaxtda daha çox tıxac yaradır", - Nazirlər Kabinetinin rəhbəri bildirib.
Paşinyanın sözlərinə görə, etiraz aksiyalarının təşkilatçıları, görünür, vətəndaşlardan onlara qoşulmaqdan imtina etdiklərinə, eləcə də ötənilki parlament seçkilərinin nəticələrinə görə qisas alır. Bundan əlavə, o, əmindir ki, rəqiblər belə davranışları ilə öz reytinqlərini aşağı salırlar.
"Və bu mənada, onlara malüdaxilə edilməməlidir", - baş nazir bildirib.