Putin məğlubiyyətin heyfini generallardan çıxır
Rusiya Ukraynaya hücumda yarıtmaz fəaliyyət göstərdiyinə görə yüksəkrütbəli hərbçilərini işdən çıxarıb.
Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq bəyan edib.
"Birinci olaraq, Elit Qvardiya Tank Ordusuna komandanlıq edən general-leytenant Sergey Kisel Xarkovu ələ keçirə bilmədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb. Rusiyanın Qara Dəniz Donanmasına komandanlıq edən vitse-admiral İqor Osipovun da aprel ayında “Moskva” kreyserinin batmasından sonra işdən çıxarılıb.
Rusiya Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov, çox güman ki, vəzifəsində qalacaq, lakin onun Prezident Vladimir Putinin etimadını qoruyub saxlayacağı bəlli deyil. Ehtimal ki, Rusiya hərbi və təhlükəsizlik sistemində səhvləri ört-basdır etmək və günah keçisi axtarmaq mədəniyyəti qalır”, - kəşfiyyat məlumatında qeyd olunub.