"Lələtəpədə ucaldılan bayrağımız bu gün azad edilmiş bütün şəhərlərimizdə qürurla dalğalanır"

44 günlük İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərin təməli kimi dəyərləndirilən şanlı Aprel döyüşlərindən 10 il ötür. 2016-cı ilin aprel ayının ilk günlərində Ermənistan silahlı qüvvələri Madagiz, Ağdərə və digər strateji istiqamətlərdə yerləşən yaşayış məntəqələrimizi, eləcə də döyüş mövqelərimizi hədəfə alaraq genişmiqyaslı təxribatlar törətdilər. Düşmən birləşmələri keçmiş təmas xətti yaxınlığındakı mülki əhalini intensiv atəşə tutmaqla gərginliyi artırmağa cəhd etsə də, Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli müqaviməti ilə qarşılaşdılar.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, bu tarixi qələbə Azərbaycan Ordusunun sarsılmaz gücünü və yüksək döyüş imkanlarını bütün dünyaya bir daha nümayiş etdirdi. Ermənistanın illərdir formalaşdırdığı "məğlubedilməz ordu" mifi Aprel döyüşləri ilə darmadağın edildi. Dünya birliyi şahid oldu ki, Azərbaycan öz torpaqlarını hərbi yolla azad etmək qüdrətində olan nadir dövlətlərdəndir. İşğalçı Ermənistan rəhbərliyinin "hərb yolu seçilərsə, Azərbaycan məğlub olacaq" kimi sərsəm iddiaları cəmi dörd gün ərzində iflasa uğradı.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Aprel döyüşləri Azərbaycan Ordusunun ən yüksək keyfiyyətlərə malik olduğunu və istənilən an qarşıya qoyulan istənilən vəzifəni icra etməyə hazır olduğunu sübut etdi. Bu zəfər, böyük Qələbəmizə gedən yolda Silahlı Qüvvələrimizin öz qüdrətini nümayiş etdirdiyi şanlı bir mərhələdir.
Deputat diqqətə çatdırıb ki, Aprel döyüşlərində qazanılan bu parlaq uğurdan ruhlanan ordumuz cəmi iki il sonra 2018-ci ilin mayında daha bir mühüm zəfərə imza atdı.

Əlahiddə Ümumqoşun Ordu tərəfindən Naxçıvanın Günnüt kəndi və ətrafındakı strateji yüksəkliklərin nəzarətə alınması əsgər və zabitlərimizin istənilən döyüş tapşırığını yerinə yetirmək əzmində olduğunu bir daha təsdiqlədi. Aprel döyüşlərində və Günnüt əməliyyatında qazanılan zəngin təcrübə 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində uğurla tətbiq olundu. Rəşadətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı işğaldan azad etdi. Bu tarixi Qələbənin məntiqi davamı olaraq 2023-cü ilin sentyabrında keçirilən cəmi bir günlük uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin həm ərazi bütövlüyü, həm də suverenliyi tam bərpa olundu. 2023-cü ilin noyabrında Xankəndidə keçirilən Zəfər paradı isə Azərbaycanın hərbi gücünün ən parlaq nümayişi kimi tarixə həkk olundu.

K.Bayramov vurğulayıb ki, bu gün Azərbaycan suverenliyini bərpa etmiş qüdrətli dövlət kimi yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin 2024-cü ilin fevralında keçirilən andiçmə mərasimində bəyan etdiyi kimi, Azərbaycan Ordusu bu gün 2020-ci ildəkindən qat-qat daha güclüdür. Hazırda Silahlı Qüvvələrimizin modernləşdirilməsi istiqamətində mühüm addımlar atılır, Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılır və minlərlə hərbçini birləşdirən yeni “Komando” birləşmələri yaradılır.

Dövlət büdcəsində ən böyük xərclərin məhz hərbi sahəyə və azad edilmiş ərazilərin bərpasına ayrılması təhlükəsizliyimizin sarsılmaz zəmanətidir. 10 il əvvəl Aprel döyüşləri ilə başlayan bu şanlı yol sübut etdi ki, Azərbaycanın güclü ordusu hər an istənilən vəzifəni icra etməyə qadirdir və bundan sonra heç kim dövlətimizə qarşı təhdid dilində danışmağa cürət edə bilməz.

K.Bayramov əlavə edib ki, on il əvvəl Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyində ucaldılan üçrəngli bayrağımız, bu gün artıq Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qürurla dalğalanır. Dövlətimizin qətiyyətli siyasəti nəticəsində artıq 9 şəhərimiz Füzuli, Laçın, Cəbrayıl, Kəlbəcər, Şuşa, Ağdam, Xocalı, Xankəndi və Xocavənd öz sakinlərinə qovuşub. Bu rəqəmlər sadəcə bir statistika deyil, həm də Azərbaycanın iqtisadi gücünün və milli birliyinin bariz nümunəsidir.

Bu gün azad Qarabağ və Şərqi Zəngəzur nəhəng bir tikinti meydançasını xatırladır. Müasir infrastruktur layihələri, "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyaları ilə yenidən qurulan bu ərazilər sürətlə cənnət məkana çevrilir. On il öncə Aprel döyüşləri ilə başlayan və 44 günlük Vətən müharibəsi ilə zirvəsinə çatan Zəfər yolu, bu gün quruculuq salnaməsi ilə davam etdirilir. Hər bir qayıdış ünvanı, hər bir bərpa olunan abidə Azərbaycanın əbədi və əzəli torpaqlarına sahibliyinin sarsılmaz möhürüdür.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər