Pir Hüseyn xanəgahı - BİLMƏDİYİMİZ MARAQLI DETALLAR

Hacıqabul rayonunda yerləşən Pir Hüseyn xanəgahı kompleksinin qorunması və turizm marşrutlarına daxil edilməsi məsələsi yenidən gündəmə gəlib.

Avrasiya.net-in məlumatına görə, VI çağırış Milli Məclsin deputatı İltizam Yusifov rayonun Qubalıbalaoğlan kəndindəki Türk Şəhidliyinə ziyarəti zamanı yaxınlıqda yerləşən Pir Hüseyn xanəgahını da ziyarət edib.

İ. Yusifov qeyd edib ki, Pir Hüseyn xanəgahı və ya Pirsaat xanəgahı, Pirsaatçay xanəgahı Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndi ərazisində yerləşən XIII əsrə aid sufi xanəgahıdır. Onun sözlərinə görə, xanəgah kompleksi üzərindəki kitabələrdən məlum olur ki, abidə Şirvanşahlar dövründə, Kəsrani nəslindən olan III Fəribürz və II Axsitanın hakimiyyəti zamanı inşa edilib:

“Pir Hüseyn Şirvani 948-ci ildə Bakı şəhərində doğulmuş alim, şair və şiə Qələndəriyyə təriqətinin şeyxi olub. Onun sözlərinə görə, Pir Hüseyn Şirvani Şirvanşah Manumöhrün vəziri kimi fəaliyyət göstərib və dövrünün nüfuzlu şəxsiyyətlərindən biri sayılıb.

Pir Hüseyn Şirvani Yaxın Şərqdə Baba Kuhi adı ilə tanınan böyük sufi şairi və filosofu Məhəmməd Bakuvinin qardaşı olub. O qeyd edib ki, Şeyx Pir Hüseyn kimi tanınan Əl-Hüseyn ibn Əli xanəgah kitabələrində əzəmətli pir, sufilikdə yüksək mərtəbəyə çatmış şəxs kimi təqdim olunur və bu da onun böyük nüfuzundan xəbər verir.

Pir Hüseyn Şirvani Şirvanşah I Manuçöhr, I Fəribürz, onun atası Sallar və babası Yəzid ibn Əhmədin hakimiyyəti dövründə yaşamış, hicri 467-ci ildə (1074/1075) vəfat edib”.

Keçmiş deputat bildirib ki, Baba Kuhi Bakuvi isə Azərbaycanda doğulmuş məşhur şair, alim, səyyah və tədqiqatçı olub. Onun sözlərinə görə, 933-934-cü illərdə Bakıda doğulan Baba Kuhi ilkin təhsilini atasından almış, gənc yaşlarından səyahətlərə maraq göstərmişdir. O qeyd edib ki, qardaşı ilə mübahisədən sonra müxtəlif bölgələrdə yaşamış, sonradan İran və digər ölkələrə səfərlər etmiş, alimlərlə görüşmüş və müqəddəs yerləri ziyarət etmişdir.

İ. Yusifovun sözlərinə görə, Baba Kuhi Şirazda Əbu Abdullah ibn Xəfifin yanında təhsilini davam etdirmiş, daha sonra Bağdad və Nişapur kimi mühüm elm mərkəzlərinə səfərlər etmişdir:

“O, ömrünün son illərini Şiraz yaxınlığındakı dağlarda mağarada keçirərək ibadətlə məşğul olmuş və əsas əsərlərini də burada yazıb.

Baba Kuhi sağlığında böyük nüfuz qazanmış, ölümündən sonra da min illər boyu hörmətlə yad edilən şəxsiyyətlərdən biri olmuşdur. Onun sözlərinə görə, Şirazda yerləşən məzarı bu gün də ziyarətgah kimi tanınır və rəvayətlərə görə, məşhur şair Hafiz Şirazi poetik ilhamını həmin məzarın yanında dua etdikdən sonra qazanıb. Hətta Nizami Gəncəvi, Sədi, Hafiz, Nəsimi və Seyid Əzim Şirvani kimi dahi sənətkarlar Baba Kuhini öz əsərlərində yad etmiş və ona şeirlər həsr etmişlər”.

O diqqətə çatdırıb ki, Pirsaat çayı sahilində yerləşən xanəgah kompleksi tarixi karvan yolu üzərində tikilmişdir və bu səbəbdən qala tipli, müdafiə xarakterli memarlıq xüsusiyyətlərinə malikdir. Onun sözlərinə görə, kompleksin əsas tikililəri dördbucaqlı qala divarları daxilində yerləşir və buraya Pir Hüseynin türbəsi, məscid və minarə daxildir.

İ. Yusifov bildirib ki, kompleksdən dövrümüzə çatan ən mühüm memarlıq nümunələri Pir Hüseynin türbəsi və minarədir. O qeyd edib ki, türbənin daxilində yerləşən qəbir sənduqəsinin üzərini örtən kaşılar yüksək sənət nümunəsidir.

Keüçmiş deputat əlavə edib ki, bu kaşıların bir hissəsi XIX əsrdən etibarən müxtəlif şəxslər tərəfindən aparılmış və hazırda Ermitaj Muzeyi, Gürcüstan Dövlət Muzeyi, Şərq Mədəniyyəti Muzeyi, Luvr Muzeyi və Britaniya Muzeyi kimi muzeylərdə saxlanılır.

İ. Yusifov vurğulayıb ki, xanəgah kompleksi bir neçə yüz il ərzində formalaşmış, Pir Hüseyn Şirvaninin türbəsi ətrafında inkişaf etmişdir. Onun sözlərinə görə, türbə XI əsrin sonlarında tikilmiş, məscid isə plan quruluşuna görə İçərişəhərdə yerləşən Aşur məscidi ilə oxşarlıq təşkil edir.

“Məscidin memarlıq xüsusiyyətləri onu XI–XII əsrlərin qovşağında inşa edilmiş abidə kimi səciyyələndirməyə imkan verir. O əlavə edib ki, XIII əsrdə ziyarətgahın nüfuzunun artması ilə burada geniş tikinti və bəzək işləri aparılmış, 1243-cü ildə giriş qapısı, 1256-cı ildə isə minarə inşa edilmişdir.

Xanəgahın zəngin bədii bəzəkləri, xüsusilə gəc naxışlar və çoxrəngli kaşılar Elxanilər dövründə Şimal və Cənub memarlıq ənənələrinin qarşılıqlı təsirinin nəticəsi kimi meydana çıxmışdır”, - o qeyd edib.

Sabiq deputat sonda qeyd edib ki, sufilik İslamda mənəvi inkişafı ön plana çəkən xüsusi təlimdir və bu kimi abidələr həmin mənəvi irsin daşıyıcısıdır. O vurğulayıb ki, Pir Hüseyn xanəgahı kompleksinə daha çox diqqət ayrılmalı, abadlıq və bərpa işləri gücləndirilməli, bu məkan Azərbaycanın turizm marşrutlarına daxil edilərək ölkənin mədəni irsinin tanıdılmasında mühüm rol oynamalıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər