Milliyyətçilik və onun sərhədləri: Avstriyada narahatedici tendensiyalar yaradır

Milliyyətçilik tarix boyu xalqların öz kimliyini qorumaq, mədəniyyətini yaşatmaq və dövlətçilik şüurunu gücləndirmək baxımından mühüm rol oynayıb. Lakin bu anlayış öz sərhədlərini aşdıqda – yəni ifrat milliyyətçiliyə çevrildikdə – artıq birləşdirici deyil, parçalayıcı və təhlükəli ideologiyaya transformasiya olunur. Bu, təkcə nəzəri müzakirə mövzusu deyil, bəşəriyyətin ağır nəticələr öyrəndiyi tarixi həqiqətdir.
Bu gün Avstriya kimi yüksək həyat standartları, hüquqi sistemi və multikultural mühiti ilə seçilən bir ölkədə belə bəzi siyasi dairələrin ritorikasında milliyyətçilik və ksenofobiyanın artan çalarları müşahidə olunur. Xüsusilə son dövrlərdə müəyyən qrupların siyasi mövcudluğunu qorumaq və ya gücləndirmək məqsədilə cəmiyyətdə “biz və onlar” bölgüsü yaratmağa çalışması narahatlıq doğurur.

Tarix isə bu cür yanaşmaların sonunun necə faciələrlə nəticələndiyini açıq şəkildə göstərir. XX əsrdə Avropa, xüsusilə də İkinci Dünya Müharibəsi dövründə ifrat milliyyətçilik və irqçi ideologiyaların doğurduğu dəhşətlərin şahidi olub. Milyonlarla insan həyatını itirib, ailələr dağılıb, analar göz yaşları ilə övladlarını itirib. Bu ağrılı təcrübə Avropanın kollektiv yaddaşına həkk olunub və müasir Avropa dəyərlərinin formalaşmasında mühüm rol oynayıb.

Belə bir tarixi fon fonunda bu gün yenidən irqçilik, rasizm və islamofobiya üzərində qurulan siyasi ritorikanın meydana çıxması ciddi suallar doğurur. Siyasət yalnız qısa müddətli populist dividendlər üçün deyil, uzunmüddətli ictimai sabitlik və təhlükəsizlik üçün aparılmalıdır. Əks halda, cəmiyyətdə nifrət toxumları səpilir və bu toxumlar zamanla idarəolunmaz nəticələrə gətirib çıxara bilər.

Müşahidələr göstərir ki, nifrət dili çox vaxt sosial mediadan başlayır. Müəyyən mesajlar, dolayı çağırışlar və ya manipulyativ paylaşımlar cəmiyyətdə psixoloji gərginliyi artırır. Ardınca insanlar arasında qarşılıqlı etimad azalır, stereotiplər güclənir və nəticədə sosial parçalanma dərinləşir. Təəssüf ki, bəzi hallarda bu proseslər məktəblərdə və ictimai məkanlarda baş verən zorakılıq və terror xarakterli hadisələrə qədər gedib çıxır.

Daha düşündürücü məqam isə odur ki, bu cür hadisələr baş verdikdən sonra eyni ritorikanı yayan bəzi siyasi fiqurlar ictimaiyyət qarşısında çıxış edərək qurbanların ailələrinə başsağlığı verir, empatiya nümayiş etdirir. Halbuki, bu hadisələrin yaranmasına zəmin yaradan ideoloji mühitin formalaşmasında onların özlərinin də rolu olduğu sual altındadır. Bu isə ictimaiyyət tərəfindən haqlı olaraq ikiüzlülük kimi qiymətləndirilir.

Dünya artıq əvvəlki qədər böyük və təcrid olunmuş məkan deyil. Qloballaşma, texnologiya və miqrasiya prosesləri insanları bir-birinə daha da yaxınlaşdırıb. Bu reallıqda cəmiyyətləri süni şəkildə bölmək, insanları mənşəyinə, dininə və ya etnik kimliyinə görə qarşı-qarşıya qoymaq nə realdır, nə də dayanıqlıdır.

Əksinə, bu gün insanlıq daha çox ortaq dəyərlərə ehtiyac duyur. Bu dəyərlər isə yalnız hüquqi sənədlərdə deyil, eyni zamanda dini və mənəvi mənbələrdə də öz əksini tapır. Məsələn, Bibliyada yer alan və “Qızıl qayda” kimi tanınan prinsip bu baxımdan olduqca əhəmiyyətlidir. Matta İncilinin 7-ci fəsil, 12-ci ayəsində belə deyilir:

“İnsanların sizə necə davranmasını istəyirsinizsə, siz də onlara elə davranın.”

Bu prinsip yalnız Xristian əxlaqının deyil, ümumbəşəri etik düşüncənin də əsas sütunlarından biri hesab olunur. Bu baxımdan, özlərini dini dəyərlərin müdafiəçisi kimi təqdim edən, lakin fəaliyyətlərini nifrət və ayrı-seçkilik üzərində quran siyasi qüvvələrin mövqeyi ciddi ziddiyyət təşkil edir.

Əgər siyasət rasizm, islamofobiya və ya digər ayrı-seçkilik formaları üzərində qurulursa, bu, təkcə müəyyən qruplara deyil, bütövlükdə cəmiyyətin gələcəyinə zərbə vurur. Bu yanaşma nə dini dəyərlərlə, nə də müasir demokratik prinsiplərlə uzlaşır.

Bu gün Avstriya kimi gözəl və zəngin mədəni irsə malik bir ölkənin gələcəyi onun inklüzivliyindən, tolerantlığından və sosial harmoniyasından asılıdır. Alp dağlarının qoynunda yerləşən bu ölkə yalnız təbiəti ilə deyil, həm də müxtəlif xalqların dinc birgəyaşayış modeli ilə nümunə olmalıdır.

Nəticə etibarilə, hər bir fərd – istər siyasətçi, istər ictimai xadim, istərsə də sadə vətəndaş – üzərinə düşən məsuliyyəti dərk etməlidir. Cəmiyyətin gələcəyi nifrət üzərində deyil, qarşılıqlı hörmət, anlayış və əməkdaşlıq üzərində qurulmalıdır. İnsan olmaq, fərqli olana hörmət etmək və birgə yaşamağı bacarmaq bu gün hər zamankından daha vacibdir.

Fərid Əzizov
Demokratischen Zukunftspartei (DZP) partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər