31 Mart -Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib
Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib.
Tədbirlər çərçivəsində soyqırımı qurbanlarının, eləcə də Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda şəhid olanların xatirələri bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir. ![]()
Çıxışlarda erməni silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilmiş kütləvi qırğınların miqyası, qəddarlığı və faciəli nəticələri barədə ətraflı məlumat verilmiş, Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur və digər bölgələrdə minlərlə dinc azərbaycanlının amansızlıqla qətlə yetirilməsi, yaşayış məntəqələrinin dağıdılması, xalqımızın zəngin mədəni irsinin məhv edilməsi barədə faktlar şəxsi heyətin diqqətinə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, bu faciələr yalnız Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayətlərdir və məqsədyönlü şəkildə həyata keçirilmiş soyqırımı siyasətinin tərkib hissəsini təşkil edir. ![]()
Bildirilmişdir ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi bu hadisələrə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi baxımından mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə aparılan ardıcıl siyasət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə sistemli tədbirlər görülür.
Tədbirin sonunda azərbaycanlıların soyqırımına həsr olunmuş “Unudulmayan tarix” sənədli filmi nümayiş etdirilmiş, Dövlət Sərhəd Xidmətinin inzibati binasında fəaliyyət göstərən “Siyasi Repressiya Qurbanları Muzeyi”nə ekskursiya təşkil edilmişdir.![]()
![]()
