Sizin Reklam Burada

Savaşdan qaçdım, gəlib Amerikada... - İrfan Sapmaz Vaşinqtondakı durumdan danışır

Savaşdan qaçdım, gəlib Amerikada... - İrfan Sapmaz Vaşinqtondakı durumdan danışırTeleqraf.com-un suallarını məşhur hərbi jurnalist, bir zamanlar Azərbaycanda rəhbəri olduğu “Avrasiya” qəzeti ilə tanınan İrfan Sapmaz cavablandırıb. Hazırda Vaşinqtonda yaşayan İrfan Sapmaz koronavirus pandemiyası ilə əlaqədar ABŞ-dakı son durumdan danışıb.

- Ötən gün Prezident Donald Tramp ABŞ tarixində ilk dəfə olaraq genişmiqyaslı fəlakət rejimi elan etdi. Hazırda Vaşinqtondasınız, ümumi vəziyyət necədir, bu qərarı necə qiymətləndirirsiniz?

- ABŞ-da koronavirus pandemiyası ilə əlaqədar vəziyyət olduqca kritikdir. Söhbət 329 milyonluq əhalisi, dünyanın ən güclü iqtisadiyyatı olan bir ölkədən gedir. Donald Tramp çıxışında da ikinci dünya müharibəsindən sonra ilk dəfə bütövlükdə ABŞ xalqının bu cür mübarizəyə başladığını söylədi. Tramp çıxışlarında xalqa ümid verir, deyir ki, virusa qalib gəlib bu vəziyyətdən çıxacağıq. Lider kimi onun bu cür çıxışı normaldır. Həyatın əvvəlki axarı ilə davam etməsi üçün müvafiq qabaqlayıcı tədbirləri artırıb, Covid-19-a yoluxanların sayı 600 min nəfərə yaxınlaşır, ölənlərin sayı isə 22 mini keçib.

Tramp ilk növbədə virusun yayılmasının qarşısını almağa çalışır, insanları evdə qalmağa səsləyir, düşünür ki, bu müddətdə vaksin, dərman tapılacaq. Hər gün Ağ Evdə mətbuat kofransı keçirir, səhiyyə işçilərindən ibarət qrup də xalqı təlimatlandırır, görülən işlər barədə məlumatlar verilir. Nyu-York ştatında vəziyyət daha mürəkkəbdir, 20 milyon insan küçəyə çıxmır, xəstəxanalar doludur, son 1-2 gündür xəstəxanalara müraciətlərin sayında azalma müşahidə olunduğu açıqlanıb. Ölüm sayında isə azalma yoxdur. Digər tərəfdən iqtisadiyyatın dirçəldilməsinə çalışırlar. Ölkədə iş yerləri bağlıdır, kiçik və orta sahibkarlar daha çox zərər çəkib, eləcə də böyük şirkətlər ziyandadır. Büdcədən ayrılan 2,9 trilyon dollar vəsait iqtisadiyyatın vəziyyətinin düzəldilməsinə yönəldilib.

Yenidən 3 trilyon dollarlıq büdcə ayrılacağı bildirilir. Bir sözlə, Tramp sürətlə yayılan virusun qarşısını alıb ölkəni yenidən əvvəlki vəziyyətə gətirməyə çalışır. Çünki noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Tramp koronavirus təhdidini azaltmağı və buna son qoymağı hədəfləyir.

- Neçə müddətdir Vaşinqtondasınız? ABŞ-a köçmə səbəbi nədir, vəziyyətiniz necədir?

- Bilirsiniz, hərbi jurnalistəm, savaşdan qaçım dedim, özümü tamam başqa savaşın, virus müharibəsinin içində tapdım. ABŞ-a yanvarın 1-də gəlmişəm, bu ölkədə akademik karyerama başlamışam. Allah qismət edərsə, burada yaşayacağam, uzun zamandır Birləşmiş Ştatlara köçməklə bağlı planım vardı, bundan sonra həm akademik karyeramı, həm də jurnalist kimi fəaliyyətimi Vaşinqtonda davam etdirəcəyəm.

- Covid-19-la necə mübarizə aparırsınız?

- Çölə çıxmıram, 3-4 gündən bir ərzaq almaq üçün yaxınlıqdakı marketə gedirəm. Marketə gedəndə maska və əlcək taxıram, insanlarla ən azı 2 metrlik sosial məsafəni saxlayıram. Marketə məhdud sayda insanın daxil olmasına icazə verilir, maskası olmayanları buraxmırlar, alış-verişdən sonra kassada da yenə sosial məsafə saxlanılmalıdır. Evə gələndə istifadə etdiyim maska və əlcəkləri atıram. Yuyula bilən maska sifariş etmişdim, burda maska, əlcək tapmaq çox çətindir. Hərbi jurnalist kimi savaş meydanında gördüyümüz heç bir tədbir burada köməyimizə çatmır. Bu savaşın forması, yönü tamam başqadır. Bu da əslində virusa qarşı savaş müxbirliyi sayılır. Bunun da öz şərtləri var, bunun xüsusiyyətlərinə diqqət edərək özümüzü qorumağa çalışırıq.

- Virusa bir çox ölkələrdə ciddi yanaşılmadı. Hazırda ABŞ İtaliya və İspaniyanı da qabaqlayıb. Böyük güc sayılan ABŞ niyə virusa birdən-birə təslim oldu?

- Təəssüflər olsun ki, belə oldu. Koronavirus xəritəsinə baxanda görürük ki, Avropanın hər yeri qıpqırmızıdır. İtaliya, İspaniya ABŞ-dan sonrakı yerdədirlər. Onlar da qeyri-ciddi mövqe sərgilədilər. İngiltərə isə məsələyə başqa cür - bütün insanlar virusa yoluxsunlar, ölən ölsün, qalan qalsın tipli məntiqlə yanaşdılar. Baş nazir Boris Conson və bir sıra rəsmilər infeksiyaya yoluxandan sonra bu mövqedən imtina etdilər. İtaliya və İspaniyada vəziyyət olduqca mürəkkəbdir. Bütün bu ölkələrdə virusun sürətlə yayılmasının səbəbi sosial məsafənin saxlanılmaması ilə bağlıdır. Nyu-Yorkda da bu cür baş verdi. Nyu-York ştatının meri Endryu Kuomonun açıqlamasına görə virus ABŞ-da ilk dəfə bu ştatdan yayılıb, 34 milyona yaxın insan Nyu-Yorka gəldi, metro vasitəsilə digər ştatlara yayılmağa başladı. İkinci bir tərəfdən Nyu-York meri sosial məsafənin qorunmadığı açıqladı. Araşdırmalara görə, koronavirusa yoluxanların 65 faizinə infeksiya metro vasitəsilə yayılıb. Virusa yoluxanların sayı və yayılma sürətinə görə Avropa ölkələri ilk 10-luqda yer alır, Türkiyə də 9-cu yerdədir. Azərbaycandakı vəziyyəti yaxından izləyirəm. Azərbaycanda koronavirusla mübarizə çərçivəsində operativ qərarlar verildi, koronavirusun geniş yayıldığı İran və digər ölkələrlə sərhədlərini bağladı. Azərbaycanda verilən qərarlar son dərəcə vacibdir, insanlar karantin rejiminin qaydalarına əməl etməlidirlər. Yalnız evdə qalmaqla virusa qalib gəlmək mümkündür. Hələlik dərman və vaksin tapılmadığı üçün başda ABŞ olmaqla digər ölkələrdəki insanlar sosial məsafəni qorumalıdır. Ona görə də “evdə qal” mesajı önəmlidir. Azərbaycanlılar da bu mesaja və çağırışlara əməl edərsə, yaxın zamanda vəziyyət düzələcək.

- Koronavirusun həqiqətən təhlükəli virus olmaqla yanaşı bioloji silah olduğu barədə iddialar da irəli sürülür. Sizin fikirləriniz nədən ibarətdir?

- Bununla bağlı müxtəlif versiyalar səslənir. Bu virus adi qip xəstəliyindən 10 qat daha güclüdür. ABŞ-ın açıqlamalarına görə, Covid-19 təhlükəlidir, sürətlə yayılır, mutasiyaya uğrayır, Amerikada A, Çində B, bəzi yerlərdə C tipi var. Virus tez-tez xassələrini dəyişir. Vyetnamda, Çində laboratoriyada yaradıldığı iddia olunur. Hətta bu gün çıxan informasiyalara görə, mağarada yarasalar üzərində sınaqdan keçirilib, bioloji silah kimi yayılıb. Bu fərziyyələrin həqiqətə uyğun olub-olmadığını heç kəs bilmir. Qısaca, ABŞ-da da alimlər, rəsmilər, Ağ Ev koronavirus bəlasını dəf etdikdən sonra bu tip bioloji hücumlara qarşı mübarizə tədbirlərinin gücləndiriləcəyini bəyan edir. Dünya yeni dönəmə qədəm qoyur, artıq Amerikada bunlar müzakirə olunur.

- Dünyanın yeni dönəmi necə olacaq? Postkorona dövrü ilə bağlı təsəvvürləriniz nələrdir?

- Dünyada çox şey dəyişəcək. ABŞ-da şirkətlər çox böyükdür. Bunlara qlobal tədarük zəncirləri deyirlər. Məsələn, tanıdığımız Apple şirkətinin “software”, yəni yazılışı ABŞ-da edilir, 36 ölkədə istehsalı ilə əlaqədar iş görülür, Çində fabrikləri var, ayrı-ayrı hissələri müxtəlif ölkədə istehsal olunur, sonra tamamlanır və paylanır. ABŞ özünü təcrid siyasəti yürüdə bilər, çünki Çinə olan etimadı zədələndi və inamı azaldı. Çin koronavirusla bağlı informasiyaları gizlətdi, dekabrın sonunda infeksiya Uhanda çıxıb, lakin məlumatlar yanvarın 19-20-də açıqlandı. Ona görə də ABŞ iqtisadi sahədə yeni siyasət yürüdə bilər. Çinlə iqtisadi əlaqələrinin həcmini azalda, kəsə bilər. ABŞ-ın böyük şirkətləri, məsələn Amazon minlərlə məhsulunu Çindən almağı dayandırıb. Tramp və komandası Çinə qarşı iqtisadi sanksiyalar da tətbiq edə bilər. Çin Covid-19-la bağlı bilgiləri gizlətdiyi üçn, dünya ölkələri, o cümlədən ABŞ çox böyük iqtisadi ziyan çəkdi, minlərlə insan həyatını itirdi. Bir qrup vəkil 20 trilyon dollarlıq təzminat üçün Çinə qarşı iddia qaldırıb. İngiltərə də bu yöndə açıqlamalar irəli sürür. Mənim təxminlərimə görə, bu bəladan xilas olandan sonra Tramp Çinə qarşı böyük sanksiyalar tətbiq edəcək, bu ziyanları Çin vasitəsilə geri qaytaracaq. Dünya yeni dönəmə keçir, neft qiymətləri aşağı enib. Tramp Rusiya Prezidenti Vladimir Putin, Sədudiyyə Ərəbistanı kralı Salman, vəliəhd şahzadə Məhəmməd bin Salman, Meksika prezidenti ilə müzakirələr apardı. Neft istehsalının azaldılması istiqamətində çağırış edib. İnsanlar küçəyə çıxıb avtomobildən istifadə edə bilmir deyə benzin, dizelə olan ehtiyac azaldığından qiymətlər aşağı endi. 3,7 litrlik bir qallonun qiyməti 2 dollar 50 sent idisə, Tramp bəyan elədi ki, bəzi əyalətlərdə 80 sentə endi. Neft istehsal edən ölkələr ziyana düşdü. Tramp deyir neft istehsalını azaldın ki, insanlar neftə ehtiyac duysun, almağa başlasın və qiymətlər qalxsın. İqtisadiyyatı bu yolla bərpa etməyə çalışır. Turizm ölmüş vəziyyətdədir, ən azı 1 illik insanların ölkələrə turizm məqsədilə səyahət etməyəcəkləri proqnozlaşdırılır. 3,7 trilyonluq zərərdən söz açılır. “Microsoft” korporasiyasının əsasını qoyan Bill Qeyts payızda vaksinin tapılacağına dair açıqlama verib. Çox güman özünüz də oxumusunuz, Qeyts daha əvvəl belə bir virusdan danışıb, lakin qabaqlayıcı tədbirlər görülməyib. Bu mənada təbii ki, tədbirlərin gec görüldüyü üçün Trampa yönəlik də ciddi ittihamlar irəli sürülür.

- Yeri gəlmişkən, Bill Qeytsin koronavirusun patenini hələ 2015-ci ildə aldığına dair xəbərlər yayılıb. Bu barədə nə deyə bilərsiniz?

- Bu barədə geniş məlumatım yoxdur.

- Eləcə də virusun ayrı-ayrı laboratoriyalarda hazırlandığı, Rodşildlərin, Rokvellerlərin adları da çəkilir. Nə dərəcədə inandırıcı görünür?

- Çoxlu versiya və iddialar irəli sürülür. Bunlar dərin məsələlərdir. Bir virus hazırlandı, hökumətlər çökdü, dünyanın tək dövlətli düzənə doğru gedəcəyinə dair çoxçeşidli spekulyasiyalar var. Amma bunlarla bağlı dəqiq informasiyalar, dəlil və sübutlar yoxdur. ABŞ-da da çox şeylər yazılır və müzakirə edilir. Amma bu iddialarla bağlı indi nə isə demək tezdir. Bir gün mütləq virusun harada və kim tərəfindən hazırlandığı və sair üzə çıxacaq. ABŞ-da belə xəbər də yayılıb ki, Federal Təhqiqatlar Bürosu (FBİ) və Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Çindən gələn bir şəxsi saxlayıb, həmin adamın çantasında bəzi bioloji viruslar varmış. Detallı açıqlama verilmədi. Bu cür xəbərlər də dolaşır. Covid-19-un laboratoriyalarda hazırlandığı barədə fikirlər var, amma ABŞ-da bu istiqamətdə sənədli-sübutlu açıqlama görmədim.

- Çinin virusu gizlətdiyinə dair məsələyə toxundunuz, xatırlayırsınızsa, ilk dönəmdə Çin ABŞ- ittiham edirdi. Tramp isə bu virusun adını Çin virusu kimi xarakterizə elədi. Qarşılıqlı ittihamları necə şərh edərdiniz?

- Tramp bütün açıqlamalarında Çini hədəf aldı, buna Çin virusu dedi. Çinin koronavirusu gizlətdiyi açıq və aydındır. Dekabrın sonunda Uhanda üzə çıxıb, heyvanlar və dəniz məhsulları satan bazarda iki qadın yoluxmuşdu, "Nyu York Tayms" qəzeti bununla bağlı gözəl xəbər hazırlamışdı. Qadınlardan metrolar vasitəsilə 11 milyonluq əhalisi olan Uhanda yayılmış, sonra Çinə və bütün dünyaya ayaq açıb. Bu, sirr deyil. Əsas günahkar Çindir. Buna görə də ABŞ Çinə qarşı ciddi ittihamlar səsləndirir.

- Sonda ümumi ab-havaya toxunmanızı da istərdim. Dükanlarda qiymət artımı varmı?

- Əlbəttə, nə isə tapılmırsa, avtomatik olaraq qiymətlər qalxır. Maska tapmaq çətinləşib. Adi vaxtlarda qiyməti 1 dollar olan maska sifariş vermişdim, vergilərlə birgə 21 dollara gəlib çıxdı. Eləcə də əlcək, təmizlik vasitələri, tualet kağızı tapmaq olmur. Hələ vəziyyət bu həddə çatmazdan əvvəl böyük marketlərdə məhdud sayda satış həyata keçirilirdi, təmizlik vasitələrinin iki paketdən artıq alınmaması üçün marketlərdə polis keşik çəkirdi. Bunlardan başqa demək olar istənilən hər şeyi almaq mümkündür. Dünən marketdə duru yağ tapa bilmədim, sonra kiçik marketdən aldım. Amerikalılar fırtına və tufana öyrəncəli olduğu üçün insanlar əvvəldən alış-veriş edib evlərinə qapanırlar, ətraf aləmdən təcrid olunurlar. Onu da qeyd edim ki, onlayn sifarişlərdə də bir az uzun fasilələr yaranıb. Məsələn, Bolmart kimi böyük marketdə 2,2 milyon insan çalışır. Sifarişlər 1 ay fasilə göstərir, əvvəllər bəzən bir neçə saat içində çatdırma mümkün olurdusa, indi sifariş etdiyim maska 11 gün sonra gəldi.

- Xəstəxanalarda vəziyyət necədir? Orada da oksigen aparatı çatışmazlığı yaşanır?

- Bəli, əvvəl belə problem vardı. Trampın müdafiə qanunu çərçivəsində təlimatına əsasən oksigen aparatının istehsalına başlanıldı. 1 ədəd aparatın qiyməti 50 min dollara başa gəlir. Trampın açıqlamalarna görə, bu problem geridə qalıb. İlk növbədə Nyu-Yorkda virusun kökünün kəsilməsinə hədəfləniblər, düşünürlər ki, orada tamamilə aradan qaldırılsa, yayılmanın da qarşısını almaq mümkün olacaq. Amma təbii hər yerə yayılıb. Səhiyyə işçiləri yoluxma və ölüm sayına görə rəqəmlər Nyu-Yorkda yüksək olduğu üçün oraya göndərildi. Əlcək və maskalar tapılmırdı, Çin və başqa ölkələrdən sifariş edildi. ABŞ anladı ki, təkcə silaha, texnoloji vasitələrə investisiya qoymaq lazım deyilmiş. Tibbi sığorta ABŞ-da olduqca bahadır, koronavirusa yoluxan bir qadın 5-6 gün müalicə olunandan sonra sağalıb və ona mülalicə ilə bağlı 35 min dollarlıq müalicə qəbzi verilib, o isə qəbzi görəndə şoka düşüb. Bundan sonra ABŞ-ın səhiyyə sisteminə ciddi investisiyalar qoyacağını düşünürəm. Çünki koronavirus pandemiyası dövründə Amerikanın səhiyyə sisteminin çökdüyü məlum oldu.

- Kimsə özündə koronavirus simptomları hiss edirsə, səhiyyə ocaqları ilə necə əlaqə qurulur?

- Öskürək və yüksək temperaturun varsa, Apple, Google vasitəsilə onlayn müraciət olunur. Yaxınlıqdakı xəstəxanaya da getmək olar. Həkim və tibbi personal çatışmazlığı olduğu üçün evdə müraciət qeyri-mümkündür. ABŞ Dövlət Departamenti dünyadan həkimlərə Amerikaya gəlməsi üçün çağırış etdi, başqa bir ölkədə çalışan həkimlərin ABŞ-da işə başlaması üçün şərtlər çox ağır idi, indi yumşaldıblar. Türkiyə və Azərbaycan bu prosesdə sürətli addım atıb, evdə yoxlanış ABŞ-da yoxdur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər