Sizin Reklam Burada

Ofelya xanım Bağırbəyova - 90

Ofelya xanım Bağırbəyova - 90Ofelya xanım üç nəslin nümayəndəsidir. O, Abbasqulu xan İrəvanski, Pənah xan Makinskinin nəticəsi, Əli xan və Tacı xanımın nəvəsidir. Ofelya xanım XIX-XX əsrin əvvəllərində Azərbaycanda, o cümlədən İrəvan xanlığında, Rusiyanın işğalından sonra isə İrəvan quberniyasında iqtisadiyyatın, həmçinin təhsilin, milli mədəniyyətin inkişafında mühüm xidmətləri olmuş böyük bir nəslin davamçısıdır.

Rusiya imperiyasının İrəvan xanlığını işğalından əvvəl təkcə İrəvan şəhərində 8 məscid mövcud olmuşdur. Şopenin verdiyi məlumata görə, həmin məscidlərdən 2-si qalanın içərisində, Zal xan, Novruzəli xan, Sərtip xan, Hüseynəli xan, Hacı İnamverdi, Hacı Cəfər bəy məscidləri isə qaladan kənarda yerləşirdi. Məscidlərin içərisində ən möhtəşəmi və Azərbaycan memarlığının nadir incisi olan Hüseynəli xan məscidi, yaxud Göy məscid adlanırdı. Bu məscid 1766-cı illərdə Hüseynəli xanın hakimiyyəti dövründə inşa edilmişdir. Çar dövründə İrəvanda azərbaycanlıların dini ibadətlərini etdikləri 8 məsciddən biri idi. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir. Ümumilikdə 7000 kvadratmetrlik ərazidə yerləşir. İkinci Dünya müharibəsindən sonra Sovet hökumətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü söküldü və 1952-ci ildə məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məktəbə çevrildi.

Abbasqulu xan İrəvanski - Hüseynəli xanın nəticəsidir. Onun adına arxiv sənədlərində də rast gəlinir. Sənədlərdən məlum olur ki, 1898-ci ildə bir qrup İrəvan ziyalıları, o cümlədən Abbasqulu xan İrəvanski Göy məscidin nəzdində ibtidai məktəb açmaq qərarına gəlirlər və bu məktəbin maliyyələşdirilməsini öz üzərlərinə götürürlər. Tarixçi-alim Məşədixanım Nemətovanın araşdırma apardığı daş kitabələrdə Abbasqulu xan İrəvanskinin adına rast gəlinir. Araşdırmalardan məlum olur ki, İrəvan şəhərində Göy məscid kompleksində yerləşən mədrəsə Abbasqulu xan İrəvanski tərəfindən inşa edilmişdir. Mədrəsə binasının hücrələrindən birində mərmər başdaşının üzərində hicri təqvimlə “1330-cu il (miladi 1911-1912-ci il) Abbasqulu xan” yazılmışdır. Buradan aydın olur ki, Abbasqulu xan İrəvanski İrəvanın görkəmli maarifpərvərlərindən biri olmuş, orada təhsilin inkişafında mühüm rol oynamışdır. Abbasqulu xan dövrünün ziyalısı kimi tanınmış, 1882-1899-cu illərdə İrəvan Şəhər Dumasına üzv seçilmişdir. Abbasqulu xan İrəvan rus-türk məktəblərinin fəxri nəzarətçisi vəzifəsini daşımaqla bərabər, xeyriyyəçilik də etmişdir. Onun haqqında “Qafqaz təqvimi”ndə və “Qafqaz” qəzetində belə məlumatlara daha çox rast gəlinir. Naxçıvanla çox bağlı olan Abbasqulu xan İrəvanski 1905-ci ildə İrəvanda və Naxçıvanda xalqı başına toplayaraq erməni daşnaklarına qarşı vuruşmuş, müsəlmanların İrəvandan köçürülməsinin qarşısını almışdır. O, 1907-ci ildə vəfat etmişdir.

Tanınmış şəcərəşünas Çingiz Qacar Abbasqulu xanın Bilqeyis xanımdan 3 övladı - iki oğlu və bir qızı olduğunu yazır. Onun ikinci həyat yoldaşı Tərlan xanım Naxçıvanskayadan isə (general İsmayıl xan Naxçıvanskinin qızıdır) 6 övladı olub: Həsən xan, Fəxrəntac xanım, Gövhərtac xanım, Xanlar xan, Tacı xanım və Kərim xan. Abbasqulu xanın böyük oğlu Həsən xan 1920-ci ildən sonra Türkiyəyə köçüb. Onun oğlu Hüseyn xan Turqut Türkiyə Hava Qüvvələrinin generalı olub. Varisləri İstanbulda yaşayırlar. Çingiz Qacar orada onlarla görüşüb.

Abbasqulu xanın üçüncü xanımı isə general-mayor Kalbalı xanın sonbeşik qızı Zərrintac bəyim olub. Bu nikahdan övladlarının olub-olmaması qeydə alınmayıb. Arxiv sənədlərinə görə Abbasqulu xanın Əli xan adlı əmisi oğlu da olub. O, 1853-1856-cı illərdə Krım müharibəsində iştirak edib. Əli xan İrəvanski Kərbəlayi Qurbanəlinin qızı ilə evlənib. Kərbəlayi Qurbanəli görkəmli dövlət xadimi Əziz Əliyevin ata babasıdır. Bu səbəbdən də sovet hökuməti illərində Əziz Əliyev təqiblərə məruz qalıb.

Abbasqulu xan uzun illər ermənilərlə mübarizə aparıb. Bir-biri ilə kökdən qohum olan Naxçıvanski, İrəvanski və Şadlinskilər ən çətin anlarda onun köməyinə çatıblar. Erməni daşnaklarının xain basqınları nəticəsində Naxçıvana gələrək burada yaşayıblar. Hətta 1920-ci ildən sonra da onların övladları 1937-ci ilədək Naxçıvanda fəaliyyət göstərmişlər.

Ofelya xanım Bağırbəyovanın şəcərəsi digər tərəfdən Pənah xan Makinskinin adı ilə bağlıdır. Pənah xan Makinski İrəvanın adlı-sanlı tarixi şəxsiyyətlərindən biri idi. O, 1905-ci ildə İrəvanda azərbaycanlıların ermənilər tərəfindən qətliamı ilə bağlı dövlət və hökumət orqanları qarşısında çıxış etmiş və bu məsələyə öz münasibətini kəskin formada bildirmişdir. İrəvan quberniyasının general-qubernatoru qraf Vladimir Tizenhauzenin yanında İrəvan şəhərinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə sabitliyin bərpa edilməsi və qorunması üçün müvəqqəti komissiya yaradılmışdı. Komissiyanın tərkibinə İrəvan ziyalıları, o cümlədən Pənah xan Makinski (Ofelya xanımın babası), Kərbəlayi Məmməd Əliyev, Ağa xan İrəvanski, Mir Abbas Mirbabayev, Ələkbər bəy İsmayılov, Abbasqulu bəy Hacıbəylinski daxil idilər. Ofelya xanımın babası - Əli xan Makinskinin Azərbaycanın mədəni həyatında, teatr sənətinin inkişafında mühüm xidmətləri olmuşdur. O, 1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğalından sonra ölümə məhkum edilmişdir. Lakin edam öncəsi azad edilməsinə baxmayaraq, ürək çatışmazlığından 35 yaşında vəfat etmişdir. Ofelya xanımın babası Əli xan Makinskinin ölümündən sonra nənəsi Tacı xanım İrəvanskaya 24 yaşında 4 azyaşlı uşaqla - Süleymanxan (11 yaş), Tamara (8 yaş), Səltənət (5 yaş), Dövlə (2 yaş, Ofelya xanımın anası) öz doğma torpağında ard-arası kəsilməyən təqiblərə məruz qalmışdır. 1930-cu ildə o, övladları ilə birlikdə doğma torpağını, İrəvan quberniyasında onlara məxsus malikanələrini, məscidlərini, əkin və otlaq sahələrini və s. qoyaraq oradan köçməyə məcbur olmuşdu. Köçüb gəldikləri Gəncə şəhərində xan nəslindən olduqları üçün sərt münasibətlə qarşılanır, heç bir yerdə işə qəbul olunmur. İşsiz yaşamağın mümkün olmadığından Tacı xanım İrəvanskaya Bakı şəhərinə köçməyi qərarlaşdırır. Onlara Bakıya köçmələrinə sonralar Tacı xanımın qızı Dövlə xanımla ailə həyatı quran, Ofelya xanımın atası Cəfər Bağırbəyov kömək etmişdir. Ofelya xanımın atası Cəfər Bağırbəyovun Azərbaycanın hərb tarixinin inkişafında, azərbaycanlı gənclərin milli vətənpərvərlik ruhunda böyüməsində mühüm xidmətləri olub.

İrəvan zadəgan nəslinin nümayəndəsi olan Ofelya xanım Bağırbəyova 1934-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini Səbail rayonu 134 saylı məktəbdə almış, 1951-ci ildə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olmuş və buranı dağ-mədən mühəndis-geofizik ixtisası üzrə bitirmişdir. İlk əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda laborant vəzifəsi ilə baslamışdır. Sonralar kiçik elmi işçi, böyük elmi işçi kimi fəaliyyətini davam etdirən, hazırda isə aparıcı elmi işçi vəzifəsində çalışan bu zəhmətkeş və fədakar xanım həmişə işinə sevgisi, peşə fəaliyyətində üstünlükləri ilə fərqlənmişdir. Geologiya-mineralogiya elmləri namizədi Ofelya xanım Bağırbəyovanın Azərbaycanda yeganə “İzotop geologiyası və geoxronologiya” laboratoriyasının yaranmasında böyük əməyi var. O, ilk dəfə olaraq Azərbaycanda maqmatik süxurların dəqiq radioxronoloji tədqiqatını aparmış, alumitlərin yaşının təyin edilməsi üsulunu işləyib hazırlamış, Böyük və Kiçik Qafqazın, Krımın və s. maqmatik süxurlarının maqnit sahəsi varyasiyası ilə mütləq yaşı arasında korrelyasiya əlaqəsini müəyyən etmisdir. Apardığı radioxronoloji və geoloji analizlərin həm nəzəri, həm də praktiki baxımdan mühüm əhəmiyyəti olmuşdur. O, üç monoqrafiyanın və 110-dan çox elmi məqalənin müəllifidir. Rusiya, Türkiyə, İran, Yunanıstan, Çin, Avstraliya və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfransların və simpoziumların iştirakçısıdır.

Tanınmış alim Ofelya Bağırbəyova elmi fəaliyyətlə yanaşı, pedaqoji sahədə gənclərin bilik və bacarıqlarının artırılmasında, təlim-tərbiyəsində mühüm xidmətlər göstərmişdir. O, Bakı şəhərində yerləşən Nəcib Xanımlar Kollecində direktor müavini vəzifəsində çalışmışdır. Hacı Zeynalabdin Tağıyevdən sonra Azərbaycanda ikinci qız məktəbini 1990-cı ildə Firəngiz Məhərrəmova açmış və həmin məktəbi “Nəcib Xanımlar Universiteti” adlandırmışdır. “Nəcib Xanımlar Universiteti”nin açılışı vaxtıilə Qızlar məktəbi adlanan və hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu adlanan binada keçirildi. 1992-ci ildə “Nəcib Xanımlar Universiteti”nin 10 nəfər əlaçı tələbələri olan biz məzunlar: Rübabə Şirinova, Rüxsarə Məmmədova, Lamiyyə Süleymanova və s. məktəbin direktoru Firəngiz Məhərrəmova, direktor müavini Ofelya Bağırbəyovanın məsləhəti ilə İslam Universitetinə (Bakı İslam İnstitutu) imtahan verdik və hamımız bu ali məktəbə qəbul olduq. Azərbaycanda ilahiyyat sahəsində ilk oxuyan qız tələbələr biz olduq. Tələbəlik illərində də biz əziz müəllimimiz Ofelya xanımla vaxtaşırı görüşür, onun dəyərli məsləhətlərinə qulaq asırdıq. Tale elə gətirdi ki, mən ali məktəbi bitirdikdən sonra AMEA-nın Əlyazmalar İnstitutunda işə qəbul olundum və müəllimim Ofelya xanımla tez-tez görüşürəm. Əlyazmalar İnstitutunda işlədiyim 20 il ərzində hər zaman bir ana kimi onun qayğısını hiss edir və dəyərli məsləhətlərini dinləyirəm. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin, Abbasqulu xan İrəvanski, Pənah xan Makinski, Çəmşid bəy Naxçıvanski və digərlərinin irsini qan yaddaşında daşıyan Ofelya xanım Bağırbəyovanın bu günlərdə 90 yaşı tamam olur. Bu yubiley ərəfəsində millət vəkili, Qərbi Azərbaycan İcmasında qadınlar şurasının sədri, Məlahət İbrahimqızı və Qərbi Azərbaycan İcması İrəvan şəhəri icmasının sədri filologiya elmləri doktoru, professor Fəridə xanım Səfiyeva ilə birlikdə gedib Ofelya xanım ilə görüşdük. Fəridə xanım Ofelya xanıma Qərbi Azərbaycan İcmasınin vəsiqəsini və döş nişanını təqdim etdi. Bu yubiley ərəfində Ofelya xanıma bundan dəyərli hədiyyə ola bilməz. Mən də öz növbəmdə əziz müəlliməm Ofelya xanım Bağırbəyovanı ürəkdən təbrik edirəm, ona cansağlığı və illərlə həsrətində olduğu İrəvan şəhərinə getməyi, vaxtı ilə babalarının tikdirdiyi Göy məscidi, “Qırxbulaq“, “Dərəçiçək” yaylaqlarını ziyarət etməyi arzulayıram.

Rübabə ŞİRİNOVA,

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər