​"İranla müharibə Trampın şəxsi nüfuzunu da ciddi zədələdi"

​İndiyə kimi ABŞ İsrailin İrana hücumlarına İranın bütövlüyü qorunmaq şərti ilə dəstək verib. Yəni Qərb İranın parçalanmasını beynəlxalq təhlükəsizliyə təhdid hesab edir. Səbəb də yeni dövlətlər, qarşıdurmalar, silahlı qruplaşmaların yaradılması regionu nəzarətdən çıxara bilər. Qərbin əsas marağı isə Türkiyə və türk faktorudur ki, İran tarazlayıcı-əks mərkəz rolu oynasın.

​28 fevrala qədər ABŞ-ın İranla bağlı siyasi-taktiki planı onun bölünməsini nəzərdə tutmayıb, baxmayaraq bu variant da beyin mərkəzləri tərəfindən irəli sürülüb. İranla bağlı daha çox məhdudlaşdırma (Containment) xətti mövcud olub – regionda təsir gücünün azaldılması və nüvə silahı əldə etməsinin qarşısının alınması. Keçən ilin sonunda başlanan mitinqlərdə İranın parçalanma təhlükəsi yarandığından, ABŞ mitinqlərə lazımi dəstək "verə bilmədi".

​Bir fikir də var ki, İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz "Böyük İsrail" planının icrası üçün cəlb edib. Əslində, Təl-Əvivin "Böyük İsrail" planları ilə ABŞ-ın Çini bloklamaq niyyətinin üst-üstə düşməsi nəticəsində İrana qarşı birgə müharibə aparılır.

​12 günlük İsrail–İran və 28 fevraldan ABŞ və İsrailin İrana qarşı başladığı müharibə birmənalı olaraq ABŞ və Qərb dövlətlərinin İranla bağlı yeni taktiki-strateji dəyişiklik ehtiyacını yaratdı. Müharibənin nəticəsindən asılı olmayaraq, hələlik ABŞ və İsrailin İran üzərində hərbi, İranın isə ABŞ və İsrail üzərində danılmaz ideoloji və psixoloji qələbəsi ilkin nəticədir. İran region dövlətləri, xüsusən də ABŞ-a təhlükəsizliyi üçün sığınan ərəb ölkələri üzərində psixoloji liderlik ilə yanaşı, hərbi qələbə də qazanmış görünür.

​Bu nəticə İranın regionda hərbi, dünya siyasətində və diplomatiyasında nüfuzunun artması ilə nəticələnə bilər. ABŞ İranla bağlı məqsədlərinə hələ nail olmadığına görə, bu, ABŞ-ın qlobal güc imicinə böyük zərbə kimi statusuna sualı getdikcə ağırlaşdırır. Pekinin də İrana birmənalı hərbi dəstəyindən qazancı aydındır. İran–ABŞ müharibəsi Rusiyaya beynəlxalq təzyiqləri azaltmaq, paralel olaraq Ukraynada müharibəni uğurla aparmaq imkanı yaradır.

​İranla müharibə ABŞ-ın qlobal güc imici ilə yanaşı, prezident Trampın şəxsi nüfuzunu da ciddi zədələdi. Artıq Trampın açıqlamaları siyasi bəyanatdan çox panik reaksiyanı xatırladır. İran Trampın dəlisov gedişlərinə elə korrektə verdi ki, Tramp gələcək avantürist addımlarından çox çəkinəcək.

​Bu sınaq İran üçün uğurlu olsa da, İranın müqaviməti və dünya güc mərkəzinə çevrilməsi üçün yalnız daxili elmi-texniki imkanları və ideoloji birliyi ABŞ-ı İranla bağlı "məhdudlaşdırma" (Containment) doktrinasından imtina etməyə çox tutarlı əsas verir. Tehranın ərəb ölkələrindən ABŞ baza və əsgər dislokasiyası barədə məlumatların verilməsini və ABŞ-dan regiondakı hərbi bazalarını çıxarmağı şərt kimi tələbi Vaşinqton üçün ən aşağılayıcı siyasi və hərbi biabırçılıqdır.

​Nəzarətə tabe olmayan, yeni dünya güc mərkəzinə real iddialı İran ABŞ kimi qlobal güc üçün faktiki təhlükəyə çevrildiyindən, onun bütövlüyünün dağılması strateji variant kimi masaya gətirilə bilər. Bu da İranın özünü məhv etməsi deməkdir. Qənaət belədir ki, ABŞ və Qərb İrana qarşı "məhdudlaşdırma" strategiyasından imtina edib, "Divide and Rule" (lat. Divide et impera) – yəni çox tanınan "parçala və hökm sür" anlayışını tətbiq edə bilər. ABŞ və İsrailin İrana vurduğu hərbi və iqtisadi zərəri yeni strategiyanın tətbiqi imkanını genişləndirir.

​Nəticə etibarı ilə, çoxlu etnik (xüsusən Cənubi Azərbaycan, Kürdüstan) ərazilərdən ibarət İrana "Balkanization" – yəni bir neçə kiçik, zəif və bir-biri ilə münaqişəli dövlətlərə bölünməsi – tətbiq oluna bilər ki, bu da İsrailin arzuladığı strateji hədəf kimi müəyyənləşir. (1945-ci ildə indiki İran ərazisində Cənubi Azərbaycan Milli Hökuməti – Pişəvəri, 1946-cı ildə isə kürdlər Mahabad adlı dövləti qura bilmişdi). Uğursuz müharibə halında ABŞ-ın qlobal güc imicinə böyük şübhələr fonunda İranın parçalanması xilas variantına çevrilə bilər.

İranın parçalanmasında ərəb ölkələrinin mövqeyi həlledicidir. Ərəblər isə İranda əsasən Xuzistanda və Hörmüzqanda məskunlaşıb. İran nüvə silahına malik olmasa da, artıq qarşısı çətin alınan gücdür; əldə edərsə, ərəb ölkələri üzərində hansı hökmün sahibi olacağı indidən görünür. Ən əsası isə, İranın Hörmüz boğazından güclü hərbi, iqtisadi təzyiq vasitəsi kimi istifadə etməsi körfəz ölkələrinin neft ixracına ciddi maneə, dünya neft bazarında isə böhran yaradır. İranın xəritəsindən görünür ki, boğaz ətrafında məhz ərəb mənşəli Hörmüzqan əyaləti yerləşir. Bu baxımdan ilk növbədə Hörmüzqanın müstəqilliyi ilə boğazın İranın nəzarətindən çıxarılması artıq geosiyasi-strateji hədəf kimi qarşıya qoyulur.

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər