Şamaxı sakini ov tüfəngi ilə özünü öldürdüŞamaxı rayonunun Sabir qəsəbə sakini, 1979-cu il təvəllüdlü Hünər Ramiz oğlu Eyyubov ov tüfəngindən atəş açaraq özünə qəsd edib.

Avrasiya.net xəbər verir ki, hadisə axşam saatlarında rayonun Cabani kəndində qeydə alınıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Hünər Eyyubovun meyiti isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə aparılıb.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
İran Avropa İttifaqının SEPAH-la bağlı qərarına cavab verəcəkİran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri ilə görüşündə deyib ki, parlament Avropa İttifaqının SEPAH-a qarşı atdığı istənilən addıma qəti şəkildə cavab verməyə hazırdır.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf şənbə günü İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlami ilə görüşüb.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, görüşdə Avropa İttifaqının (Aİ) SEPAH-I terrorçu təşkilat elan etməsi məsələsi müzakirə edilib.

Qalibaf avropalıları səhvlərini düzəltməyə çağırıb.

General-mayor Səlami isə bildirib ki, SEPAH-ın səyləri olmasaydı, amerikalıların yaratdığı İŞİD terror vulkanı avropalıları bürüyəcək və bu gün Avropada təhlükəsizlik məhv olacaqdı.

SEPAH-ın bu cür təhdidlərdən qorxmadığını əsas gətirən Salami, "Avropalılara keçmiş səhvlərini təkrarlamamağı tövsiyə edirik" deyib.

General-mayor Salami Aİ-nin qanunsuz addımına qəti cavabı müzakirə etmək üçün İran parlamentinin bazar günü keçiriləcək iclasında iştirak etməyə hazırlaşır.

Avropa Parlamenti yanvarın 19-da SEPAH-ı qara siyahıya salmağa çağıran qətnamə qəbul edib. Qətnamə bununla bağlı qərar qəbul edilməsi üçün Avropa Şurasına göndərilib.
Ər arvadını bıçaqladıYanvarın 21-də saat 10 radələrində Sumqayıt şəhəri Corat bağlarında yaşayan qadının bıçaq xəsarətləri alması barədə polisə məlumat daxil olub.

Avrasiya.net xəbər verir ki, DİN-in mətbut xidmətinin məlumatına görə, araşdırmalarla cinayət əməlini törədən 1964-cü il təvəllüdlü Sevil Quliyevanın həyat yoldaşı, 1963-cü təvəllüdlü Atlıxan Huseynxanov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.
Nazirlikdən mənzil almaq istəyənlərə xəbərdarlıq: maklerlərə inanmayın!“Son günlər bəzi ev alqı-satqısı ilə məşğul olan dəllallar (“maklerlər”) tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onlayn qaydada satışa çıxardığı mənzillərin alınmasında vasitəçilik təkliflərinə dair elanlarına rast gəlirik. Sui-istifadə, insanları aldadaraq qazanc əldə etmək məqsədi daşıyan belə vasitəçilik elanlarına, təkliflərinə aldanmayın”.

Avrasiya.net xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həmişov bəyan edib.

O bildirib ki, mənzillərin satışı ms.sosial.gov.az portal üzərindən onlayn qaydada aparılacaq, ona görə də burada vasitəçiyə heç bir ehtiyac yoxdur.

"Hər kəs də asan və rahat şəkildə həmin portala daxil olub, satışa çıxarılan mənzillərlə ətraflı tanış ola bilər. Seçdiyi mənzili də gələn həftənin ilk günü, bazar ertəsi saat 10-dan (onlayn satışa həmin vaxt başlanacaq) sonra bron edərək ala bilər.

Mənzillərin satış prosesi barədə yayımlanmış videotəlimatda bu barədə ətraflı məlumat təqdim olunur: //www.youtube.com/watch?v=FdY-CV9RwIw

Onu da bildirim ki, mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən yeni yaşayış binalarında yerləşən, tam təmirli, indiyədək istifadə olunmamış, çıxarışlı, bankların ipoteka krediti ilə də alınması mümkün olan mənzillərdir", - deyə M.Həşimov bildirib.
Toyda kütləvi dava: Ata və oğlunu döydülərGoranboy rayonunda kütləvi dava baş verib.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, hadisə Düzqışlaq kəndi ərazisində yerləşən şadlıq sarayında olub.

Yanvarın 19-da şadlıq evində içkili şəxslər arasında dava düşüb. Nəticədə Kənan Məmmədov və bir qrup şəxs ata və oğulu döyərək, xəstəxanalıq ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, yanvar ayının 19-da Goranboy Rayon Polis Şöbəsinə Sumqayıt şəhər sakinləri Rafiq Məmmədrzayev və övladı Eşqin Məmmədrzayevin rayon ərazisində Goranboy rayon sakini Kənan Məmmədov və bir qrup şəxs tərəfindən döyülməsi barədə məlumat daxil olub:

“Hazırda RPŞ-də digər şəxslərin müəyyən edilməsi və hadisəyə hüquqi qiymət verilməsi istiqamətində zəruri araşdırmalar davam etdirilir”.
Bakıda uşaq tüfənglə 7 yaşlı dayısı oğlunu vurduBakıda uşaq ehtiyatsızlıqdan ov tüfəngi ilə dayısı oğlunu vurub.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyindən Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 20-də saat 17 radələrində Binəqədi qəsəbəsində bir uşağın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla 9 yaşlı uşağın evdə atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə 7 yaşlı dayısı oğlunun döş qəfəsinə xəsarət yetirməsi məlum olub.

Polis əməkdaşları hadisə yerindən müvafiq sənədləri olan “Churchill” markalı ov tüfəngi götürüblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 131-ci maddəsi (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Dünyada artan nüfuz qlobal İqtisadi inkişafın göstəricisidirPrezident İlham Əliyevin 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi zamanı cənab Prezidentin nüfuzunu və ona olan xoş münasibətin bir daha jurnalistin emosiyalarından gördük. Həqiqətən də bu gün Azərbaycanın Dövlət başçısı dünyanın ən öndə gedən liderlərindən birinə çevrilib. Bu isə əlbəttə ki, onu sözün əsil mənasında etibarlı şəxsiyyətə çevirib. Müsahibə zamanı bu etibarlı münasibəti cənab Prezident bir daha xatırlayaraq bildirdi ki, Çin və Azərbaycan yaxşı dostlardır. Hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur. Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır.

30 il ərzində əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. Davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq.

Müsahibədə o da qeyd olundu ki, perspektiv əməkdaşlıq əlaqələri daha da inkişaf edir. Azərbaycan enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir.

Xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Bu bir daha göstərir ki, Azərbaycanda münbit investisiya mühiti mövcuddur.

Xəzər dənizində ən böyük ticarət donanmasından, loqistika, beynəlxalq nəqliyat infrastrukturundan və azad iqtisadi zonanın yaradılmasından söhbət açan dövlət başçısı bildirdi ki, Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsi icra olunur. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır.
“Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdi. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik. “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı.

Bakıdan qərb istiqamətində infrastrukturu genişləndirmək üçün Azərbaycan əlavə sərmayə yatırır.
Açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi. Avtomagistrallar və hava limanları kimi layihələr də həyata keçirilir. Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər.

Tranzit nəqliyyat layihələrinin inkişafı iqtisadiyyatın şaxələnməsi və neft-qaz gəlirlərindən asılılığın azalması deməkdir. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar. Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. Həmçinin tarif siyasəti də mühüm məsələdir.

Qeyd edildi ki, Azərbaycanda eləcə də enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaradılıb və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olunub. Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq. 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisi tamamlanıb. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir, bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir.

Bütün bunlar əlbəttə ki, müstəqilliyini yenidən bərpa edəndən sonra Azərbaycan iqtisadiyatının çoxşaxəli inkişafından xəbər verir. 1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Azərbaycan kasıblığın nə olduğunu yaxşı bildiyi üçün digər ölkələrə kömək əlini uzatdı. Biz pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərmişik. Biz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən etdik. Biz, sadəcə, hesab etdik ki, bizim belə imkanımız varsa, bunu etməliyik.

Cənab İlham Əliyev dünyanı bürüyən problemlərdən danışaraq bildirdi ki, qlobal liderlik rəqabət mühitində sübut olunur. Silahlar yerə qoyulmalı və diqqətlər bəşəriyyətin üzləşdiyi problemlərə yönəlməlidir – yoxsulluq, aclıq və bir çox ölkələr üçün içməli suyun və elektrik enerjisinin əlçatan olmaması. Budur fundamental problemlər.

Dəstək və əməkdaşlıqla bağlı qlobal arenada Çinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir. Çin bunu qlobal miqyasda edir. Biz isə bunu daha çox regional miqyasda edirik. Ancaq bizim fəlsəfəmiz eynidir və uğurludur.

Çin iqtisadiyyatı təkcə öz ölkəsi ilə məhdudlaşmır. Onun qlobal iqtisadiyyata təsiri var və bir çox analitik təsisatların proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır – artım nə qədər olacaq, faiz dərəcəsi hansı səviyyədə olacaq və sair. Çin hökuməti qlobal məsuliyyəti dərk edir.

Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti Başçısının müavini
Yanğında ölən erməni əsgərlərlə bağlı yeni məlumat – 14-ü çarpayıda qalıbErmənistandakı hərbi hissədə baş vermiş yanğında ölən 15 əsgərdən 14-nün cəsədi çarpayıda tapılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini Arsen Saroyan İctimai Televiziyanın efirində bildirib.

Onun sözlərinə görə, xilasedicilər yanğını iki istiqamətdən - əsgərlərin yatdığı otaq tərəfdən və yanğının başladığı giriş qapısı tərəfdən söndürüblər.

"Yanmış meyitlərdən 14-ü çarpayılarda tapılıb. Məncə, onlar sadəcə tüstüdən oyanmayıblar. Girişdə də bir cəsəd tapılıb. Çox güman ki, o da bayıra çıxmaq istəyib, bacarmayıb”, - Saroyan bildirib.

Ümumilikdə kazarmada 21 nəfər olub və xilasedicilər gələnə qədər 6 nəfər öz gücü ilə binadan çıxa bilib, onlardan 3- ağır yanıq xəsarətləri alıb.

Eyni zamanda, Ermənistan Baş Prokurorluğunun nümayəndəsi Arşak Martirosyan yekun nəticələr üçün istintaqın tamamlanmasını gözləməyə çağırıb.

Yanvarın 19-na keçən gecə, saat 01:30 radələrində Qeqarkunik rayonunun Azat kəndində yerləşən hərbi hissədə yanğın baş verib. Nəticədə 15 hərbçi ölüb, daha 3-nün vəziyyəti ağırdır.

Yanğına səbəb isinmək üçün benzindən istifadə edilməsi olub.

Faciədən sonra 5 yüksək rütbəli hərbçi tutduqları vəzifələrdən qovulub.
Əliyev “hər şeyi almaq” istəyir: səbəbi... - MarkedonovAzərbaycan Prezidenti İlham Əliyev Qarabağla bağlı doğrudan da hər şeyi əldə etməyi hədəfləyir.

Avrasiya.net xəbər verir ki, bu sözləri tanınmış rusiyalı ekspert, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi Sergey Markedonov erməni internet mediasına açıqlamasında deyib.

O bildirib ki, Laçın yolu ilə bağlı məsələyə daha geniş prizmadan baxmaq mümkündür:

“Buna həm İkinci Qarabağ savaşından sonra yaranan yeni status-kvo, eyni zamanda, ötən il baş verənlər kontekstindən baxmaq olar. Rusiya XİN bu məsələyə 10 noyabr 2020-ci il Üçtərəfli bəyanatından yanaşır. Biz görürük ki, Azərbaycan addım-addım qırmızı xəttə yaxınlaşır: Fərrux əməliyyatı, bunun ardınca Laçın yolunun qısa müddətdə hazırlanaraq, Ermənistanla yeganə əlaqə olan yolu öz istədiyi tarixdə dəyişməsi – bilirsiniz ki, bu yol 2023-cü ildə təhvil verilməli idi, ancaq Azərbaycan bunu ötən il etdi, - sonra Ermənistan-Azərbaycan sərhədində baş verənlər… Görürük ki, məsələ Qarabağla məhdudlaşmır. Biz bunu “Qarabağ problemi” adlandırırıq, ancaq bu, daha geniş prosesdir. Məsələ Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası, eksklavların qaytarılması və sairdir”.

Jurnalistin “İlham Əliyev dedi ki, Azərbaycan vətəndaşlığını almayan ermənilər gedə bilər. Bu, ermənisiz Qarabağ demək deyilmi” sualına isə Markedonov bu cür cavab verib:

“Burda fərqli nöqteyi-nəzərlər var. İlham Əliyev demir ki, ermənilər onun xoşuna gəlmir; o, leqal və qeyri-leqal ermənilərdən danışır. O deyir ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın suverenliyini qəbul edirsə, heç bir problem yoxdur; Əliyev bildirir ki, Azərbaycanda öz perspektivini görməyən ermənilər gedə bilərlər.

Bu gün Azərbaycan kompramisə getməyə hazır deyil – necə ki, 2020-ci ilə qədər Ermənistan kompramisə getmirdi. 2020-ci ilə qədər Ermənistan özünü güclü mövqedə hiss edirdi. İndi isə yerlər dəyişib, Azərbaycan hər şeyi götürmək istəyir”.

O bildirib ki, Əliyev Azərbaycan cəmiyyətinin istəyini icra edir:

“Hər şeyi” istəyən Azərbaycan cəmiyyətidir. Baxın sosial şəbəkələrə, mediaya, çıxışlara - Azərbaycanda bəzi şəxslər, xaricə gedənlər, ümumilikdə ictimaiyyətdə müəyyən iradlar səsləndirilir, deyirlər ki, Əliyev müharibədə tam qələbəyə qədər getmədi, Rusiyanın sözü ilə oturub-durur və s. Əlbəttə, Əliyev bu kimi iradların doğru olmadığını sübut etmək istəyir. Yəni cəmiyyətin istəyini yerinə yetirir. Əliyev nə deyir? Deyir ki, Ermənistan məğlub olub və məğlublar heç bir şərt diktə edə bilməz. Laçın yolu məsələsi bu düşüncənin tərkib hissəsidir”.
Britaniya Baş naziri cərimələndiBritaniyanın Baş naziri Rişi Sunak avtomobildə təhlükəsizlik kəmərini taxmadığı üçün cərimələnib.

Avrasiya.net xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

Cərimə Sunakın təhlükəsizlik kəmərini taxmadan sərnişin oturacağına əyləşdiyi üçün yazılıb.

Cərimənin məbləği məlum deyil. Britaniya qanunvericiliyə görə, oxşar xətalar üçün 100-500 funt-sterlinq cərimə tətbiq edilir. Bundan əvvəl Baş nazir kəməri taxmadığı üçün üzr istəyib.