İlham Əliyevdən Ermənistana növbəti XƏBƏRDARLIQ“Ancaq əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik”.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, bu gün Ermənistan yaxşı fikirləşməlidir:

“Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik.

Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik. Bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla fəxr edir. Biz şəhidlərimizlə, Ordumuzla, hərbçilərimizlə fəxr edirik və bu gün burada dalğalanan üçrəngli Bayrağımız bizim Zəfərimizin rəmzidir”.
Murovdan Araz çayına qədər əlverişli mövqelərdəyikBiz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldarkən çıxışı zamanı deyib.

"Son aylar ərzində dəfələrlə bizə qarşı hərbi təxribatlar törədilirdi. Təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina döşənmişdir və bu minalar 2021-ci ildə basdırılmışdır, yəni, müharibədən sonra. Bu, Azərbaycana qarşı açıq terror hərəkətidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb. Yəni, bizə qarşı müharibə davam edir, bizim insanlarımız həlak olur. Biz buna imkan verə bilərikmi? Heç vaxt buna imkan verə bilmərik. Ermənistanı dəfələrlə xəbərdar etmişik, bu çirkin əməllərdən əl çəksin, peşman olacaq.

Nəticə etibarilə sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək. Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır, o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrdə yerləşirik. Biz otuz il bu sərhədlərdə olmamışıq", - İlham Əliyev qeyd edib.
İlham Əliyev Kəlbəcər-Laçın yolundakı tunellə tanış olduAzərbaycan Respublikasının Prezident İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfər edib. Dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində 2400 metr uzunluğunda olan Laçın Beynəlxalq Hava Limanına giriş tunelinin inşası ilə tanış olub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yeni inşa olunan tunel barədə məlumat verib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də 76,3 kilometr uzunluğa malik Kəlbəcər-Laçın avtomobil yoludur. Hazırda Kəlbəcər-Laçın avtomobil yolunun və yol üzərində tunellərin inşası davam edir.

Məlumat verilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun müəyyən hissələrində qazma-dolğu işləri icra olunur, yeni torpaq yatağı inşa edilir. Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin su kanallarının tikintisi, drenaj işləri və daş divarın inşası aparılır. Yol boyu tikintisi nəzərdə tutulmuş 12 avtomobil tunelindən 5-nin (T1, T2, T5, T6 və T7 tunelləri) tikintisi işləri uğurla davam etdirilir.

Məlumat verilib ki, dolaylardan keçən mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bundan başqa, qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bununla əlaqədar dolayların birbaşa tunellər vasitəsilə keçilməsi qərara alınıb. Tunellər bir istiqamət üzrə bir hərəkət zolaqlı və 11,60 metr enində olacaq. Tunellərin ümumi uzunluğu 7596,5 metr təşkil edəcək.

Qeyd edilib ki, Kəlbəcər-Laçın yolunda inşa olunan birinci tunelin (T1) uzunluğu 187 metrdir. Hazırda T1 tunelinin giriş portalının tikintisi həyata keçirilir. T2 tuneli 354,4 metr uzunluğunda olmaqla inşa edilir. Bu tuneldə giriş istiqaməti üzrə 115,8 metr qazma işləri aparılıb. T5 tuneli 448,7 metr uzunluğundadır. Tuneldə çıxış istiqaməti üzrə 331 metr qazma işləri görülüb. T6 tunelinin uzunluğu 612,4 metrdir. Tuneldə hər bir istiqamət üzrə ümumilikdə 537,4 metr qazma işləri aparılıb. T7 tuneli 2420,1 metr uzunluğunda olmaqla inşa edilir. Tunelin hər bir istiqaməti üzrə ümumilikdə 532 metr qazma işləri görülüb. Bu tunellərdə giriş və çıxış olmaqla hər iki istiqamətdə qazma, partlatma və qırıcı üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam etdirilir.

Bildirilib ki, layihədə nəzərdə tutulan digər tunellərdə isə işlərə mərhələlərlə başlanılması nəzərdə tutulur. T3 tuneli 900,2 metr, T4 tuneli 853,7 metr, T8 tuneli 230 metr, T9 tuneli 700 metr, T10 tuneli 200 metr, T11 tuneli 320 metr və T12 tuneli 370 metr uzunluğunda olacaq.

Diqqətə çatdırılıb ki, Kəlbəcər-Laçın avtomobil yolunun oxu boyu torpaq yatağı üçün təməlin hazırlanması, qazmalarda yamacların formaya salınması və 12 düzbucaqlı və 4 ədəd 1500 millimetrlik dairəvi boruda inşa işləri davam etdirilir.

Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla, I, II və III texniki dərəcələrinə uyğun olaraq inşa edilir. Yeni inşa edilən yolun ilk 38 kilometrlik hissəsində suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 3348 metr olan 60 dairəvi boru, həmçinin zəruri olan yerlərdə ümumi uzunluğu 1038 metr olan 9 yeni avtomobil körpüsünün inşası nəzərdə tutulur.

Kəlbəcər-Laçın avtomobil yolu başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisindən keçir. Bu səbəbdən yeni yol sözügedən rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və yenicə inşasına başlanılmış Laçın hava limanına qədər rahat gediş-gəlişi təmin edəcək.
TAİB-in rəhbərliyi Həsən Həsənovla görüşüb – FotolarTürk Dövlətləri Təşkilatı yanında Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov TAİB-in fəaliyyətini yüksək qiymətləndirib

Sentyabrın 19-da “JW Marriott Absheron” otelinin konfrans zalında Türk Ağsaqqallar Birliyi- TAİB-in sədri, İdarə Heyəti və Qadınlar Şurasının üzvlərinin Azərbaycan Respublikasının sabiq baş naziri, Türk Dövlətləri Təşkilatı yanında Ağsaqqallar Şurasının üzvü Həsən Həsənovla görüşü keçirilib.

TAİB-in təşçkilatçılığı və Milli Məclisin deputatı Ramil Həsənin də iştirak etdiyi görüşdə təşkilatın sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev göstərilən diqqətə görə Həsən Həsənova təşəkkürünü bildirib. Sudeyif İmamverdiyev TAİB-ın yaranmasından cəmi bir il keçməsinə baxmayaraq həyata keçirdiyi miqyaslı layihələrdən, eyni zamnda təşkilatın məqsəd və məramlarından söz açıb. Sədr qeyd edib ki, TAİB-in məqsədi türk ölkələri arasında əlaqələrin inkişafına, xalqlar arasında inteqrasiya prosesinə vətəndaş cəmiyyəti təmsilçisi olaraq töhfə verməkdir.

“Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev türk dövlətləri arasında birliyin möhkəmləndirilməsi, ölkələr arasında bütün sahələrə əməkdaşlığın genişləndirilməsi istiqamətində tarixi addımlar atır. Biz qeyri-hökumət təşkilatı olaraq bütün bunları yüksək qiymətləndiririk. Əlbəttə, çalışırıq ki, bu prosesdə vətəndaş cəmiyyətinin də iştirakı olsun. Bu məqsədlə həm Azərbaycanda, həm də müxtəlif türk dövlətlərində əhəmiyyətli layihələr, elmi-praktik konfranslar təşkil edirik”.

TAİB sədri Türk Dövlətləri Təşkilatı və onun yanında Ağsaqqallar Şurasının fəaliyyətini diqqətlə izlədiklərini və atılan addımları alqışladıqlarını da bildirib.

Öz növbəsində Həsən Həsənov Azərbaycanda belə bir təşkilatın yaranmasını və həyata keçirdiyi layihələri təqdir etdiyini vurğulayıb. O, qeyd edib ki, türk dünyası ilə bağlı proseslərdə QHT-lərin fəal olması müsbət haldır. TAİB-in fəaliyyətini digər türk ölkələrinə nümunə göstərmək lazımdır.

Həsən Həsənov onu da əlavə edib ki, TAİB-in türk ölkələrinin hamısında yaradılması ümumi işə ancaq xeyir gətirə bilər.

Milli Məclisin deputatı Ramil Həsən də çıxışında Türk Ağsaqqalları Birliyinin uğurlu fəaliyyətindən danışıb. TAİB-in nümayəndə Heyətinin tərkibində Şimali Kipr Türk Cümhuriyyəti və Naxçıvan Muxtar Respublikasına səfər etdiyini xatırladan Ramil Həsən təşkilatın kommunikasıya yaratmaq imkanlarından bəhs edərək TAİB-in təşkilatçılığı ilə türk ölklərində təşkil olunan tədbirlərin effektivliyinə da diqqət yönəldib.

TAİB-in İdarə Heyəti və İcra Aparatının təmsilçilərinin də çıxışından sonra planlaşdırılan layihələr, digər bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. Həsən Həsənov TAİB təmsilçilərindən öz dəyərli tövsiyyələrini də əsirgəməyib.

Görüşdə TAİB-in fəaliyyətinin bir illiyinə həsr olunmuş videoçarx da nümayiş olunub.

Litva hərbi qüvvələri hazır vəziyyətə gətirildiLitva Rusiyanın qismən səfərbərlik qərarına cavab olaraq çevik reaksiya qüvvələrinin hazırlıq səviyyəsini artırıb.

Axar.az xəbər verir ki, bunu barədə Litva müdafiə naziri Arvidas Anuşauskas deyib.

"Rusiyadakı hərbi səfərbərlik Kalininqrad vilayətində, bizim qonşuluqda da həyata keçiriləcəyi üçün bunu sadəcə seyr edə bilmərik. Çevik reaksiya qüvvələrimiz hazır vəziyyətdədir", - Anuşauskas bildirib.
Daha bir MTN polkovnikinin əmlakı müsadirə olundu - SİYAHILəğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin müavini 1-ci şöbənin rəisi polkovnik Yasin Məmmədovun və onun qohumunun adına olan əmlaklar müsadirə edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, Yasın Məmmədovun mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş 102 min 200 manat dəyərində Bakı şəhəri, M.Müşfiq küçəsi, 15/17 saylı evi, 104 min 400 manat dəyərində Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 2a saylı evin 65,3 kv.metr sahəsi olan mənzili müsadirə edilib.

Yasin Məmmədova məxsus ümumilikdə 278 min 600 manat məbləğində əmlak müsadirə edilib.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Məhkəmənin hökmü ilə Mövlam Şıxəliyev 12 il, Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 12 il 6 ay və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
31 müəllim sertifikasiyadan kəsilib“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq cari ilin 30 avqust - 1 sentyabr və 13 sentyabr tarixlərində sertifikatlaşdırmanın test mərhələsi keçirilib.

Elm və Təhsil Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, test mərhələsində ümumilikdə 11 133 nəfər təhsilverən iştirak edib və onlardan 8766 nəfər təhsilverən müəyyənləşdirilmiş keçid balını toplayıb.

12-19 sentyabr tarixlərində isə sertifikatlaşdırmanın müsahibə mərhələsi keçirilib. Həmin mərhələdə 8707 nəfər təhsilverən iştirak edib və onlardan 8676 nəfəri uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.

Nəticələrə əsasən, 59 nəfər müsahibə mərhələsində iştirak etməyib, 31 nəfər isə kəsilib.
İntihar edən keçmiş polisin FOTOSUXəbər verildiyi kimi, Bakıda keçmiş polis əməkdaşı intihar edib.

Səbail Rayon Mühafizə İdarəsində serjant rütbəsində xidmət etmiş Şahin Hüseynov bir neçə gün öncə yaşadığı evdə özünü asıb. Onun borc səbəbindən canına qəsd etdiyi deyilir.

Yerli KİV-də yayılan xəbərə görə, 1990-cı il təvəllüdlü Ş.Hüseynov bir müddət əvvəl səhhətindəki problemlərlə əlaqədar öz xahişi ilə daxili işlər orqanlarından uzaqlaşıb. Hazırda onun intihar səbəbi araşdırılır.

İntihar edən keçmiş polis əməkdaşının fotosunu təqdim edirik:
İranda qarşıdurmalar uzun sürəcək22 yaşlı Məhsa Əmininin ölümü İranda böyük etirazlara səbəb olub. Artıq bir neçə gündür ki, qonşu İranın Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və digər böyük şəhərlərində kütləvi aksiyalar keçirilir. Əsasən qadınların üstünlük təşkil etdiyi aksiyalarda əsas tələb vətəndaşlara azadlıq hüququnun verilməsi və məcburi hicab tələbinin ləğv olunmasıdır.

İranlı qadınların hicab aksiyasına kişilər də qoşulmağa başlayıb. Etirazçılar hökumətin yürütdüyü siyasətdən narazılıq edərək, sivil cəmiyyətdə yaşamaq istədiklərini bəyan ediblər. Bəzi şəhərlərdə polis etirazçılara qarşı silahdan və gözyaşardıcı qazdan istifadə edib. Polislə qarşıdurmada xəsarət alanların olduğu bildirilir.

Qadınların başlatdığı aksiyalar nə ilə nəticələnəcək?

Bu barədə Modern.az-a Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, İranda rejimin tətbiq etdiyi hicab qaydalarına qarşı etiraz aksiyaları bundan öncə də olub. Hətta bir neçə ay əvvəl Tehran hakimiyyətinin hicab qaydasını pozanlara qarşı tədbirlər planı çərçivəsində Güney azərbaycanlı ictimai fəal Məleykə Qaragözlü 4 il yarım müddətinə azadlıqdan məhrum edilib. İndi kürd etnosunun nümayəndəsi olan Məsihə Əmini də həmən qaydaları pozanlara qarşı mübarizə tədbirlərinin qurbanlarından birinə çevrilib.

S.Soltan hesab edir ki, son hadisə İran rejiminin tətbiq etdiyi hicab qaydalarına bir etnosun və bir neçə insanın deyil, ümumilikdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütövlükdə İran cəmiyyətinin mövcud hakimiyyətə və onun tətbiq etdiyi qaydalara etirazıdır:

“İran hakimiyyətinin tətbiq etdiyi hicab qaydaları İslam dövlətinin əsas prinsipləri sırasında gəlir. Bu prinsipin pozulması İrandakı mövcud hakimiyyətin siyasi, ideoloji xəttinin dayaqlarının zəifləməsi deməkdir. İran hakimiyyəti ciddi cəhdlə hicab qaydalarını sərtləşdirir. Bu baxımdan İran cəmiyyəti hazırda keçirdiyi aksiylarla öz şəxsi azadlıqlarını tələb edir. Davam edən aksiyalar hakimiyyətin insanların ailə-məişət məsələlərinə nüfuzetməsinə, müdaxilə etməsinə etirazın bir simvoludur. Bu çox ciddi sosial aksiyadır”.

Politoloqun fikrincə, İran hicabdan başqa ölkələrin daxili işlərinə qarışmaq üçün istifadə edir:

“3-5 il öncə İran hicab məsələsinə elə də ciddi yanaşmırdı. Qadınlar başörtülərindən saçlarını azacıq çıxara bilir, fərqli rəngli paltarlar geyinə bilirdilər. Son zamanlar İran hakimiyyəti bu məsələdə ciddiləşdi və sərt addımlar atmağa başlayıb. İran rejimi bununla başqa ölkələrin daxili işlərinə qarışmağa səy göstərdi. O cümlədən, İran rejmi tətbiq etdiyi hicab qaydalarını Azərbaycanda da yaymağa çalışır. Onlar Azərbaycanda İrana oxşar rejimin qurulmasını arzulayırlar. Bu barədə İran tərəfindən açıqlamalar olub. İranda fəaliyyət göstərən azərbaycanlılar da bu yöndə çıxışlar edirlər. Baxın, İran hakimiyyəti indi bu məsələ ilə bağlı öz daxilində problemlə üzləşir. Deməli, hakimiyyətin cəmiyyəti zorla öz istədiyi hicab qaydasına tabe etmək qərarı düzgün deyil. Bu, zorakılıqdır. İranda isə zorakılıq inqilab zamanından bəri davam edir”.

Qonşudakı aksiyaların qarşısını almaq üçün hansı addımlar atılacaq?

S.Soltan suala cavabında deyib: “İlk növbədə 22 yaşlı Məhsa Əmininin qatili və onu bu qətlə yönəldənlər tapılmalıdır. Daha sonra hicab qadağalarına qarşı çıxdığı üçün məhbus olmuş şəxslər azad edilməlidir. Hicabın məcburi taxılmasına etiraz edərkən saxlanılan aksiya iştirakçılarına amnistiya verilməlidir. Əks halda məsələ daha da ciddiləşə bilər. Çünki İranın müttəfiqi sayılan Rusiyanın vəziyyəti günü-gündən ağırlaşır. Bu isə Rusiyanı beynəlxalq arenada İranı əvvəlki kimi müdafiə etmə imkanından məhrum edəcək. Bu gün daha çox Rusiyanın İrana ehtiyacı var. Bir sözlə, İran ölkədəki etirazları dinc yolla, danışıq yolu ilə həll etməyə çalışacaq. Əks halda etirazlar başqa sahələrə də keçə bilər. Hələlik İranda siyasi şüarlar zəif səsləndirilir, aparıcı xətti təşkil etmir. Əsas şüarlar sosialyönümlüdür”.

İrandakı aksiyaların xarici qüvvələr tərəfindən hazırlanması iddiasına gəlincə, politoloq bunun imkansız olduğunu düşünür:

“İranın ərazisinə ordu yeridiləsi deyil. Etiraz aksiyalarına əlavə adamlar da yığa bilməzlər. İrana qarşı son aksiyalarda törətdiyi zorakılıq hallarına görə ancaq sanksiyalar tətbiq oluna bilər. Onsuz da 2000-ci illərin əvvələrində İranın bir sıra rəsmilərinə qarşı insan hüquqlarını pozduğuna görə sanksiya tətbiq edilib. Ehtimal etmək olar ki, həmin istiqamətdə sanksiyalar daha da genişlənsin və gücləndirilsin. Artıq ABŞ və Qərb İrandakı etiraz aksiyalarına öz münasibətlərini bildirib. Düşünürəm ki, sanksiya tətbiqi genişlənə bilər. Beynəlxalq aləm bu gün ancaq sanksiya və məhdudlaşdırıcı tədbirlərlə təsir göstərə bilir. İran hakimiyyəti əvvəllər internet resurslarına qadağalar tətbiq etməyə çalışırdı. Bu gün isə İranda nə televiziyaya, nə də internetə daxil olmaqda çətinlik var. Ona görə də, insanların dünya ilə əlaqəsinin qarşısını almaq mümkün deyil. Mövcud hakimiyyət bunu bacarmadı. İnformasiyanın qarşısı alınmadığı üçün cəmiyyət inkişaf edir. Hakimiyyət isə düşüncə baxımdan onlarla ayaqlaşa bilmir. Bu da etirazlara səbəb olur.

Ümumiyyətlə, İranda hakimiyyəti güclü edən, onu qoruyan güc strukturlarıdır. İlk növbədə İran İslam İnqilabı Keşikçiləri Korpusu, daha sonra ordu və polis hakimiyyətin əsas mühafizəçiləridir. Nə qədər ki, sadaladığımız və sadalamadığımız güc strukturları mövcud hakimiyyəti və onun düşüncəsini müdafiə edəcək, o zaman qarşıdurmalar uzun sürəcək”.

Xatırladaq ki, sentyabrın 13-də Tehrana gələn Məhsa Əmini qardaşı ilə birlikdə metrodan çıxdığı zaman hicab taxma qaydalarını pozduğuna görə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Gənc qız polis bölməsində işgəncələrə məruz qalıb. Burnu qırılan Məhsa aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Zorakılığa məruz qalan 22 yaşlı qız sentyabrın 16-da Tehranın Kəsra xəstəxanasında həyatını itirib.
“Azərsu” abonentinə qarşı dələduzluq: 50 manatını aldılar…Bakının Nəsimi rayonunda Azərsu ASC-nin abonentinə qarşı dələduzluq faktı aşkarlanıb.

Qurumdan Avrasiya.net-ə verilən məlumata görə, özlərini Elnur və Namiq kimi təqdim edən şəxslər 20 Yanvar küçəsi, 25, mənzil 15 ünvanında yaşayan abonentdən 10 il müddətində yaşadıqları ünvana sayğac quraşdırılmaması müqabilində 50 manat alıblar. Həmin şəxslər vətəndaşı bu qanunsuz əmələ inandırmaq üçün Rüstəmov Namiq Ruslan oğlunun adına olan kassa mədaxil qəbzi də təqdim ediblər. Verilmiş qəbzin üzərində vətəndaşın yaşadığı ünvan deyil, 133-cü bina, 5-ci mənzil göstərilib. Qəbzin arxa hissəsində 10 il ərzində sayğacın quraşdırılmayacağı barədə qeyd də yazılıb.

“Bu hallar tamamilə qanunaziddir, hər hansı ödənişin müqabilində sayğacın quraşdırlmaması kimi xidmət mövcud deyil. Bir daha abonentlərin diqqətinə çatdırırıq ki, mənzillərə yaxınlaşan və özünü “Azərsu” əməkdaşı kimi təqdim edən şəxslərdən mütləq qaydada xidməti vəsiqə tələb etsinlər. Xidməti vəsiqə təqdim etməyənlərin tələblərini yerinə yetirməsinlər və suallarını cavablandırmasınlar. Belə qeyri-qanuni əməllərlə rastlaşdıqda və şübhə doğuran hallarla qarşılaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat versinlər.

Abonentlərdən xahiş olunur ki, yaşadıqları ünvana yaxınlaşan Azərsu ASC-nin əməkdaşları da daxil olmaqla heç kimə nağd pul ödəməsinlər, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internetlə (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər", - deyə səhmdar cəmiyyəti bəyan edib.