“Danışıqlar üçün Azərbaycan nümayəndə heyəti hazırdır” - Prezident"Sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyəti hazırdır".

Bunu Prezident İlham Əliyev aprelin 27-də ABŞ Dövlət katibi köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Söhbət zamanı regional məsələlər barədə fikir mübadiləsi aparılıb, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin hazırlanması üçün danışıqların aparılması, kommunikasiyaların açılması məsələləri müzakirə edilib.

Dövlətimizin başçısı 30 ilə yaxın davam edən işğal dövründə Ermənistanın ərazilərimizdə törətdiyi dağıntıları, maddi-mədəniyyət adidələrimizin, 60-dan çox məscidin dağıdıldığını və onlardan tövlə kimi istifadə olunduğunu qeyd edib. İşğal dövründə ərazilərimizdə Ermənistan tərəfindən çox sayda minaların basdırıldığını deyən Prezident İlham Əliyev hazırda Azərbaycanın üzləşdiyi mina problemini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin əhəmiyyəti qeyd edilib.
"Rusiyanın regionda mövcudluğu yerlərdə konfliktlərin mövcudluğundan keçir"“Rusiya heç bir halda Azərbaycan- Ermənistanı münasibətlərinin normallaşmasında maraqlı ola bilməz”

Ermənistan müxalifəti İrəvanın mərkəzində yürüşlərə başlayıb. Ötən gün aksiya iştirakçıları Ermənistan hökumətinin Qarabağla bağlı siyasətinə etiraz ediblər. Müxalifətçi deputat, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan bildirib ki, hakimiyyət güc tətbiq etməyə hazırdır, xalq isə artıq yorulub. "Bizi qorxutmaq və ya dayandırmaq mümkün deyil. Əminik ki, məqsədimizə nail olacağıq, itirəcəyimiz heç nə yoxdur. Biz artıq öz gücümüzün bir hissəsini itirmişik”, - deyə etirazçı deputat söyləyib. Aksiya iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Yürüşlərin sonunda etirazçılar İrəvanın mərkəzindəki Azadlıq meydanında yenidən birləşəcək.

Politoloq Vüqar Dadaşov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Ermənistanda davam edən etirazlara və ümumiyyətlə Ermənistanda baş verən proseslərə düzgün qiymət vermək üçün ilk öncə unutmamalıyıq ki, Azərbaycanın möhtəşəm qələbəsindən sonra faktiki kapitulyasiya aktına imza atmış Ermənistan Baş naziri Nikol Paşinyanın növbədənkənar keçirilmiş seçkidə qələbəsi faktı özü onu sübut edir ki, erməni cəmiyyəti bütövlükdə Qarabağ yükündən azad olmaq niyyətindədir və Nikol Paşinyana dəstək verib: “Maştabına görə Ermənistanda həmin dövrlərdə keçirilən etiraz aksiyaları nisbət etibarı ilə daha böyük idi. Ancaq bu halda da Paşinyan hakimiyyətini qoruya bildi. Həmin dövrlərdə etiraz aksiyalarına erməni cəmiyyəti əsasən öz istəyi ilə çıxmışdı. Ancaq indi vəziyyət daha fərqlidir, etirazlar kənardan daha doğrusu, Rusiya tərəfindən idarə olunur. Əvvəla qeyd edim ki, Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə son 6 aprel 2022-ci il tarixli Brüssel görüşündən sonra ənənəvi olaraq Rusiyanın proseslərə müdaxiləsi gözlənilən idi. Brüssel görüşündən dərhal sonra Nikol Paşinyan və İlham Əliyev arasında əldə edilmiş razılıq sözsüz ki, Moskvanı narahat etməyə bilməzdi və buna görə də Kreml hakimiyyəti Paşinyanı Moskvaya təcilli çağıraraq tələsik, aprelin 19-da Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş təşkil edildi.

Putin əmin olmaq istəyirdi ki, Ermənistan, Azərbaycan, Qarabağla bağlı Rusiyanın istəkləri Paşinyan tərəfindən yerinə yetiriləcəkdir. Paşinyan - Putin görüşü öncəsi Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Paşinyana telefon zəngi vəziyyətin mürəkkəbliyini əyani göstərir. Sözsüz ki, Şarl Mişel də Nikol Paşinyanla Brüsseldə əldə edilmiş razılaşmanın Putin tərəfindən pozulacağı ehtimalı ilə onunla bir daha danışmaq məcburiyyətində qalıb. Əminliklə demək olar ki, Putin Paşinyandan 19 aprel Moskva görüşündən istədiyini ala bilməyib, yaxud Putin artıq Paşinyanın ona verdiyi vədlərinə əməl etməyəcəyinə əmindir. Məhz bundan sonra Rusiya Paşinyanı devirmək üçün proseslərə əlavə güc qatıb”.

Politoloq onu da qeyd edib ki, Moskva görüşündən dərhal sonra Ermənistan sərhədçilərinin Azərbaycana Zəngilan istiqamətində təxribatı sözsüz ki, Moskvanın sifarişidir, nəzərə alsaq ki, Ermənistanın sərhədlərinin qorunması və nəzarəti Rusiyanın əlində olması təxminimizin əsalı olduğunu göstərir: “Paşinyanın Moskva səfərindən sonra etirazların güclənməsinə səbəb olan Qarabağımızla bağlı açıqlamaları Moskva ilə mühüm razılaşmanın əldə edilməməsini göstərən mənzərədir.

Aksioma formasında özünü sübut edən fakt budur ki, Rusiya heç bir halda Azərbaycan- Ermənistanı münasibətlərinin normallaşmasında maraqlı ola bilməz. Rusiyanın regionda mövcudluğu yerlərdə konfliktlərin mövcudluğundan keçir. Deməli, Paşinyan hakimiyyəti bu mövcudluğa təhlükə yaradır. Ona görə də, Paşinyanın devrilməsi Rusiyanın maraqlarının təmin edilməsi deməkdir. Hal-hazırda İrəvanda keçirilən etiraz aksiyasının liderləri açıq-aşkar Rusiya yönümlü fiqurlardır. Köçaryan-Sarkisyan tandemi ümumən oynanılmış kartlardır və ermənilərin bu cütlüyə münasibəti nifrətə bərabərdir olduğu kimi də, imkanları və dəstəkçiləri də yox səviyyəsindədir. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan artıq özü etiraf etdiyi kimi siyasətçi deyil və təsirli gücə malik ətrafı yoxdur. Rusiya Ermənistanda sarsılmış dayağının bərpası ümidi ilə hər kəslə razılaşmaq məcburiyyətindədir. Ermənistan Milli Məclisi spikerinin müavini, Daşnaksutyun partiyasından olan üzvü İşxan Saqatelyan nə qədər gizlətsə də Rusiyanın sifarişini həyata keçirir. İsxan Saqatelyan yeni siyasi fiqur kimi müəyyən tərəfdarlar əldə edə bilib, ancaq etirazların növbəti günlərində səngiməsi ehtimalı da var.

Paşinyanın siyasi iradəsi, dözümü və qətiyyəti olmalıdır ki, bu təzyiqə davam gətirsin. Maraqlı məqamlardan biri də budur ki, Rusiyanın Ukraynada məğlubiyyəti həm də Paşinyan hakimiyyətinin işinə yararlıdır və çox güman ki, Paşinyan da bu amilə diqqət yetirir. Hər bir halda kimin Ermənistanda hakimiyyətdə olmasından asılı olmayaraq Azərbaycan öz siyasi hədəflərini realaşdıracaq. Ancaq erməni cəmiyyəti də anlamalıdır ki, revanşist ideyaları ilə Azərbaycana meydan oxumaq 44 günlük müharibənin artıq Ermənistan ərazisində görmək arzusuna bərabərdir. Paşinyan isə bu ssenarini dayandıra biləcək yeganə şəxsdir. İnanıram ki, son anda erməni revanşistlər bunu dərk edəcəklər”.
Rusiya Ukraynaya hücumlarını artırırRusiya Silahlı Qüvvələri Ukraynanın şərqində hücumlarını artırır.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik məlumat verib.

O qeyd edib ki, Rusiya Hava-Kosmik Qüvvələrinin əməliyyat-taktiki aviasiyası son 24 saat ərzində Donetsk və Xarkov vilayətlərindəki müxtəlif hədəfləri vurmaq məqsədilə 138 uçuş həyata keçirib.
MEDİA “Azərsu” ilə birgə təlim keçiribAprelin 27-də Medianın İnkişafı Agentliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə media nümayəndələrinin içməli və tullantı su sektoru ilə bağlı bilik və təcrübələrinin artırılması məqsədilə təlimlər keçirilib.

Avrasiya.net xəbər verir ki, Təlim və İnnovasiyalar Mərkəzində təşkil olunan tədbirdə 40-dan artıq media subyektinin nümayəndələri iştirak edib.

Təlimdən əvvəl iştirakçılar Təlim və İnnovasiyalar Mərkəzi və mərkəzin təcrübə poliqonunda yaradılmış şəraitlə tanış olublar.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, təlimin keçirilməsində məqsəd son dövrlər müşahidə olunan iqlim dəyişiklikləri, su ehtiyatları və onlardan səmərəli istifadə, əhalinin içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılması sahəsində “Azərsu” ASC-nin həyata keçirdiyi tədbirlər barədə mətbuat nümayəndələrinin bilik və təcrübələrini artırmaq, onların bu sahədə ixtisaslaşmasına dəstək göstərməkdən ibarətdir.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli kommunal sektorda, o cümlədən su təchizatı sahəsində jurnalistlərin ixtisaslaşmasının vacibliyindən danışıb. Bildirib ki, təlimlər media nümayəndələrinin bu sahə üzrə biliklərinin artırılmasını və gələcək fəaliyyətlərində ictimaiyyətə dolğun informasiyanın çatdırılmasına kömək göstərəcək.

Sonra “Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli “Azərbaycanda həyata keçirilmiş içməli su layihələri və onların əhəmiyyəti”, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli “Media subyektlərində ixtisaslaşma və onun üstünlükləri”, Xəzər Universitetinin mərkəz rəhbəri Rövşən Abbasov “İqlim dəyişikliklərinin Azərbaycanın su ehtiyatlarına təsiri və sudan səmərəli istifadə”, “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun direktor müavini Elnur Nəsirov “İqlim dəyişikliklərinin içməli su mənbələrinin məhsuldarlığına təsiri”, Texnoloji proseslərə nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi Cəmil Babayev “Suyun keyfiyyəti insan sağlamlığı üçün əsas amillərdən biridir”, Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəis müavini Cabbar Cabbarlı “Sudan səmərəli istifadə, israfçılığın və qanunsuz qoşulmaların qarşısının alınması ilə bağlı görülən tədbirlər” mövzularında təqdimatla çıxış ediblər. Tədbir zamanı mövzularla bağlı müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Putin tək qaldı: KTMT Rusiyanı dəstəkləmirKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ( KTMT ) üzv ölkələr Rusiyanı dəstəkləmir və Ukraynaya qarşı müharibədə iştirak etmək arzusunu ifadə etmir.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

"Rusiya Federasiyasının təkidinə baxmayaraq, KTMT üzvləri öz ölkələrindən kənarda sülhməramlı əməliyyatlar keçirmək barədə qərar qəbul etmək istəmirlər. Amma KTMT üzvləri milli kontingentin Rusiya Federasiyası və ya Belarus ərazisində məhdud şəkildə yerləşdirilməsi imkanını nəzərdən keçirə bilər. İndi KTMT-yə üzv olan bütün ölkələr (Rusiya Federasiyası və Belarusiya istisna olmaqla) Rusiyanın işğalı məsələsində bitərəfdir. Onların heç biri Krımın ilhaqını və DXR/LPR-nin müstəqilliyini tanımayıb", - rəsmi məlumatda deyilir.

Xatırladaq ki, KTMT Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistanın daxil olduğu hərbi-siyasi beynəlxalq təşkilatdır.
24 yaşlı oğlan kanalda batdıBərdədə 24 yaşlı oğlan kanalda batıb.

Avrasiya.net Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində 1998-ci il təvəllüdlü Orucov Elməddin Yusif oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Radikalların maskalarının pandemiya maskaları kimi düşmə vaxtı artıq gəlib çatıbƏlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri

Türkiyəli məşhur yazarlardan biri Səbahəddin Əlinin “İçimizdəki şeytan” romanını yəqin ki, bir çoxlarınız oxumusunuz. Həmin romanın personajları bizim hazırkı Azərbaycan siyasi mühitinin məğlubları - Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunu, habelə onun hədəfə aldığı, ünvanlarına şok ittihamlar səsləndirdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylini xatırladır. Həmin əsər ötən əsrin 30-40-cı illərindəki Türkiyə ziyalıları və siyasi fəallarının həyat faciəsini əks etdirir.

Roman qəhrəmanlarının yaşantıları insanın daxili hesablaşmalarını qabardır, içindəki şər və xeyir xüsusiyyətlərini üzə çıxarır. İnsanların iç dünyalarındakı şeytanlar bir-birinə qarşı pisliklərə imza atır. Bir sözlə, bu roman onu göstərir ki, insan həm özünün, həm də özgələrinin ən böyük düşmənidir. Odur ki, mən bu romanı oxumağı (özü də təkrar-təkrar oxumağı) az öncə adlarını qeyd etdiyim müxalifət liderlərimizə şiddətlə tövsiyyə edirəm.

Çünki onların hazırkı ruh halı eynilə “İçimizdəki şeytan”ın qəhrəmanlarının durumunu xatırladır. Tofiq Yaqublunun Əli Kərimli və Gültəkin Hacıbəyli haqqında ağır ittihamlar səsləndirməsini əks etdirən məlum səs yazısı onu göstərir ki, onlar üzdə birlik nümayiş etdirsələr də, lakin daxildəki kəskin rəqabət və ziddiyyətlər onları içindən qurd kimi gəmirir. Bu “trio” hazırda Azərbaycanın müxalifət camiəsinin “mehriban düşmən”ləri obrazında çıxış edir.

Baxın, Tofiq Yaqublu birmənalı şəkildə bildirir ki, Əli Kərimli və Gültəkin Hacıbəyli Müsavat Partiyasının arxasınca danışır, onun keçmiş lideri İsa Qəmbərin siyasi gedişlərini təftiş edir. Tofiq Yaqublu cavab olaraq bildirir ki, Əli Kərimli Elçibəy hakimiyyətinin devrilməsinin qərarını hazırlamış adamdır, həmin vaxt prezident olmuş Əbülfəz Elçibəyə impiçment elan etmiş şəxsdir. Yaqublu Kərimlini və Hacıbəylini Müsavatın ünvanına işlətdikləri aşağılayıcı ifadələrə görə qınaq obyektinə çevirir və demək istəyir ki, əsl həqiqətdə sizin nə Müsavatın keçmişini təftiş etməyə, nədəki Müsavat liderlərinin arxasınca danışmağa ixtiyarınız yoxdur. Və bu zaman Tofiq bəyin özü də Əli Kərimlinin, Gültəkin Hacıbəylinin arxasınca danışan adam rolunda çıxış edir.

Bu qısa səsyazısı nəyi göstərir? İlk növbədə üzə çıxan acı həqiqət budur ki, illər boyu aşınmaqda, tədricən sıradan çıxmaqda olan, “yarpaq tökümü”nə məruz qalan radikal müxalifətin hətta bu sonuncu “mogikan”ları arasında da fikir birliyi, əqidə birliyi və sədaqətlilik, etibarlılıq kimi adi insani keyfiyyətlərin heç biri yoxdur. Onlar utanmadan bir-birinin arxasınca danışır, bir-birilərini satqınlıqda, iqtidarla iş birliyində suçlayır, lakin üzdə isə özlərini sarsılmaz, mətin silahdaşlar kimi aparırlar. Bax, bu da illər boyu böyük dövlətlərin, habelə düşmən Ermənistanın yürütdüyü mənfur “ikili standart”lar siyasətinə bənzəyir. Göründüyü kimi ola, olduğu kimi isə görünə bilməyən radikal müxalifətimiz bu yolla ictimaiyyətin gözünə kül üfürür, özünü bu xalqın maraq və mənafeləri üçün təmənnasız şəkildə çarpışan, mübarizə aparan ən sağlam siyasi qüvvə kimi sırımağa çalışır.

Açıq desək, sözügedən səsyazısı müxalif camiəmiz üçün rüsvayçılıqdır. Bu səs yazısı necə deyərlər, radikal müxalifətin sandığını açdı, pambığını tökdü və hər şeyi gün işığına çıxardı, kimin kim olduğunu bir daha gözlər önünə sərdi. Məlum oldu ki, müxalifət düşərgəmizin radikal kəsimi klinik ölüm vəziyyətinə düşən xəstəyə bənzəyir.

Müxalifətin üstqurumu sayılan Milli Şuranın rəhbərliyində təmsil olunan, başqa sözlə desək, müxalifətin elitasını təşkil edən şəxslərin öz aralarında sağlam münasibət yoxdursa və ortada güvənsizlik, qarşılıqlı etimadsızlıq problemi varsa, hakimiyyətə iddialı olan bu şəxslər Azərbaycan dövlətçiliyinin idarəetmə sükanının arxasına keçəcəkləri təqdirdə ölkəmizi nələrin gözlədiyini bir anlığa təsəvvürünüzə gətirməyə çalışın. Qeybət və intriqalar içində çabalayan radikal müxalifət düşərgəsinin iqtidara gəlişi Azərbaycana xaos və anarxiyadan başqa heç nə vəd etmir.

Normalda haqqında bəhs etdiyimiz üç nəfər müxalifət lideri vahid mövqedən çıxış edə bilmirsə və bir-birinin arxasınca danışıb kölgəsini qılınclayırsa, bunlar bütöv Azərbaycan cəmiyyətinə hansı birlik modelini təqdim edə bilərlər ki?

Əslində belə bir ifşaedici səsyazısının yayılmasından, ictimailəşməsindən sonra bu şəxslər Milli Şuranın rəhbərliyindən də, ümumiyyətlə, siyasətdən də birdəfəlik çəkilib getməlidirlər. Bunu ən azından siyasi mədəniyyət tələb edir, dünya təcrübəsi tələb edir. Çünki bu hadisə sadəcə aşınmanın, mənəvi deqradasiyanın nəticəsi deyil, bu siyasi iflasın və çöküşün özüdür.

Bu adamlar özləri öz əməllərinə qiymət verə biləcək qədər adekvat deyillərsə, onlar özlərini görmür və məlum səsyazısının müxalifətin imicinə vurduğu ağır zərbəni də hiss etmirərsə, o zaman heç olmasa, ictimai rəyə bir nəzər salsınlar, kənardan necə göründüklərinin fərqinə varsınlar.

Bu səsyazısını dinləyən sıravi müxalifətçilərin bir çoxu (istər AXCP, istərsə də Müsavat üzvləri) indi gerçəkdən də şokdadır. Onların bəziləri Tofiq Yaqubluya lənət oxuyur, digərləri isə Əli Kərimlini Müsavata quyu qazmaqda, satqınlıqda ittiham edirlər. Gültəkin Hacıbəylinin ünvanına səsləndirilən təhqiramiz rəylər də həmçinin baş alıb gedir.

Biri də yazıb ki, “bunlar hamısı xalq artistidilər”. Düz sözə nə deyəsən? Bəli, siyasəti teatra, siyasi oyunbazlıq meydanına çevirənlərin sonu “artist”liklə bitər. Əlbəttə, belələrinin nə vaxtsa hakimiyyətə gəlməyə sıfır faiz şansları belə yoxdur. Odur ki, haqqinda danışdığımız səsyazısı radikal müxalifətin mənəvi böhran göstəricisidir.

Mitinqlərdə, digər aksiyalarda xalqın qarşısına çıxıb birlik pozları verən bu siyasi autsayderlərin bir-birilərinə qarşı necə idbar münasibətdə olmaları üzə çıxdı. Özü mənəvi böhran yaşayan müxalifət kəsiminin nə xalqı siyasi apatiyada itiham etməyə, nədəki iqtidarı nədəsə suçlamağa mənəvi haqqı yoxdur. Müxalifət iqtidarın aynası, güzgüsü olmalıdır. “Güzgü”müz özü kirin-pasın içindədirsə, bu “güzgü”nün iqtidarı tənqid etməsi sadəcə və sadəcə absurd səslənir.

Tofiq Yaqublunun söylədikləri siyasi mühitdə günün günorta çağı çaxan şimşək effekti ilə müşayiət olundu. İllərdir bilinənlər indi bir daha hər kəsə əyan oldu. Əli Kərimlinin son onilliklər boyu ölkə siyasətində hansı işləri çevirdiyini bu dəfə hər kəs onun ən yaxın “silahdaş”ının – Tofiq Yaqublunun öz ağzından eşitdi. Bax, bu bizim müxalifətimzin gerçək üzüdür. Müxalifətimiz astarı və üzü ilə tam ortadadır. Məlum oldu ki, müxalifətimizin "radikal düşərgəsi" ölümöncəsi aqoniya mərhələsini yaşayır. Sözügedən səsyazısı radikalların son çırpıntılarının təsdiqidir.

Müxalifətçiliyi siyasi intriqalar müstəvisinə çevirən, konstruktiv müxalifətçilik xəttini seçən siyasi qüvvələri isə gerçək müxalifət hesab etməyən, əbədi müxalifətçiliyi öz boylarına biçən bu radikallar məlum səsyazısından sonra nədənsə, susmağa üstünlük verdilər. Sanki qurbağa gölünə daş atılıb. Çünki onlar suçlarının miqyasını dərk edirlər. Birdəki, xalqa nəsə deməyə, hansısa formada özlərinə bəraət qazandırmağa üzləri qalmayıb.

Başdan ayağa siyasi devrimçilik, ifrat üsyankarlıq və “demokratik” bolşevizm əhval-ruhiyyəsinə köklənmiş Tofiq Yaqublunun məlum səsyazısını illərdir qartımış, naftalin iyi verən radikal müxalifət düşərgəsind qəfil baş vermiş inqilab kimi də dəyərləndirmək olar. O, bu səsyazması ilə radikal marginallar arasında həqiqətən də kiçik inqilab etdi və belə demək mümkünsə, Əli Kərimli ilə Gültəyin Hacıbəylini devirdi.

Tofiq bəyin söylədikləri Əli Kərimli ilə Gültəkin Hacıbəylini “büt”ləşdirənlərin, fetişləşdirənlərin gözlərini açdı. Elçibəyçilər Əli Kərimlini Elçibəyin devrilməsində rolu olmuş əsas şəxslərdən biri olduğunu öyrəndilər. Bu, Əli Kərimlinin onların gözündə və könlündəki taxtının uçurulması, heykəlinin aşırılması anlamına gəlir. Bəli, Tofiq Yaqublunun bu səsyazısı Əli Kərimliyə siyasi baxımdan ölümcül zərbə vurdu. Bu mənada Tofiq Yaqubluya mükafat da düşür.

Siyasi səhnədən getmək üzrə olanların bir-birilərini bu cür şok ittihamlarla ifşa etmələri qaçılmaz haldır. Qoy, onlar bu “missiya”larına davam etsinlər. Xalqımız hər kəsin gerçək üzünü tanımalıdır. Müxalifətçiliyi uzun illərdir öz “inhisar”ına almış şəxslərin üzlərindəki maskaların pandemiya maskaları kimi düşmə vaxtı artıq gəlib çatıb.
Paşinyan dərhal həbs edilsin! - Hərbçi analarından ETİRAZ44 günlük müharibədə həlak olan erməni əsgərlərin valideynləri çərşənbə günü Ermənistan Baş Prokurorluğunun qarşısında toplaşaraq etiraz aksiyası keçiriblər.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Etirazçılar Baş nazir Nikol Paşinyanın dərhal həbs edilməsini tələb ediblər.

“Baş nazir təhlükənin miqyasını dərk edən kimi ölkəni tərk edəcək. Onun qarşısını almaq lazımdır”, - nümayişçilərdən biri deyib.

Müharibədə ölən hərbçilərin yaxınları Paşinyanın təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi tələbinə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi cavab verənə qədər Baş Prokurorluğun binasında qalmağı planlaşdırırlar.
London Kiyevin əli ilə Rusiya ərazisini vursa... – ArkovMəhz Böyük Britaniyanın Kiyevə Rusiya ərazisində olan hərbi obyektləri hüquqi cəhətdən vurmasında əngəl olmadığını deməsi, həmçinin, Ukraynanı uzaq məsafələri qət edə bilən raketlərlə təmin etməsi Londonun bu müharibədə əsas katalizator olduğunu göstərir.

Bu sözləri Axar.az-a müsahibəsində PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov deyib.

O qeyd edib ki, artıq Ukraynanı Kremlə, Rusiya maraqlarına qarşı çıxmağa sövq edənin kimliyi də ortadadır:

“İndi hər kəsə bəlli oldu ki, aranı qatan Britaniyadır. Onlara elə bu da lazım idi. Kiyev isə gözüyumulu olaraq Londondan gələn tapşırıqları yerinə yetirdi. Sonunda bugünki durum ortaya çıxdı. Amma London məncə, risk edir. Özü də çox! Bu raketlər Ukrayna ərazisinə çatmamış məhv ediləcək. Əminəm ki, bununla bağlı artıq Kremlin planı mövcuddur. Amma hər hansı bir yolla Bitaniya öz istəyinə çatsa və Kiyev həqiqətən də Rusiyada yerləşən hərbi bazalara zərbə endirsə, bu, Üçüncü Dünya müharibəsi başladacaq. Son olaraq isə nüvə silahı – “Qırmızı düymə” basılacaq”, - deyə Arkov qeyd edib.
ÜTT Rusiyanı üzvlükdən çıxartdıÜmumdünya Turizm Təşkilatı Rusiyanın üzvlüyünü dayandırdığını elan edib.

Axar.az xəbər verir ki, bu barədə qurumun Tvitter səhifəsində məlumat verilib.

“Rusiya Ümumdünya Turizm Təşkilatından çıxmaq niyyətini açıqlayıb. Müvafiq proses izlənilməlidir və onun başa çatması bir il çəkəcək. Amma dayandırma dərhal qüvvəyə minir!” – məlumatda deyilir.

Qeyd edək ki, Təşkilatın İcraiyyə Şurası martın əvvəlində Rusiyanın üzvlüyünün dayandırılmasını müzakirə etmək üçün tarixdə ilk iclas keçirmişdi. Müharibə başlayandan sonra belə bir təşəbbüslə Qvatemala, Litva, Polşa, Sloveniya və Ukrayna çıxış etmişdi.