Radikalların maskalarının pandemiya maskaları kimi düşmə vaxtı artıq gəlib çatıb
Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri
Türkiyəli məşhur yazarlardan biri Səbahəddin Əlinin “İçimizdəki şeytan” romanını yəqin ki, bir çoxlarınız oxumusunuz. Həmin romanın personajları bizim hazırkı Azərbaycan siyasi mühitinin məğlubları - Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunu, habelə onun hədəfə aldığı, ünvanlarına şok ittihamlar səsləndirdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylini xatırladır. Həmin əsər ötən əsrin 30-40-cı illərindəki Türkiyə ziyalıları və siyasi fəallarının həyat faciəsini əks etdirir.
Roman qəhrəmanlarının yaşantıları insanın daxili hesablaşmalarını qabardır, içindəki şər və xeyir xüsusiyyətlərini üzə çıxarır. İnsanların iç dünyalarındakı şeytanlar bir-birinə qarşı pisliklərə imza atır. Bir sözlə, bu roman onu göstərir ki, insan həm özünün, həm də özgələrinin ən böyük düşmənidir. Odur ki, mən bu romanı oxumağı (özü də təkrar-təkrar oxumağı) az öncə adlarını qeyd etdiyim müxalifət liderlərimizə şiddətlə tövsiyyə edirəm.
Çünki onların hazırkı ruh halı eynilə “İçimizdəki şeytan”ın qəhrəmanlarının durumunu xatırladır. Tofiq Yaqublunun Əli Kərimli və Gültəkin Hacıbəyli haqqında ağır ittihamlar səsləndirməsini əks etdirən məlum səs yazısı onu göstərir ki, onlar üzdə birlik nümayiş etdirsələr də, lakin daxildəki kəskin rəqabət və ziddiyyətlər onları içindən qurd kimi gəmirir. Bu “trio” hazırda Azərbaycanın müxalifət camiəsinin “mehriban düşmən”ləri obrazında çıxış edir.
Baxın, Tofiq Yaqublu birmənalı şəkildə bildirir ki, Əli Kərimli və Gültəkin Hacıbəyli Müsavat Partiyasının arxasınca danışır, onun keçmiş lideri İsa Qəmbərin siyasi gedişlərini təftiş edir. Tofiq Yaqublu cavab olaraq bildirir ki, Əli Kərimli Elçibəy hakimiyyətinin devrilməsinin qərarını hazırlamış adamdır, həmin vaxt prezident olmuş Əbülfəz Elçibəyə impiçment elan etmiş şəxsdir. Yaqublu Kərimlini və Hacıbəylini Müsavatın ünvanına işlətdikləri aşağılayıcı ifadələrə görə qınaq obyektinə çevirir və demək istəyir ki, əsl həqiqətdə sizin nə Müsavatın keçmişini təftiş etməyə, nədəki Müsavat liderlərinin arxasınca danışmağa ixtiyarınız yoxdur. Və bu zaman Tofiq bəyin özü də Əli Kərimlinin, Gültəkin Hacıbəylinin arxasınca danışan adam rolunda çıxış edir.
Bu qısa səsyazısı nəyi göstərir? İlk növbədə üzə çıxan acı həqiqət budur ki, illər boyu aşınmaqda, tədricən sıradan çıxmaqda olan, “yarpaq tökümü”nə məruz qalan radikal müxalifətin hətta bu sonuncu “mogikan”ları arasında da fikir birliyi, əqidə birliyi və sədaqətlilik, etibarlılıq kimi adi insani keyfiyyətlərin heç biri yoxdur. Onlar utanmadan bir-birinin arxasınca danışır, bir-birilərini satqınlıqda, iqtidarla iş birliyində suçlayır, lakin üzdə isə özlərini sarsılmaz, mətin silahdaşlar kimi aparırlar. Bax, bu da illər boyu böyük dövlətlərin, habelə düşmən Ermənistanın yürütdüyü mənfur “ikili standart”lar siyasətinə bənzəyir. Göründüyü kimi ola, olduğu kimi isə görünə bilməyən radikal müxalifətimiz bu yolla ictimaiyyətin gözünə kül üfürür, özünü bu xalqın maraq və mənafeləri üçün təmənnasız şəkildə çarpışan, mübarizə aparan ən sağlam siyasi qüvvə kimi sırımağa çalışır.
Açıq desək, sözügedən səsyazısı müxalif camiəmiz üçün rüsvayçılıqdır. Bu səs yazısı necə deyərlər, radikal müxalifətin sandığını açdı, pambığını tökdü və hər şeyi gün işığına çıxardı, kimin kim olduğunu bir daha gözlər önünə sərdi. Məlum oldu ki, müxalifət düşərgəmizin radikal kəsimi klinik ölüm vəziyyətinə düşən xəstəyə bənzəyir.
Müxalifətin üstqurumu sayılan Milli Şuranın rəhbərliyində təmsil olunan, başqa sözlə desək, müxalifətin elitasını təşkil edən şəxslərin öz aralarında sağlam münasibət yoxdursa və ortada güvənsizlik, qarşılıqlı etimadsızlıq problemi varsa, hakimiyyətə iddialı olan bu şəxslər Azərbaycan dövlətçiliyinin idarəetmə sükanının arxasına keçəcəkləri təqdirdə ölkəmizi nələrin gözlədiyini bir anlığa təsəvvürünüzə gətirməyə çalışın. Qeybət və intriqalar içində çabalayan radikal müxalifət düşərgəsinin iqtidara gəlişi Azərbaycana xaos və anarxiyadan başqa heç nə vəd etmir.
Normalda haqqında bəhs etdiyimiz üç nəfər müxalifət lideri vahid mövqedən çıxış edə bilmirsə və bir-birinin arxasınca danışıb kölgəsini qılınclayırsa, bunlar bütöv Azərbaycan cəmiyyətinə hansı birlik modelini təqdim edə bilərlər ki?
Əslində belə bir ifşaedici səsyazısının yayılmasından, ictimailəşməsindən sonra bu şəxslər Milli Şuranın rəhbərliyindən də, ümumiyyətlə, siyasətdən də birdəfəlik çəkilib getməlidirlər. Bunu ən azından siyasi mədəniyyət tələb edir, dünya təcrübəsi tələb edir. Çünki bu hadisə sadəcə aşınmanın, mənəvi deqradasiyanın nəticəsi deyil, bu siyasi iflasın və çöküşün özüdür.
Bu adamlar özləri öz əməllərinə qiymət verə biləcək qədər adekvat deyillərsə, onlar özlərini görmür və məlum səsyazısının müxalifətin imicinə vurduğu ağır zərbəni də hiss etmirərsə, o zaman heç olmasa, ictimai rəyə bir nəzər salsınlar, kənardan necə göründüklərinin fərqinə varsınlar.
Bu səsyazısını dinləyən sıravi müxalifətçilərin bir çoxu (istər AXCP, istərsə də Müsavat üzvləri) indi gerçəkdən də şokdadır. Onların bəziləri Tofiq Yaqubluya lənət oxuyur, digərləri isə Əli Kərimlini Müsavata quyu qazmaqda, satqınlıqda ittiham edirlər. Gültəkin Hacıbəylinin ünvanına səsləndirilən təhqiramiz rəylər də həmçinin baş alıb gedir.
Biri də yazıb ki, “bunlar hamısı xalq artistidilər”. Düz sözə nə deyəsən? Bəli, siyasəti teatra, siyasi oyunbazlıq meydanına çevirənlərin sonu “artist”liklə bitər. Əlbəttə, belələrinin nə vaxtsa hakimiyyətə gəlməyə sıfır faiz şansları belə yoxdur. Odur ki, haqqinda danışdığımız səsyazısı radikal müxalifətin mənəvi böhran göstəricisidir.
Mitinqlərdə, digər aksiyalarda xalqın qarşısına çıxıb birlik pozları verən bu siyasi autsayderlərin bir-birilərinə qarşı necə idbar münasibətdə olmaları üzə çıxdı. Özü mənəvi böhran yaşayan müxalifət kəsiminin nə xalqı siyasi apatiyada itiham etməyə, nədəki iqtidarı nədəsə suçlamağa mənəvi haqqı yoxdur. Müxalifət iqtidarın aynası, güzgüsü olmalıdır. “Güzgü”müz özü kirin-pasın içindədirsə, bu “güzgü”nün iqtidarı tənqid etməsi sadəcə və sadəcə absurd səslənir.
Tofiq Yaqublunun söylədikləri siyasi mühitdə günün günorta çağı çaxan şimşək effekti ilə müşayiət olundu. İllərdir bilinənlər indi bir daha hər kəsə əyan oldu. Əli Kərimlinin son onilliklər boyu ölkə siyasətində hansı işləri çevirdiyini bu dəfə hər kəs onun ən yaxın “silahdaş”ının – Tofiq Yaqublunun öz ağzından eşitdi. Bax, bu bizim müxalifətimzin gerçək üzüdür. Müxalifətimiz astarı və üzü ilə tam ortadadır. Məlum oldu ki, müxalifətimizin "radikal düşərgəsi" ölümöncəsi aqoniya mərhələsini yaşayır. Sözügedən səsyazısı radikalların son çırpıntılarının təsdiqidir.
Müxalifətçiliyi siyasi intriqalar müstəvisinə çevirən, konstruktiv müxalifətçilik xəttini seçən siyasi qüvvələri isə gerçək müxalifət hesab etməyən, əbədi müxalifətçiliyi öz boylarına biçən bu radikallar məlum səsyazısından sonra nədənsə, susmağa üstünlük verdilər. Sanki qurbağa gölünə daş atılıb. Çünki onlar suçlarının miqyasını dərk edirlər. Birdəki, xalqa nəsə deməyə, hansısa formada özlərinə bəraət qazandırmağa üzləri qalmayıb.
Başdan ayağa siyasi devrimçilik, ifrat üsyankarlıq və “demokratik” bolşevizm əhval-ruhiyyəsinə köklənmiş Tofiq Yaqublunun məlum səsyazısını illərdir qartımış, naftalin iyi verən radikal müxalifət düşərgəsind qəfil baş vermiş inqilab kimi də dəyərləndirmək olar. O, bu səsyazması ilə radikal marginallar arasında həqiqətən də kiçik inqilab etdi və belə demək mümkünsə, Əli Kərimli ilə Gültəyin Hacıbəylini devirdi.
Tofiq bəyin söylədikləri Əli Kərimli ilə Gültəkin Hacıbəylini “büt”ləşdirənlərin, fetişləşdirənlərin gözlərini açdı. Elçibəyçilər Əli Kərimlini Elçibəyin devrilməsində rolu olmuş əsas şəxslərdən biri olduğunu öyrəndilər. Bu, Əli Kərimlinin onların gözündə və könlündəki taxtının uçurulması, heykəlinin aşırılması anlamına gəlir. Bəli, Tofiq Yaqublunun bu səsyazısı Əli Kərimliyə siyasi baxımdan ölümcül zərbə vurdu. Bu mənada Tofiq Yaqubluya mükafat da düşür.
Siyasi səhnədən getmək üzrə olanların bir-birilərini bu cür şok ittihamlarla ifşa etmələri qaçılmaz haldır. Qoy, onlar bu “missiya”larına davam etsinlər. Xalqımız hər kəsin gerçək üzünü tanımalıdır. Müxalifətçiliyi uzun illərdir öz “inhisar”ına almış şəxslərin üzlərindəki maskaların pandemiya maskaları kimi düşmə vaxtı artıq gəlib çatıb.