“Xalq Əmanəti” layihəsinin yeni nəşri: “Şamo Abasov”Xalq Bankın rəsm qalereyasında Şamo Abasovun bədii albomunun təqdimatı və əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib

Xalq Bank “Xalq Əmanəti” layihəsinin iyirmi birinci nəşrini dünən sənətsevərlərə və oxuculara təqdim edib. Böyük maraqla qarşılanan bu layihə çərçivəsində növbəti nəşr görkəmli Azərbaycan rəssamı Şamo Abasovun (1955-2014) yaradıcılığına həsr olunub. Xalq Bankın rəsm qalereyasında Şamo Abasovun bədii albomunun təqdimatı və əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib. Bədii albomda mərhum rəssamın çoxsaylı keramika, qrafika və rəngkarlıq işləri yer alıb, onun həyat və yaradıcılığı dolğun əks olunub.

Şamo Abasov 1955-ci ildə Cəbrayıl şəhərində anadan olub. 1970-74-cü illərdə Əzim Əzimzadə adına dövlət incəsənət məktəbini bitirən gənc rəssam, 1978-84-cü illərdə Vera Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye məktəbinin keramika fakültəsində təhsil alıb. 1986-cı ildən Azərbaycanın və SSRİ-nin Rəssamlar İttifaqlarının üzvülüyünə qəbul edilib.

Şamo Abasov müasir Azərbaycan rəssamlıq məktəbində özünəməxsus dəst-xətti olan sənətkarlardandır. O, yaradıcılıq yolunun əvvəlində dekorativ keramika ilə məşğul olur. İştirak etdiyi beynəlxalq yaradıcılıq qruplarında, simpozium və sərgilərdə nümayiş olunan əsərləri ilə seyrçilərin rəğbətini qazanır, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. İllər sonra sevdiyi sənətə – rəngkarlığa qayıdır və rəssam Şamo Abasov kimi daha böyük şöhrət qazanır, maraqlı əsərlər yaradır.

Rəssamın tablolarında illüziyalar, sirli xülya və xatirələrlə bol bir dünya əks olunur. Onun əsərləri milli koloritlə nəfəs alır. Yaradıcılığının vizit kartına çevrilmiş Abşeron tipajları, qadın obrazları, özünəməxsus yumor və ironiyayamalik xeyirxah, gülərüz və bir qədər sadəlövh personajları seyrçini rəssamın abstrakt və sirli dünyasına səyahətə aparır. İstedadlı rəssam Şamo Abasov qısa, lakin son dərəcə məhsuldar bir həyat yaşayıb. 2014-cü il mayın 7-də Bakıda dünyadan köçüb.

Rəssamın yaratdığı bir-birindən maraqlı əsərlər Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Rəsm Qalereyası, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Dövlət Tretyakov Qalereyası, Beynəlxalq Rəssamlar Konfederasiyası, Ştiqlits adına Tətbiqi İncəsənət Muzeyi, Beynəlxalq keramika muzeyi, Azərbaycanın xaricdəki nümayəndəlikləri, eləcə də yerli və xarici kolleksiyalarda qorunur.

Tədbirdə çıxış edənlər mərhum rəssam haqqında xatirlərini bölüşüb, “Xalq Əmanəti” layihəsinin əhəmiyyətini bir daha qeyd etdilər, Xalq Bankın xeyriyyəçilik missiyasını yüksək qiymətləndiriblər.

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov mərhum Şamo Abasovu öz dəsti-xətti olan fırça ustası adlandırıb: “Bu gün biz ənənəvi olaraq Xalq Bankın təşkil etdiyi “Xalq Əmanəti” layihəsinin növbəti nəşrinin təqdimatına toplaşmışıq. Bu gün təqdim olunan kitab rəssam Şamo Abasova həsr olunub. Çox heyif, Şamo bu həyatdan tez köçdü. O, hər zaman öz sözünü deməyə bacaran sənətkar idi. Şamonu Azərbaycanın ən gözəl rəssamlarından biri sayıram. Rəsmlərinə baxan kimi bilirsən ki, bu onun əsəridi. Hamıya dost kimi yanaşırdı. Çox az yaşasa da Şamo öz işini axıra kimi görə bildi. Onun yaratdığı əsərlər hər zaman yaşayacaq”.

Xalq rəssamı Hüseyn Haqverdiyev tələbə yoldaşı və həmkarı Şamo Abasovu minnətdarlıqla yad edib: “Bu gün mənim üçün olduqca həyəcanlı bir gündür. Şamo haqda yalnız xoş xatirələrim var, biz onunla Leninqradda təhsil almışıq. O, pedaqoqların və tələbələrin sevimlisi idi. O, dostlarına, sənətsevərlərə zəngin bir irs qoyub getdi”.

Albomun mətninin müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova xatirələrini bölüşüb: “Bu, “Xalq Əmanəti” layihəsi çərçivəsində rəssamalara aid nəşr olunan 13-cü kitabdır. Bu kitablar rəssamlar haqqında gözəl mənbədir. Şamo Abasov rəngkarlıq sənətində çoxçox böyük bir iz qoymuş sənətkardır. Onu şəxsən tanıdığım üçün çox xoşbəxtəm.

Şamo Cəbrayılda anadan olmuşdu. İşğal zamanı o, doğulub boya-başa çatdığı, özünə cənnət saydığı ata yurdunu itirmişdi. Yaratdığı “Qarabağın göz yaşları” adlı silsilə əsərləri onun vətən itkisi ilə bağlı ağrısını əks etdirir. O, bu əsərləri heç kimə göstərmək istəmirdi. Zaman keçdi və Şamo məhz bu əsərlərlə şöhrət qazandı.

Biz bu kitab üzərində 2020-ci ildə işləməyə başladıq. Biz Ali Baş komandanımızın, müzəffər ordumuzun sayəsində 44 günlük müharibədə zəfər qazandıq. Kitabın mətni yazılan zaman Şamonun doğulduğu Cəbrayıl rayonu müzəffər əsgərlərimiz tərəfindən azad edildi”.

Mərhum rəssamın oğlu Turqut Abasov ailəsinin minnətdarlığını ifadə edib: “Ailəmizin adından kitabın ərsəyə gəlməsinə görə Xalq Banka, əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm. Atamın yaradıcılıq dünyası ilə bu albom vasitəsilə tanış olmaq mümkündür. İnanıram ki, belə də olacaq”.

Xatırladaq ki, “Xalq Əmanəti” layihəsi Xalq Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə – azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Ötən bu illər ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilmiş və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin, dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.



Xaçmazda 3 gənc xanım itkin düşdü - FOTOXaçmaz rayonunda 3 nəfər gənc qadın itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avrasiya.net-ə verilən məlumata görə, rayon sakini 1994-cü il təvəllüdlü Rüfanə Çələbiyeva da noyabr ayının 27-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. R.Çələbiyevanın boyu 156 santimetr, arıq bədən quruluşludur. Evdən gedərkən onun əynində qara köynək, qara şalvar olub.

Bundan başqa rayon sakini, 2004-cü il təvəllüdlü Hürpəri Seyidova noyabr ayının 27-də yaşadığı evi tərk edərək bir daha geri qayıtmayıb. H.Seyidovanın boyu 165 santimetr, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində qəhvəyi rəngdə don və ayağında qara rəngdə çəkmə olub.

Həmçinin, Xaçmaz rayon sakini, 2004-cü il təvəllüdlü Kamilə Kərimova dekabr ayının 5-də yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb. K.Kərimovanın boyu 149 santimetrdir, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində qırmızı rəngli gödəkçə, göy cins şalvar və qəhvəyi rəngdə idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan, görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Xırdalanda kişi arvadının başını kəsdi, oğlunu da yaraladıAbşeron rayonunda qətl hadisəsi olub.

Hadisə dekabrın 18-i saat 15 radələrində Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Ağaməhəmməd Əhmədovun yaşadığı evdə aralarında yaranan mübahisə zamanı arvadı, 1963-cü il təvəllüdlü Bəsti Əhmədovanın başını kəsərək öldürüb, oğlu 1985-ci il təvəllüdlü Taleh Əhmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1, 29, 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb.

A.Əhmədov şübhəli şəxs qismində saxlanılıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi həyata keçirilir.

Abşeron Rayon Prokurorluğu faktı təsdiqləyib.
ABŞ-ı vətəndaş müharibəsi gözləyir – Generallar2024-cü ildə baş tutacaq prezident seçkiləri qarşıdurmalar, hətta hərbçilərin iştirakı ilə dövlət çevrilişinə cəhdlə müşayiət oluna bilər.

Axar.az xəbər verir ki, bu barədə istefada olan ABŞ general-mayorları Pol İton, Antonio Taquba və briqada generalı Stiven Andersonun “Nyu York Tayms”da yayımlanan birgə məqaləsində qeyd edilib.

Generallar bildirib ki, ABŞ ordusunda artıq xaos əlamətləri özünü göstərir. Onlar 6 yanvar 2021-ci il hadisələrində veteranlar və hərbçilərin iştirakına da diqqət çəkiblər. Xatırladıblar ki, bura istefada olan 124 zabitin Trampı dəstəklədiyi, seçkilərin saxtalaşdırıldığı və buna görə də ləğvini tələb edən məktubunu əlavə etmək də olar.

Yüksək çinli zabitlər iddia ediblər ki, bəzi hərbçilər Co Baydenin əmrlərinin icrasından imtina edə bilər, bu isə vətəndaş müharibəsi deməkdir.

Zabitlər mümkün vəziyyətdən qaçmaq üçün təcili addımlar atılması gərəkdiyini bildiriblər. Vacib addımlar isə komandanlığın strukturunun gücləndirilməsi, potensial üsyançıların vaxtaşırı olaraq üzə çıxarılması və təmizlənməsidir.
"Kəndli mühəndislər-robototexnika dərnəyi”-Zaqatalalı müəllim layihənin qalibi olubZaqatala rayonunda yerləşən M. Musayev adına Dağlı kənd tam orta məktəbin müəllimi Məmmədova Nəzakət Zahir qızı Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin fərdi katiqoriyası üzrə “Kəndli mühəndislər- robototexnika dərnəyi” layihəsi ilə qalibi olub.

Sentyabrın 15-dən başlanmış layihə 2022-ci ilin yanvarın 15-qədər davam edəcək.

“Zaman sürətlə axır. Ətrafda baş verən hadisələr də bu axıntıya qarışaraq sürətlə dəyişir. Bu gün robototexnika, avtomatika, mühəndislik dünyanın ən aparıcı sahələrindən biridir.

Biotexnologiya, biotibbi avadanlıqlar, aerodinamika, mikrobiologiya, intensiv kənd təsərrüfatının inkişafı bunu deməyə əsas verir. Nə qədər təhsilli və ixtisaslı kadr yetişərsə ölkə iqtisadiyyatı da bir o qədər güclənər”-layihə haqqında məlumat verən Nəzakət Məmmədova bildirib.

Onun sözlərinə görə, yüksək ixtisaslı kadrların yetişməsi üçün uşaqlarda erkən yaşlardan təhsilə marağı artırmaq lazımdır:
“Ənənəvi təhsildən fərqli olaraq yeni təhsil kurikulumları uşaqlarda müxtəlif bacarıqların formalaşmasına yönəlib. Tapşırıqların praktik icrası isə həm təhsilə marağı artırır, həm də bacarıqların təkmilləşməsinə gətirib çıxarır.

Məhz buna görə də orta məktəblərdə bu sahələri genişləndirmənin və təkmilləşdirmənin yolu tədris kurikulumları ilə paralel olaraq dərsdənkənar elmi, yaradıcı, texniki və praktiki dərnəklərin və bu sahəyə uyğun müxtəlf yarışların keçirilməsidir. Belə yarışların başında Azərbaycan Robot Olimpiadası, Dünya Robor Olimpiadası (WRO), FİRST LEGO LEAGUE (FLL) durur”.
Azərbaycanda mühəndislik və robotexnika sahəsindəki yarışlar demək olar ki, özəl təhsil müəssisələrinin və Bakı şəhəri ümumi təhsil müəssisələrinin hesabına düşür.

Layihə rəhbəri bildirib ki, özəl təhsil müəssisələrində dərsdənkənar ödənişli dərnəklər və təlimlərin təşkil edilməsi, lazımı maddi-texniki bazanın olması məktəblilərin yarışlarda iştirak etmələrinə və təcrübə qazanmalarına səbəb olur:

“Respublikamızın ucqar rayonlarında, kənd məktəblərində lazımi texniki bazanın olmaması təhsilalanların belə yarışlrda iştirak etmələrinə mane olur. Belə yüksək səviyyəli yarışlarda və olimpiadalarda iştirak etmək üçün müəyyən miqdarda maddi dəstəyə ehtiyac duyulur”.

N.Məmmədova bildirib ki, bu müsabiqədə iştirak onlar üçün böyük imkanlar açacaq:
“Çox şadam ki, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsi bizə bu dəstəyi qazandırdı. Şagirdlərimizlə birlikdə 2 olimpiadada iştirak etmək imkanı əldə etdik.

Sevinirəm ki şagirdlərimiz Dünya Robot Olimpiadasında (02-13.12.2021) “Peasant Engineers” komandası (3 iştirakçı ilə) iştirak edir. 18-19 dekabr 2021-ci il tarixlərində keçiriləcək FLL Azərbaycan turnirində isə “Kəndli mühəndislər” komandası ilə iştirak edəcəyik”
İranda və qonşu ölkələrdə Şəbi Yəlda (Çillə gecəsi) adət ənənələriDekabrın 21-i İran təqvimində mühüm hadisə kimi Yəlda gecəsinə (payızın son gecəsi) təsadüf edir. Bu gecə İranda son 5000 ildə ən mühüm tarixi ənəlardən biridir və bu sivilizasiya ölkələrində qeyd olunur. Yəlda nurun , günəşin və paklığın təvəllüdü gecəsi kimi tanınır və şənlik edilir.

Yəlda əslində ilin ən uzun gecəsidir və ertəsi gün günlər uzanır, gecələr qısalır. Qədim zamanlarda iranlılar bunu işığın zülmət üzərində qələbəsi kimi bilirdilər.
Yəlda gecəsində ailələr öz ata-anasının və ya baba evinə toplaşır və bu gecə üçün hazırlanan xüsusi yeməklər, meyvələr, qəlyanaltılar yeyir, Hafiz və Nizami Gəncəvinin şeirlərini oxuyurlar.

Yəlda gecəsində püstə, badam, qoz və quru meyvələrdən ibarət qarpız, nar və xüsusi qoz-fındıq kimi meyvələr süfrədə olur. Yəlda gecəsi iranlılar üçün ailə və dostlarla bir araya gəlmək, dostluq əlaqələrini yeniləmək və əlaqələri gücləndirmək üçün yaxşı fürsətdir.

İran tarixində çoxsaylı bayramlar onların mədəniyyətinin bir hissəsi olub və bu bayramlar onların təbiətlə uyğunluğu və başqaları ilə bağlılığının simvolu olmuşdur. İran mədəniyyətində insan və xoşbəxtlik bir arada mövcuddur və “Şahnamə”də vurğulanır ki, əgər xoşbəxtlik olmasa, hikmət zəif olar. İranlıların milli birlikləri bu bayramlardır. İran sivilizasiyasının meydanı bir xalq və bir dil deyil və bunların hamısı bir-birinə bağlıdır. Bu bayramlar bizə çoxlu mesajlar gətirib və Hafiz oxuma, Şahnamə oxuma, musiqi və s. ilə bu mesajlar nəsildən-nəslə ötürülür.

İran şənliklərində Allah bir əsasdır və hər yerdə ibadət edilir.. Atalarımız başa düşdülər ki, qışın ilk gecəsi ən uzun gecədir. Ən qədim və ən dəqiq təqvimi kəşf etməklə, planetlərin formalarından istifadə etməklə bəşər övladına dəyərli xidmətlər göstərmək iranlılar üçün fəxrdir.

Yəlda adətlərinin digər xalqlara və mədəniyyətlərə təsirini tarixi kitablarda görmək olar. Əbu Reyhan əl-Birunidən sitat gətirilir ki, Sistani təqvimində birinci il dekabrdan və qışın əvvəlindəndir. Birinci ay Christ (Miladi) adlanırdı və buna görə də yeni ilin adı bu təqvimdən götürülüb. Yəldadan sonrakı gün günəş günüdür və indi ilk xristian günü bazar günüdür (Sunday - günəş günü deməkdir). Yeni il də Məsihin doğulmasından əvvəl qeyd olunurdu, lakin sonralar xristian alimləri və keşişləri onun adını dəyişərək Milad bayramı münasibətilə onu Xristian Yeni ili adlandırdıqlarını söylədilər.

Qeyd edək ki, bəzən mədəni təzahürləri görəndə biz bunu mədəniyyət adlandırırıq məsələn, Novruz, yaxud maddi və qeyri-maddi əsərlər, daşınan və daşınmaz, Şahnamə və Novruz. Halbuki mədəniyyət mücərrəd və formasız bir məsələdir. Yəlda adət ənənəsi bir mədəni təzahürdür. Məsələn, su hovuzunun tərifində iki növ nəzərə alınır:

1 Bir su hovuzu bəzən daşdan düzəldilmiş düzbucaqlı kimi tərif olunur.

2-Bəzən saxlandığı suya görə (təmizləmək, işığın əksini görmək və s.) hovuz adlandırılır (paklayıcı, surətin əks olunması və s.) yəni hovuz başqa bir şeyin təzahürüdür.
Eyni şey Yəlda kimi mədəni nümunələrə də aiddir. Yəldanın xüsusiyyətləri hansılardır? Yəldanın bəşəriyyətə mesajları nə olub? Əslində İran qeyri sabit bir diyarıdır. 1398-ci ildə İranda çoxlu fəlakət baş verdi. Keçmişdə də belə idi. Qeyri sabitlik insandan ümidi ala bilər. Misal üçün böyük zəlzələlər. Amma bütün bu fəlakətlərə baxmayaraq, biz mədəni davamlılığın şahidi oluruq və bu ümidimizi qorumuşuq.

Yəlda odur ki, ən uzun və ən qaranlıq gecələrdə işığın və günəşin doğmasına diqqət yetiririk və bu, mədəni fasilənin qarşısını alır. Biz Yəldada yas tutmuruq, əksinə bayram edirik, yəni güzgü atributuna diqqət yetiririk və bu, bir növ özümüzü tanımaqdır və ona görə də Yəlda İran cəmiyyətində ümid mənbəyidir. Yenidən köklənmiş bir musiqi aləti kimi.

Başqa bir sözlə Yəldanın Hafizin falı kimi , nar yemək, birlikdə olmaq və s. kimi bir forması var, həmçinin də batini bir mənası var. Bu surət və formalar Batinə yol tapmağa kömək edir ancaq bəzən surətin təkrarlanması səbəbindən orijinala çevrilir və batindən xəbərsiz oluruq.

Qeyd etmək lazımdır ki, Yəlda müasir İranın coğrafiyası ilə deyil, İran sivilizasiyasının mədəniyyəti olan yerlər ilə bağlıdır və bu səbəbdən İrandan başqa bu adət ənənə Azərbaycan, Özbəkistan, Türkmənistan, Pakistan, Əfqanıstan və digər ölkələrdə də tanınır. Həmin ölkələrdə baş verən tarixi və siyasi hadisələr nisbəti ilə xalq tərəfindən bu adət ənənə qeyd olunur.
İnşallah bir gün Yəldanın batininə , Yəldanın dostluq, əmin-amanlıq, ailə saflığı, sevgi, mərhəmət, əfv, mərifət kimi mesajlarına çatarıq və Yəldanın zahirində qalmayacayıq.

Dr.Əli. Purmərcan
“Tərtər işi” yenidən araşdırılır - Baş Prokurorluq, DİN və DTX birgə məlumat YAYDIAzərbaycan Respyblikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri “Tərtər işi” ilə bağlı birgə məlumat yayıb.

Avrasiya.net xəbər verir ki, birgə məlumatda deyilir:

"Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusu cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymuşlar.

Həmin faktlarla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq 19 təqsirləndirilən şəxs barəsində 5 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilmiş, məhkəmələrin ittiham hökmləri ilə onlar müxtəlif cəzalara məhkum edilmişlər.

Cinayət işləri Baş Prokurorluğun icraatına qəbul edilməklə ibtidai istintaq Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən xüsusi nəzarətə götürülmüş, prokurorluq, daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının təcrübəli və peşəkar əməkdaşlarından ibarət istintaq qrupları yaradılaraq ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun birinci müavininə tapşırılmışdır.

Hazırda müvafiq istintaq-əməliyyat planları əsasında kompleks tədbirlər həyata keçirilir və istintaqın gedişi barədə ölkə ictimaiyyətinə əlavə məlumat veriləcəkdir.

Bununla yanaşı, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, sosial media platformaları istifadəçilərinin, eləcə də cinayət prosesi iştirakçılarının diqqətinə çatdırılır ki, ibtidai araşdırma məlumatlarının müvafiq icazə olmadan yayılması yolverilməz olmaqla cinayət qanunvericiliyinə əsasən məsuliyyət yaradır, habelə istintaqa təsir göstərmək, cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, qalib Azərbaycan Ordusunun nüfuzuna, dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir".
Eldar Əzizov sabiq bələdiyyə sədrinə vəzifə verdiBakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Kommunal Xidmətlər Müəssisəsinə yeni direktor təyin edib.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, Eldar Əzizovun müvafiq əmri ilə müxtəlif pozuntularda adı hallanan Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəisi Ramsin Abdullayev Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Kommunal Xidmətlər Müəssisəsinin direktoru təyin olunub.

İcra başçısının digər əmri ilə Səbail bələdiyyəsinin sabiq sədri, 71 saylı Masallı kənd seçki dairəsindən depuatlığa namizəd olmuş Firdovsi İbadulla oğlu Cəbrayılov Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi təyin edilib.

Qeyd edək ki, Kommunal Xidmətlər Müəssisəsinin sabiq direktoru İlqar Sarı oğlu Hüseynov bir müddət əvvəl Eldar Əzizovun kürəkəni, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin müavini təyin olunmuşdu.
Bakıda maşına atəş açan sabiq polis kimin qardaşıdır?Bakıda avtomobilə odlu silahdan atəş açılıb.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

Xəsarət alan olmayıb.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılıb. Ondan “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Araşdırma aparılır.

Unikal.org-un məlumatına görə, Rza Hacıyev Neftçala və Bakının Sabunçu rayonunun keçmiş polis rəisidir. O, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin qardaşıdır.
Türkiyə başına 500 min qoyulan terrorçunu məhv etdiTürkiyə təhlükəsizlik qüvvələri tərəfindən "Ərən-13" antiterror əməliyyatları çərçivəsində zərərsizləşdirilən terrorçulardan birinin qırmızı bülletenlə axtarışda olduğu məlum olub.

Axar.az xəbər verir ki, əməliyyatlar çərçivəsində “Terrorizmə görə axtarışda olanlar siyahısı”nda yer alan, eyni zamanda İnterpolun qırmızı bülletenlə axtardığı “Herdem Amed” kod adlı Veysəl Akkuş da məhv edilən terrorçular arasında olub.

Onun başına 500 min lirə pul mükafatı da qoyulduğu bildirilib.

Qeyd edək ki, V. Akkuş müxtəlif illərdə Diyarbəkir və Ərzurum şəhərlərində baş verən terror aktlarının təşkilatçılarından olub.